Hər bir dövlətin uzunömürlülüyünün və davamlı inkişafının təmini milli birliyə nail olunması və saxlanılmasından asılıdır. Çünki dövrün ortaya çıxartdığı çətinliklərin və problemlərin həlli, eləcə də, müstəqilliyin daha etibarlı şəkildə qorunmasının təmin edilməsi, milli dövlətçilik ənənələrinin bərqərar olması yalnız millətin ideya birliyinin yaradılmasından asılıdır. Eyni zamanda milli birliyin, həmrəyliyin sağlam inkişafının əsasında dayanan amil isə həyata keçirilən hər bir fəaliyyətdə varislik prinsipinin gözlənilməsi, yeniliklərlə vəhdət təşkil etməsinə nail olunmasıdır. Bu baxımdan adıçəkilən məsələ əsrlər boyu Azərbaycan üçün də taleyüklü vəzifələrdən biri hesab edilib. İdeoloji əsasları olmayan dövlətin uzunömürlülüyü və varisliliyi də həmişə şübhə doğurmuşdur. Dövlətçilik tarixində, dövlət quruculuğunda mühüm əhəmiyyət kəsb edən, müasirliklə tarixiliyin vəhdəti fonunda çıxış edən azərbaycançılıq ideologiyası və uğurlu strateji inkişafın təməlində dayanan varislik prinsipi müasir Azərbaycanın inkişaf modelinin təməlində dayanır.
Azərbaycan xalqının çoxəsrlik tarixinin son yüzilliyində yetirdiyi dahi və ən böyük şəxsiyyətlərindən biri olan Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri ölkədə azərbaycançılıq ideologiyasının yaranmasını və möhkəmlənməsini, onu bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının milli ideyasına, ümummilli ideologiyasına çevirməsi oldu. Ötən illər ərzində Heydər Əliyev mahir dövlətşünas və rəhbər kimi xalqı üçün nə mümkünsə onu etmişdir. Bununla da o, özünün davamçıları və siyasi varisləri üçün zəngin ideya irsi və böyük mənəvi-ideoloji varidat qoymuşdur. Bu zəngin nəzəri-siyasi irsin tərkibində müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyası mühüm yer tutur.
Azərbaycançılıq ideologiyasında dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələrini geniş nəzərə almaqla tarixiliklə müasirliyin nəzəri-təcrübi vəhdəti əsas yer tutur. Bu isə azərbaycançılıq məfkurəsinin gələcəyə yönəlməsini, uğurlar qazanmasını təmin edir. Ulu Öndər Heydər Əliyev isə azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik əlamətlər əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olmuşdur.
Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi fikri, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bütün soydaşlarımızın Vətəni elan edilməsi azərbaycançılıq ideologiyasının ən vacib cəhətləridir. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Prezident İlham Əliyevdir. Azərbaycançılığın qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçilik fəaliyyətində varislik prinsipinə sadiq qalmaqla böyük məsuliyyətlə və layiqincə həyata keçirir. Bu baxımdan möhtərəm Prezidentimizin dövlət idarəçiliyində varislik və azərbaycançılıq prinsiplərini qoruması, daim atdığı addımlara Ulu Öndər irsinə varisliyini nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb edir və milli etimadı doğruldur.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı