Qarabağda erməni terrorçuları tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi artıq faktdır. Bunu heç İrəvanın özü də yüzlərlə sübutun qarşılığında dana bilmir.
Ermənistan tərəfinin sözügedən kütləvi məzarlıqların yeri haqda məlumatların veriləcəyi ilə bağlı vədləri isə vəd olaraq qalır. Rəsmi İrəvan azərbaycanlılara qarşı qəsdən qırğınlar törətdiyini etiraf edəcəyindən ehtiyat edir. Amma Qarabağ işğaldan azad olunandan sonra zaman-zaman belə kütləvi məzarlıqlar üzə çıxmaqdadır. Kütləvi məzarlıqlar, gündəmdəki ən ciddi məsələlərdən biridir. İrəvan uzun müddət indiki siyasətini davam etdirə bilməyəcək. Ona görə ki, Bakının əlində beynəlxalq ictimaiyyətə təqdim edə biləcəyi çoxlu faktlar var.
Bir qədər əvvəl isə erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıların kütləvi basdırdıqları məzarlıq açılıb. Vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyev yerli və xarici media nümayəndələrinə məzarlıq haqqında məlumat verib.
O bildirib ki, 1993-cü ildə Bakı şəhərində işlədiyi vaxt, ermənilərin kəndlərinə hücum etdiyini eşidib və valideynlərini təhlükəsiz yerə aparmaq üçün köməyə gəlib. Avqustda erməni hərbçilər onu girov götürüb. 48 gün Edilli kəndində girov saxlanılıb. Onun sözlərinə görə, erməni hərbçiləri döyüşlərdə ölən, kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini bu kəndə gətirərək qazılan quyulara töküb, üstünü torpaqlayıblar. Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir.
Məzarlıq fevralın 23-də açılıb. Hazırda mütəxəssislər burada çalışırlar. Şahidlərin ifadələrinə görə, burada 3 metr dərinlikdə 15-20 cəsəd basdırılıb. Üst hissədə 4-5 nəfərin cəsədi görünsə də, torpağın altında da cəsədlərin olması ehtimalı var. Cəsədlər eskumasiya olunduqdan sonra aidiyyəti qurumlara təhvil veriləcək.
Əslində, bu, hərbi cinayətdir və Ermənistan buna görə cavab verməlidir. Bu kimi məzarlıqların yerləri bildirilməlidir, 4 min itkinimiz barədə məsələlər aydınlaşmalıdır. İndi maraqlı bir situasiya da yaranıb: tapılacaq kütləvi məzarlıqların hər birindən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinin bir sübutu kimi istifadə etmək imkanı yaranır. Tapılacaq məzarlıqların hər birində Quba Soyqırımı Memorial Kompleksi kimi abidə yaradıla bilər.
Və nəhayət, qısa müddət ərzində Azərbaycan tərəfi bunu işğaldan azad olunmuş ərazilərdə müəyyən edib tapa bilirdisə, demək, həmin o işləri törətmiş erməni tərəfi buna çox yaxşı bələd idi. Ona görə də Ermənistan tərəfinin məntiqsiz izahları heç bir əsas tapa bilməz və əminik ki, beynəlxalq ictimaiyyət bunu qəbul etməyəcək.