Xocalı soyqırımı
25 fevral 2021 12:16 (UTC +04:00)

Xocalı soyqırımı

Uzunmüddətli sülhün şərti ədalətdir

Samirəni tanıyandan, ən çox təsirləndiyim, diqqət etdiyim, onun barəsində unuda bilmədiyim cəhəti gözlərinə hopmuş sonsuz kədərdir.

Samirə Hüseynova 1979-cu ildə, Xocalıda doğulub. Orta məktəbə doğma şəhərində gedib. Müharibəyə qədər dinc, rahat bir uşaqlığı, yeniyetməliyi olub. Qarabağ və ətrafı Ermənistan işğalına məruz qalana qədər... Müharibə başlar-başlamaz, Samirənin ailəsi bu müharibənin mərkəzində olub, atası Bakir Hüseynov, əmisi Tofiq Hüseynov Birinci Qarabağ Müharibəsinin qəhrəman iştirakçılarından olub.

O dəhşətli gecədə, Samirə, anası və qardaşı qarlı meşə ilə, minbir çətinliklə, qorxu altında, birtəhər Ağdama qədər gəlib çata biliblər. Amma Samirənin digər ailə üzvləri – atası, əmisi, nənəsi, babası, bibiləri o gecədən sağ çıxa bilməyiblər. O qanlı gecədə Samirə anası və qardaşından başqa demək olar ki, bütün ailə üzvlərini birdəfəlik itirib.

Təkcə bir ailə üzvünü itirmək belə, necə ağır, necə dəhşətlidir. Təsəvvür edin ki, uşaq yaşında sən qorxulu bir gecə yaşayırsan, ölümün bir addımlığından dönürsən, üstəlik, az qala bütün ailə üzvlərini itirirsən. Üstəlik, qaçqın kimi sığındığı inzibati otaqlar, qaçqınlıqda keçən həyat...

Bu, necə dəhşətli bir tale, necə böyük, sonsuz bir hüzndür.

Samirə bu faciədən sonra sarsılsa da, sınmayıb, özünü kədərin caynağına təslim etməyib. Böyüyüb, təhsil alıb, müəllimlik ixtisasına yiyələnib, karyera qurub. Samirənin gözəl ailəsi, dörd övladı var. Yaşadığı travmaya, həyatında baş verən bu faciəyə baxmayaraq, Samirə övladlarından valideyn qayğısını əsirgəməyən ana, şagirdlərindən müəllim diqqətini, zəhmətini əsirgəməyən pedaqoqdur.

Bu da var ki, dünyada heç bir karyera, heç bir uğur, dünyada heç nə onun qəfil faciə ilə bitən uşaqlığını, əlindən qəddarlıqla alınan ailəsini geri verməyəcək. Samirənin gözlərinə hopmuş kədər, əlindən təkcə yaşadığı travmanın izi deyil, həm də bir daha heç vaxt qaytara bilməyəcəyi doğmalarından ona qalan hüznlü bir izdir.

Mən Xocalı hadisəsini ancaq mətbuatdan oxumuş, televiziyadan görmüşəm. Hətta o dəhşətli kadrlara baxmağa belə, bəzən özümdə güc tapmamışam. Samirə isə bütün bunları yaşayıb. Mənim üçün Samirə o dəhşətli gecənin şahididir, xatirəsidir.
   
Bəli, 29 il əvvəl, qarabağlıların gözünü qorxutmaq, insanları öz yurd-yuvalarından kütləvi şəkildə qaçmağa məcbur etmək üçün də, işğalçı Ermənistan rəhbərliyi ötən əsrin ən dəhşətli müharibə cinayətinə əl atmışdı – Xocalıda 613 insanımızı, qoca, uşaq, qadın demədən, qətlə yetirmiş, meyitlərini tanınmaz hala salmışdılar. 

Xocalı faciəsi təkcə o faciədən sağ qalanların yaddaşında ən dəhşətli, ən qorxunc xatirə kimi qalmadı, bir xalq olaraq, bizim ümumi faciəmizə, kollektiv travmamıza çevrildi. 

Xocalıda baş verənlərin hüquqi qiymətini alması, hadisəni törədən cinayətkarların qanun qarşısında cavab verməsi, layiqli cəzalarını alması hər bir azərbaycanlının arzusuna, məqsədinə çevrildi.

Bu otuz ilə yaxın bir müddətdə biz ölkə, dövlət olaraq gücləndik, xarici əlaqələr qurduq, iqtisadiyyatımızı qaydaya saldıq, regionda və dünyada tanınan, strateji bir dövlətə çevrildik. “Xocalıya ədalət!” dövlət olaraq da, bizim məqsədimizə, amalımıza çevrildi. Və biz dövlət olaraq da, illərdir ki, dünyadan bu faciəyə layiq olduğu reaksiyanı gözləyir, ədaləti bərpa etməyə çalışırıq.

Amma bu 29 il ərzində, Xocalıya ədalət tələb etdiyimiz illərdə biz bir dəfə də olsun, bu faciədə nə erməni xalqını, nə də öz vətəndaşlarımız olan Qarabağ ermənilərini günahkar bilmədik, bu qanlı cinayəti onların adına bağlamağa çalışmadıq. Bu illər ərzində, biz “Xocalıya ədalət!” deyəndə, ancaq bu hadisəni törədən işğalçı rejimi günahkar bilir, onların beynəlxalq məhkəmələrdə cəzalandırılmasına nail olmaq istəyirik.

İkinci Qarabağ Müharibəsində Ermənistan rəhbərliyinin əl atdığı Gəncə, Bərdə, Tərtər faciəsi, dinc insanların, qocaların, qadın və uşaqların bombalanması, bu vəhşi rejimin otuz ildir sistemli şəkildə yürütdüyü siyasətin, taktikanın davamı idi. Otuz il əvvəl olduğu kimi, onlar yenə də dinc sakinləri gecə yuxuda ikən hədəfə aldılar, körpələri bombaladılar. Bu müharibə cinayətinin məqsədli şəkildə etdiklərini, Azərbaycanda xof mühiti, çaxnaşma yaratmaq üçün məhz dinc sakinləri hədəf aldıqlarını özləri də iclaslarında etiraf etdilər.

Gəncə, Bərdə, Tərtər faciələrinə də, Xocalıya da ədalət gec ya tez baş tutacaq. O qanlı cinayətləri törədənlər layiqli cəzalarını alacaq, təkcə həbsə, cərimələrə məruz qalmaqla bitməyəcək, öz xələflərinə də böyük bir utanc hissi miras qoyaraq, dünyadan gedəcəklər. Bu utanca görə, təkcə biz deyil, öz nəvə-nəticələri də öz qatil, cinayətkar babalarını lənətləyəcəklər. Xocalı qətliamını törədənlər də, Gəncə, Bərdə, Tərtər cinayətlərində əli olanlar da, İkinci Dünya Müharibəsindəki yəhudi soyqırımında əli olan Hitler, Gebbels və digərləri kimi tarixdə lənətli adları ilə qalacaqlar. Onların adları, soyadları belə tabulaşdırılacaq, elə öz həmvətənləri onların adlarını övladlarına qoymağa utanacaqlar. Bizim məqsədimiz budur.

Bu ədalət bərpa ediləcək. Biz də Qarabağdakı erməni vətəndaşlarımızla birlikdə, sülh və əmin-amanlıq içində yaşayacağıq. Çünki bizim nə düşmənimiz, nə də cəza, lənət hədəfimiz olan - erməni xalqı deyil, öz vətəndaşlarımız olan ermənilər də deyil. Xocalı faciəsini törədənlər o zamankı işğalçı, qatil rejimdir və həm məhkəmə, həm tarix qarşısında da ancaq onlar cavab verəcəklər.

Aybəniz İsmayılova, 

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Beynəlxalq əlaqələr şöbəsinin müdiri 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar