[b]Azərbaycan-Fransa:[/b] tarixə ekskurs
10 iyul 2014 11:43 (UTC +04:00)

[b]Azərbaycan-Fransa:[/b] tarixə ekskurs

 

Birbaşa Azərbaycan-Fransa münasibətlərinin bərpası yalnız Sovetlər Birliyi dağıldıqdan sonra mümkün olmuşdur. Belə ki, 1992-ci ilin yanvarın 3-də Fransa Azərbaycanın müstəqilliyini tanımış, fevralın 21-də isə bu iki dövlət arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanmışdır. Sənədi Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini A.Salamov, Fransa tərəfindən isə beynəlxalq və humanitar məsələlər üzrə dövlət katibi B.Kuşner təsdiqləmişdir.

Martın 16-da isə Fransanın Bakıda səfirliyi açılmış, Fransanın respublikamızda ilk səfiri J.Perren olmuşdur. O, öz etimadnaməsini Azərbaycan rəhbərliyinə 1992-ci ilin martın 26-da təqdim etmişdir.

“Fransa Qarabağ müharibəsinin aradan qaldırılmasına yardım göstərməyə hazırdır” - fikrinin müəllifi fransalı diplomat B.Kuşnerin rəhbərliyi ilə nümayəndə heyəti 1992-ci ilin martın 19-20-də Bakıda rəsmi səfərdə olmuşdur. Bu heyət respublikamıza gəlmiş ilk yüksək səviyyəli fransız hökumət nümayəndələri hesab olunurdu.

Qeyd edək ki, 1992-ci ilin martın sonundan 1993-cü ilin axırlarınadək Azərbaycan-Fransa münasibətlərində soyuqluq özünü göstərmiş, ikitərəfli əlaqələrdə qarşılıqlı inamsızlıq və etimadsızlıq hökm sürmüşdür. Bu da səbəbsiz deyildi. Bakı-Paris münasibətlərinin həmin dövr aşağı səviyyəsini bu amillər şərtləndirirdi:

Birincisi, Azərbaycan rəhbərliyi Fransanın Dünya Birliyində tutduğu yeri, Ümumavropa təhlükəsizliyi sistemində oynadığı həlledici rolu düzgün qiymətləndirməyərək ikitərəfli əlaqələrin inkişafına səy göstərməmişdir. Belə mövqeni əsaslandırmaq üçün Ermənistan və Fransa arasında dostluq münasibətlərinin mövcudluğu faktını qabartmış, lakin dövlətlərarası münasibətlərdə “daimi dostlar yox, daimi mənafelər var” reallığını nəzərə almamışlar.

İkincisi, Ermənistanın təbliğat maşınının fransızların ictimai fikrində “vəhşi” və “köçəri” azərbaycanlı, “məzlum” və “cəfakeş” erməni obrazı yaratması da ikitərəfli münasibətlərin inkişaf imkanını xeyli dərəcədə məhdudlaşdırmışdır.

Üçüncüsü, Fransanın güclü erməni diasporunun anti-azərbaycan fəaliyyəti bu iki ölkənin əməkdaşlıq perspektivlərini böyük sual altında qoymuşdur. Təxmini hesablamalarda, ərazisində məskunlaşan ermənilərin sayına görə Fransa ABŞ-dan sonra ikinci yerdə durur. Bu ölkənin əsasən Marsel, Lion, Paris və Bordo şəhərlərində yaşayan ermənilərin ümümi sayı təqribən 450 min nəfərdir.

Fransanın hakimiyyət eşalonunda belə geniş təmsilçilik və təsir imkanları olan erməni diasporunu neytrallaşdırmaq və ikitərfli münasibətləri qarşılıqlı anlaşma və dostluq səviyyəsinə qaldırmaq üçün Azərbaycanın o zamanki rəhbərliyi konkret diplomatik addımlar atmalı, maraq və mənafelər arasında çoxsaylı təmas nöqtələri tapmalı, son nəticədə isə Azərbaycanın Fransaya, Fransanın isə Azərbaycana lazım olduğunu xüsusi olaraq ön plana çəkməli idi. Lakin təəssüf ki, mövcud imkanlardan lazımi səviyyədə istifadə olunmamış, verilmiş şanslar əldən buraxılmışdır.

Ona görə də Azərbaycan-Fransa münasibətlərində həllini gözləyən çoxsaylı problemlərin mövcudluğu faktını qəbul etsək, ölkə prezidenti Heydər Əliyevin Avropa səfərinə məhz Fransadan başlamasının təsadüfi olmadığı qənaətinə gələrik.

 

Ləman Xəlilova

“Azerbaijan Realities”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 905
avatar

Oxşar yazılar