Pənah Hüseyn: “Qapı döyüləndə gizlənirdim... çox ağır idi...” - SÖHBƏT
29 mart 2013 16:18 (UTC +04:00)

Pənah Hüseyn: “Qapı döyüləndə gizlənirdim... çox ağır idi...” - SÖHBƏT

“Mart çıxdı, dərd çıxdı” söhbətlərini ofisiantın süfrəyə gətirdiyi mürəbbə şappıltı ilə kəsir. Baxışlarımızdan xoşlanmayan oğlan soloda, pəsdən: “Qarpızdı, bəyənmirsizsə dəyişim”.

Bizim kvartet hard-rok üslubunda: “Həmən!”

Elə bu vaxt qonaq qapıda görünür. Kvartetimiz mülayimləşmək məcburiyyətində qalır, Aygün ofisianta səssiz, qaş-gözlə “artıq gecdir” deyəndə, Səbinə səsli, qaşsız-gözsüz deyinir: “Elə bil on dəqiqə geciksə qiyamət qopardı”.

Əlində bir qutu şokoladla eks-baş nazir, eks-millət vəkili Pənah Hüseyn qarşımızdadır. Lent.az-ın “Qadın Klubu” layihəsində. Kinoçumuz Aygün Aslanlı, müəlliməmiz Səbinə Gözəlova, televiziyaçımız Samirə Mustafayeva və mən süfrədəki qarpız mürəbbəsinin bizə yaratdığı diskomfortu unudub, söhbətə başlamağa çalışırıq. Mən “Ən yaxşısı keçmişdən başlamaqdır” təklifi ilə sol qolumla masaya dirsəklənib əlimi yelləyərək baş barmağımla sol çiynimin üstündən arxanı göstərəndə, Aygün “Ən yaxşısı sevgidir” fikri ilə sağ əlinin orta barmağı ilə ürəyinin üstündə dairə cızanda, Samirə “Ən yaxşısı seçkidir” işarəsi edərək guya qarşısındakı seçki bülleteniymiş kimi nəsə qeyd edəndə, Səbinə xalq nümayəndəsi olaraq bu him-cimdən bir şey anlamayıb, söhbətə başlayır:

 

Səbinə: Pənah müəllim, bu yaz bir başqa yazdır, hə? Seçki ilidir axı...

 

- Mən daha çox payızı xoşlayıram.

 

Vüsalə: Payız seçkinin lap özüdür...

 

- Heləmi? Hə, elədi... Yazı da xoşlayıram, amma seçkiyə görə yox. Burda seçki-filan ikinci dərəcəlidir. Elə şeylər var ki, adam ya xoşlayır, ya yox. Soruşanda, fərqi yoxdu, özün-özündən, ya başqası, izahat da verirsən ki, nə üçün. Amma bu əslində həqiqətdi? Məlum deyil. O ki qaldı seçkiyə... Seçkinin yazı-qışı yoxdur.

 

Vüsalə: Bu il dəyişiklik gözləyirsiz?

 

- Bu dəyişikliyi konkret seçki ilə bağlamırıq, amma mütləq dəyişiklik olacaq, bu il, gələn il, ola bilər bir neçə aydan sonra... Biz yaxşıya doğru dəyişiklik gözləyirik. Çünki, bundan da pis ola bilməz. Ümumiyyətlə, arzulamaq gözəldir, ümid də çox müqəddəsdir, amma ən yaxşısı çalışmaqdır. Çünki ümidlə, arzu ilə çətin bir şey əldə edəsən, gərək həm də çalışasan.

 

Vüsalə: Keçən dəfə Seymur Baycan status yazmışdı ki, artıq hind filmlərində sevgililər öpüşməyə başlayıb, amma bizim müxalifətdə hələ də bir dəyişiklik, irəliləyiş yoxdur.

 

- Dəyişən müxalifət də var...

 

Aygün: Müxalifət deyəndə etiraz edən gəncləri yox, Sizi, İsa Qəmbəri, Əli Kərimlini nəzərdə tuturlar. 90-dan bu yana tanıdıqları ənənəvi müxalifətə o qədər də ümid bəsləmirlər.

 

- Çox önəmlidir ki, biz o gəncliyi müxalifətçi kimi qəbul edir, tanıyır, sevir və onlardan çox ruhlanırıq. O ki qaldı inanıb-inanmamaq məsələsinə...

 

Aygün: Gənclər həbs olunur, sizdən isə onlara dəstək gəldiyi görünmür...

 

- Hər görünən həqiqət deyil, görünməyən də yox demək deyil. Elçibəy deyirdi ki, həbs, inqilabçılar üçün qızılca çıxarmaq kimi vacib bir məsələdir. Vaxtı ilə bizim nəslin belə bir peyvəndi olub, indi də bu proses sevgili gənclərimiz üçün gedir. O ki qaldı onlar üçün nə etməyimizə... İndi daha çox onlar bizim üçün edirlər.

 

Aygün: Məsələn, Ramil Səfərov, Əkrəm Əylisli məsələlərinə münasibətdə müxalifət iqtidarla bir yol tapmaq, bir yerdə yaşamaq istəyirmiş kimi göründü. Elə təəssürat yaranır ki, artıq o əvvəlki radikal müxalifət yoxdur.

 

- Sizinlə razı deyiləm. Ramil Səfərov məsələsinin siyasi müxalifətçiliyə dəxli yoxdur. Mən bu mövzunu qapatmaq üçün bir cəhd edim. Bir anlığa təsəvvür edin ki, yadplanetlilər yer kürəsinə hücum edib, insan növünü qırmaq istəyir, sən də türk erməni söhbəti edirsən.

 

Vüsalə: Pənah müəllim...

 

Necə siyasi səhvə yol verdiyimi anlayanda, həm də bu səhvi bayaqdan dördümüzün də etdiyini düşünəndə verəcəyim sual əhəmiyyətini itirir. Öz-özümə “görünür, bəylərlə az münasibətdə olmaqdandır, gərək klubumuza bəylərdən tez-tez dəvət edək” deyirəm.

 

Vüsalə: Üzr istəyirəm, məndə özümdən böyüyə müəllim demək alışqanlıqdır.

 

- Xoşdur.

 

Samirə: Məncə, müəllim demək olar, çünki...

 

- Universitetin dördüncü kursunda pedaqoji praktikadan “zaçot” almaq lazım idi. Təcrübə başlanandan dörd gün sonra praktika yerinə getdim. Mənə indiki Gömrük Komitəsinin arxasındakı məktəbin 7ğ sinfində dərs demək düşdü. Bilirsiz, 7ğ sinfi nə deməkdi?! Elə sərt və intizamlı bir dərs keçdim ki, təcrübə rəhbəri dedi, xahiş edirəm sən daha gəlmə... İlk dəfə bir gün onda dərs demişəm. Sonra iki semestr o vaxtkı  Xarici Dillər İnstitutunda rus bölməsində fəlsəfədən dərs demişəm. Seminar aparmışam. Tələbələrimin üçdə biri ermənilər olub. Qalanı yəhudi və ruslar. Bir neçə də azərbaycanlı. Sonra isə iki semestr o vaxtkı Pedaqoji İnstitutda fəlsəfədən dərs demişəm. 88-ci ildən sonra isə mənə dərs verən olmadı.

 

Vüsalə: Bütün bu müddətləri üst-üstə hesablamaq bəs edir ki, mən Sizə müəllim deyə bilim.

 

- Mənim bu şərəfli müraciəti eşitməyə tam hüququm var!

 

Samirə: Mən nəyə görə olar dedim, çünki Sizi daha çox mütaliə edən adam kimi tanıyıram. Məncə mütaliəli insandan öyrənmək, ona müəllim demək olar. İndi də mütaliəyə vaxt tapa bilirsiz?

 

- Mən xəstə mütaliəçiyəm. Amma son dövrlərdə filmlərə daha çox baxıram. Son vaxtlar baxmaq və oxumaq arasındakı nisbət pozulub. Sizə deyim ki, hətta indi eşitməklə görmək arasında da nisbət pozulub. Bütün dünyada bu proses gedir. Adamlar daha çox görmək istəyir. Fikir verirsiz, qəzetlərin şəklinə baxırlar. Təbii, qalın kitabları oxumağa heç həvəs yoxdur. Amma əvvəl görəndə kitab nazikdir, dilxor olurduq ki, tez qurtaracaq. Qalın, qurtarmayan, davam edən nəsrə məhəbbətim hələ də qalıb.

 

Səbinə: Bunu sevgi romanlarına da aid etmək olar? Oxumusuz?

 

- Çox.

 

Səbinə: Məsələn?

 

- “Damski” romanları sevmirəm. Bir az tünd əsərləri xoşlayıram.

 

Səbinə: Hansı dildə oxuyursuz?

 

- Əsasən rusca oxuyuram, bir də öz dilimizdə.

 

Səbinə: Bəs ingilis?

 

- İngiliscə bədii kitab çətinliklə oxuyaram. Universitet dövründə Oskar Uayld səviyyəsində oxuyurduq. Amma qəzet, siyasi məqalələr, belə şeylərə baxmaq olur.

 

Aygün: Oxuduğunuz kitablara təkrar qayıtdığınız olur?

 

- Bir neçə ay əvvəl götürüb Ayzek Azimovun “Akademiya”sını ikinci dəfə oxudum. “Spartak”ı, “Koroğlu”nu uşaqlıqda bəlkə bir neçə yüz dəfə oxumuşam. Söhbət nəyinsə məzmununu bilməkdən getmir, oxumaq özü də nə isə bir haldı, oxuyub həzz alırsan. Bəlkə bir az autizm əlamətidi? Sözün doğrusu. Söhbət, əlbəttə, bədii əsərlərdən gedir. Ancaq məsələn, Nitsşe də elədir. Onun fəlsəfəsinin cazibəsindən söhbət getmir. İfadənin poetikası həzz verir. Orijinal yəqin daha gözəldir. Ancaq tərcümədə də fikir ifadəsinin gözəlliyi sonsuzdu. Yaxud İoahannın Bibliyası dil baxımından möhtəşəmdi. Yəni görmək, baxmaq, eşitmək, dadmaq böyük nemətdi. Ancaq söz fərqli möcüzədi.

 

Aygün: Təkrar oxuyanda dəyişik gələn nədir?

 

- Siqaret çəkməmişəm, amma eşitmişəm ki, adam guya getdikcə daha tünd siqaretə meyllənir. Narkotik də, içki də elədir, deyirlər. Mütaliədə də bir növ belədi. Getdikcə daha çox tünd dilli kitab istəyirsən. Əvvəlcə tünd dil, sonra həm də tünd tekst. Sonrası artıq metatekst səviyyəsinə keçir. Onun da tündü, yəni gözəli...

 

Səbinə: Tünd yəni necə?

 

- Onu gərək hiss edəsən. Məsələn, oxuyursan, görürsən bunun dadı var. Duzludu... Hətta iy gəlir. Əvvəlcə bunlar hamısı bu dünyadandı. Sonrası...

 

Aygün: Bir-iki tünd cümlə deyin təxmin edək ki, nəyi nəzərdə tutursuz? Tünd dildə yazan bir-iki müəllif...

 

- Kafka, Dostoyevski, Dorfayev... Söhbət nəsrdən gedirsə..

 

Aygün: Bəs bizimkilərdən?

 

- Bizdə nəsr dilinin zirvəsi Əkrəm Əylislidir. Təəssüf ki, “Möhtəşəm tıxac” ruscadır...

 

Vüsalə: Onsuz da siz rusca oxuyursuz...

 

- Orda axı Əkrəm Əylisli yoxdur. “Ətirşah Mazan”da var. İçində olduğumuz hadisələr elə istedadlı və haqsız təsvir edilib ki... Son dövrlərdə İsa bəy çox üz vurdu, bizim gənc... hərçənd əksəriyyəti 30-40 yaş arasındadır, amma gənc nəsil deyilir, o, yaşda bizimkilər hökumətə rəhbərlik edirdi. Arif bəy 26 yaşında deputat idi...

 

Vüsalə: Siz şanslı gənc olmusuz...

 

- Hə, ola bilər. Şans, tale, təsadüf, zərurət. Bunların hamısı var... İsa bəy həvəsləndirdi, xüsusi önəm verib təbliğ etdiyi gənc yazarlardan Əli Əkbəri, Seymur Baycanı oxudum. Açığı...

 

Aygün: Tünd gəlmədilər?

 

- Axı onlardan tündünü dadmışdım.

 

Söhbət davam edir, çaya isə toxunmur. Ofisiant günahkarcasına çayları yeniləyir, mən “Qonağımız çayı bəyənmədi, içmir” deyəndə o, “Yox, gözləyirəm görək bu şokoladı kim açacaq” cavabı verir. Şokoladı da açırıq, amma hələ çaya əl vurmur. Söhbətimiz isə davam edir. 90-cı illərdən sonra gizləndiyi vaxtlardan xatirələrini danışır. Yenidən ilk dərs dediyi o günə qayıdırıq. “Təcrübə müəllimi get deməklə niyə həmən getdiz” sualımıza “Təzə evlənmişdim, o azad etdi, mən də çox məmnuniyyətlə getdim kəndə” cavabı verəndə, söhbəti kənddən salırıq:

 

Vüsalə: Vəzifəni, işi-gücü kənara qoyanda, həyat kənddə yaxşıdır, yoxsa şəhərdə?

 

- Mən bundan sonra kənddə yaşaya bilmərəm. Amma kəndsiz də yaşaya bilmərəm. Bizim nəsil, yəni kənddə böyüyüb şəhərdə yaşayanlar nə kəndçidilər, nə də şəhərli. Kəndli ilə şəhərlinin fərqin bilirsiz? Kəndlilər torpağın üstündə gəzib, böyüyürlər, şəhərlilər asfaltın. O da ayaqqabılarını çıxarmağa qoysalar. Bunu Əbülfəz bəy deyib, zarafatla.

 

Övladlarından danışır. İki qızı, bir oğlu, iki və üç yaşlarında isə iki nəvəsi var. Uşaqların siyasi baxışları ilə maraqlanırıq:

 

Vüsalə: Məsələn, sabah biri gəlib deyə bilər ki, gedirəm YAP-a üzv olmağa...

 

- Güman etmirəm. Onlar yüz faiz dəyişiklik istəyən və o dəyişiklik üçün çalışan nəslə mənsubdurlar.

 

Vüsalə: O dəyişiklik baş verəndə özünüzü bu ölkədə hansı vəzifədə görürsüz? Yenə həmin postda?

 

- Mən hansı vəzifəni tutsam o da elə ölkənin idarə olunma mərkəzlərindən biri olacaq. Əbülfəz bəy mənim haqqımda belə deyirdi. Amma indi gərək vəzifələri gənclərə verək, özümüz də oturub ağsaqqallıq, müşavirlik edərik.

 

Aygün: Gənclər arasında belə bir zarafat var, deyirlər 92-də gəlmişdilər də, neylədilər?

 

- Onu adətən o dövrdəki əlli yaşlılar deyir, onların da indi yetmiş yaşı olar. Cavanlardan eşitməmişəm, axı onlar bizi görməyib.

 

Vüsalə: Niyə? Sizin hakimiyyətiniz vaxtı 15-20 yaşı olan insanın bu gün 35-40 yaşı var.

 

- Razılaşaq ki, 15-20 yaşında olanların görməsi ayrıdır. Həm də onlar gənc deyil axı. Mən onların görüşü haqda mübahisə etmirəm. Nə görüblərsə odur.

 

Samirə: Tam haqlıdılar yəni?

 

- Yəni biz o boyda nəhəng... İndi çox şeylər asandı. İnsanlara elə gəlir həmişə belə olub. Bir misal gətirim. Mən 1996-cı ildə Bayıl həbsxanasında kameraya daxil olanda   vəziyyətə baxanlardan xahiş etdim ki, nə qədər mən burdayam, qaydalar olmasın. Yumşaq olsun...

 

Vüsalə: Orda xahişə əməl edirlər?

 

- Baxır xahişi kim edir. Həqiqətən də qaydalar bir xeyli yumşaldı. Amma bir də gördüm burda nizam pozulub, ara qarışıb, məzhəb itib. Axı yavaş-yavaş kameradakılar dəyişir. Kimsə zona gedir, kimi buraxılır. Təzə gələn elə bilir ki, türmə belə olur...

 

Aygün: Nə əcəb siz o “vəziyyətə baxmaq” vəzifəsini üzərinizə almırdız?

 

- Biz başqa yolun yolçusuyuq, qaydaya baxanlar başqa yolun. Bunun üçün gərək yol dəyişəsən... Qısası, təzələrə elə gəlir ki, həbsxana belə olurmuş. Biri birinə söz atdı, o biri dalaşdı, uşaqlara dedim siz işinizdə olun... Yəni indi də bəzilərinə elə gəlir ki, dünya həmişə belə olub. Biz o dünyanı dəyişənlərik...

 

Vüsalə: Lenin ölüb düşür cəhənnəmə, çıxışlar edir: “Yoldaşlar, qardaşlarınız cənnətdə kef edir, siz burda əziyyət çəkirsiz”. Mələklər Allaha xəbər gətirir ki, bir nəfər cəhənnəmi ayağa qaldırıb, hamı deyir bizi də cənnətə aparın. Allah tapşırır ki, onu cənnətə atın, ara sakitləşsin. Lenin cənnətdə də insanları bərabərliyə çağırır. Xəbər yenə Allaha gələndə bu dəfə “onu hüzuruma gətirin” deyir. Üç saat çəkən təkbətək söhbətdən sonra Lenin otaqdan çıxır, mələklər daxil olur: “Cənabi...” Allah onların sözün kəsir: “Yoldaş deyəcəksiz! Hamımız yoldaşıq!” İndi siz də orda liderliyi saxlamışdız?

 

- Mən dini mövzuda lətifələri sevmirəm, xüsusən söhbət yaradandan gedirsə.

 

Samirə: Sizə də Universitetdə dostlarınız “bala Lenin” deyib...

 

- Həqiqətən orta məktəbdə də, universitetdə də çox yaxşı oxumuşam. Tələbə kimi tanınmış tələbə olmuşam. O vaxtlar kim yaxşı oxuyurdusa təbii ki, yanlış olaraq, hesab edirdilər ya Marks, ya da Lenin olacaq. Vallah mən heç o vaxt da bundan xoşlanmamışam. Lenin başqa, bala Lenin başqa.

 

Vüsalə: Pənah müəllim, lətifələri sevməsəz də, jurnalistlərin sizinlə bağlı bir çox xoş xatirələri artıq lətifəyə çevrilib, sizin haqqınızda çoxlu lətifələr danışırlar. Biz Sizinlə ilk dəfədir ki, görüşürük, amma sizinlə dəfələrlə görüşən jurnalistlərin yanında adınız gələn kimi onlarda çox pozitiv bir ruh yaranır. İndi məmur olanlardan da, müxalifət nümayəndələrindən çox az adam var ki, onları ruh yüksəkliyi ilə, təbəssümlə xatırlayırlar.

 

- Əgər belədirsə, mənə çox xoşdur. Lətifəyə gəlincə, mən müəyyən tip lətifələri sevmirəm. Amma insanların lətifə danışmaq və sevmək hüququnu qəbul edirəm.

 

Aygün: Pənah müəllim, vəzifədən gedəndən sonra depressiyaya düşmədiz?

 

- Kommunist partiyası ləğv olunanda prezident yanında nəzarət komitəsi yaradıb, o vaxtkı birincilərdən xeylisini ora göndərmişdilər. Mənasız bir idarə idi. Biz gələn kimi fikirləşdik bu qədər adamı neyləyək? Düşündük ki, yaxşısı budur bu idarəni yerli-dibli ləğv edək. Sərəncam imzalandı. Adamları göndərdik ki, gedin qapıları möhürləyin, maşınları alın. Ləğvetməyə gedənlərin rəhbəri ordan mənə zəng etdi ki, burda biri var, xahiş edir ki, onun xidməti maşınını bu günlüyə verim evinə getsin, deyir ki, həyat yoldaşı xəstədi, əgər bu gün evə idarə maşını ilə getməsə bilər ki, işdən çıxarılıb, ölər. İcazə verin bu gün gedim onu vəziyyətə hazırlayım. O vaxt qəribə gəldi mənə. Bizə yad duyğu idi. Hakimiyyətdə çox qalsaydıq, yəqin bəzilərimizdə eynən o cür olmasaydı da, oxşar psixologiyalar yaranacaqdı. Bizim sadəcə vaxtımız olmadı. Bizdə ən yüksək məmurdan tutmuş, ən kiçiyinə qədər birinin üstünə qışqıran kimi deyirdi “bu sənin vəzifən, bu da möhürün, al vur ...”

 

Aygün: Bəs vəzifədə olanda qohumlar üçün nəsə etdiz?

 

- Əksinə, mənə yaxın olan bir çox adamın karyerasına mane oldum.

 

Vüsalə: İncimədilər?

 

- Haqları var inciməyə. İnsaflı olmaq lazımdır. Bu yerdə qızınmadıq istisinə, kor olduq tüstüsünə misalı istər-istəməz gəlir dilə. Qohum-əqrəba bizdən bir xeyir görmədi, amma bütün əziyyətimizi çəkdi. 1990-cı ildən bəri, neçə dəfə qohum qardaşı həbs ediblər, işgəncə veriblər. Amma üzümə vurmayıblar. Mən onlara ölənə qədər minnətdaram.

 

Bu vaxt Rauf Arifoğlu gəlir. Pənah bəyin dostu, “Yeni Müsavat” qəzetinin baş redaktoru. Məlum olur ki, dostların qonşu masada görüşü nəzərdə tutulub. Bizimlə əyləşməsini xahiş edirik, etiraz etmir.

 

Səbinə: Həbsxanadan soruşmaq istəyirəm. Qapıdan içəri girəndə nə düşünürdüz? Heç fikriniz dəyişirdi? Gənclər arasında fikrini həmən dəyişənlər var...

 

- Fikrimdə bircə o var idi ki, tutulmağımdan bəzi dostlara təhlükə ola bilər. Onları necə xəbərdar edim.

 

Aygün: İşgəncələrə necə, özünüzü hazırlayırdız? Olub-olmayıb soruşmuram...

 

- Biz döyə-döyə, döyülə-döyülə, davada böyüyənlərdənik. Orda təzə bir şey yox idi.

 

Vüsalə: O davaların içində qız davası olub?

 

- ...siz inciyib eləməyin, biz o mənada qız-qadını özümüzə tərəf müqabil görmərik.

 

Vüsalə: Anlamadım.

 

Rauf Arifoğlu: Bəy, soruşurlar ki, heç qız üstə dalaşmısan? Görürsüz, xanımlar, sizə tərcümə edirəm...

 

- Elə şeyləri danışmazlar...

 

Rauf Arifoğlu: Bəs həbsxanadan fəaliyyətdə olan prezidentin qəbul otağına getmək və onunla üç saat danışmağı necə?

 

Vüsalə: Lətifəni bəyənməsəz də, bilirəm ki, Allahla Lenin söhbət edib.

 

- Gəlin cənabi Allahı və o cümlədən Lenini kənara qoyaq. Hər halda qadınlar mövzusu daha maraqlıdır.

