“İctimai Palata parlament seçkiləri ilə bağlı yaradılmış qurumdur və yeni parlament seçkiləri istəyir, Milli Şura isə prezident seçkiləri ilə bağlı yaradılıb. İctimai Palatada təmsil olunan qüvvələrin çoxu eyni zamanda Milli Şurada da təmsil olunur. Əgər Milli Şuranın məqsəd və hədəflərinin müəyyənləşdirilməsi zamanı İctimai Palatanın da hədəfləri nəzərə alınar və üst-üstə düşərsə, bu halda iki eyni məqsədə xidmət edən təşkilatın paralel olaraq fəaliyyət göstərməsini lüzumsuz hesab edirəm”.
Bunu Lent.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının və Milli Şuranın üzvü Ədalət Yusibov deyib. O bildirib ki, əgər Milli Şura bundan sonrakı fəaliyyətində ancaq prezident seçkiləri ilə bağlı hədəflər daşıyacaqsa, bu zaman həm Milli Şura, həm də İctimai Palatanın paralel şəkildə fəaliyyət göstərməsinin əsasları olacaq: “Mənim mövqeyim bundan ibarətdir ki, Milli Şura İctimai Palatanın da məram və məqsədlərini hədəfləyərsə, təbii ki, ikincinin paralel olaraq fəaliyyət göstərməsinə ehtiyac qalmır. Ancaq hər bir halda İctimai Palatanın buraxılması barədə qərarı qurumun sessiyası verəcək”.
Ə.Yusibovun sözlərinə görə, İP KŞ-nin sonuncu sessiyasında da bu qurumun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilməyib, sadəcə bu məsələ müzakirə olunub. İP KŞ üzvü onu da qeyd edib ki, əgər İP özünü buraxarsa, bu qurumun rəhbərliyi Milli Şuranın yeni yaradılacaq strukturunda da rəhbərlikdə təmsil oluna bilər.