Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağzadənin aznews.az xəbər portalına müsahibəsi
- İqbal bəy, iyunun 26-da partiyanızın növbəti qurultayının keçirilməsi planlaşdırılır. Qurultayın gündəliyində hansı məsələlər var? Qurultayı keçirəcəyiniz məkan müəyyənləşibmi?
- Qurultayın gündəliyində 2013-cü il prezident seçkilərinə partiyanın münasibəti, həmçinin, digər ictimai-siyasi məsələlər var. Qurultayın harada keçiriləcəyi barədə hələlik heç nə deyə bilmərəm. Çünki hər hansı məkan müəyyən etməmişik. Bu, hakimiyyətin icazəsindən asılıdır. Hakimiyyət ölkədə siyasi partiyalar üçün bu mənada heç bir şərait yaratmır. Ola bilsin, hansısa özəl bir məkanla müqavilə bağlayıb, qurultayı orada keçirdik. İnanmıram ki, hakimiyyət bizə lazım olan yeri verib, qurultay üçün normal şərait yaratsın.
- Qurultayda nümayəndələrin sizi 2013-cü il prezident seçkilərində partiyanın namizədi kimi təsdiqləməsi nə dərəcədə realdır?
- Qurultay 2013-cü il seçkiləri ilə bağlı mövqeyini müəyyən edəcək. Əgər qurultay nümayəndələri və partiyanın Ali Məclisi prezident seçkilərində iştirakla bağlı qərar qəbul etsə və mənim namizədliyimi irəli sürsə, prezident seçkilərində namizəd olacağam.
- İqbal bəy, bir neçə il öncə ABŞ Dövlət Departamentinin hesabatında parlamentdə yeganə müxalifət təmsilçisi kimi sizin adınız qeyd olunmuşdu. Dünən elan olunan və Azərbaycan müxalifətinin böyük birliyi olduğu deyilən Milli Şurada 1 parlament partiyası olsa da, siz təmsil olunmursunuz. Milli Şuranın bu baxımdan müxalifətin ümumi birliyi olduğu ilə bağlı fikirlərə münasibətiniz necədir?
- Milli Şura müxalifət demək deyil. Milli Şurada müxalifətin bir qrupu təmsil olunur. MŞ-də təmsilçiliklə bağlı Ümid Partiyası ilə ən yüksək səviyyədə danışıqlar olub. Ancaq bu qurumla Ümid Partiyası arasında fundamental fikir ayrılıqları olduğuna görə partiyanın Ali Məclisi və Rəyasət Heyəti MŞ-də iştirak etməməklə bağlı qərar qəbul edib. Bir sıra suallar var idi ki, biz Milli Şuranın təşəbbüskarlarından o suallara cavab ala bilmədik.
Biz, Azərbaycanın kənar təsirlərə, xüsusilə avtoritar rejimli ölkələrin təsirinə düşmədən demokratikləşməsini arzulayırıq. Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasını, Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini və Avropa ailəsinin bir üzvü olmasını istəyirik. Biz Rusiyaya nifrət etmirik. Lakin Azərbaycanın gələcəyini və xoşbəxtliyini Rusiyanın yanında görmürük. Avtoritar, şovinist bir dövlətin yanında Azərbaycanın qazana biləcəyi bir uğur yoxdur. Müstəqilliyimizi itirmək təhlükəsi də olduqca böyükdür. Çünki Rusiya Azərbaycanın müstəqilliyini, suverenliyini hər zaman təhdid edən dövlət olub. 19-cu ərsin ikinci yarısından başlayaraq, Azərbaycanın başına gələn bütün bəlalarda Rusiyanın barmağı olub. Buna görə də Azərbaycanın gələcəyini yenidən Rusiyaya bağlamaq doğru deyil.
- Belə çıxır ki, Milli Şurada təmsil olunan qüvvələr Azərbaycanın gələcəyini Rusiyaya bağlamaq istəyirlər?
- Xeyr, mən orada təmsil olunan adamları bununla ittiham etmək niyyətində deyiləm. Lakin Milli Şuranın özünə baxışında və yaranma prinsiplərində Rusiyanın xəttinin bu və ya digər şəkildə seziləcəyi göz önündədir. Orada təmsil olunan şəxslərin çoxunu milli, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanlar hesab edirəm. Ancaq ola bilər, həmin insanlar da yanıla, yanlış mövqe ifadə edə bilərlər. Mən orada Rusiya təhlükəsini aydın görürəm və aydın gördüyüm işdə də təmsil olunmağın tərəfdarı deyiləm. Çevrəmizdə olan dostların da bu istiqamətdə addım atmamağını arzulayırdıq. Bu istiqamətdə onlarla dəfələrlə söhbətimiz olub.
Xatırlayın, 1918-ci ildə Milli Şurada təmsil olunan şəxslərdən biri də Nəriman Nərimanov idi. Ancaq o, daha sonra Rəsulzadədən fərqli olaraq, Rusiyanın tərəfini tutdu. O zaman da çoxları müstəqilliyin əldən gedəcəyini ağıllarına gətirmirdilər. Ancaq faktiki olaraq Azərbaycan müstəqilliyini itirdi. Kim deyə bilər ki, Rusiya 21-ci əsrdə yenidən modernləşdirilmiş şəkildə yeni iddialar ortaya qoymayacaq və bu iddialar da Azərbaycanın başında partlamayacaq?! Ona görə də, biz bu istiqamətə avtoritar Rusiyanın tərəfində deyilik. Rusiya sözü gedən projeyə bu və ya digər şəkildə dəstək verəcəyi təqdirdə də orada yoxuq.
Azərbaycan iqtidarı nə qədər səhv siyasət yürütsə də, biz Azərbaycan xalqının gücü ilə hakimiyyəti dəyişmək fikrindəyik və bu istiqamətdə fəaliyyət göstəririk. Sabah da hansısa dövlətin yançısı olmağı düşünmürük.
- Siz Milli Şura ideyasını bütövlükdə Rusiyaya bağlayırsınız?
- Mən bunu birmənalı surətdə iddia edirəm ki, Milli Şura projesi düşüncə və mahiyyət etibarilə Rusiyanın qanadıdır. Orada olan insanların Rusiyanın adamı olduğunu iddia etmirəm, ancaq projenin müəllifi Rusiyadır. Rusiya yanlısı olmayan adamlar da projenin içərisində yer alırlar. Ancaq qəbul etmək istəmirlər ki, Rusiya kimi bir qüvvə bir zaman gələcək həmin adamların Azərbaycanla bağlı xoş niyyətlərinin də həyata keçməsinə imkan verməyəcək və bu proje bütövlükdə Rusiyanın inhisarına keçəcək. Bunu çox açıq şəkildə deyirəm.
- İqbal bəy, Milli Şura ilə bağlı yaranan ilk qalmaqal qurumun bəyannaməsində “Milli Şura Avro-Atlantik məkana inteqrasiya yolunu tutur” ifadəsinə yer verilməməsi idi. Ancaq görünür, bu problem həll edildi. Siz bunu necə qiymətləndirirsiniz?
- Milli Şuranın bəyannaməsində nə yazılması heç nəyi dəyişmir. Ona qalsa, SSRİ-nin də konstitusiyasında xalqların azadlığı və bərabərliyi yazılmışdı. Bu layihə Rusiyanındırsa, burda azadlıqdan söhbət gedə bilməz. Bu gün heç kim özünü aldatmasın ki, onun tələbi Milli Şuranın bəyannaməsinə yazılacaq və o da sabah deyəcək ki, mən filan şeyə görə orda idim. Rusiya dövlətləri vassal, özünün bir şöbəsi etmək niyyətindədir. Bəyannaməyə Avropaya inteqrasiya yazıb, ancaq Rusiyanın yançısı olacaqsan. Bu sözlərin heç birinə inanmıram. Hər kəsi də inanmamağa çağırıram. Siz düşünürsünüzmü ki, Rusiya Azərbaycanın Avropaya, Avro-Atlantik məkan inteqrasiyası üçün burada hər hansı addım atmaq istəyir?! Rusiya belə addım atmaq istəsə, öz daxilində atar.
- Siz necə düşünürsünüz, Rusiya seçki dönəmində və ya seçkidən sonra Azərbaycanda iğtişaş törətməyə cəhd edə bilərmi?
- Öncəgörənlik etmək istəməzdim. Ancaq zatən Rusiyanın düşüncəsində demokratik yol yoxdur ki, o, dəyişiklərdə demokratiya yolunu seçsin. Rusiya şiddət yolunu seçib. Əgər belə bir qərar verəcəksə, bu, şiddət yolu olacaq. Bu, hər kəsə bəlli olmalıdır.
- Milli Şuranın vahid namizəd seçəcəyi və müxalif elektoratın da həmin qüvvələrin ətrafında toplaşacağı halda, sizin namizədliyinizi MŞ-in namizədinin xeyrinə geri götürmək ehtimalı nə dərəcədədir?
- Hesab eləyirəmsə ki, Milli Şura Rusiya yönümü dəstəkləyir, mənim MŞ-in vahid namizədini dəstəkləmək kimi bir niyyətim ola bilməz. Çünki mən Rusiyaya qarşıyam. Biz, Azərbaycan dövlətçiliyi, demokratikləşmə yönündə saf niyyət ortaya qoyan hər kəslə dialoqa hazırıq və hər kəslə münasibətdə iddialarımızdan geri durmağa hazırıq. Yox əgər, Rusiya bu işin içində olacaqsa, biz bu işdə yoxuq.
- Siz bu məsələdə bu qədər pessimistsiniz? Yəni doğrudan da hesab edirsiniz, tutaq ki, Milli Şuranın namizədi prezident seçiləcəyi təqdirdə, Azərbaycanın müstəqilliyini, suverenliyini Rusiyaya təslim edəcək?
- Mən, Azərbaycanda bu hakimiyyətdən çox Rusiya meylli qüvvə tanımamışam. Ancaq əgər bu gün bu hakimiyyət Rusiyanın istədiyinə “yox” deyib, onun yanında dayanmırsa, deməli, Rusiyanın istədiyi elə bizim müstəqilliyimizdir. Başqa heç nə ola bilməz. İndi əgər Rusiya kimisə burada hakimiyyətə gətirmək istəyirsə, deməli ondan müstəqilliyin qarantiyasını alıb. Bunu anlamağa nə var ki?!
- Yuxarıda dediniz ki, MŞ-də milli adamlar da var. Sizcə, seçkiyə qədər həmin milli adamlar Rusiya projesi olduğunu iddia etdiniz MŞ-dən ayrılacaq, yoxsa qurumda sona qədər davam edib, vahid namizədlə seçkiyə gedəcəklər?
- Projedən kənara çəkilmək bəzən gec olur. Bir mexanizm işə düşəndən sonra orda hansısa detalların sıradan çıxması bəzən onu dayandıra bilmir. O adamların milli olduğuna heç bir şübhəmiz yoxdur. Amma Rusiya maşınının Azərbaycanda işə düşməməyini istəyirik.