 

Aygün: O zaman qadınlardan danışaq. Məsələn, bəzi qadınlar inqilabçılara, qəhrəmanlara daha çox meyl edir. Hərəkata qoşulandan sonra qadınlardan xüsusi diqqət gördüz?

 

- Bizim qadınlar arxamızca Sibirə getməyib, amma Bayıla, Qızıldaşa, zona arxamızca gəliblər... Arxamızda olublar. Harda olmuşuqsa yanımızda olublar. Ya cismən, ya ruhən.

 

Vüsalə: Aygün başqa bir şey soruşurdu...

 

- Əvvəl işgəncələrdən soruşurduz. Sizi inandırıram, biz müəyyən məqamlarda sınmamışıqsa, həm də qadınlarımıza görə sınmamışıq. İşgəncədən qorxmamışıq, ona görə ki, qadınlarımızın gözündə qorxaq görünməkdən qorxmuşuq. Axı biz qadınlarımızın qəhrəmanlarıyıq. Qadınlar olmasa kişi anlayışı olmaz.

 

Aygün: Çox ümumi cavablar verirsiz, yoldaşınız qısqancdır?

 

Bu sualın da cavabı əksər cavablar kimi başqa mövzuda oldu. Bu arada dostları yavaş-yavaş toplanır, biz sağollaşıb diktofonu söndürürük. Diktofon sönən kimi o bizə suallar verməyə başlayır:

 

- Nə əcəb qarpız haqda heç nə soruşmadız?

 

Vüsalə: Süfrədə qarpız mürəbbəsi görüb çaya əl vurmadız deyə...

 

- İsa bəy bu layihədə olub?

 

Vüsalə: Xeyr. Hələ gözləyirik.

 

- Çünki gələndə mənə dedi ki, bir az ehtiyatlı, diqqətli ol...

 

Suallara niyə belə ümumi cavab verdiyi məlum olur. Amma doğrudan da diktofon sönəndən sonra çox səmimi söhbətə başlayırıq. Həbsxana xatirələrini danışır. O günlərin işgəncəsindən, əzabından bir kəlmə də söz etmədən ancaq zarafatları danışır və bu mənim çox xoşuma gəlir. Hər halda hesab edirəm ki, kişi ağrılarını tək çəksə yaxşıdır. Ağrılar bir doğuluşun başlanğıcıdır və insan bu ağrıları tək yaşamalıdır. Rauf bəy “bunların hamısını yazmışam, gündəliyimdə var. Davalarından tutmuş, domino oynamalarına qədər yazmışam” - deyir. Pənah müəllim gizləndiyi illərdən danışır, “Bircə bunu heç kəsə arzulamıram” deyir. Gizli yaşadığı ilk beş-altı aydan sonra dostları onu altı yaşlı qızı ilə görüşdürürlər və atası ilə gizli görüşən qızcığaz bu sirrini anasına belə açmır. Soruşmaq istəyirəm “dəyərdimi?” Məni doğru anlamayacağını hesab edib sualı dəyişirəm:

 

Vüsalə: 20 il müxalifətdə olmaq çətindi?

 

- Çətindi deyə bilmərəm, amma imkan olsa hakimiyyətdə olmaq daha yaxşıdı. Seçmək imkanım olsa müxalifətdə yox, hakimiyyətdə olardım.

 

Qəribəsi odur ki, bu adam bütün bunları gülərək danışır. Amma söhbətin bu yerində çox ciddiləşir:

 

- İki ildən sonra evə dəydim. Evdə olanda qapı döyülür. Qapıya ya həyat yoldaşını, ya da uşaqlardan birini göndərib, özün keçirsən gizlənməyə. Həyatımda ən ağır məqam bu epizoddur.

 

Samirə: Ölkədən gedənlər də oldu...

 

- Gedənləri başa düşürəm, qınamıram, amma mən gedə bilmərəm.

 

Vüsalə: Heç ailədən təklif olmadı ki, bəlkə bizdə gedək?

