Millət vəkili Avropa Şurasının baş katibinə və AŞPA rəhbərliyinə müraciət edib
21 iyun 2014 14:37 (UTC +04:00)

Millət vəkili Avropa Şurasının baş katibinə və AŞPA rəhbərliyinə müraciət edib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov AŞPA-nın Sədarət Komitəsi və Büro üzvlərinə, AŞPA prezidenti, xanım Ann Brössora, AŞPA-nın baş katibi Voysix Saviçkiyə və Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda məktub ünvanlayıb.

 

Bu barədə APA-ya Elxan Süleymanovun ofisindən məlumat verilib.

 

Məktubda qeyd olunub ki, E. Süleymanovun təşəbbüsü ilə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi iyunun 17-si irəli sürülüb və dərc edilib. Qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalanıb.

 

Qətnamə layihəsi AŞPA-nın Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsinə dair 10 aprel 2014-cü il tarixli 1990 (2014) saylı Qətnaməsini sitat gətirir və AŞPA-da eyni standarta hörmət edərək, Assambleyanı Ermənistan nümayəndə heyətinə eyni sanksiyaları tətbiq etməyə çağırır: «Daha əvvəl səmimi ümidimi ifadə etmişdim ki, AŞPA rəhbərliyi və AŞPA Katibliyi ümumilikdə və xüsusilə təqdim olunmuş qətnamə layihəsi ilə bağlı Azərbaycana münasibətdə obyektivlik nümayiş etdirəcək. Lakin Nazirlər Komitəsinin son iclasından öyrəndim ki, AŞPA Katibliyinin rəhbəri, Baş Katib cənab Saviçki qətnamə layihəsinə qarşı prosedur etirazı qaldırmaq istəyir. Katibliyin Qaydalara verdiyi şərhə əsasən, sanksiyaları xatırladan qətnamə layihəsində mandat məsələsinə istinad edilməlidir. Bu səhvdir, sanksiyaların yalnız mandatların sual altına qoyulmasına əsaslanan məruzə əsasında tətbiq edilə bilməsi fikri doğru deyil. Assambleyanın qərar verəcəyi təqdirdə istənilən məruzə sanksiyaların qəbul edilməsi ilə nəticələnə bilər, necə ki 2000-ci ildə Çeçenistan Respublikasındakı vəziyyətə dair məruzəyə düzəliş nəticəsində Rusiya nümayəndə heyəti üzərinə ilk dəfə sanksiyalar qoyulmuşdu. Bu presedent rəhbərliyin daha əvvəl qeyd edilmiş şərhinin etibarsız olduğunu açıq-aydın sübut edir. 14 üzv dövləti təmsil edən 58 üzvün imzaladığı qətnamə layihəsi vaxtında və bütün şərtlərə və Qaydalara tam müvafiq irəli sürülüb, təqdim və dərc edilib. Qətnamə layihəsi artıq Assambleyanın rəsmi sənədidir».

 

Məktubda qeyd olunub ki, indi qətnamə layihəsi ilə bağlı iyunun 22-si Sədarət Komitəsinin rəyi və iyunun 27-si Büronun qərarı ilə başlayaraq, AŞPA-nın səlahiyyətli siyasi qurumları tərəfindən normal siyasi qərar verilməlidir: «Bu müstəvidə təəssüf doğuran hal odur ki, Katiblik bu qətnamə layihəsinin Sədarət Komitəsinin gündəliyində nəzərdən keçirilməsini təxirə salmağın mümkünlüyü barədə düşünür. Qətnamə layihəsi Katibliyə iki həftə əvvəl göndərilib, bütün imzaların əsli isə bir həftə əvvəl təqdim edilib. İndi gündəlik qəflətən məşğuldur...? AŞPA Katibliyinin rəhbəri eyni zamanda Nazirlər Komitəsinin iclasında qəti əminliyini ifadə edib ki, qətnamə layihəsi yalnız Ermənistana dair cari monitorinq məruzəsinin hazırlanması məqsədilə Monitorinq Komitəsinə yönləndiriləcək. Hər şeydən əvvəl hesab edirik ki, bu, sırf AŞPA-nın siyasi qurumlarının səlahiyyətindədir və rəhbərliyin açıq şəkildə və vaxtından əvvəl belə təklif səsləndirməsi qeyri-müvafiqdir.

 

İkincisi, rəhbərlik tərəfindən qətnamə layihəsinin Monitorinq Komitəsinə yönləndirilməsi təklifi bu sənədin faktiki olaraq Qaydalara müvafiqliyini qeyd-şərtsiz təsdiqləyir. Lakin üçüncüsü, mən qətnamə layihəsinin müəllifi kimi, bütün Büro üzvlərindən sənədin (yeni və ayrıca)  məruzə üçün Siyasi Komitəyə və ya Monitorinq Komitəsinə yönləndirilməsində təkid etmək istərdim. Hansısa sirli səbəblərə görə AŞPA-da heç vaxt Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni və silahlı işğalına dair açıq və hərtərəfli müzakirə mümkün olmayıb. Ukrayna və Krıma gəldikdə, bu, bir neçə gün ərzində mümkün oldu. Azərbaycan 22 ildir ki, AŞPA-da da bu şəffaf müzakirə ilə bağlı demokratik hüququnun həyata keçirilməsini gözləyir, lakin yenidən və bir daha istənilən belə açıq və ədalətli müzakirənin qarşısını almaq və nəticədə məhv etmək üçün hər növ - administrativ yaxud prosedur maneələr ortaya çıxır.

 

Bununla bərabər, hamınızı Azərbaycan ərazilərini davamlı silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsinin müzakirələrdən kənarlaşdırılması istiqamətində ədalətsizliyin və ayrı-ayrı qüvvələrin korporativ maraqlarının Avropa Şurasının baza prinsiplərindən üstün tutulmasının qarşısını almağa çağırıram».

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550
avatar

Oxşar yazılar