Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyində "Ermənistan və Azərbaycanın alternativ tarixi" adlı filmin təqdimatı keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri politoloq Fuad Axundov çıxış ediblər.
Təqdimat mərasimində bildirilib ki, "Ermənistan və Azərbaycanın alternativ tarixi" adlı film silsilə şəkilində çəkiləcək. Filmlər silsiləsində unikal kadrlar, Rusiya və Ermənistan siyasətçilərinin, alimlərinin və xadimlərinin fikirləri toplanıb, habelə ilk dəfə olaraq Azərbaycan tarixinə dair Rusiya, Türkiyə və Gürcüstan arxivlərində saxlanılan nadir sənədlər geniş ictimaiyyətə təqdim ediləcək. Filmin elmi məsləhətçisi , "AZER-GLOBE" İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin direktoru, YUNESKO Kafedrası Şöbəsinin dosenti, tarixçi alim Rizvan Hüseynovdur.
Filmin müəllifi Azərbaycan prezident aparatının xarici kütləvi informasiya vasitələri və QHT-lərlə iş sektorunun müdiri, politoloq Fuad Axundov jurnalistlərə açıqlamasında deyib ki, filmin təqdimatının may ayının 29-da və Tbilisidə keçirilməsi təsadüfi deyil: “Məhz 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti xaricdən edilən güclü təzyiq altında İrəvan şəhəri və digər əzəli Azərbaycan torpaqlarını indiki Ermənistana güzəştə getməyə məcbur olub. Lakin erməni xalqına bu məlumat və digər tarixi faktlar tamamilə saxtalaşdırılmış şəkildə təqdim olunur. Hətta əsl həqiqəti üzə çıxarmaq istəyən erməni alimlərinə Ermənistanda “vətən xaini” damğası vurulur. Bu səbəbdən “Ermənistan ictimaiyyətinə informasiya dəstəyi” layihəsini həyata keçirən Qafqaz Tarixi Mərkəzi ermənilərə və dünya ictimaiyyətinə əsl həqiqəti göstərmək məqsədilə “Ermənistanın və Azərbaycanın alternativ tarixi” adlı sənədli filmlər silsiləsini təqdim etməyi qərara alıb. Bu gün təqdim olunan ilk filmdə Rusiya ilə Ermənistan arasında strateji əməkdaşlığın qaranlıq məqamları, tarixi hadisələr, ermənilərin rus xalqı və mədəniyyətinə gerçək münasibəti əksini tapıb”.