Azərbaycanın Britaniyadakı səfiri: Hüquq-mühafizə orqanlarının işinə hər hansı kənar müdaxilə yolverilməzdir
06 noyabr 2014 21:27 (UTC +04:00)

Azərbaycanın Britaniyadakı səfiri: Hüquq-mühafizə orqanlarının işinə hər hansı kənar müdaxilə yolverilməzdir

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadənin “The Guardian” qəzetində Avropa Şurasının baş katibi Tyornborn Yaqlandın məqaləsindəki qeyri-obyektiv xarakterli məqamlarla bağlı cavab məqaləsi dərc edilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir öz məqaləsində Azərbaycanda son 23 ildə insan hüquqları və demokratikləşmə sahəsində mühüm irəliləyişlərin əldə edildiyini, milli qanunvericiliyin Avropa Şurası və Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmaqla, beynəlxalq standartlara uyğunlaşdırıldığını vurğulayıb.

 

T. Tağızadə Azərbaycanda həbslərin siyasi motivlərlə əlaqələndirilməsi cəhdlərinə cavab olaraq qeyd edib ki, məhkəmə prosesinin yekunlaşmasına imkan verilməlidir və hüquq-mühafizə orqanlarının işinə hər hansı kənar müdaxilə yolverilməzdir. Qanunun aliliyinin bərqərar olduğu bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da qanunu pozan şəxslərin peşəkar fəaliyyətlərinin arxasına sığınmalarının qəbul edilmədiyini diqqətə çatdıran diplomat bildirib ki, qanun yalnız universal şəkildə tətbiq olunduğu zaman qanun hesab olunur, əks təqdirdə, o yalnız repressiya vasitəsinə çevrilir.

 

Səfir həmçinin qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev T. Yaqlandın insan hüquqları üzrə birgə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı müraciətini qəbul edib və bunun özü hökumətdə bu məsələlərin sağlam və konstruktiv həlli istiqamətində siyasi iradənin olduğunu əks etdirir. T. Tağızadə sözügedən işçi qrupun fəaliyyətinin davam etdtirilməsinə imkan verilməsinin zəruri olduğunu bildirərək Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti ilə birgə bu məsələləri həll etmək əzmində olduğunu diqqətə çatdırıb.

 

Səfir bütün bu addımların kənar müdaxilə və yaxud hansısa xarici təşkilatı məmnun etmək istəyindən deyil, Azərbaycan hakimiyyətinin bu ideallara sadiqliyindən irəli gəldiyini vurğulayıb. 

# 497
avatar

Oxşar yazılar