Türkiyə Cümhuriyyətinin XI prezidenti Abdullah Gülün APA TV-nin Xəbər müdiri Cavid İsmayıla müsahibəsi
- Abdullah Gül Türkiyədə hər kəsi qucaqlayan, hər kəsin prezidenti olaraq tarixə keçdi. Ən azı Azərbaycandan belə görünürdü. Bunu necə bacardınız?
- Öncə xoş sözlər üçün təşəkkür edirəm. İnşallah, xalq belə düşünür. Azərbaycanlı qardaşlarım da belə düşünür. Təbii ki, prezident demək budur, yəni Türkiyə Cümhuriyyətinin Konstitusiyasında prezident hər kəsi, bütün türkləri təmsil edər. Bilirsiniz, bizdə Konstitusiya referendumla dəyişdirildi. Mən prezident olanda isə prezidentin tərəfsiz olması, partiyasından ayrılması və partiyaların fövqündə olması tələb olunurdu. Partiyalı baş nazir ölkənin gündəlik işlərlə məşğul olurdu. Beləliklə, mən də prezident olanda partiyamdan ayrıldım. Təbii ki, könlümdə partiyamın yeri var idi. Amma cavabdehliyimi heç vaxt unutmadım. Ona görə də bütün partiyalara, hər kəsə qapımı açıq tutdum. Çünki Konstitusiya belə əmr edirdi. Mənim kimi düşünən, düşünməyən, fərqli baxışları olan hər kəsin döyə bildiyi qapı oldu Prezident Sarayı. Bunu gücüm çatdığı qədər etməyə çalışdım. Çox şükür, indi xalqın arasına çıxanda, sizin də söylədiyiniz kimi, hər kəsin sevgisini, məhəbbətini görürəm.
- Prezidentlikdən sonra sadə vətəndaş həyatı yaşamağa başladınız. Bir siyasətçi, prezident üçün bu həyat nə deməkdir? Çətindir, yoxsa asan?
- Prezident olmazdan öncə bütün ömrüm siyasətdə keçdi. Müxalifət millət vəkili oldum, iqtidar millət vəkili oldum, hökumətlərdə nazir oldum, sonra partiya qurdum. Tayyib bəy və digər dostlarla partiyamızın qurucusuyam. Hətta AKP-nin quruluşunun ilk hərəkətlərini başladan adamam mən. Daha öncəki partiyamız hökumət olduğunda baş nazir, xarici işlər naziri kimi böyük cavabdehliklər daşıdım. Sonra 7 illik prezidentlik. İstər siyasət, istərsə də dövlət həyatım çox zəngin keçdi.
- Səlahiyyət müddəti bitmiş bir prezidentin günü necə başlar, necə davam edir?
- Belə bir keçmişiniz olanda, bu qədər dövlət qurumlarında cavabdehlik və prezident olub bütün türk xalqını, türk millətini təmsil edib, türk dövlətinin rəhbəri kimi cavabdehliyi boynuna götürdükdən sonra həyatınız nə qədər normallaşsa da, açığı yenə məhdudiyyətlər olur. Evdən çıxıram, gəzirəm, uşaqlarla bəzən alış-verişə gedirəm, bəzən kinoya, bəzən mədəni tədbirlərə qatılıram. Bunların hamısı mənə xoşbəxtlik gətirir. Getdiyim yerlərdə də hər kəsin sevgisini, məhəbbətini görüncə, bu ayrı qürur verir. Amma mən də bir türk vətəndaşı kimi normal həyatımı davam etdirməyi çox arzu edirəm. Hər nə qədər bəzi məhdudiyyətlərim olsa da...
- 15 iyul gecəsi hər kəsdən öncə telekanallara çıxdınız. Xalq bilgisizlik içərisində olduğu vaxtda hadisələrin mahiyyətini açıqladınız. Bu zaman heçmi qorxunuz olmadı? "Birdən çevriliş baş tutar, çevrilişçilər iqtidara gələr, məni həbs edərlər, yaxud edam edərlər" kimi tərəddüdləriniz olmadı ki?
- Bu, təbii ki, çox xaincə hərəkət idi. Bugünkü çağda, bugünkü dünyada, Türkiyə kimi bir ölkədə, demokratiyası bu qədər inkişaf etmiş, siyasəti inkişaf etmiş bir ölkədə çevriliş cəhdi çox utancvericidir. Çox ayıbdır və çox üzüldük. Belə bir hadisəni eşidər-eşitməz bütün türk xalqına, türk dövlətinə bağlılığımdan və onun gələcəyinə olan güvənimdən dolayı təbii ki, çox qəzəbləndim. Məni o gün dinləyənlər çox təəccübləndi. Mən ümumən sakit bir insanam, bilirsiniz. Səsimi çox yüksəltmərəm.
- 15 iyul gecəsi prezident Ərdoğana qarşı sui-qəsd cəhdi oldu. Həmin gecə sizin təhlükəsizliyiniz necə qorunurdu?
- Təbii ki, hər bir dövlətin təhlükəsizlik qüvvələri var. Hər dövlətin prezidentini, baş nazirini, önəmli insanlarını qorumağa cavabdeh polisi, ordusu, təhlükəsizlik qüvvələri var. Mənim də təhlükəsizliyimə cavabdeh olan qurum hər cür tədbir almışdı. İşlərini hər zaman professional görərlər və onlara istər ölkə içində, istərsə də xaricdə hər zaman güvənmişəm. Getdiyim hər yerdə yaxın mühafizəçilərim, Prezident Sarayının qoruma müdirliyi hər cür tədbir görüb. Heç bir tərəddüdüm olmayıb.
- Sirr deyilsə, prezidentliyiniz dövründə sizə qarşı hər hansı çevriliş cəhdi oldumu?
- Belə bir şey olmadı. Ancaq başqa problemlərimiz həmişə oldu. Bunu hər kəs bilir. Müxtəlif sıxıntılar yaşandı, amma mülki-hərbçi münasibətlərində bir çox islahatlar etdik, məhkəmələri daha da gücləndirdik, hər kəsin məsuliyyətini daha da artırdıq. Bunlar bəzi problemləri həll etdi.
- Prezidentliyiniz dövründə Ermənistanla sərhədlərin açılması üçün protokollar imzalandı və “futbol diplomatiyası” gerçəkləşdirildi. Ancaq Türkiyə Ermənistanı qazana bilmədi. Abdullah Gül o proseslərə bu günün pəncərəsindən baxanda necə düşünür - Türkiyə Ermənistanı nə zamansa qazana bilərmi?
- Mənim çox böyük vizyonum var. Bir bölgədə barış, təhlükəsizlik və sabitliyin hakim olması o bölgədəki iqtisadi inkişafı da arxasından gətirir. Problemləri müharibə ilə deyil, diplomatiya və siyasətlə həll etməyə daha çox inanmışam və bunun üçün çalışmışam. Şübhəsiz ki, Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması bizim əsla qəbul edə biləcəyimiz bir şey deyil. Biz bir millət, iki ayrı dövlətlərik. Ancaq bu işğal uzun müddətdir davam edir. İndi bunun iki yolu var - ya müharibə, ya da sülh və diplomatiya.
- Azərbaycanda və digər türk respublikalarında bəziləri düşünür ki, Türkiyə rəhmətlik Turqut Özal dövründə başlatdığı türk respublikalarına açılım siyasətini davam etdirmədi. İstər Sizin dönəminizdə, istər Ərdoğanın prezidentliyi dönəmində Türkiyə daha çox ərəb dünyasına qucaq açır, sanki bir ərəb açılımı siyasəti yeridir. Bu fikirlərlə razısınızmı?
- Rəhmətlik Turqut Özal dövründə türk dünyasının bir çox ölkələri müstəqilliyinə, istiqlalına qovuşmuşdu. Həmin ölkələr Sovetlərin daxilində idi, müstəqilliyi yox idi. Hamısı müstəqillik qazandı, onları ilk tanıyan ölkə də Türkiyə oldu. Çox böyük vəzifə düşdü hər birimizin üzrəinə. Böyük işlər görüldü. Bütün Türk dünyasının və respublikaların yenidən qurulması, öz ayaqları üzərində müstəqil dövlət olaraq böyümələri üçün Türkiyə olaraq cavabdehliyimizi yerinə yetirməyə çalışdıq. Böyük məmnuniyyətlə ifadə edirəm ki, bütün türk respublikaları, o cümlədən Azərbaycan çox yol qət etdi, çox bacarıqlı oldular, özlərini bütün dünyada sübut etdilər və güclü hala gəldilər. Bu bizim biri-birimizə əsla laqeydlik etməyimiz anlamına gəlməz. Məsələn, mənim prezidentliyim dövründə Naxçıvanda Türk Şurasını qurduq. Bütün türk dünyasının prezidentləri ilə Naxçıvanda görüşdük, orada deklarasiya imzaladıq. Bunun Katibliyini qurduq, Parlament Assamleyasını qurduq, Bakıda və sistemli olaraq hər il bir araya gəldik, işbirliyimizi təşviq etdik.
Biz hamımız bir millətik, bu ifadəni də, bilirsiniz, birinci rəhmətlik Heydər Əliyev söylədi, bu millətin ayrı-ayrı müstəqil qardaşlarıyıq. Həmrəyliyimiz, işbirliyimiz hər şeydən irəlidir. Çünki bu birlik, bərabərlik insandan-insana, yəni siyasətçilərin, dövlət adamlarının məsləhət gördüyü bir şey deyil. Bu, azərbaycanlının, qırğızın, qazağın, özbəkin, türkün - hamımızın xalqlarının qəlbində olan birlikdir, bərabərlikdir.
Müsahibənin baş tutmasında göstərdiyi köməyə görə JTI şirkətinin Azərbaycan nümayəndəliyinə və Füzuli Məcidliyə təşəkkürlər!