Der Spiegel-lə The Guardian-ın dərdi
28 iyun 2015 18:05 (UTC +04:00)

Der Spiegel-lə The Guardian-ın dərdi

 

Azər Həsrət

 

Böyük Britaniyada dərc edilən The Guardian qəzetində ötən həftə yazar Nik Kohen ölkəsinin idmançılarını tənqid etmişdi. Səbəb bu idi ki, Britaniyalı idmançılar Azərbaycanda hər şeyin əla olduğunu etiraf edir. O, öz yazısında BBC-yə müsahibə vermiş B.Britaniya komandasının 1-ci Avropa Oyunlarının açılış mərasimindəki bayraqdarı, boksçu Nikola Adamsa irad tutmuşdu ki, niyə insan haqlarından danışmayıb?

 

N.Kohen idmançının öz müsahibəsində “Bakıda hər şeyin yalnız yaxşı olması”nı deməsini tənqid atəşinə tutmuşdu. Jurnalist iddia edirdi ki, Azərbaycan haqqında düz-əməlli bilgisi olmayan, bu ölkənin siyasi sistemindən xəbərsiz bir peşəkar idmançı dəxli olmadan insan haqları problemlərindən də danışmalıymış. Özü də The Gaurdian və bir neçə bənzər Qərb mediasının kampaniyaçılıq edərək ölkəmiz haqqında yanlış rəy formalaşdırmaq üçün uydurduğu insan haqları “problem”lərindən.

 

Açığı, The Guardian kimi çox nüfuzlu və tarixi bir nəşrin kampaniyaçılıqla məşğul olacaq qədər aşağı enməsi yalnız və yalnız onun ciddi aşınmaya məruz qalmasından xəbər verir. Hələ sözü gedən yazının başlığı da heç bu nəşrə yaraşacaq başlıq deyil: “Baku reminds us our top athletes are overgrown infants” (Bakı bizə xatırladır ki, aparıcı atletlərimiz böyüsə də uşaq qalanlardır).

 

The Guardian-dan bir həftə sonra eyni yanaşmanı Almaniyanın çox nüfuzlu Der Spiegel jurnalı da sərgilədi.

 

İlk baxışdan yazının başlığı yaxşı təsir bağışlayır: “Europaspiele in Baku: Alles so schön hier!” (Bakıda Avropa Oyunları: burada hər şey necə də gözəldir!”). Amma bunun ardınca mötərizədə kiçik şriftlə yazılmış əlavə olmasaydı: “Nur nicht die Sache mit den Menschenrechten” (Yalnız insan haqlarıyla bağlı məsələ deyil).

 

Der Spiegel-in yazarı Peter Ahrens iddia edir ki, Almaniyanın Sport1 TV kanalı hər gün Bakıdan 9 saat yayım verir, amma insan haqlarından danışmır. Yazara görə, bu idman TV-si işini-gücünü atıb dəxli olmadan başqa mövzuda danışmalıymış.

 

Hər zaman ağlına güvəndiyimiz Qərb mediasının aparıcı jurnalistləri niyə bu günə düşdü axı? Axı bunlar 15-20 il öncə Azərbaycana gələndə bizə öyrədirdilər ki, jurnalist məsələləri bir-birinə qarışdırmamalıdır. Bəs indi nə oldu? Həm də bunlar niyə bir ölkənin siyasi məsələlərini idmana qarışdırmaq istəyir?

 

Yaxud da Qərb mediasının aparıcı idman yazarları nəyin hesabına birdən-birə dönüb insan haqları, siyasət yazarı oldu? Bunları vadar edən nədir görəsən? Özü də heç vaxt maraq göstərmədikləri ölkə - Azərbaycanla bağlı bu həyəcan nədən qaynaqlanır?

 

Biz dəfələrlə demişik ki, idmanla siyasət bir-birinə qarışdırılmamalıdır. Qərbin də normal, obyektiv insanları bizimlə eyni fikirdədir. Üstəlik biz və bizimlə eyni fikirdə olanlar bilir ki, Azərbaycanda guya insan haqları sahəsində vahiməli durumun olması barədə kampaniyaların aparılması bəzi dairələrin çirkin məqsədlərinə xidmət edir.

 

Bütün bunlarla bərabər Avropa Oyunları başa çatır. Özü də ən yüksək səviyyədə, yaddaqalan və mükəmməl idman yarışlarıyla. Hələ üstəlik onu da deyək ki, bəzi istisnalarla Qərbin həm aparıcı, həm də yerli media qurumları bu oyunların işıqlandırılmasında jurnalistikanın qərəzsizlik prinsipinə sonadək sadiq qala bildi. Bir neçə kampaniyaçı jurnalisti və onlara meydan vermiş media qurumlarını çıxmaq şərtilə böyük əksəriyyət peşə prinsiplərinə yüzdə yüz sədaqət nümayiş etdirməyi bacardı...

 

Göründüyü kimi, “dərd” içində olan bəzi media qurumları istisna olmaqla...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Oxşar yazılar