Səməd Seyidov: “Ermənistan dünyadan təcrid olma siyasətini özü seçib”
06 noyabr 2015 16:53 (UTC +04:00)

Səməd Seyidov: “Ermənistan dünyadan təcrid olma siyasətini özü seçib”

 

 

"AŞPA-da qəbul olunan qətnamə Minsk qrupunun fəaliyyətinin zəifliyini və qənaətbəxş olmadığını göstərir"

 

“Belə qətnamələr Minsk qrupunun fəaliyyətinin zəifliyini və qənaətbəxş olmadığını göstərir”.

 

Bu sözləri APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin AŞPA-nın Siyasi məsələlər komitəsində Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə dair qətnamənin qəbulundan sonra səsləndirdiyi “AŞPA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı hesabatlar və ya qətnamələr qəbul etməzdən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməlidir” fikrinə münasibət bildirən S. Seyidovun fikrincə, belə məsləhətləşmələr aparılıb və ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu məsələdən agahdırlar: “Hesab edirəm ki, cənab Uorlik və Minsk qrupunun başqa həmsədrləri dünyada və beynəlxalq təşkilatlarda gedən proseslərlə ilk öncə özləri maraqlanmalıdırlar. Onlar öz siyasətlərini qapadıb iyirmi ildə heç bir effekt verməyən məsələləri müzakirə etməkdən imtina etməli, reallıqları qəbul etməli və dünyada parlamentləri təmsil edən beynəlxalq təşkilatlarda gedən proseslərdən də agah olmalıdırlar. Bu məruzənin özü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  artıq beynəlxalq qanunun, beynəlxalq davranış formalarının yenidən yüksək səviyyədə bərqərar olunmasına dəlalət edir. Yəni beynəlxalq qanun çərçivəsində davranış göstərməyən bir ölkə mütləq beynəlxalq təşkilatlar tərəfindən qınaq obyektinə çevrilməlidir, müzakirə olunmalıdır. Hansısa formadan məsələlər ciddi təhlil olunmalıdır. Bunu Minsk qrupun sədrləri, də üzvləri də bilməlidirlər”.

 

Səməd Seyidov Ermənistan tərəfinin bu qətnaməni əhəmiyyətsiz bir sənəd adlandırmasına münasibət bildirərək onlar üçün BMT-nin 4 qətnaməsinin, Dağlıq Qarabağ üzrə yaradılmış alt komitənin də əhəmiyyət kəsb etmədiyini vurğulayıb: “Bu, bir daha onun  göstərir ki, Ermənistan dünyadan təcrid olma siyasətini özü seçib. Bu o deməkdir ki, belə siyasətin axırı yoxdur. Güc, etnik təmizləmələr yolu ilə, terrorist qrupların köməyi və dəstəyi əsasında işğal olunan torpaqlar mütləq şəkildə azad olunmalıdır və sülh və beynəlxalq qanun öz yerini tapmalıdır”.

 

S. Seyidov noyabrın 23-də ilkin versiyası dinləniləcək Sərsəng su anbarı ilə bağlı məruzənin müəllifi Militsa Markoviçin də hazırda Robert Volter kimi Ermənistan və Dağlıq Qarabağa buraxılmadığını bildirib: “Bunun səbəbi isə guya bu insanların yazdığı məruzələrdə Azərbaycanın tərəfini tutmasıdır. Əslində onlar Azərbaycan tərəfdə yox, beynəlxalq qanunun, ədalətin tərəfində dayanıblar. Sadəcə ədalət və beynəlxalq qanun Ermənistanın siyasətinə uyğun gəlmir. Bununla onlar özlərini dünyadan təcridə edirlər və nəticədə çox böyük fəlakətlə rastlaşacaqlar”.  

# 178
avatar

Oxşar yazılar