“Azərbaycan İrana qarşı sanksiyalardan uduşlu çıxacaq” - MÜSAHİBƏ
07 fevral 2013 11:43 (UTC +04:00)

“Azərbaycan İrana qarşı sanksiyalardan uduşlu çıxacaq” - MÜSAHİBƏ

Dünən İrana qarşı yeni iqtisadi sanksiyaların tətbiq olunduğu gün Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində (CSİS) region üzrə ekspertlərin və nüvə silahı üzrə mütəxəssislərin iştirakı ilə diskussiya keçirilib.

 

Diskussiyalarda ekspertlər Yaxın Şərq, Avropa və Rusiyanın rolunu dəyərləndirərək bu qənaətə gəliblər ki, iqtisadi sanksiyalar istehlakçı ölkələr üçün ciddi maneələr yaratmadan İrana qarşı ciddi təzyiq rolu oynayıb. Eyni zamanda iştirakçılar İsrailin İrana qarşı mümkün hərbi zərbələrini, diplomatik  səylər lazımi nəticələr verməyəcəyi təqdirdə digər ölkələrin bu əməliyyatlarda iştirakı ehtimallarını müzakirə ediblər.

 

APA-nın Vaşinqton müxbirinin İrana qarşı davam edən sanksiyaların Azərbaycana təsirinə və mümkün hərbi əməliyyatların Azərbaycan üçün hansı nəticələr verə biləcəyinə dair sualını CSİS yanında Rusiya və Avrasiya məkanını tədqiqi Proqramının baş elmi işçisi  Endrü Kuçins cavablandırıb:

 

- Azərbaycan ilk növbədə bu sanksiyalardan uduşlu çıxacaq, çünki sanksiyalar Azərbaycan üçün sərfəli olmayan İrana hərbi hücum ssenarisinə alternativdir.

 

Azərbaycan həm də neft ixracatçısı kimi birmənalı şəkildə sanksiyaların sərtləşdirilməsi nəticəsində neftin qiymətinin qalxmasından uduş əldə edir. Həmkarım Devid Pamfrinin dediyi kimi İranın bir gündə bazara çıxara bilmədiyi 1 milyon barel neft – ayda 3-4 milyard dollar, ildə isə 40-50 milyard dollar deməkdir. Bunlar kifayət qədər böyük rəqəmlərdir, deməli, qeyd etdiyimiz məsələ iqtisadi baxımdan sərfəlidir.

 

Həmçinin düşünürəm ki, Azərbaycan regionda çox incə duruma düşüb. Azərbaycan İranın qonşusu kimi bu ölkənin nüvə probleminin sülh yolu ilə həllində maraqlıdır. İrana qarşı hərbi hücum potensial baxımdan Azərbaycan üçün ciddi nəticələr doğura bilər. Xüsusilə əgər Azərbaycanın ərazisi və ya hərbi imkanları kimi faktorların bu hücumun həyata keçirilməsinə hansısa formada kömək etdiyi hiss olunarsa...

 

- Ötən il bununla bağlı yayılmış şayiələr barədə nə düşünürsünüz?

 

- Mən ilk əvvəldən guya İrana hərbi zərbələr endirilməsi üçün Azərbaycanın hərbi aviabazalarından istifadə edilməsinə dair İsraillə rəsmi Bakı arasında razılaşma əldə olunmasına dair şayiələrə skeptik yanaşmışam. İnana bilmərəm ki, Azərbaycan rəhbərliyi İsraillə uzunmüddətli və əhəmiyyətli əməkdaşlığa, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığa baxmayaraq belə qənaətə gələ bilər ki, bu cür addım ölkənin maraqlarına hansısa formada cavab verər. Çünki İranın cavab addımları atmaq ehtimalı Azərbaycanda stabilliyi çox, həddən artıq poza bilər.

 

- Sizcə, bu şayiələrin mənbəyi kim ola bilər?

 

- Bilmirəm. O zaman bir həmkarımla söhbət edirdim. O hesab edirdi ki, bu məlumatın mənbəyi birmənalı şəkildə İrana qarşı hərbi zərbələrə qarşı çıxan adam ola bilər. Bu kimi informasiyalar belə addımların təhlükəliliyini ortaya qoyur. Baxmayaraq ki, bayaq qeyd etdiyim kimi, Azərbaycanla İsrail arasında təhlükəsizlik sahəsində uğurlu əməkdaşlığın dərin tarixi olsa belə. Eyni zamanda Rusiya ilə mürəkkəb münasibətlərə baxmayaraq, Moskvanın razılığı olmadan Bakının  bu cür ciddi addım ata biləcəyinə şübhə ilə yanaşıram. Heç vaxt inanmaram ki, Moskva qonşu ərazilərdən bu məqsədlə istifadə olunmasını dəstəkləyə bilsin.

 

- “Wall Street Journal”ın bloqunda hindistanlı bloqqerlər belə bir məlumat yayıblar – Hindistanın MRPL neft şirkəti İrandan neft satışının dayandırılması səbəbilə Azərbaycandan neft almağı planlaşdırır. Bu məlumatı necə şərh edərdiniz?

 

- Azərbaycan İranın dünya bazarına çıxardığı neftin həcminin azalması nəticəsində alternativ təchizatçı ola bilərsə, bundan uda bilər, lakin İran neftinin ənənəvi alıcılarının bu itkini birbaşa Azərbaycan nefti ilə kompensasiya etməsi halları mənə məlum deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1250
avatar

Oxşar yazılar