Sabiq baş redaktorun ən yaxın dostu 4-cü sinifdə oxuyan oğludur
Lent.az-ın “Sən haradasan” rubrikasının bu dəfəki qonağı “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Həsənoğludur. Müsahibimiz Azərbaycanda çox gənc yaşlarında baş redaktor olan 3-4 insandan biridir. Vaxtilə kifayət qədər populyar olub. Özü demişkən, bu populyarlıqda “Yeni Azərbaycan”ın xüsusi rolu var.
Alqış Həsənoğlu 1969-cu ildə Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiyası zamanı 1991--ci ildə ailəsi ilə birlikdə Azərbaycana gəlib. 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Tələbəlik illərindən - 1993 -cü ildən “Yeni Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997-ci ildə bu qəzetin baş redaktoru, YAP Siyasi Şurasının üzvü olub. İkinci çağırış Milli Məclisin deputatı seçilib. 2008-ci ildə YAP Siyasi Şurasının qərarı ilə qəzetin redaktoru vəzifəsindən çıxarılıb. Filologiya elmləri namizədidir. Evlidir, bir oğlu, bir qızı var.
Onun “Yeni Azərbaycan” qəzetindən getməsi səssiz-küysüz olmadı. Müxtəlif şayiələr yayıldı. Hətta bir çoxları A.Həsənoğlunun təzyiqlərə məruz qalacağını da söylədilər. Zaman bir çox sualların cavabını verdi. Yerdə qalan bəzi suallara isə biz özündən cavab almaq istədik. Və beləliklə ilk sualımız – “Sən haradasan” oldu:
- Mən Bakı şəhərindəyəm. Bu gün konkret bir işim olmasa da əslində elə işin içərisindəyəm. İctimai-siyasi prosesləri izləyirəm, gündəlik mətbuatı oxuyuram. Mütaliə dairəm yalnız mətbuatla kifayətlənmir, bura bir sıra kitablar da daxildir. Etiraf edim ki, hadisələri, şəxsləri bir qədər kənardan izləmək mənim üçün çox maraqlı oldu. Və bu gün də o marağın təsir dairəsindəyəm. Aktiv fəaliyyətlə məşğul olmadığım bu ərəfə mənim üçün həm də bir obyektiv müşahidə məntəqəsi rolu oynayır. Dünəni, bu günü və gələcəyi dəqiq qiymətləndirmək imkanım yarandı.
- “Yeni Azərbaycan” qəzetini də oxuyursuz?
- “Yeni Azərbaycan” qəzetinə baxıram.
- Hazırda bu qəzetə baxanda nə görürsüz? Heç özünüzün keçmiş səhvlərinizlə rastlaşırsınız, məsələn, deyirsinzimi ki, bax bunları da etmək olardı, amma etməmişdim...
- Əvvəlcə onu deyim ki, mənim fəaliyyətim nəticəsində “Yeni Azərbaycan” qəzeti partiya qəzeti çərçivəsindən çox kənara çıxmışdı. Bunu etiraf edirəm və heç də səhv etdiyimi düşünmürəm. Burada hər hansı qəbahət yoxdur. Amma indi baxıram ki, qəzet sırf partiya orqanı kimi fəaliyyət göstərir. Yəni fərq bundadır.
- Sizcə, bunun özü nə qədər doğrudur?
- Mən bunu deyə bilmərəm. Buna partiya rəhbərliyinin münasibəti vacibdir. Yəqin ki, onları bu cür qane edir. Heç bunda da bir qəbahət görmürəm. Bilirsiniz, biz demokratiyadan, demokratik dəyərlərin bərqərar olmasından çox danışırıq. Hesab edirəm ki, hər bir şəxs özlüyündə bu prinsiplərə riayət etməli, sonra bunu başqalarından tələb etməlidir. Düşünürdüm ki, qəzet partiya çərçivəsindən kənara çıxmalıdır, həlledici rolu müstəqil qəzetçilik oynamalıdır. Amma partiyanın idarə heyətinin əksər üzvləri düşünürdülər ki, yox, qəzet sırf partiya orqanına çevrilməlidir. Belə oldu ki, mən azlıqda qaldım, çoxluğun dediyi oldu. Və bunu da çox təbii qəbul edirəm. Əgər onlar belə hesab edirlərsə, buyursunlar.
- Bütün dünyada isə əks proses gedir, partiya qəzetləri sıradan çıxır...
- Yəqin ki, bizdə də nə vaxtsa belə olacaq. Bizlər də yavaş-yavaş ona doğru gedirik.
- Gələcəklə bağlı planlarınız, layihələriniz varmı?
- Təbii ki, var. Bunların nələrdən ibarət olduğunu yaxınlarda sizə də bildirərəm.
- Bir il bundan əvvəl də eyni suala cavab verərkən “yaxınlarda” demişdiniz. Deyəsən, bu “yaxın” yaman uzandı...
- (Gülür.) Yaxın deyəndə bu sabah da, 5 gündən və ya 1 ildən sonra da ola bilər. Hesab edirəm ki, bu dəfə zaman 1 il çəkməyəcək, 3-4 ay müddətinə konkret bir işlə məşğul olacağıq.
- Amma gərgin işlərə çox gənc illərdə qoşulmuşdunuz...
- “Yeni Azərbaycan” qəzetinə hələ tələbə illərindən gəldim. 1993-cü ildən orda idim. Elə oldu ki, Xeyrəddin Qoca Milli Məclisin seçkilərinə qatıldı, 1995-ci ildə deputat seçildi və elə o illərdən işin ağırlığı mənim üzərimə düşdü. Praktik jurnalistika ilə məşğul olmaq imkanım qalmadı. Qəzetin rəhbərliyinə cəlb oldum və əsasən təşkilatı işlərə qatıldım. Gənc yaşlarımdan populyarlaşmağımın da səbəbi odur ki, mətbuata bağlandım. Cəmiyyətə tanınmağımda şübhəsiz ki, “Yeni Azərbaycan” qəzetinin müstəsna xidmətləri var.
- Sizcə, çox gənc yaşında populyarlaşmağın insanın həyatında fəsadları olurmu? Bu məsələnin yaxşı və ya pis tərəfləri nədir?
- Mən xaraktercə elə adamam ki, heç nədən sui-istifadə etmirəm. Məsələn, məni pisləməklə ruhdan salmaq mümkün deyil. Eynilə, tərifləməklə də necə deyərlər cızığımdan çıxara bilməzlər. Çox qəribədir ki, mən hər hansı bir addım atanda atamı fikirləşirəm. Atam həmişə söhbətlərində bir məsələnin üzərinə dönə-dönə gəlirdi – insan ləyaqətlə yaşayıb, ləyaqətlə ölməlidir. Ona görə hər hansı bir söz danışarkən, addım atarkən atamı fikirləşirəm. Düşünürəm ki, etdiklərim atamın adına yaraşmalıdır. Belə desək mən ən çox atam üçün yaşayıram.
- Bildiyimizə görə, atanız yüksək vəzifədə olub...
- Bəli, atam Mehri rayon Partiya Komitəsində yüksək vəzifələrdə çalışıb. Atam olduğu üçün demirəm, çox kristal bir adamdır. El dili ilə desək, dünya malında heç vaxt gözü olmayıb. Qohum-əqrəbadan da deyirlər ki, mən ona oxşamışam. Həmişə zarafatla dostlarıma deyirəm ki, sizin içərinizdə ən zəngin adam mənəm. Niyəsini soruşanda isə bildirirəm ki, sizin içərinizdə ən az tamahı olanam. Elə bu səbəbdən də mən onlardan varlıyam.
- Bəzi insanlar danışırdılar ki, guya siz elə doğrudan da çox zənginsiniz, xeyli yerdə villalarınız, evləriniz var. Bunlar nə qədər doğru idi?
- Bunlar heç bir əsası olmayan söz-söhbətdir, cəfəngiyatdır. Cəfəngiyat haqqında hər hansı bir fikir bildirməyi mənasız hesab edirəm.
- Deyirsiniz ki, praktik jurnalistika ilə məşğul ola bilmədiniz. Bəs o illərdən içərinizdə sizi narahat edən, amma yaza bilmədiyiniz nəsə bir şey qalıbmı?
- Mən indi bəzi qeydlərimin, yazılarımın üzərində işləyirəm. İndi bunları bir kitab halına salıram. Və yəqin ki, bu yaxınlarda çap etdirəcəyəm. İndi deyəcəksiniz ki, bu yaxınlarda nə vaxtdır? Hesab edirəm, çox uzun çəkməyəcək.
- Nə qədər xoş olmasa da Azərbaycanda insanları həmişə regionlara bölüb və təəssüf ki, hərdən buna görə də qiymət veriblər. Cəmiyyətdə belə fikir də olub ki, ermənistanlılar uzun müddət daha yaxşı imkanlar qazana biliblər. Sizin də ermənistanlı olmağınız həyatınızda hər hansı rol oynayıb?
- Yox. Mən nə regionçuluqdan istifadə etmişəm, nə də bu məsələdə kiməsə qarşı mübarizə aparmamışam. Bu hisslər mənə çox yaddır. Hər kəs öz istedadına, qabiliyyətinə görə dəyərləndirilməlidir. Ola bilər ki, kimlərinsə qabiliyyəti yoxdur, cəmiyyətə özünü təqdim edə bilmir və bu zaman onların ən kəsərli silahı regionçuluq olur. Regionçuluq müəyyən adamlar tərəfindən süni şəkildə qabardılır və bundan istifadə olunur. Amma fundamental şəkildə Azərbaycanda regionçuluq yoxdur.
- Baş redaktor olanda yəqin ki, ətrafınızda daha çox dostlar olub. İşdən gedəndən sonra onlardan itirdikləriniz oldumu?
- Sizə bir söz deyim, məndən bəzən soruşurlar ki, sizin YAP rəhbərliyi ilə münasibətləriniz necə idi, bunu isti və ya elə o vaxtdan soyuq adlandırmaq mümkündürmü? Bilirsiniz, bu emosional dəyərləndirmədir. Məsələyə bu cür yanaşmıram. Bir baş redaktor və deputat kimi YAP rəhbərliyi ilə münasibətlərim sırf işgüzar xarakter daşıyıb. Lazım olanda mübahisələr də etmişik, söhbətlərimiz də olub, nələrdəsə razılaşmışıq və s. İnsanın çox isti, səmimi münasibətləri yaxın çevrəsi, ailəsi ilə ola bilər. Dostluğa gələndə isə deyə bilərəm ki, mənim ən yaxın dostum oğlumdur. O, indi 4-cü sinifdə oxuyur. Dost odur ki, onun hər bir dediyini sən edəsən və sən dediklərin də onun üçün qəbul olsun. Mən başqa birisi ilə belə münasibətlər təsəvvür etmirəm.
- Deyirsiniz ki, proseslərə kənardan baxırsınız, baxıb nə görürsüz?
- Mən maraqlı bir prosesi müşahidə edirəm. Bizim müxalifətdə olan siyasətçilərimiz indi əsasən onu deyirlər ki, 2009-cu ildə maliyyə böhranı Azərbaycana da gəlib çıxacaq və bu sosial vəziyyəti pisləşdirəcək ki, bunu da özlərinə avantaj hesab edirlər. Yəni deyirlər ki, sosial narazılıq yarana bilər ki, bu da vəziyyəti onların xeyrinə dəyişəcək. Bilirsiniz, siyasətçi belə düşünə bilər. Amma bunları danışırsa, demək o, siyasətçi deyil.
- Söhbət müxalifətçilərdən düşmüşkən, işdən ayrılandan sonra hansısa müxalifət partiyasının sizə bir təklifi oldu? Yəni hesab edə bilərdilər ki, siz inciksiniz və sizi öz yanlarına dəvət etsinlər...
- Məni Azərbaycanda hamı əqidə adamı, Heydər Əliyevçi kimi tanıyır. Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etməsini tərəfdarıyam. Eyni zamanda İlham Əliyevin fəal təbliğatçısı və tərəfdarıyam. Və həmişə də belə olacaq. Siyasi əqidə məsələsində çox prinsipial mövqe tuturam. Bu məsələdə heç kimə güzəşt getmərəm. Tələbəlik illərində, Heydər Əliyevin hələ Naxçıvanda olduğu dövrlərdə bu mövqeyimə görə bir çox insanlarla qarşı-qarşıya gəlmişəm.
İndi də görürəm ki, bu konstitusiya dəyişikliyi ilə bağlı hələ bir fikir söyləyir və çox vaxt mətbuat səhv mövqe tutur. Məsələn, 101-ci maddənin 5-ci bəndinin dəyişdirilməsi təklifini guya Azərbaycanda monarxiya qurmaq niyyəti kimi, qiymətləndirirlər və cəmiyyətə də bu formada təqdim edirlər. Bu isə mətbuatın maraqlarından daha çox siyasi maraqlara xidmət edir.
- Bəs Sizcə, nədən bu bəndin dəyişdirilməsi ömürlük prezidentlik kimi qiymətləndirilir?
- Düşünürəm ki, burada bir neçə səbəb var. Belə yanaşma piar məqsədi daşıyır. Görünür, müxalifət düşünür ki, iqtidarın avtoritar imicini yaratmaq və bu imici dərinləşdirmək istiqamətində ömürlük prezident ifadəsi ən tünd boya kimi istifadə oluna bilər. Amma bu çox uğursuz bir cəhddir. Bu gün Azərbaycan insanının səviyyəsi kifayət qədər yüksəkdir. Və o, nəyin baş verdiyinin çox dəqiq fərqindədir. Bu cür cəhdlər bütün hallarda siyasi müxalifətin öz perspektivi haqda pessimist ovqatının etirafı kimi səslənir. Digər tərəfdən hesab edirəm ki, həmin bəndə edilən dəyişikliyə ən çox sevinən də elə müxalifətdir. Çünki indiyə qədər ki, uğursuzluqlarını müxtəlif arqumentlərlə izah edə biliblər, qarşıda onları növbəti uğursuzluqlar gözləyir və 101-ci maddəyə edilən dəyişikliklər gələcək siyasi uğursuzluqlarını sığortalamaq üçün yəqin ki, ömürlük bəhanəyə çevriləcək.
İndi müxalifətdəkilər hesab edirlər ki, bu maddəni dəyişməklə Azərbaycanda ömürlük prezident sistemi qururlar. Dünyanın heç bir yerində ömürlük prezident məsələsi yoxdur. Heç bizdə də olmayacaq. Sadəcə, prezidentə də başqa namizədlərlə birlikdə bir neçə dəfə seçilmək şansı verilir. Və seçkiyə gedərkən ona hər hansı əlavə səlahiyyət verilmir, onun da digər namizədlərlə eyni səlahiyyətləri olacaq. Mətbuat məsələyə başqa cür yanaşmaqla bir daha göstərir ki, hər şeyi öz adı ilə çağırmırlar və bununla da növbəti dəfə ictimai etimadı itirirlər. Bütün bunlar da mətbuatın problemlərlə üzləşməsinə gətirib çıxarır. Bu gün də mətbuatın ən böyük problemi odur ki, onların arxasında ictimai etimad yoxdur. Nə qədər ki, ictimai etimad olmayacaq, mətbuatla kim necə istəsə o cür də davranacaq. Arxasında ictimai etimad dayanan mətbuatın qarşısında heç bir qüvvə dayana bilməz. Mətbuat mütləq vaxtilə ona olan ictimai etimadı bərpa etməlidir. Tələbəlik illərində mən qəzet almaq üçün nə qədər tez tərpənsəm də növbədəki 30, 32-ci adam olurdum. İnanın ki, mən heç o cür çörək növbələri görməmişəm. Və buna görə də mətbuat o dövrdəki ictimai-siyasi proseslərin lokomotivi rolunu oynayırdı. Sonradan mətbuat ayrı-ayrı maraqlara, qruplara xidmət etdiyindən bu gün bu sahədəki mənzərə o qədər də ürəkaçan deyil.
- Baş redaktor olduğunuz dövrədə bu kimi problemləri necə həll edirdiniz?
- O, problemdən asılı olurdu. Məsələn, bir zamanlar biz ədəbiyyat əlavəsi çap edirdik. Bir çoxları deyir ki, bunu yığışdırın, “Yeni Azərbaycan” hara, ədəbiyyat hara. Mən isə bunu düzgün hesab edirdim. Bir dəfə Heydər Əliyev məni qəbul etmişdi və o zaman bildirdi ki, sizin ədəbiyyat əlavəniz çox yaxşı çıxır, sən bir çoxlarının sözünə qulaq asma bununla ədəbiyyat sevənləri də qəzetin ətrafına yığmış olacaqsınız. Bir daha gördüm ki, Heydər Əliyev məsələlərə nə qədər doğru qiymət verir.
- Siyasi fəaliyyətdən tam kənarlaşmısız, yoxsa partiyanın hansısa tədbirlərində iştirak edirsiniz?
- Vallah partiyanın elə bir tədbirləri olmur. Daha çox evdə oluram. Yuxarıda söylədiyimi kimi yazılarımın üzərində işləyirəm. Yəqin ki, bu yaxınlarda (yenə “bu yaxınlarda?” - xeyli gülür - müəl.) fəaliyyətimin nədən ibarət olduğunu yəqin ki, görəcəksiniz.
Səbinə Əvəzqızı
Alqış Həsənoğlu: “Ömürlük prezident söhbəti müxalifətin ömürlük bəhanəsidir” - MÜSAHİBƏ
3221