UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Ermənistan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilsə də, Azərbaycan tərəfi buna etiraz edib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib: “Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. Belə ki, UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığını, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğunu qəbul edib. Yəni Komitədə aparılmış müzakirələrin nəticəsində ifadə olunub ki, Ermənistanın bu cəhdi qəbuledilməzdir və onun ərazisində hər hansı bir mətbəx nümunəsinin hazırlanmasının erməni millətinə məxsus olması anlamına gəlmir”.
Nazirlikdən bildiriblər ki, Komitə üzvləri Konvensiyanın ruhunu önə çəkərək ermənilərin lavaşın eksklüziv erməni çörəyi olması iddiasını qətiyyətlə qınayıblar və belə halların baş verməməsi üçün hüquqi prosedurların işlənməsinin vacibliyini qeyd ediblər: “Azərbaycan nümayəndə heyəti Komitə üzvləri və digərləri ilə keçirilən bütün görüşlərdə Ermənistanın UNESCO-nun məqsəd və prinsiplərini öz işğalçı siyasəti üçün alət etməsini tənqid edib və bu cür yanaşmanın təşkilatın nüfuzuna ciddi xələl gətirəcəyini vurğulayıb. Komitədə lavaşın erməni millətinə mənsub olması əvəzinə Ermənistan ərazisində mövcud olması kimi qəbul edilməsi bir daha Ermənistan ərazisində azərbaycanlıların yaşadıqlarını, ermənilərin də bu ənənələri onlardan öyrəndiyini təsdiq etmiş oldu”.
Mədəniyyət və Turizm Nazirliyindən əlavə ediblər ki, Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilib və qərara alınıb ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi UNESCO-ya təqdim edilsin.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov APA-ya açıqlamasında bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qanunsuz mənimsəmələrin və əsassız iddiaların qarşısını almaq tələbi də əks olunub: “Əqli mülkiyyət nümunələrinin mərkəzləşdirilmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi və xüsusi qorunması nəzərdə tutulub. Bu siyahıya ənənəvi biliklərin növü kimi Azərbaycan mətbəxi də daxildir. Lavaş sözü “aş” sözündəndir və bu sözün etimologiyası türklərlə bağlıdır. Yəni “aşmaq” felindən düzəldilmiş isimdir, xörək hazırlamaq mənasını verir. Bu gün də azərbaycanlılar “qazan aşmaq, qazan asmaq” deyəndə, xörək hazırlamağı nəzərdə tutur. “Aş” sözünün kökündən bir çox sözlər törəyib. Məsələn, qaşıq, lavaş, xəşil və s. Bunlar müasir olaraq qida ilə bağlı terminlərdir. Ermənilər isə lavaşı mənimsəyərək bizim “aş” kökünü götürüb önünə “lav” sözünü əlavə edərək, onu “yaxşı yemək” mənasında verir. Bu isə heç bir məntiqə sığmır. Digər tərəfdən, lavaş təndirdə bişirilir. Ermənilər təndiri də mənimsəyiblər, lavaşı da. “Təndir” sözünün mənasını açıqlasaq məlum olar ki, nə lavaş, nə təndir ermənilərə yox, türklərə məxsusdur və türk mətbəxinin zənginliyini göstərən sübutdur”.
Kamran İmanov əlavə edib ki, lavaş erməni mətbəxi ənənəsindən irəli gəlmir: “Bu, bizim mətbəxin mənimsənilmiş terminini və lavaşın bişirilmə qaydalarını indiki Ermənistan ərazisində yalnız istifadə etməkdir. Kökləri isə türklərin lavaş adı və onun hazırlanma resepti ilə bağlıdır”.