Mehmet Perinçək: “Türkiyədə “erməni soyqırımı yalandır” demək suç sayılacaq” – MÜSAHİBƏ
07 avqust 2013 11:34 (UTC +04:00)

Mehmet Perinçək: “Türkiyədə “erməni soyqırımı yalandır” demək suç sayılacaq” – MÜSAHİBƏ

“Ergenekon” işinə görə ömürlük azadlıqdan məhrum edilmiş İşçi Partiyasının sədri Doğu Perinçəkin oğlu, uydurma “erməni soyqırımı” iddialarını Rusiya arxivlərindən topladığı materiallarla puça çıxaran türkiyəli alim, avqustun 5-də 2 il saxlandığı Silivri həbsxanasından buraxılan Mehmet Perinçək APA-nın Türkiyə müxbirinə müsahibə verib.

 

- İki il əvvəl Rusiya arxivlərindən 2 çemodan material gətirəndən bir neçə gün sonra “Terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs edildiniz. Buna səbəb nə idi?

 

- Səbəb mənim elmi fəaliyyətim idi. Təsəvvür edin ki, prokurorluq ittihamnaməsində mən “erməni soyqırımı” məsələsində Türkiyənin milli həssaslıqlarından istifadə edərək “Ergenekon” “terror təşkilatı”nın təbliğatını aparmağa” görə suçlanırdım. Bu, o deməkdir ki, prokurorluq mənim  Rusiya  arxivlərindən gətirib türkcə, ingiliscə, almanca, fransızca çap etdirdiyim və “soyqırım” yalanlarını ifşa edən sənədləri “ermənilərin həssaslığına toxunmaq” kimi dəyərləndirərək bunu cinayət tərkibi sayıb. Təsəvvür edin ki, 2015-ci ilə doğru gedən yolda biz “soyqırım” iddialarına qarşı arxiv sənədləri ilə obyektiv mübarizə aparırdıq, Türkiyənin bəzi prokurorları bunu cinayət saydılar. Məhkəmənin 5 avqustda elan etdiyi hökmün səbəbi açıqlanmayıb: mənim üçün maraqlıdır, hökmün səbəbində də “soyqırım” yalanlarına qarşı arxiv sənədləri ilə obyektiv şəkildə mübarizə aparmaq “cinayət tərkibi” sayılacaqsa, bundan sonra Türkiyədə “erməni soyqırımı” olmayıb” demək qadağan ediləcək, o sözü deyənlər “terror təşkilatının təbliğatını aparmaq”da günahlandırılacaqlar. “Türklər 1 milyon erməni öldürdü” deyənlər isə Nobel mükafatı alır.

 

- Siz Rusiya arxivlərindən topladığınız materialları 2,5 il əvvəl Moskvada rusca da çap etdirmişdiniz, kitabınızın təqdimatı barədə APA xəbər yaymışdı. Moskvada gördüyünüz işlərin Türkiyədə həbs edilməyinizə təsiri olduğunu düşünürsünüzmü?

 

- Mənim Moskvada çap etdirdiyim kitab 2011-ci ilin oktyabrında Lomonosov Universitetinə bağlı Asiya və Afrika Xalqları İnstitutunda müzakirə ediləcəkdi, erməni tarixçiləri də o müzakirəyə qatılmağa razılıq vermişdilər. Ancaq mən yayda Türkiyəyə 2 çemodan materialla qayıdan kimi “terror təşkilatının təbliğatını aparmaq” suçlaması ilə həbs edildim. Silivri məhkəməsi Moskvada mənim kitabımın dəyirmi masa ətrafındakı müzakirəsində iştirakı qəbul edən erməni tarixçilərinə yaxşı töhfə vermiş oldu.

 

- Bir tərəfdən Türkiyə Xarici İşlər Nazirliyi sizin çap etdirdiyiniz arxiv materiallarından “erməni soyqırımı” iddialarına qarşı Türkiyənin beynəlxalq arenada apardığı mübarizədə çox istifadə edirdi, o biri tərəfdən isə məhkəmə sizi həbsə atdı. Bəs siyasətçilər sizin həbsinizə qarşı çıxmadılarmı?

 

- Mən Rusiya arxivlərində işləməyə Abdullah Gül xarici işlər naziri olarkən onun imzaladığı məktubla getmişəm, ancaq gətirib çap etdirdiyim materiallar daha sonra  prokurorluq tərəfindən “terror təşkilatının təbliğatı” kimi dəyərləndirildi. Həbsxanadan xarici işlər naziri Əhməd Davudoğluna 2 dəfə məktub yazdım ki, əlimdəki bütün materialları sizə verməyə hazıram, yetər ki, bunları çapa hazırlayıb Türkiyənin “erməni soyqırımı” iddialarına qarşı apardığı haqlı mübarizəsində istifadə edin. Heç bir cavab ala bilmədim.

 

- Deməli, bu işlərin cəfası yenə sizin çiyinlərinizə düşəcək. Siz həbsxanada olanda “150 belgede ermeni meselesi” adlı kitabınız çıxdı. Çapa hazırladığınız yeni kitab varmı? Yaxın gələcəkdə hansı kitabınız işıq üzü görəcək?

 

- Birinci Dünya müharibəsində Çar Rusiyası hərbi məhkəmələrinin erməniləri məhkum edən stenoqramlarını çapa hazırlamışam. Təsəvvür edin ki, Osmanlı İmperiyası ilə müharibə vəziyyətində olan Çar Rusiyasının hərbi məhkəmələri Türklərə qarşı soyqırım yapan bir çox erməniyə edam cəzası verib. Cəza alan ermənilər öz cinayətlərini hələ Osmanlı İmperiyasının müxtəlif bölgələrinə köçürülməzdən əvvəl həyata keçiriblər, rus hərbi məhkəmə arxivlərinin stenoqramlarından bunları görəcəksiniz. Kitabda məhkəmələrin stenoqramlarının türkcəyə tərcüməsi və rusca faksimiləsi əksini tapacaq, təxminən 3 cildlik kitab olacağını düşünürəm. 2015-ci ilə doğru gedən yolda o kitabın da beynəlxalq arenada Türkiyənin əlini gücləndirən bir mənbə olacağına inanıram. Mənim günahsız yerə 2 il həbsdə qalmağım önəmli deyil, önəmli olan Türkiyədə “erməni soyqırımı” yalanlarına qarşı obyektiv elmi çalışmalara ara verilməməsidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar