Tarix öz həqiqətlərini sərkərdələriylə çatdırır, sərkərdələrinin qələbəsiylə yaşayır. Tarixin bütöv dönəmləri və epoxaları var ki, ümumiyyətlə, boz görünür. Tarixi tarix kimi yaşadan sərkərdələrdən biri də Şah İsmayıldır. O Şah İsmayıl ki, xalqına hədiyyə etdiyi ölkənin xəritəsinə baxanda adamın qürurdan damarda qanı coşur – o nəhənglikdə ölkədən bu günə çatan Azərbaycana baxmaq adama çöçün gəlir. Digər tərəfdən, unutmaq da lazım deyil ki, üstündən 500 il keçən bir tarixi dövrü bugünkü əqidə, təfəkkür, yaxud da milli təəssüblə mühakimə etmək yanlış təsəvvürlərin formalaşmasına gətirib çıxara bilər. Amma XVI əsrin əvvəlində bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstanın bir hissəsi, Türkmənistanın cənubu və Şərqi Anadolunu öz sərhədləri daxilində birləşdirən Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin şəxsiyyətini, Azərbaycan türklərinin Səfəvilər dövlətinin qurulmasında və təşəkkül tapmasında oynadığı rol və bu imperiyanın ictimai-siyasi, dini, mədəni problemləri kontekstindən tədqiq etmək hələ tarixin öhdəsindən layiqincə gələ bilmədiyi bir missiya. Biz öz töhfəmizi verməyə cəhd edirik.
Allahdan aşağı, İnsanlardan yuxarı
Tədqiqatın və təqdimatın bu hissəsində çatdıracağım quru tarix təhkiyəsi deyil. Bir sərkərdənin təlaşlarda, təşvişlərdə keçən ömrünün həm də İlahi tərəfindən lütfü və mərhəmətinə şahidlikdir. Şah İsmayıl Xətai İlahidən sərkərdə və bu İlahiliyin üstündə şərəflənən övliya. Şah İsmayıl Xətaidən tarix üçün örnək qalan çox nəsnələrlə birgə həm də o hal maraqlı ki, İlahi buyruqlarla Yer üzünə əşrəf gələnin cəddinə arxayınlığı olmamalıdı.
Elementar bir xəta bu gün Şah İsmayıl adına verilənlə bizi nə qədər sevindirirsə, xətasından yana da o qədər kədərləndirir.
Şah İsmayıl 1487-ci il iyulun 23-də Ərdəbil şəhərində anadan olub. Şeyx Səfiəddinin nəslindəndir. Atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyimdir. 1488-ci il iyulun 9-da Şeyx Heydər Tabasaranda, Şahdağın ətəyində Şirvanşah Fərrux Yassarın qoşunu ilə döyüşə girdi. Şirvanşahlarla Ağqoyunluların birləşmiş qüvvələri Şeyx Heydərin qızılbaşlarını məğlub etdilər. Bu döyüşdə Şeyx Heydər öldürüldü. Bundan sonra Ağqoyunlu hökmdarı Sultan Yaqub İsmayılı anası və qardaşları — Sultanəli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında 5 il dustaq etdi. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytarır. Baysunqur Mirzəyə qarşı yürüşdə Sultanəli də Rüstəm padşahla birlikdə çıxış edir. Əhər yaxınlığındakı bu döyüş Rüstəm Mirzə ilə Səfəvilərin birləşmiş qüvvələrinin qələbəsi ilə nəticələnir. Baysunqur öldürülür, Sultanəli isə qələbə ilə Təbrizə qayıdır.
Bu arada Ərdəbildə Səfəvi tərəfdarlarının güclənməsi Rüstəmi qorxuya salır və o, səfəviləri zərərsizləşdirmək üçün hazırlıq işlərinə başlayır. Təhlükə ilə üzləşdiklərini hiss edən Sultanəli qardaşları və yaxın adamları ilə birlikdə Təbrizi tərk edərək Ərdəbilə doğru irəliləyir. Rüstəm onların arxasınca 5 min süvari göndərir. Döyüş başlanana qədər Sultanəli sufi əmirlərinin yığıncağında İsmayılı Səfəviyyə ordeninin başçısı kimi xələfi təyin edir. Qardaşlarını Ərdəbilə yola salır, özü isə düşməni qarşılamaq üçün geri dönür. Şəməsi adlanan yerdə baş tutan döyüşdə (1494) qızılbaşlar məğlub olur. Bu döyüşdə Sultanəli həlak olur.
1494-1495-ci illərdə Rüstəm yenidən Ərdəbili və Səfəvilərin digər mülklərini zəbt edir. Ağqoyunlu sərkərdəsi Əbih Sultan Ərdəbilə daxil olan kimi, Səfəvilərin xeyli hissəsini qılıncdan keçirir. Lakin qızılbaş tərəfdarları şahzadələri, xüsusən İsmayılı xilas edə bilirlər. Səfəvi müridləri İsmayılı Lahicana - Gilanın Biyəpiş vilayətinin hakimi, Kərkiyə sülaləsindən olan Mirzə Əlinin sarayına aparırlar. Rüstəm Mirzə dəfələrlə Kərkiyə Mirzə Əliyə hədələyici məktub göndərib İsmayılı tələb edir. O isə İsmayılı zənbildə sıx yarpaqlı dəmirağacdan asdırır və Qurana and içib onun Gilan torpağında olmadığını 300 süvari ilə gəlmiş Qasım bəyə bildirir. Gilana gətirilən İsmayıl Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalır, tanınmış əmir və alimlərdən dünyəvi, hərbi və dini biliklər öyrənir.
14 ildə 14 əsrə bərabər fatehlik
Şah İsmayıl qeyri-adi istedada malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o, bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl rəssamlıq və xəttatlıq bacarığı ilə seçilir, kitab oxumağı çox sevirdi.
Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Şah İsmayıl həm də gözəl səsə malik idi. “Bərbəd” adlanan alətdə gözəl çalır və oxuyurdu. Uşaq yaşlarından şeir yazmağa başlamışdı. Şerlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.
Şah İsmayılın özünə “Xətai” təxəllüsünü götürməsinin səbəbi dəqiq məlum deyil. Bəziləri hesab edir ki, ləqəbin kökü “xəta” deyil, “xətay”dır. Xətay isə türk tayfalarından birinin adı olub. Digər rəvayətə görə, Şah İsmayıl: "Mən doğulanda dünyaya yox, xətalar içinə gəlmişəm. Lakin həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq", – deyirdi. Başqa rəvayətə görə isə, Şah İsmayıl İmam Hüseynin səhabəsi Hürrün qəbrini açmağı əmr edir. Şah görür ki, Hürrün nəşi çürüməyib və İmam Hüseynin onun yarasına bağladığı sarıq hələ də təzədir. O, sarığı götürmək istəyəndə yaradan qan axır. Sonra Şah etdiyi xətadan peşman olur və özünə “Xətai” ləqəbi götürür.
Hətta bununla bağlı Xətainin məşhur bir qəzəli də var:
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar ilahi, əvf qıl ki, tövbəkaram doğrusu...
Lakin bütün bunlara baxmayaraq, hələ də heç bir versiya sübuta yetirilməyib və Şahın təxəllüsünün sirri açılmamış qalır.
Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmiş və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu.
O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq, yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.
Rəvayətə görə, Şah İsmayıl dərviş paltarında məmləkəti gəzib-dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış. Tərəfdarlarına qarşı həmişə sədaqətli olub və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar. Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə böyük, kiçiklə kiçik olmağı bacarırdı.
Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanələrdə Şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, türkcəni dövlət və şeir dilinə çevirir, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görür.
Böyük Azərbaycan banisi
1499-cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ-Çuxursəd-Şuragil-Kağızman-Tərcan yolu ilə Ərzincana gəlir. Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yassarla müharibəyə başlamaq qərara alınır və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yassar məğlub edilir və öldürülür. İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil olur. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşılayır. İsmayıl şəhərdə yalnız bircə gün qalır. Burada öyrənir ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplayıb. İsmayıl sərkərdəsi Xülafə bəyi qoşun hissəsi ilə oraya göndərir, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçır. Müqavimətlə qarşılaşmayan Xülafə bəy Şəhrinouda düşərgə salır. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa gedir. Burada ona məlum olur ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər. İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını alır. Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına çəkilir. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa gedir. Lakin tezliklə Gülüstanın mühasirəsindən əl çəkir və Ağqoyunlu Əlvəndlə mübarizəyə yollanır.
Rəvayətə görə, İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa Gülüstan qalasını?” Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.
Döyüşlərin şahı – Mərv salnaməsi
İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayılın 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir. İsmayıl bu döyüşdə öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O, şəxsən özü Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarır. Beləliklə, İsmayıl üçün Təbrizə yol açılır. 1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edir. Bununla da paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsası qoyulur.
I Şah İsmayıl ona tabe olmaqdan boyun qaçıran Ağqoyunlu hökmdarı Sultan Muradla döyüşə girmək məcburiyyətində qalır. 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında Almaqulağı adlanan yerdə baş vermiş döyüş Şah İsmayılın qələbəsi ilə nəticələnir və Ağqoyunlu dövləti süqut edir. Çox qısa müddətdə Şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir. Şeybani xan Səfəvilər üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən Şah İsmayıla bu məzmunda hədələyici məktub göndərir: "Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm".
Buna cavab olaraq, Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasına sığınır, lakin İsmayıl aldadıcı manevr edərək onu qaladan bayıra çıxarır. Beləliklə, 1510-cu il dekabrın 2-də Mahmudi kəndi yaxınlığında Şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü Səfəvilərin tam qələbəsi ilə başa çatır. Şeybani xan qətlə yetirilir. Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Xorasan vilayəti Şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, İraqi-Ərəbi Səfəvilər dövlətinə qatır. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrilir. Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisi 2 milyon 800 min kvadrat kilometr idi.
Karl Marks Şah İsmayıl Xətainin həyatını öyrəndikdən sonra heyrət və rəğbətlə bildirmişdi: “Şah İsmayıl tarixin yeganə sərkərdəsidir ki, 14 illik hakimiyyəti dövründə 14 ölkə fəth edib!”
Xalqımızın böyük oğlu I Şah İsmayılın qurduğu dövlətin Azərbaycan (türk) dövləti olması baxışı müasir tarix elmində tədricən özünə yol tapdığı halda, bəzi Avropa və İran müəllifləri bu problemə dünya tarixi elminin baxış və mülahizələrini nəzərə almadan qeyri-obyektiv müddəalarla yanaşır. İran tarixçilərinin əksəriyyəti ənənəvi olaraq bu dövləti “İran milli dövləti” kimi qələmə verməklə Azərbaycan türklərinin Səfəvilər dövlətində rolunu və mövqeyini inkar edir. Qərb tarixçilərinin bir qismi indiki İranın tərkibində olan Azərbaycanı İranın bir vilayəti kimi qəbul edərək burada baş verən tarixi hadisələri İranın tarixinə aid edirlər. Bununla da Azərbaycanın Arazdan etibarən Şimal və Cənubunda yaşayan əhalisinin birliyi, Azərbaycan türklərinin müstəqil tarixi inkar edilir, hətta onun varlığı belə şübhə altına alınır. Qərb və İran müəlliflərinin mülahizələrinə görə, Səfəvilər Sasanilərin süqutundan sonra İrana gələn ərəblərin, türklərin və moğolların, bir sözlə, əcnəbilərin hakimiyyətinə son qoyaraq yerli İran dövlətini təsis etmişlər. Heç bir ciddi əsası olmayan bu fikirlərin necə meydana gəlməsi, haradan qaynaqlanması və az qala aksioma çevrilməsi tarix elmində təəssüf doğuracaq və çətin izah olunacaq bir haldır.
Dövlət adına şəcərə - Səfəvilər
Qərb və İran tarixçilərinin yanlış mövqe tutduğunu Səfəvilər dövlətinin yaranma və inkişaf tarixinə nəzər yetirməklə aydın görmək olar. Belə ki, Səfəvi soyu öz başlanğıcını Peyğəmbər nəslindən olan sufi şeyxi Səfiəddindən götürüb. Şeyx Səfiəddin (1252-1334) yeddinci imam Həzrət Museyi-Kazımın 37-ci nəvəsi olsa da, bəzi rəvayətlərə görə o, şiə deyil, sünni məzhəbli olub. Tarixçilərin bildirdiyinə görə, Şeyx Səfi şafii məzhəbinə mənsub olub. Şeyxin milli mənsubiyyəti də bir qədər mübahisəli məsələdir. Bəzi tarixçilər onun talış, bəziləri kürd, bəziləri də türk əsilli olduğunu yazır. Lakin əksər tarixçilərin rəyinə görə, o türkləşmiş Azəri tayfalarından olub və miladi XIII əsrdə Ərdəbil şəhərində monqol Elxani hökmdarlarına müxalif olan Səfəviyyə sufi təriqətini yaradıb.
Şeyx öldükdən sonra Səfəviyyə təriqətinin mürşidləri onun nəslindən seçilirdi. Lakin təriqətin və sülalənin sonrakı həyatı o zamanın ictimai-siyasi proseslərindən təsirsiz ötüşməyib. Belə ki, Elxani şahı Qazan xan və Qızıl Orda şahı Toxtamış rəsmən bütpərəstlikdən imtina edərək müsəlman olurlar. Qazan xan şiə məzhəbini seçərək öz imperiyasında şiə təmayüllü sufilərin təbliğatına geniş imkan yaradır. Nəticədə, İran, Azərbaycan və Anadolu ərazilərində şiə təmayüllü sufi təriqətləri geniş vüsət tapır. Hətta sonralar yaranan Qaraqoyunlu dövlətində əsas məzhəb şiəlik olur. Bu fonda Səfəviyyə təriqəti Şeyx Səfinin nəvəsi Seyx Əlinin mürşidliyi (XV əsrin əvvəlləri) dövründə şiələşir.
Müasir dövrün bəzi müəllifləri Səfəviləri məzhəb ayrı-seçkiliyində ittiham etsələr də, tarixdə olan bir çox faktlar bu iddianı təkzib edir. Belə ki, Şeyx Əlinin nəvəsi Şeyx Cüneydin mürşidliyi dövründə Ərdəbil Qaraqoyunlu dövlətinin tərkibində olur. Qaraqoyunlu Cahan şah Şeyx Cüneydin Ərdəbildəki hakimiyyətindən narazı olur və ona Ərdəbili tərk etməyi əmr edir. Buna cavab olaraq, Şeyx Cüneyd Qaraqoyunluya müxalif olan sünni Ağqoyunlu tayfasının başçısı Uzun Həsənin tərəfinə keçir. Bu ittifaq qohumluq əlaqələri ilə bərkiyir. Şeyx Cüneyd Uzun Həsənin bacısı, onun oğlu Şeyx Heydər isə Uzun Həsənin qızı ilə ailə qururlar. 1467-ci ildə Uzun Həsən Cahan şahı məğlub edərək Ağqoyunlu dövlətini qurur. Ərdəbil Səfəvilərin mülkiyyətinə keçir. Lakin uzun Həsənin oğlu Yaqubun və Şeyx Cüneydin oğlu Şeyx Heydərin dövründə mövcud olan isti münasibətlər tədricən korlanmağa başlayır.
Tanrıdan pay taxtı: gözəl Təbriz!
Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz şəhəridir. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbilə öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülür.
Hakimiyyət forması: Allahın istəyi, İmanın gerçəyi, İnsanın ədaləti
Səfəvilər dövlətinin başında dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdirən şah dururdu. Səfəvilər bütün ölkə ərazisində və ələ keçirdikləri torpaqlarda şiəliyi rəsmi din elan etmişdilər. Ali komandan əmir əl-üməra, qorçi dəstələrinin başçısı isə qorçibaşı adlanırdı. Dövlət aparatında vəzir, dini idarələrə və vəqf məsələlərinə sədr, maliyyə işlərinə mustuofi əl-məmalik nəzarət edirdi. Səfəvilər dövləti bəylərbəyilərin idarə etdiyi ayrı-ayrı bəylərbəyliklərinə bölünmüşdü. Qızılbaş əmirlərindən seçilən bəylərbəyilər şahın tələbinə görə öz dəstələri ilə hərbi səfərlərdə iştirak etməli idilər. Səfəvilər dövlətinin daimi ordusu yox idi. Ordu müharibə ərəfəsində bəylərbəyilər hesabına saxlanan süvari dəstələrindən təşkil olunurdu. Müharibələrdə ən çox 120–150 min döyüşçü iştirak edirdi. Şahın xidmətində 4–6 min nəfərlik daimi qorçi dəstəsi vardı. Səfəvi ordusu odlu silahla pis təchiz olunmuşdu. Qızılbaş tayfalarının qüdrətli siyasi birliyə çevrilməsi, Azərbaycanın cənub və şimal torpaqlarının nisbətən mərkəzləşmiş vahid dövlət şəklində birləşməsi Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına şərait yaradırdı. Azərbaycan türkcəsinin istifadə dairəsi genişləndi. Sarayda Həbibi, Süruri, Şahi, Matəmi, Tufeyli, Qasimi və başqa Azərbaycan sairləri, həmçinin ozan-aşıqları yaşayıb-yaradırdılar. "Xətai" təxəllüsü ilə yazan I Şah İsmayıl, qeyd etdiyimiz kimi, həm də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Səfəvilərin saray kitabxanası bir növ "incəsənət akademiyasına" çevrilmişdi. Burada mahir xəttatlar, rəssamlar, cildçilər, nəqqaşlar, və başqaları işləyir, Sultan Məhəmməd və Behzad kimi görkəmli miniatür ustaları fəaliyyət göstərirdi.
Çaldıran
Şah İsmayılın hakimiyyəti dövründə əhəmiyyətli tarixi hadisə olan Çaldıran döyüşünə gəldikdə isə bu haqda bəzi məsələləri bir daha nəzərə çatdırmaq məqsədəuyğun sayılardı. Bu böyük hökmdar əvvəlki döyüşlərinin intiqamını almaq, Azərbaycan torpaqlarını birləşdirmək, vahid dövlət yaratmaq və bu dövləti işğalçı düşmənlərdən qorumaq məqsədilə aparırdısa, Sultan Səlimlə müharibə etmək - Çaldıran döyüşü onun arzu və məqsədi deyildi. Bu müharibəyə o, Sultan Səlimin dözülməz həqarətli məktubları ilə təhrik olunmuşdu. Osmanlı hökmdarının məqsədi təbii olaraq Şah İsmayılla müharibəyə başlamaq idi. Səfəvi hökmdarı Osmanlı sultanının əvvəlki iki məktubuna cavab verməmiş, nəhayət, Sultan Səlim özünün növbəti məktubu ilə birlikdə Şah İsmayıla xirqə, əsa, kəşkül və təsbeh göndərmişdi ki, onu qorxaqlıqda ittiham etsin. Göndərdiyi əşyalarla Sultan demək istəyirdi ki, yaxşı olar ki, Səfəvi şahı qılınc götürmək əvəzinə əyninə xirqə geyib, əlinə kəşkül alaraq öz babaları kimi dərvişlik və sufiliklə məşğul olsun. O, qılıncının bir zərbi ilə topun lüləsini yarıya bölmüşdü. Sultan Səlim ondan həmin qılıncı istəmişdi və Şah həmin qılıncı Sultana yollamışdı. Sultan demişdi ki, bu, o qılınc deyil. Şah isə tarixin yaddaşından silinməyəcək bir söz işlətmişdi:
“Qılınc o qılıncdır, qol o qol deyil!”
Sonra Sultan Səlimə məktublarından birində yazmışdı:
“Məmləkət gəlinini o şəxs möhkəm quca bilər ki, sivrilmiş qılıncın dodağından öpə”.
Şah İsmayıl Sultan Səlimin həqarətlə yazdığı məktublarının əksinə olaraq, ona mülayim, təmkinli və ehtiramla cavab vermiş, Osmanlı sultanının ata-babasına tənə etməsinin müqabilində belə yazmışdı: “Ədəbi tərk etmək Sultanların şəninə yaraşmır və ədəbsiz məktublar yəqin ki, Sultanın özü tərəfindən göndərilməmişdir. Görünür ki, bu onun tiryək çəkən münşilərinin (katiblərinin) işidir. Buna görə də bir xurcun məcun göndərildi ki, bəlkə kara gəldi”.
Şah İsmayıl məktubla birlikdə Sultan Səlimə tiryəklə doldurulmuş qızıl xurcun göndərmişdi.
Azərbaycan tarixçilərinin qənaətinə görə, əsasən, müxtəlif Qərb dövlətlərinin təhriki ilə Osmanlı İmperiyası və müxtəlif Azərbaycan dövlətləri arasında XV-XVI əsrlərdə baş verən qanlı münaqişə və ixtilaflar olmasaydı, həmçinin bu dövlətlər arasında qarşılıqlı münasibətlər düzgün istiqamətə yönəldilsəydi, bəlkə də, dünyanın bugünkü xəritəsi başqa cür olardı. Bu xüsusda tarixçi-alim, professor Yaqub Mahmudov yazır: “Çaldıran döyüşü tarixdə ən qanlı qardaş qırğını törədən bir savaş olmuşdur”.
“Ən qanlı qardaş qırğını...”
Tədqiqatımızın bu hissəsini o ağrıyla yazıram ki, tarix və tanrı sərkərdəsini qiymətləndirməməyi Tanrı da, Tarix də türkə bağışlamadı. Sadəcə, türklüyün kölgəli səhifələrindən birinin kölgəliyiylə bərabər, həm də qələbə səhifəsi olması baxımından qeyd edim ki, sonrakı nəsillər bilsin: türk öz qisasını hətta türkdə də saxlamır! Beləliklə:
“Qırğın ehtiyatları...”
Təqribən 300 top, tüfənglə silahlanmış yeniçəri dəstələri və s. qoşun növlərindən ibarət Osmanlı ordusu avqust ayında Səfəvilər dövlətinin ərazisinə soxuldu. Avqustun 23-də baş verən döyüşdə hər iki tərəf ağır itkiyə məruz qaldı. Osmanlı ordusunun sağ cinahında Anadolu bəylərbəyi Sinan paşa, sol cinahında isə Rumeli bəylərbəyi Həsən paşa komandanlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış toplar və yeniçəri dəstələri mərkəzdə yerləşdirilmişdi.
“Sərkərdələrin ölümü...”
Heç bir odlu silahı və topu olmayan qızılbaşlar sayca osmanlılardan xeyli az idi. Müharibəyə kifayət qədər hazırlaşmayan I Şah İsmayıl yaxın adamlarının məsləhətinə baxmayaraq, düşməni qəflətən yaxalayaraq məğlubiyyətə uğratmaq üçün gözlənilmədən hücum etməkdən boyun qaçırdı. Səfəvi ordusunun sağ cinahında Xan Şamlı, sol cinahında isə Məhəmməd xan Ustaclı komandanlıq edirdi.
Döyüş zamanı I Şah İsmayıl təkbətək savaşda Osmanlı pəhləvanı Əlibəy Məlqucoğlunu qılıncdan keçirdi. Lakin Osmanlı piyadasını geri oturdan qızılbaş süvarisi düşmən toplarının atəşinə məruz qaldı.
Döyüşdən sonra yaralanmış I Şah İsmayıl ölkənin daxilinə doğru çəkildi. Məğlubiyyətə uğrayan qızılbaşlar Məhəmməd xan Ustaclı, Sarı Pirə Ustaclı, Hüseyn bəy Lələ Şamlı, Xadim bəy Xülafə, Osmanlılar isə Həsən paşa, Məlqucoğlu, Üveys bəy, Süleyman bəy kimi sərkərdələrini itirdilər. Hücuma keçən Osmanlı qoşunu Xoy, Mərənd və Təbrizi tutdu.
Lakin Osmanlı ordusu Təbrizdə cəmi 6 gün qala bildi. Səbəb orduda, xüsusən yeniçərilər arasında narazılığın artması idi. Belə ki, yeniçərilər böyük bir qismi sufi-dərviş ordeni olan bəktaşiliyə itaət edirdi. Bəktaşiliyin sütunları isə Səfəvi dini ideologiyasına çox yaxın idi.
Döyüşdə həlak olanların sayı barəsində mənbələrdə məlumatlar ziddiyyətlidir. Şərəfxan Bidlisi "Şərəfnamə"də qızılbaşların itirdikləri görkəmli sərkərdələrdən əlavə 5 min süvari itkisi barəsində məlumat verir. Səfəvi salnaməçiləri isə cəmi 5 min nəfərin öldüyünü və onlardan 2 mininin qızılbaş, 3 mininin isə osmanlı olduğunu vurğulayırlar. Osmanlı salnaməçiləri isə bu rəqəmin türklərdə 30-40 min, qızılbaşlarda isə bundan iki dəfə çox olduğunu bildirirlər. Bidlisinin rəqəmləri daha düzgün hesab olunur.
Çaldırandakı məğlubiyyət Səfəvilər dövlətinin hərbi-siyasi nüfuzuna ağır ziyan vurdu.
TARİXƏ EKSKURS:
Teymurləngin İldırım Bəyazidi yenməsi sonuncuya Atillanın Avropadakı zəfər yürüşünü təkrar etməyə imkan vermədi. Çaldıran döyüşündə isə iki məğlubedilməz türk sərkərdəsi və dövlət xadimindən birinin digərinə yenilməsi günümüzdə baş verən faciələrimizin əsasını qoydu. Çaldıran Osmanlının əsaslarını laxlatdı. Türk Səfəvilər dövləti də bu döyüşdən sonra zəifləyərək bir neçə əsrdən sonra köklərindən uzaqlaşdı və fars dövlətinə çevrildi. Halbuki Çaldıran döyüşündən əvvəl Səfəvilər Hindistana qədər səfərlər edərək, 1,5-1,8 milyon kvadratkilometrlik bir ərazini öz hakimiyyəti altında birləşdirən yenilməz bir güc idi.
Gücün müdriklikdən məhrumluğu
1514-cü ildə Sultan 1 Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüş cəmi üç gün davam eləyib!!! Yaralı Şah İsmayılı təqib edən I Sultan Səlim yol boyu Xoy, Mərənd və Təbriz şəhərlərini tutub. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, altıca gündən sonra şah İsmayılın tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, şəhəri tərk edib.
Şah İsmayıldan alınan nə Türkiyəyə qaldı, nə də türkə!
Türkün gücü türkə qarşı çevriləndə... əsrlərə yetəcək faciə təntənə edir. Demək istədiyim buydu!
REPLİKA ƏVƏZİ: Şah İsmayılı aşağılamaq üçün türk tarixçilərinin türk sərkərdəsinin xanımı-məhbubəsi-xatunu haqqında yazdıqlarına gəlincə isə əlavə edirəm və fikirləşirəm ki, tarixçilər niyə müzakirə açıblar: Əvvəla, Sultan Səlimin nifrətinin qədərini dərk etdikdə heç bir sual qalmamalıdı. Əsir düşən Şah İsmayılın adına olan xanım olubsa, onu elə Sultan Səlim ortalıqda saxlayardı. Eşitmək belə yersizdir ki, türk sərkərdəsi hansısa hərəkəti etməz. Ən azından həmin türk sərkərdəsi digər türkə hələ məktubunda biqeyrət yazırdı. Arvadımı, xanımımı, məhbubəsimi, xatunumu əlinə düşsəydi, neyləməyi bəlli deyil ki?
SON: Tarixə ləkə gətirən müharibənin səbəbini və baiskarının yazdığını şərhsiz təqdim edirəm. Təqdim edirəm ki oxuyaq və nəticə çıxaraq hər hansı bir türk başqa türkə qarşı nə qədər qəddar olarsa türklük də elə o qədər aşağılanar. Vəssalam.
Su sənəyi suda sınar, qan çanağı dövlətçilikdə...
918-ci il səfər ayının 7-də (24 aprel 1512-ci ildə) atası II Bayazidi devirən Sultan Səlim (1512-1520) atasının Səfəvilərə qarşı siyasətini büsbütün dəyişdi və müharibə yolunu tutdu.
Sultan Səlimin Şah İsmayıla ilk məktubu “Qurani-Kərim”in “Ali-İmran” surəsinin 85-ci ayəsi ilə başlayır: “Hər şeyi bilən Allah buyurur ki, Allah qatında din, heç şübhəsiz, İslamdır. Kim İslamdan qeyri bir din ardınca gedərsə, o din heç vaxt ondan qəbul olunmaz. Axirətdə isə o şəxs zərərə uğrayanlardan olar”. Daha sonra məktubda özünü “kafirləri və müşrikləri qətlə yetirən, dinin düşmənlərini məhv edən, fironların burnunu əzən, xaqanların başını üzən, qazilər və mücahidlər sultanı, Firudin əzəmətli, İsgəndər qüdrətli, Keyxosrov ədalətli Sultan Səlim xan ibn Sultan Bayazid xan ibn Sultan Məhəmməd xan ibn Sultan Murad xan” adlandıran Osmanlı sultanı Səfəvi şahına “Əcəm hökmdarı, böyük sərkərdə, güclü sərdar, zəmanənin Zöhhakı, döyüş meydanının Darabı, dövrün Əfrasiyabı Əmir İsmayıl” deyə müraciət edir. Daha sonra özünün qızılbaşlara qarşı yürüşünə yenə “Quran”dan sitatlar gətirməklə uzun-uzadı dini-ideoloji don geyindirməyə çalışan Sultan Səlim Yavuz Şah İsmayılı ağır ifadələrlə təhqir edir, onu “Şərq ölkələrinin hökmranlığını zorla ələ keçirməkdə, fərmana tabe olanların alçaq cərgəsindən fərman verənlərin möhtəşəm mərtəbəsinə yüksəlməkdə, zülm və əziyyət qapılarını müsəlmanların üzünə açıb zındıqlıqla dinsizliyi bir-birinə qarışdırmaqda, fitnə və fəsadı yaymağı özünə şüar və məqsəd edib zülm bayraqlarını ucaltmaqda” ittiham edir. Məktubunun sonunda Osmanlı sultanı Səfəvi şahına iki yol təklif edir: “Bütün hallarda Allah-təalanı yanında bilib bəd işlərindən, nasəvab əməllərindən və çirkin xasiyyətlərindən peşman olsan, ürəkdən tövbə və istiğfar edib bağışlanmağını diləsən, bir zamanlar bizim qalibiyyətli ordumuzun atlarının tapdağı olan və bizə itaət halqasını boynuna keçirmiş guşə və nahiyələri sevimli Osmanlı məmləkətinə birləşdirib bizim əzəmətli bəndələrimizə təhvil versən, xoşbəxt olacaqsan. Bizdən yaxşılıq, mehribanlıq, mərhəmət və xoş münasibət görəcək, başqalarından ayrı tutulmayacaqsan. Yox, əgər o qəbahət işlərini və rüsvayçı əməllərini davam etdirsən, zorla ələ keçirdiyin məmləkət, inşallah, müzəffər ordumun düşərgəsinə çevriləcək”.
Səfəvi şahını qorxaqlıqda ittiham edən Osmanlı sultanı bəzi ifadələrlə heysiyyətinə toxunaraq onu müharibəni tez başlamağa təhrik edir: “Bu vəchlə halını gizlədirsən ki, varlığın və yoxluğun bərabərdir. Bəlalara sipər kimi köks gərmək qılınc davası edənlərin daim peşəsidir. Sərvərlik sevdasında olanların qılınc və nizə yarasından qorxmamağı gərəkdir. Pərdə arxasında gizlənənlərə ərlik adı xəta, ölümdən qorxan kimsələrə ata minmək və qılınc bağlamaq yaraşmayandır”. Qırx min Osmanlı əsgərini Sivasla Qeysəriyyə arasında yerləşdirməsini Şah İsmayılın qorxusunu aradan qaldırmaq üçün etdiyini yazan Sultan Səlim bununla onun boynuna minnət də qoyur: “Düşmənə qarşı başıpozuqluq etmək və meydan dairəsini genişləndirmək bu cür olur. Bundan artıq olmaz. Əgər zatında qeyrət və cəsarətdən azacıq əsər varsa, gəlib qalib əsgərimlə üzləşməlisən. Əzəldə müqəddər olan hər nə isə, baş verər”.
Türkün qüdrətini istəyən Sultan Səlim Türkün dövlətlərinin süqutuna nail oldu! Amma tarix və Tanrı şərəfli seçdiyi Şah İsmayılı birincilikdə birinci bilir!
Xətanın bədəli!
...Hələ 1524-cü ilin baharı idi. Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verir ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı adı ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu. Bu məsələni şaha ərz etsələr də, o buna məhəl qoymur və ovun başlamasını əmr edir. Ov başa çatdıqdan sonra şah Ərdəbilə geri qayıdır. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah İsmayıl 1524-cü il mayın 23-də vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.
Yeri gəlmişkən: Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün Şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayırdı: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da, bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə - dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq."
SON: Şahidi və havadarı tanrı və tarix olan xalq!
Şah İsmayıl və onun xalqın gələcəyinə ərməğan etdiyi Səfəvi dövləti hamı üçün şərəf səhifəsi, yaddaşın ən gözəl xatirəsi. Təəssüf bu şərəfin xatirə olmasıdırsa, əbədiyyəti elə bu şərəfin özüdür.
Zaman elə xalqları təqdim edir ki, zatını-kökünü tanımağa bir elə də dərin dərrakə və zəhmət lazım olmur.
Var dünyaya kölə gələn xalqlar.
Var köləlikdən hakim olan xalqlar.
Var yaranışından hakim xalqlar.
Türklüyün bütün mövcudluğu tarixi öz hakimliyi ilə şərəfləndirib.
Nəinki türk olmaq, türklüyün özü belə hakimlik deməkdir – zatən.
Türk əsgərinin atının üzəngisində duranların indi ayaqda durması heç də onların ayağa qalxmaqları deyil, sadəcə, TÜRKÜN meydanı sulamaq üçün vaxt və aman tanıdığı kimsələrin kimliklərini hamıya göstərmək, nümayiş etdirməkdi.
Tanrının və Tarixin hakimiyyət üçün türkdən və türkçülükdən başqa mükəmməl bir yaradılışı olmayıb, yoxdur, olmayacaq.
Meydanı sulayanlar meydan sulanıb qurtarana qədər meydanda olacaq.
Tarix meydanı türkün adına tanıyır.
Tanrı meydanı türk üçün yaradıb.
Bir Şah İsmayıl səhifəsi beş əsr yenilənmirsə, hələ bir beş əsr də perspektivdə görünmürsə, deməli, Tarix Türkün atlarının ayaq səslərini dinşəməyə hamilədir.
O SƏS GƏLİR. Eşidən eşidir!