“Rus gəlinlər ”
29 yanvar 2013 22:35 (UTC +04:00)

“Rus gəlinlər ”


Türkiyənin müxalif partiyaları bir çox məsələlərdə hakim siyasətlə ortaq mövqe göstərməkdən çəkinmirlər. Bu onların siyasi mədəniyyətinin ayrılmaz hissəsinə çevrildiyindən heç kəs onları mövqe sapıntısında və ya satqınlıqda suçlamağı ağlına belə gətirmir.


Budur, CHP başqanı Kamal Kılıçdaroğlu Rusiyada dərc olunan türkdilli media orqanına müsahibəsində iqtidar mənsublusu və nazir Əhməd Davudoğlunun keçmiş açıqlamalarına sədaqət göstərərək “iki ölkə arasındakı qarşılıqlı hörmət və ortaq maraqların önəmi”ni vurğulamış,”rus vətəndaşlarının Türkiyədə yerləşmələrini, evlənərək yeni ilişkilər qurmalarını alqışladığını” bəyan etmiş, ”rus gəlinləri hesabına xalqlarımızın mədəniyyətinin zənginləşdiyini, xoşgörünün, sevgi və ehtiramın artdığını” dilə gətirmişdir.
 

Qaranlıq bir məqamın qalmadığına şübhə yox. Müxalif lider Rusiyanı potensial müttəfiq kimi görərkən məhz hansı elementə üstünlük verməyin zərurətini dilə gətirir. İqtisadiyyatlar və siyasi mənfəətlər xalqları belə yaxın edə bilməz, nəinki başqa millətlərlə kütləvi nigah. Müasir türk gəncliyinin həyat amalına çevrilən və dövlətin strateji kursu kimi təqdim olunan “rus gəlinləri” ərazilərin ələ keçirliməsi və orduların silahla fəth etdiyi torpaqlardan daha uzaqgedən və savaşsız bir yoldur. Burada tökülən qanlar müqəddəsdir!
 

Əslində siyasi məqsədlərə dayanan qohumluqlar böyük bir tarixə malikdir. Yüzlərlə gətirəcəyimiz misallar sübut edər ki, şahlar və kralları böyük hərbi yürüşlərdən və istilalardan çəkindirmək üçün bircə “gəlin” yetərli olub. Bəzənsə əksinə, belə izdivaclar intiqamı və düşmənçiliyi daha da dərinləşdirib.
 

Deyəcəksiniz ki, Troya və Yelena hadisəsi bir məcburiyyət və eşq hekayəsidir, bəs onda Napoleonun imperiya qılıncından qorunmaq üçün Avstriya imperatorunun qızı Mari-Lüizanın onunla izdivacına nə ad vermək olardı? Düzdür, bu addım əbədi sülhə xidmət etmədi və avstriyalılarla fransızların qan qardaşlığına gedən yolu birdəfəlik açmadı, lakin orta əsrlər dövrünün qanunları həmişə böyük dövlət maraqları ilə xeyli dərəcədə bağlanmışdı və insanlar da bu mənafelərin əsiri idi.
 

İndi isə 21-ci əsrdir və Türkiyənin xarici siyasət idarəsinin başçısı Davudoğlu “ruslar barışcıl yollarla isti dənizlərə çıxır və artıq savaşmağa ehtiyac yoxdur” deyərək Putinə yəqin ki, sələfi I Pyotrun vəsiyyətini xatırladır. Konstantinopola və Hind okeanına çəkmələrini yumaq üçün gedəcək rusların yolunu indi onların xanımları açır. Əla doktrinadır. Hökumətin yüksək səviyyəli rəsmisi və hələ iqtidarda təmsil olunmamışdan öncə mühüm siyasi nəzəriyyələrin ideoloqu olan Əhməd Davudoğlu həmkarı Lavrova görün nə demişdir: ” Əlaqələri dərinləşdirmək üçün evliliklərin sayını artırmaq çox mühümdür. Çünki rus gəlinləri türk ailə yapısına çox uyğundur. Rus-türk ailə mədəniyyətləri çox yaxındır. Rus xanımlar ərlərinə çox bağlı olur və hörmətlə yanaşırlar”.
 

Əlbəttə qeyd etmək vacibdir ki, monomillət modeli dünyada pislənir və bu təcrid olunmaya, qapalılığa və mədəni kasıblığa səbəb olur. Lakin həqiqətənmi rusların ailə modeli bu qədər universaldır və “kommunust keçmişli” bir ölkə indi dünyaya “gəlin” ixrac edir? Hərçənd ki, Putin onları Rusiyada saxlamaq və demoqrafik hərəkata qoşmaq üçün hər şeyə əl atır, lakin türk kişiləri rusların ilahi nəzərinə elə düşüb ki, bir ildə təkcə Antaliyada yabançı nigahların sayı 1200-dən yuxarı olub..
 

Eşq din fərqini tanımaz və xristian rusun müsəlman türklə ailə həyatında heç bir fövqəladəlik yoxdur. Lakin xeyli mühafizəkar bir dəyərləri bölüşən türk toplumu ilə 14-15 yaşlı övladlarına geniş azadlıqlar və həyat sərbəstliyi tanıyan slavyanların ittifaqı elə də asan məsələ deyil. Türk gənci belə hüquqların sahibidirmi? Rus kişilərinin hədsiz alkoqola bağlılığı və onların tərbiyəsi altında böyümənin şərtlərindən ibarət məişət səviyyəli stereotipləri bir kənara atırıq. Lakin təhsil və həyata baxış fərqləri də yetərincədir. Bu halda nataşaların türk sevdalısı olmaları kütləvi turizm layihəsinin, yoxsa sabahın monolit ailəsinin və dövlətin bazisi olduğunu müəyyənləşdirmək elə də çətin deyil. Türk valideyni qarşısında əyilib onun əllərini öpəcək rus gəlinlərinin sona qədər dözüm göstərəcəyinə hər kəs inanmaq istərdi.
 

Bir daha xüsusi vurğulamaq gərəkdir ki, heç kəs bunu siyasi qərarla əngəlləyə və ya stimullaşdıra bilməz. Lakin keçmişdə qafqazlıların və azərbaycanlıların həyat idealı olanlar bu gün kütləvi olaraq türk dünyasına axışırsa, bundan nəticə çıxarmağa dəyər. Siyasi dövriyyədə çox hallanmasa da faktdır ki, 20 yanvar Bakı qırğınlarını törətməyə gələn xüsusi qrupların əsas kütləsi o vaxt Sovetlər Birliyinin paytaxtında atılan uşaqlardan təşkil olunmuş diviziya təmsilçiləri idi. Onlar başsız qalmış rus analarının heyfini Azərbaycanda alarkən həm də həyatlarını itirsəydilər belə onları arxada axtaran olmayacaqdı və Kreml də bunu nəzərə almışdı.
 

Yəqin, Osmanlı imperiyası zamanında da elə bu cür olub. Mühüm məqamlara yiyələnlər sonradan bu nəhəng sistemin taleyinə qərar verdilər. Söz yox ki, bunu ailə kəşfiyyatının təbii forması hesab edərək xoflanmaya və qorxuya da lüzum yoxdur. Lakin indi hər kəs nəticə çıxara bilər ki, ”Möhtəşəm yüzi il”in Hürrəm sultanı ekranlara və təbliğat dünyasına niyə daşınıb?
 

Hünkarım taxt-tacı gələcək varsilərinə verəndə türk imperiyası onun rus törəmələrinin qovğasında qalmışdı..

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217
avatar

Zahid Oruc

Oxşar yazılar