Uşaqlıqdan “Hoca” olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANI
10 avqust 2022 20:15 (UTC +04:00)

Uşaqlıqdan “Hoca” olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANI

Partiyasının qurultaylarından birində böyük coşqu ilə çıxış edərkən zaldan bir uşaq səsi gəlir: “Ərdoğan dədə”.

O, çıxışını kəsib təbəssümlə səs gələn tərəfə baxır və şəfqətlə, “Əfəndim yavrum” deyə cavab verir. 

Zaldakı 5 yaşlı uşağın gözləri sevinclə parlayır və heç bir qadağaya məhəl qoymadan səhnəyə, onun qucağına doğru qaçır. Bu nə ilkdir, nə sondur. 

Biz dünyanın ən böyük təzyiqləri qarşısında heç bir zaman aciz qalmayan bu adamı bir yetimin başını sığallayarkən ağlayan da görmüşük, bir şəhid anasının əlini öpərkən göz yaşlarına boğulanda da. O, Rəcəb Tayyib Ərdoğandır.

Lent.az "Onu tanı" rubrikasının bu bölümünü qardaş ölkənin liderinə həsr edir.

Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevralın 26-da İstanbulun Qasımpaşa bölgəsində doğulub. Ailəsi isə əslən Türkiyənin Rizə bölgəsindəndir. Atası Əhməd Ərdoğan sahil mühafizə kapitanı olaraq çalışıb. Rəcəb onun ikinci həyat yoldaşı Tənzilə xanımla nikahından dünyaya gəlib. 

Ərdoğanın 2004-cü il avqustun 11-də Gürcüstana səfəri zamanı verdiyi açıqlamaya görə, ailəsi Rizəyə Batumidən köçüb. Bəziləri haqqında laz etnik qrupuna aid olduğunu desə də, o türk olduğunu bəyan edib. Ərdoğan bütün dünyada inadkar, çox qətiyyətli, sözünün sahibi, dediyini edən siyasətçi kimi tanınır. Kluarlarda belə zarafat da dolaşır: “Əsl qaradənizli inadkarlığındadır”.

Hələ orta məktəb illərində Ərdoğan dinə baxışlarına görə digər uşaqlardan fərqlənirdi, məktəb yoldaşları ona Hoca (müəllim, molla) deyirdilər. Ailəsinin kasıb yaşaması səbəbindən gələcək prezident məktəbdə oxuya-oxuya küçə ticarəti ilə məşğul olurdu. 

1969-cu ildə hələ 15 yaşında ikən Camialtı İdman Klubunda peşəkar futbolçu statusuna yiyələnib. Ərdoğanın atası oğlunun bu idman növü ilə məşğul olmasını istəmədiyindən o, futbol oyunları ilə gizli məşğul  olurdu. O, 16 illik futbol karyerasına 1980-ci ildə son qoyaraq siyasi fəaliyyətə  başladı.

Ərdoğan Mərmərə Universitetində iqtisadiyyat və menecment fakültəsində təhsil alıb. Universitet illərində siyasi fəaliyyətə də geniş diqqət ayırırdı. 80-ci illərdə Ərdoğan özəl sektorda menecer işləməyə və bizneslə məşğul olmağa başladı. 1982-ci ildə əsgəri xidmətə gedir, 1983-cü ildə yaradılan Rifah Partiyasında siyasi həyatına  davam etdi. Az sonra partiyanın rəhbər şurasına seçilən şəxslər arasında Ərdoğanın da adı olur.

1994-cü il martın 27-də İstanbul bələdiyyə sədri vəzifəsinə namizədliyini irəli sürür və böyük səs çoxluğu ilə bu posta seçilir. Onun sədrliyi şəhərdə 50-dən çox körpü, keçid və yol inşa edilir, şəhərə 4 milyard dollar həcmində investisiya yatırılır. Bütün bunlar sadə insanlar arasında Ərdoğanın şöhrətini çox sürətlə artırır.

Siyasi həyatda isə Ərdoğan əvvəlki kimi Rifah Partiyasının lideri Nəcməddin Ərbakanı dəstəkləyirdi. 1997-ci ildə Ərbakan hökuməti Türkiyədə dini dövlət yaratmağa cəhddə ittiham olunduğu üçün, istefaya məcbur edildi. Həmin ilin dekabrında Ərdoğan Siirt bölgəsində keçirilən mitinqdə oxuduğu şeirə görə istefaya göndərildi. Bu şeirə görə 4 ay həbs yatsa da, bütün siyasi karyerası boyu şeirlərlə siyasi mesajlar göndərməyə davam etdi. Hətta bir dəfə Almaniyada Sədi Şirazidən bir beyt qəzəl demiş, bununla tərcüməçini çətin vəziyyətə salmışdı.

O, ikinci dəfə məhkəmə qarşısında sevdiyi xalqın tələbi ilə dayandı. "Hörmətli Öcalan bu an düşüncələrinin deyil, almış olduğu kəllələrin hesabını verir. Mən isə düşüncələrimə görə, 4 ay həbs cəzası çəkmişəm. Aramızdakı fərq çox böyükdür".

PKK terror təşkilatının lideri Öcalana "hörmətli" deyə müraciət etməsi Şəhid Anaları Dərnəyi tərəfindən onun məhkəməyə verilməsi ilə nəticələndi. 

2001-ci ilin avqustun 14-də Ədalət və İnkişaf (AKP) partiyasını yaratdı.  Barəsində keçmişdə məhkəmə hökmləri olduğu üçün Ərdoğan nə parlamentə, nə də hökumətə daxil ola bilməzdi. Bu səbəbdən bir müddət Ərdoğanın ən yaxın silahdaşlarından biri sayılan Abdulla Gül partiya rəhbəri və baş nazir vəzifəsini icra etməli oldu. Abdulla Gülün  baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri oldu.

Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı. Baş nazir vəzifəsinin ardından Ərdoğanı Türkiyənin Prezidenti olmaq  vəzifəsi gözləyirdi və artıq uzun illərdir bu vəzifəni uğurla icra edir. 

Etiraf etmək lazımdır ki, Ərdoğanın  hakimiyyəti illərində Türkiyənin dünyada nüfuzu çox gücləndi, o aktiv beynəlxalq oyunçuya çevrildi.  Ərdoğanın türk tarixinə verdiyi böyük dəyər, həmçinin Osmanlı dövlətinin yaranışı, mövcudluğu barədə möhtəşəm film və serialların çəkilməsinə səbəb oldu. Amma onu sevməyən güclər “Prezident  sultan olmaq istəyir, monarxiyanı yenidən yaratmaq istəyir” şəklində fikirlərlə demokratları ona qarşı qaldırmağa çalışdılar.

Hər bir halda Ərdoğan öz yolundan, doğru bildiyindən geri dönmür. Bu, bəzən ona baha başa gəlsə də.


Həyat yoldaşı Əminə Gülbaranla 1977-ci ildə tanış olub, 1979-cu ilin iyul ayında isə ailə həyatı qurublar. Bu nikahdan cütlüyün Əhməd Burak və Nəcməddin Bilal adlı iki oğlu, Əsra və Sümeyyə adlı iki qızları var. Ərdoğanın övladlarının hamısı ABŞ-da ali təhsil alıb.

O, Azərbaycana sevgisini sözdə deyil, əməldə də isbatladı. Qarabağ probleminin həllində hər zaman Azərbaycanı dəstəklədi və qələbəmizə qədər bizimlə qoşa addımladı. Zəfər paradında da Azərbaycan Prezidenti İlham Əliyevlə əl-ələ idi. 

Azərbaycan-Türkiyə əlaqələri bu iki dövlət başçısının rəhbərlikləri dövründə ən yüksək səviyyəyə çatdı. İki liderin dostluğu iki qardaş ölkənin bir-birinə qucaq açması, qaynayıb qarışması ilə nəticələndi.

Dünyanın ən nüfuzlu dövlətlərinin liderləri görüşlərdə Ərdoğanın qarşısında ayağa qalxır, ona böyük hörmət nümayiş etdirirlər. O isə bir tək ölkəsinin bayrağı qarşısında diz çökür.

Ərdoğanı tez- tez sadə ailələrlə birlikdə iftar süfrəsində görmək olar, məmləkət cocukları ona həvəslə “dədə” deyirlər, Ərdoğan bir əsgərin istəyi ilə onun sevdiyi qızın ailəsinə elçi düşmüş, qızın xeyir-duasını ailəsindən almışdı. Onun məharəti yalnız dövləti idarə etməkdə yox, həm də könülləri sevgi ilə fəth edərək, rəğbət qazanmasındadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12174
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar