Milli Şurada narazılıq və ikitirəlik- BƏYANAT
22 avqust 2013 16:06 (UTC +04:00)

Milli Şurada narazılıq və ikitirəlik- BƏYANAT

 

 

 

 “Demokratik Qüvvələrin Milli Şurasının son iki sessiyasında qurumun üzləşdiyi yeni vəziyyət, yəni prezidentliyə vahid namizəd Rüstəm İbrahimbəyovun seçkidə iştirakı ilə bağlı problemin ortaya çıxması müzakirə edilib və əksəriyyət Milli Şuranın seçkiyə vahid namizədlə getməsi barədə mövqe bildirib. Bu mövqe 19 avqust tarixli sessiyada keçirilən müzakirələrdə və səsvermədə də özünü açıq şəkildə göstərib”. APA-nın xəbərinə görə, bu barədə Milli Şuranın bir qrup üzvünün avqustun 22-də yaydığı müraciətdə bildirilib.

 

Müraciəti imzalayanlar quruma daxil olan təşkilatların öz namizədləri ilə seçkiyə getməsinin Milli Şuranın fəlsəfəsinə, prinsiplərinə və məramına uyğun olmadığını bildiriblər: “Eyni zamanda bu yol seçkidə uğur vəd etmir və Milli Şuranın özünün mövcudluğunu təhlükə altına salır”.

 

Müraciət müəllifləri qurumun avqustun 21-ə nəzərdə tutulmuş sessiyasının avqustun 26-da keçirilməsi barədə qərarı başa düşmədiklərini bildiriblər: “Bu yanlış razılaşmanı müzakirə edərkən qurumun müstəqil üzvlərinin - ziyalıların, vətəndaş cəmiyyəti fəallarının, gənclər təşkilatlarının  və hətta bəzi siyasi partiyaların iştirakının təmin edilməməsini də pisləyirik”.

 

“Bizlər EL Hərəkatı, ACP, ALP və KXCP-nin bu məsələdə tutduğu mövqeyi qınayır və anlamırıq. Biz 19 avqust tarixində müxtəlif namizədlərlə seçkiyə getməyə hazır olan və bu məqsədlə hazırladıqları memorandumu Milli Şurada müzakirəyə çıxaran qüvvələrin sessiyada vahid namizədlə bağlı iradə ilə qarşılaşdıqdan sonra yekun qərarın qəbulunu bir həftə ertələməsinin səbəbinə izah tapa bilmirik. Eyni zamanda bu günədək mövqelərinin lehinə səsləndirdikləri yeganə arqument kimi bir ehtiyat vahid namizədin irəli sürülməsinin Rüstəm İbrahimbəyovun namizədliyinə kölgə salacağı halda bir neçə namizədin bunu etməyəcəyi ilə bağlı məntiqini anlamaqda çətinlik çəkirik. Təəssüf ki, bu partiya rəhbərləri konsensusu əsas gətirərək Milli Şuranın seçkidə iştirakı ilə bağlı qeyri-müəyyən və səbəbləri kifayət qədər qaranlıq olan durumu davam etdirir, qurumun yeni vahid namizədinin müəyyənləşməsini əngəlləyirlər”.

 

Müraciətdə avqustun 26-da keçiriləcək sessiyada qəti qərarın veriləcəyinə əmin olunmadığı bildirilib: “Biz hesab edirik ki, Milli Şuranın sessiyası təcili çağırılmalı, yeni vahid namizədin müəyyənləşməsinə qərar verilməli, qurumun seçkidə iştirakını sual altına qoyan vəziyyət aradan qaldırılmalıdır”.

Müraciəti imzalayıblar:

Arif İsmayılbəyli

Cəmil Hacıyev

Felmar Ələkbərli

Fuad Ağayev

Gültəkin Hacıbəyli

Leyla Əliyeva

Namizəd Səfərov

Mehman Əliyev

Mehriban Vəzir

Məcid Məcidli

Mirvari Qəhrəmanlı

Ramin Hüseynov

Rövşən Almuradlı

Samir Əsədli

Şahvələd Çobanoğlu

Ülvi Həsənli

Vidadi Mirkamal.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056
avatar

Oxşar yazılar