“Bizi kənardan müşahidə etməyə də ehtiyac yoxdur”
“Ermənistan və Azərbaycanın parlament çərçivəsində əməkdaşlığı o zaman başlaya bilər ki, bu ölkənin parlamentariləri Azərbaycanın ərazilərinin işğal olunması ilə bağlı müəyyən bəyanat versinlər, işğal faktını etiraf etsinlər, bunu pisləsinlər”.
Lent.az-ın verdiyi məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində söyləyib.
Əli Hüseynli bildirib ki, hazırkı vəziyyətdə əməkdaşlıq və dialoq heç bir fayda verməz, çünki bu problemin kökündə sadəcə konflikt yox, işğal faktı durur: “
Faşist Almaniyası da Avropanın böyük bir hissəsini işğal etmişdi. Onda gərək, Fransa və digərləri faşist Almaniyası ilə dialoqa gedəydilər, əməkdaşlıq edəydilər və bununla da problemi həll edəydilər. Nədən ikinci cəbhə açıldı və ABŞ-la Böyük Britaniya müharibəyə qoşuldu? Bizə verdikləri məsləhətləri niyə o zaman etməyiblər? Əlbəttə, dialoq və əməkdaşlıq faydalı ola bilər, amma ilk növbədə işğal faktı etiraf olunmalıdır. Qarşı tərəf Azərbaycandan üzr istəməlidir. Ermənilər türklərdən qondarma “erməni soyqırımına” görə üzr istəməyi tələb edirlər. Tarixdə baş verməyən bir hadisəyə görə bunu iddia edirlər. Bəs nəyə görə, Azərbaycanın torpaqlarını işğal etdiklərini etiraf etməməlidirlər? Torpaqlarımız hərbi yolla işğal edilib, ona görə də ermənilərlə dialoq və əməkdaşlıq ilk növbədə yuxarıda qeyd etdiyim şərtlər çərçivəsində mümkündür. Avropalıların təklif etdiyi əməkdaşlıq formulu isə indiki şəraitdə mümkün olmur və bunu özləri də görürlər ki, faydasız prosesdir, sadəcə, vaxt itiririk. Amma baxmayaraq ki, onlar istəmirlər ki, biz Qarabağ məsələsini daim gündəmdə saxlayırıq”.
Əli Hüseynli Seçki Məcəlləsinə dəyişiklik edilməsinə zərurət olub-olmadığı barədə sualı da cavablandırıb. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, o cümlədən, bizim tərəfdaşlar bilməlidirlər ki, artıq Azərbaycan keçid mərhələsini yaşayan ölkə deyil: “Azərbaycan inkişaf etmiş dövlətlərin sırasına qatılmaq niyyətini ifadə edib. Azərbaycan özünün siyasi, iqtisadi, mədəni, sosial potensialına görə regionda lider dövlətdir. Azərbaycan keçmiş SSRİ respublikaları ilə də müqayisəolunmaz səviyyədədir. Biz iqtisadi, siyasi baxımdan ən sabit, ən inkişaf edən ölkəyik. Ona görə də gərək Avropa təsisatları da Azərbaycanla bağlı baxışlarını dəyişməlidirlər. Mənim mövqeyim belədir ki, seçki prosesi ilə bağlı maddi-texniki, təşkilati və bir sözlə, bütün məsələləri Azərbaycan yüksək səviyyədə təşkil edib. Mövcud olan problemlərin araşdırılması mexanizmləri var. Hazırda Seçki Məcəlləsinə yeniliklərin gətirilməsi müzakirə predmeti deyil və olmayacaq da. Seçki prosesi açıqdır, şəffafdır. Hesab edirəm ki, biz yenə beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyik ki, onlar bu prosesi müşahidə etsinlər. Amma mən bir subyektiv fikrimi söyləmək istəyirəm: Azərbaycanda vətəndaş cəmiyyətinin, ictimai şüurun, demokratiyanın və demokratik təsisatların inkişafı artıq elə səviyyədədir ki, bizi kənardan müşahidə etməyə də ehtiyac yoxdur. Amma əlbəttə ki, biz həm də əldə etdiyimiz nailiyyətləri göstərmək niyyətindəyik. Bu baxımdan, belə bir əməkdaşlıq faydalı ola bilər. Amma yenə də deyirəm ki, hamı anlamalıdır ki, Azərbaycan artıq nə postsovet ölkəsi deyil, nə də keçid dövrünü yaşayan ölkə deyil. Azərbaycanın standartları artıq kifayət qədər yüksəkdir və tam milli-daxili mexanizmlər var ki, istənilən proses şəffaf həyata keçirilsin, ictimai nəzarət olsun”.