 

- Bizimkilər həqiqətən fərqlidir. Bayaq da dedim, ən ağır vaxtda da adamın gözünün qabağına gəlir ki, sən Onun gözündə kimsən, kim ola bilərsən.

 

Vüsalə: O anda belə qəhrəman olmaq arzusu qalır?

 

- Həm də! Kişilərin zəif tərəfi var: həmişə qadının yanında qəhrəman olmaq istəyi. Allah qismət eləsin!

 

Vüsalə: Ona görə də kişilər olmasa bəzənməyin, qadınlar olmasa mübarizənin əhəmiyyəti olmur. Biz sizin üçün bəzənirik, siz bizim üçün mübarizə aparırsız.

 

- Lap elə! Çox sevdiyim filmlərdən biri “Mələklər şəhəri”dir. İnsan hər şeydən üstündür. İnsan nəsə kosmik hadisədir. O boşuna iki formada yaranmayıb. Biz iki olanda insanıq və bu allahın möcüzəsidir.

 

Aygün: “Mələklər şəhəri”ndən başa düşdüm ki, melodram sevirsiz.

 

- Niyə ki? Uşaqlıqdan “Yeddi samuray”ı...

 

Aygün: Uşaq vaxtı yox e, indi.

 

- Elə indi də sevirəm. Açığı film, kitab məsələsində o qədər seçən deyiləm, hamısına baxıram. Fantastik filmləri çox sevirəm.

 

Səbinə: Azərbaycan filmlərindən?

 

- Sevimli filmim “Gün keçdi”yə azı bir... nə vaxt göstərsələr baxıram. Biz məktəbdə oxuyanda da, axı həyat yoldaşımla bir sinifdə oxumuşuq, onun da sevimli filmi olub.

 

Aygün: “Mələklər şəhəri”, “Gün keçdi”... Mənə əməlli-başlı romantika gəlir və az qalıram sizdən bir şeir də soruşum...

 

- Şairlik allah vergisidir, bizə qismət etməyib. Şer nə isə böyük nəsnədi. Şer yox, bir 8 mart ərəfəsində həbsxanadan yazıb göndərdiyim bir məktubu xatirimdə qalan kimi deyərəm. Mənası belə idi: Bu bayram günündə... heç kəsin tanımadığı adi bir adam olmaq istəyirəm... adi bir şəhərdə, adi bir gül dükanından... adi bir gül dəstəsi almaq...  yanına gəlmək... qapını... döymək.... səni görmək, sənə gül dəstəsi vermək istəyirəm.  Bu bayram günündə...

 

Samirə: Hərdən deyirəm, kaş yoldaşım dağda adi bir çoban olardı, mən də onun xanımı. O qoyunları otarardı, mən inəyi sağıb, təndirə çörək yapardım. Dünyadan xəbərim olmazdı. Siz tarixə düşəcəyiniz qədər düşdüz. Hansı həyat yaxşıdır? Bu, yoxsa o “Adi adam”?

 

- Həqiqətən səni kiminsə gözləməsi nə böyük xoşbəxtlikdi. Həqiqətən, xoşbəxtlik deyilən şey rəngarənglikdə deyil. Xoşbəxtlik ağ rəng kimidi. Ağ rəngin heç bir rəngi yoxdu, amma onda bütün rənglər var. Bax elə beləcə ağ bir həyat daha gözəldir.

 

Bizə “Ağ yollar” arzulayır, biz isə ona diktofonun təsiri altına düşdüyünü deyirik. O bizim çayımızı içməsə də biz onun şokoladından simvolik olaraq birini götürüb, qalanını dostları ilə davam edəcəyi çay süfrəsinə hədiyyə edirik. İttiham etməyin, iyirmi il müxalifətdə olan insanlardan hədiyyə qəbul etməyə adamın ürəyi gəlmir. Mehribanlıqla sağollaşırıq, bizi qapıya qədər ötürüb, dost məclisinə qayıdır. Zatən söhbətin başında demişdi ki, “kişi məclisini daha çox sevirəm”...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3413
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar