Gələcəyin sahibləri
03 aprel 2013 18:58 (UTC +04:00)

Gələcəyin sahibləri

Təsadüfi deyildir ki, hər bir xalq özünün xoşbəxt gələcəyinə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Xoşbəxt gələcək məfhumu geniş anlamda, həmin xalqın öz varlığını davamlı olaraq sürdürmək, digər dünya xalqları içərisində itib-batmaq təhlükəsindən mühafizə etmək istəyidir. Bunun üçün xalqa həmin irsin daşıyıcısı olan müsbət mənada mühafizəkar və bir o qədər də yaradıcı təfəkkürə sahib olan gənclik lazımdır. Bu, yeni nəfəs özünü bütün sahələrdə büruzə verməlidir: istər mədəni – maarif, istər iqtisadi, istərsə də siyasi sahədə. Qeyd etdiyimiz bu nailiyyətlərə sahib olmaq üçün birinci növbədə sağlam düşüncəyə malik gənclər yetişdirmək gərəklidir. Nədir bəs “sağlam düşüncəli gənc”? Sağlam düşüncəli gənclik formalaşdırmaq üçün ilk öncə onlara sahib olduğumuz milli-mənəvi dəyərlərimizi əsaslı şəkildə aşılamaq lazımdır. Milli-mənəvi dəyərlər əsasında köklənmək bizi bir xalq kimi formalaşmağımıza kömək edən dilimiz, adət-ənənəmiz  və s. dəyərlərin göz önündə tutulmasıdır. Bütün bunları bir arada formalaşdırmaq üçün Azərbaycan  xalqı məşəqqətli yollar keçmişdir, ancaq bu çətinliklərə xalqımız ümummilli liderimiz Heydər Əliyevin ardıcıl və düzgün siyasəti nəticəsində sinə gərərək, bunları bir sistem halına salmağı bacarmışdır.

 

Düzdür, Azərbaycan müstəqilliyinin ilk illərində ölkə ərazisində bir çox gənclər təşkilatları yarandı, amma təəssüf ki, onların əksəriyyəti öz qayələrindən uzaqlaşdılar və siyasiləşmə meyllərinə qapıldılar. Lakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı.

 

Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdi. Prezident Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Buda ümummilli liderimizin gənclərlə bağlı qəbul etdiyi düzgün qərarlardan biri idi, çünki istənilən hər hansı bir problemə yaxın olan, məslənin içərisində olan insanlar onun həllində daha böyük rol oynaya bilərlər. Gənclər də təbii ki, cəmiyyətin ən aktiv fərdləridirlər və hadisələrin içərisində olduqları üçün problemlərin mənbəyini bilirlər. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.

 

1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edib və gənclərə müraciətlə bildirib: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik." Biz gənclər isə Prezidentimiz tərəfindən söylənilmiş bu fikrin nə dərəcədə özünü doğrultduğunu hər sahədə bizə verilmiş əvəzsiz şəraitlər nəticəsində görürük.

 

 Eyni zamanda bütün bunların davamı kimi, 9 aprel 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu  ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olundu və burada həyata kecirilən gənclər siyasəti 5 mühüm istiqaməti özündə birləşdirirdi:

 

- Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək;

- Gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək;

- Gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək;

- Gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq;

- Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq.

 

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmışdı, elə həmin ildə də gənclərin idman sahəsinə daha fəal cəlb olunması üçün Bakıda, Naxçıvanda, Gəncədə Olimpiya İdman Kompleksləri istifadəyə verilmişdi. Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xatırlatmaq lazımdır ki, hələ 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə İlham Əliyevin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK prezidenti kimi İlham Əliyev ölkədə Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün silsilə tədbirlər həyata keçirdilmişdir.

 

Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, gənclərin dövlət idarəçiliyinin müxtəlif sahələrinə cəlb edilməsini məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamın da çox mühüm əhəmiyyəti vardır. Sərəncamda Azərbaycanda gənclər sahəsində dövlət siyasətinin başlıca istiqamətləri açıqlanmış, bu təbəqəyə diqqətin artırılması üçün konkret tədbirlərin hazırlanması və maliyyələşdirilməsi Nazirlər Kabinetinə həvalə olunmuşdur.

 

Artıq bu proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının təmin edilməsi və digər məqsədlərlə bir çox kompleks tədbirlər həyata keçirilmişdir. İdarəçilik sahəsinə gəldikdə isə gənclərdə liderlik keyfiyyətlərinin formalaşdırılması üçün hazırda ölkəmizdə bir sıra tədbirlər reallaşdırılır.

 

İndi hər bir gənc liderlik yay, qış məktəblərində, düşərgələrdə bu istiqamətdə maariflənmək və müxtəlif gənclər təşkilatlarında təmsil olunmaq imkanlarına malikdir. Gənclərimizə psixoloji, mədəni, bisnes, ekoloji, iqtisadi və daha bir çox sahədə təlimlər keçirilir və bu təlimlərdə iştirak etməyə hər bir gəncin hüququ var.

 

Dövlətimizin yaratdığı şərait haqqında geniş danışmaq olar. Respublikamızda bu sahədə aparılan siyasət bu gün “Gələcək gənclərlə gələcək” şüarını özünəməxsus şəkildə səsləndirir. Doğrudan da “Bu günümüz də gələcəyimiz kimi gənclərimizin əlindədi”. Bu gün Azərbaycan gəncinin önündə böyük qapılar, işıqlı yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. Biz gənclərində vəzifəsi bu imkanlardan layiqincə istifadə edib həm öz inkişafımızı təmin etməli, həmdə vətənimizin mənafeyini etibarlı şəkildə müdafiə etməliyik.

 

Səminə Alızadə,

Şərqi Avropada təhsil alan tələbələr və məzunlar ictimai birliyinin fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808
avatar

Oxşar yazılar