Eldar Həsənov
28 sentyabr 2021 11:53 (UTC +04:00)

Eldar Həsənov

Torpaq – uğrunda ölən varsa Vətəndir

Bu günlər hər bir Azərbaycan vətəndaşı və dünyada yaşayan bütün azərbaycanlılar tariximizin şanlı səhifəsinin, torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən 2-ci Qarabağ müharibəsinin başlanmasının birinci ildönümünü hədsiz qürur və iftixar hissilə qeyd etməyə hazırlaşır. Həmin gün – sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olmuş zabit və əsgərlərimizin Anım Günü qeyd olunacaq. Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycanda Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Dövlətimiz və xalqımız Vətən, torpaq, dövlət uğrunda canından keçmiş qəhrəmanlarını heç vaxt unutmayacaq, onların xatirəsi hər zaman anılacaq və xatırlanacaq.

Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Ötən ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgisi idi. Torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı. Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq üçün hərbi komissarlıqlara üz tutdular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən daha öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir.

Azərbaycan xalqı humanist, sülhsevər xalqdır. Biz hər zaman torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olmuşuq. Lakin xain düşmənin təxribatları və iftiraları buna imkan vermədi. Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda, bu müqəddəs savaşda böyük zəfərlə bizləri sevindirdi.

Qarşıda bizi müxtəlif dövlətlərin geosiyasi ambisiyalarının toqquşduğu kifayət qədər mürəkkəb, görünən və görünməyən tərəflərə malik sülh müqaviləsinin imzalanması ilə bağlı diplomatik-siyasi mübarizə, hərb yolu ilə əldə edilənlərin diplomatik-siyasi müstəvidə təsbit edilməsi kimi çətin vəzifələr gözləyir. Azərbaycan diplomatiyası gələcəkdə yaşayacaq nəsillərə bu kimi problemlər miras qoymamaq üçün bu gün olduqca mürəkkəb vəzifələri həyata keçirməlidir. Çünki biz ilan kimi məkrli, tülkü kimi hiyləgər və Azərbaycanı hər an arxadan vurmağa hazır olan namərd düşmənlə qonşuluq etmək məcburiyyətindəyik.

Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi tarixə düşən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Ay yarım ərzində Ermənistan, Qarabağ, xaricdə yaşayan ermənilərdən, PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından yardımlar alan işğalçı və cinayətkar ordunun qarşısında sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin ordu qərargahlarında, hərbi təhsil və hərbi-tədqiqat müəssisələrində, hərb tarixi dərsliklərində bundan sonra çox yazılacaq və tədqiqatlar aparılacaq.

Bu müddət ərzində düşmənə sarsıdıcı zərbə vurmaqla yerdə və havada üstünlük qazanan Silahlı Qüvvələrimiz “məğlubedilməz erməni ordusu” mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs dilənməyə və nəhayət, təslim olmağa vadar etdi. 44 günlük müharibə Azərbaycan xalqının qürurunu, mənliyini və şərəfini özünə qaytardı. Xalqımızın və ordumuzun milli vətənpərvərlik ruhu və mənəvi- psixoloji vəziyyəti yüksək səviyyədədir. Müasir döyüş sirlərinə dərindən bələd olan, döyüş meydanında intizamlı savaş aparan, beynəlxalq qaydaları əldə rəhbər tutan qalib bir Azərbaycan Ordusu haqqında stereotip formalaşmaqdadır. Apardığı peşəkar əməliyyatlarla dünyanı şoka salan müzəffər Azərbaycan Ordusunun beynəlxalq reytinqdə irəliləyəcəyi heç şübhə doğurmur. Bu uğur beynəlxalq miqyasda bundan sonra aparılacaq sülhə məcburetmə əməliyyatlarında Azərbaycan Ordusunun potensialından və təcrübəsindən geniş yararlanmağa imkan verəcək. Artıq Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu diasporaya deyil, məhz Azərbaycana göstərəcəyi hörmət və səmimiyyətdən asılı olacaq. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət'' prinsipinə uyğun olaraq, bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, “kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Başqa sözlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi.

Bəli, qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanındadır, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərir. Qardaş ölkə Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşdü. Ümumiyyətlə, Prezident Rəcəb Tayyib Ərdoğanın həmin paradda iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb. Vətən müharibəsində Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də Azərbaycana birmənalı olaraq siyasi, diplomatik və mənəvi dəstək göstərildi. Bu, xalqımıza çox böyük siyasi və mənəvi güc vermək demək idi. Hazırda hər iki dövlət başçısının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir.

Burada bir məqamı da vurğulamaq vacibdir ki, İki ölkə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Bu əlaqələr getdikcə möhkəmlənir. Dövlətlərimiz arasında münasibətlərin inkişafında təbii ki, ölkə rəhbərlərinin dostluq münasibətləri mühüm rol oynayır. Azərbaycan Ordusunun silahlanmasına önəmli təsir göstərən "Baykar'' şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirməsi də bu fikrin bariz ifadəsidir. Həmin PUA-ların Vətən müharibəsində səmərəli tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulması, işğalçının xeyli sayda canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi də önəmli fakt kimi diqqət çəkir. Türkiyə müharibədən sonra Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanılması prosesinə də dəstəyini verir. Bu gün Ağdam rayonunun Mərzili kəndi yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir.

Əlbəttə, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir. Mərkəz pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinqlər aparır.
Türkiyə şirkətlərinin Qarabağın yenidənqurma işlərində də səmərəli iştirakından bəhs edən Prezident İlham Əliyev deyib: “Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə şirkətləri uğurlu fəaliyyət göstərəcəklər”.

Hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onların digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyi edəcəkləri nəzərdə tutulur. Qırx dörd günlük Vətən müharibəsi və torpaqlarımızın mənfur düşməndən azad olunması şanlı qəhrəmanlıq dastanı kimi tariximizin qızıl yaddaşında əbədi həkk olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni işğalçılarından torpaqlarımızı azad edib, Azərbaycanımızı qalib dövlətə çevirdi. Öz həqiqi sahiblərini gözləyən Qarabağın bütün şəhərləri, qəsəbələri və kəndləri yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi ilə abadlaşacaq və yenidən gözəl bir diyara çevriləcəkdir. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər.

...Tarixboyu Azərbaycan xalqı həmişə əmin - amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Təbii ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm – itimdir. Ona görə 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın
səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi.

Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və müqəddəs Vətən müharibəsi idi. Eyni zamanda bu savaş şərlə xeyir qüvvələrinin mübarizəsinin məntiqi yekunu idi. Ordumuzun əks-hücum əməliyyatları zamanı döyüş taktikası ilk gündən hərb tarixi üzrə tanınmış mütəxəssislərin və ekspertlərin diqqətini cəlb etdi. Silahlı Qüvvələrimiz döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi.

Qarabağın tacı olan Şuşamızı işğaldan azad edən cəngavər oğullarımızın şücaəti xüsusi ilə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Qədim Şuşa qalasının alınması həm də tam qələbəmizi müjdələyən zəfər oldu. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. 

Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir. “Bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Bu tarixi qələbə 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. Vətən müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq, siyasətçilər çox araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək. Vətən müharibəsi xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən reallığı, eyni zamanda, nəinki ölkəmizin vətəndaşlarının, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Vətən müharibəsi həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən monolit birliyə yol açdı, adi həyatda fərqinə varmadığımız, lakin Vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsi anında baş qaldıran mübarizlik və qəhrəmanlıq xüsusiyyətləri harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya sirayət etdi. Xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi.

Sözsüz ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Döyüş meydanlarında böyük şücaət göstərən igid əsgər və zabitlərimiz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə orden və medallara layiq görülürlər. Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də Ordumuzun gücündən geniş bəhs edərək demişdir: “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.”

Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu. İşğaldan azad olunmuş ərazilərimizdə günəş yenidən doğacaq, əzəli və əbədi yurd yerlərimiz yenidən canlanacaq, Azərbaycan bayrağının sancıldığı hər qarış yer cənnətə dönəcək. Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandana, onun rəhbərliyi altında möcüzələri reallığa çevirən şanlı Azərbaycan Ordusuna eşq olsun!Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda canlarından keçən igidlərimizin və onların valideynlərinin qarşısında baş əyirik.

Səs salıbdır dünyaya bu gün şanlı zəfərin

Sənin ünvanınadır bu alqışlar, afərin.

Mübarəkdir yürüşün, uğurludur səfərin

Sənlə yandı Şuşada azadlığın çırağı

Artıq Qarabağdadır Azərbaycan bayrağı

Yaşasın Azərbaycan!

Eldar Həsənov,

Penitensiar xidmətin “Cəmiyyət və cəza” jurnalının ədəbi işçisi

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10495

Oxşar yazılar