Bu gün Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, zəngin təbii resurslara, perspektiv inkişaf yoluna sahib bir dövlət kimi çıxış edir. Təsadüfi deyildir ki, artıq Azərbaycanın regional güc kimi xarakterizə olunması dünya birliyində ona olan güvənin sübutudur.
Son zamanlar İranın Azərbaycana qarşı tutduğu kəskin mövqe isə birmənalı qarşılanmır. Bakıda Güney Azərbaycanla bağlı keçirilən konfransdan sonra İran tərəfindən Azərbaycana etiraz notası təqdim olundu, ardınca isə Tehrandan ölkəmizin ərazi bütövlüyünü təhdid edən bəyanatlar səsləndirilməyə başlandı.
İran bəzi rəsmilərinin Azərbaycana qarşı yönəlmiş bəyanatları və ardınca baş verən hadisələr bunun müəyyən bir məntiqə dayandığını sübut edir. İranın bəzi rəsmi dairələrinin bu cür bəyanatları müxtəlif amillərlə izah oluna bilər:
- Qərblə Şərq arasında mühüm körpü rolunu oynayan Azərbaycan Qərb yönümlü inkişaf yolunda irəliləməklə Qərbin etibarlı tərəfdaşı imicini yaratmışdır;
- Azərbaycanın sürətli iqtisadi-siyasi inkişafı dövlətin gələcəkdə də bu istiqamətdə irəliləyəcəyi ehtimalını artırır;
- Azərbaycanın NATO ilə hərbi sahədə əməkdaşlığı, Avropanın bir çox strukturları ilə siyasi-iqtisadi əməkdaşlığın genişlənməsi, Azərbaycanın strateji tərəfdaş kimi tanınması faktı danılmazdır.
Bununla belə Azərbaycan Şərqin bir parçasıdır. Şərqin demokratik inkişaf yolu seçmiş dövlətlərinin qabaqcılı, bəlkə də ən birincisidir. Azərbaycan Respublikası Konstitusiyasında vurğulandığı kimi Azərbaycan dünyəvi dövlətdir. Burada din dövlətdən ayrıdır. Azərbaycan tolerant mühitin, müxtəlif dinlərin və irqlərin birgəyaşayışının maksimum təmin olunduğu dövlətlərdəndir. Eyni zamanda dövlət dinimiz İslam dinidir. Bu da bir tarixi faktdır ki, İran ərazisinin bir qismi əzəli Azərbaycan torpaqları olmuş, milli mədəniyyətimizin, tariximizin izləri əks olunmuşdur. Bu gün İranda 30 milyona yaxın həmvətənlərimiz yaşayır. Onlar isə Azərbaycan dilində nəinki təhsil almaq, hətta danışmaq hüququndan belə məhrumdurlar. Bu isə əhalisinin yarısını azərbaycanlılar təşkil edən İranın millətimizə qarşı həqarəti, insan hüquq və azadlıqlarına müdaxiləsi, bütövlükdə isə öz vətəndaşlarına qarşı represiyası kimi qiymətləndirilməlidir. Həmçinin İranın islami birlikdən danışmasına baxmayaraq neçə illərdir ki, Dağlıq Qarabağ münaqişəsində birtərəfli mövqe tutmaması da birmənalı qəbul olunmur.
İranın bəzi rəsmilərinin anti-azərbaycan çıxışları bütövlükdə dövlətin mövqeyi kimi yozulmamalıdır. İran səfirinin bu münasibətlə müsahibəsi belə bir fikrin formalaşmasını zəruri edir. Bu bir qrup dövlət rəsmisinin Bakıda Güney Azərbaycanla bağlı keçirilən konfransa cavabı kimi qiymətləndirilmişdir. Azərbaycan tərəfi də öz növbəsində bu konfransın keçirilməsinin dövlətin mövqeyinin ifadəsi kimi qəbul olunmasını düzgün hesab etməmişdir. Səfir iki dövlət arasındakı münasibətlərin öz təbii axarında olduğunu və iqtisadi sahədə, xüsusilə də energetika, tranzit və ticarət sahələrindəki əlaqələrdə inkişafa doğru hərəkətin müşahidə olunduğunu, lakin hələ də istənilən səviyyəyə çatmadığını vurğulamışdır.
Bu gün İran və Azərbaycan arasında əlaqələrin inkişafı regionda sabitliyin möhkəmlənməsi üçün əsas amildir. Təkzibolunmaz faktdır ki, İlham Əliyevin yeritdiyi güclü və çevik siyasi strategiya İranda yaşayan azərbaycanlılarımız tərəfindən də dəstəklənir. Azərbaycanın nəzərəçarpan inkişafı, beynəlxalq müstəvidə artan rolu, qlobal arenada tutduğu mövqe, Azərbaycan haqqında obyektiv rəyin formalaşması istiqamətində atılan addımlar danılmazdır. Azərbaycan Respublikası demokratik inkişaf, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində uğurla irəliləyir. Dövlətin gücünün artması, regional təsirinin mövcudluğu isə qonşu dövlətlər tərəfindən müxtəlif cür qarşılanır. Biz daim belə bəyanatlara, etirazlara hazır olmalıyıq. Dövlətimizin dünyəvi dəyərlərə əsaslanaraq inkişafı, siyasi-iqtisadi gücü isə onlara veriləcək ən təsirli cavabdır.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı