Taliblər, qızılbaşlar və ASAN Xidmət: Əfqanıstanın az bilinən tərəfləri  - REPORTAJ
27 avqust 2026 14:35 (UTC +04:00)

Taliblər, qızılbaşlar və ASAN Xidmət: Əfqanıstanın az bilinən tərəfləri - REPORTAJ

0

Əfqanıstan bir neçə əsrdir ki, dünyanın ən qeyri-sabit ölkələrindən biri olaraq qalır. Burada nisbi sabitliyin qısa dövrləri müharibələr, xarici müdaxilələr, çevrilişlər, eləcə də müxtəlif siyasi, etnik və dini qüvvələr arasında daxili mübarizələrlə əvəzlənib. Nəticədə böyük ölçüdə öz qaydaları ilə yaşayan mürəkkəb bir sistem formalaşıb. Bu isə daha çox Əfqanıstanın və onun xalqının seçimi deyil, ölkənin tarixi taleyinin nəticəsidir.

Müasir Əfqanıstanın əsas problemlərindən biri də məhz buradan qaynaqlanır: dövlət institutlarının zəifliyi. Bu institutların qarşıda mürəkkəb inkişaf və transformasiya yolu keçməsi tələb olunur.

2021-ci ildə ABŞ iyirmi illik hərbi mövcudluqdan sonra Əfqanıstanı tamamilə tərk etdi. “Taliban” cəmi bir neçə həftə ərzində ölkənin demək olar ki, bütün ərazisinə nəzarəti ələ keçirdi və bu gün faktiki olaraq təhlükəsizlikdən iqtisadiyyata, dövlət institutlarının fəaliyyətindən gündəlik idarəçiliyə qədər bütün sahələrə cavabdeh hakimiyyətdir.

Bununla belə, yeni hakimiyyətin qarşısında hələ də bir sıra ciddi problemlər dayanır. Onlardan başlıcası beynəlxalq tanınmadır. Hazırda Rusiya “Taliban” hökumətini rəsmi şəkildə tanıyan yeganə ölkə olaraq qalır. Bununla yanaşı, Kabulla de-fakto əməkdaşlıq edən və orada diplomatik nümayəndəliyini saxlayan dövlətlərin sayı xeyli çoxdur.

Azərbaycan da belə ölkələrdən biridir. Bakı Kabildə diplomatik nümayəndəliyə malikdir və mövcud Əfqanıstan hakimiyyəti ilə münasibətləri tədricən inkişaf etdirir. Azərbaycan həmçinin Əfqanıstan nümayəndə heyətinin beynəlxalq iqlim gündəliyində iştirakına dəstək göstərib. Başqa sözlə, Bakı ilə Kabil arasında təmaslar getdikcə daha konkret xarakter alır.

Lakin Əfqanıstanın daha az tanınan başqa bir tərəfi də var: onun türk və Azərbaycanla bağlı tarixi irsi. Ölkədə bu gün də qızılbaşlar, əfşarlar, Mərv türkləri və digər qruplar yaşayır. Onların bir hissəsi öz kökləri haqqında yaddaşı qoruyub saxlayır və müəyyən formada kimliklərini Azərbaycanla əlaqələndirir.

Bəs bu insanlar bu gün kimlərdir və “Taliban” hakimiyyəti dövründə necə yaşayırlar? “Taliban”ın yenidən hakimiyyətə qayıtmasından sonra Əfqanıstanda nə dəyişib? Formalaşmış nizam nə dərəcədə dayanıqlıdır? Kabil Bakıya necə baxır və niyə Əfqanıstanda Azərbaycanın “ASAN Xidmət” modelinə maraq göstərilir?

Əfqanıstanda bu gün baş verən bu və digər proseslər barədə Vesti.az-a ölkədə olan şərqşünas, Yaxın Şərq üzrə ekspert Ruslan Süleymanov danışıb.

— Siz Əfqanıstana artıq ikinci dəfə səfər edirsiniz. İlk səfərinizlə müqayisədə ölkədə nə dəyişib və bu dəyişikliklər daxildən nə dərəcədə hiss olunur?

— Mən həqiqətən də 2023-cü ildə Əfqanıstanda olmuşam. Həmin vaxt ölkənin indiki rəhbərləri hakimiyyətlərini yeni möhkəmləndirirdilər. Təhlükəsizlik sahəsində vəziyyət sabit deyildi, terror təhlükəsi son dərəcə yüksək idi. Bu gün Əfqanıstan terror təhlükəsi indeksində artıq 11-ci yerdədir. Məsələn, “İslam Dövləti” qruplaşmasının fəaliyyəti demək olar ki, minimuma endirilib.

Mən Əfqanıstanda Heratdan Kabilə qədər 1000 kilometrdən çox yol qət etmişəm. Yol tamamilə təhlükəsiz idi.

Eyni zamanda ölkədə çox böyük iqtisadi problemlər qalmaqdadır. Bunun əsas səbəblərindən biri taliblərin ciddi siyasi təcrübəsinin olmamasıdır. Onlar döyüşçü və hərbçidirlər, amma siyasətçi deyillər. Bununla belə, onların bəxti gətirib ki, əvvəlki rejimdən ölkədə çoxlu sayda məmur qalıb. Bunlar yüksək təhsilli insanlardır və məsələn, məhz onların sayəsində Əfqanıstan iqtisadiyyatı çökməyib, hətta artım nümayiş etdirir. Milli valyuta — əfqani isə son beş ildə təxminən 30 faiz möhkəmlənib.

Bu arada Əfqanıstana xaricdən göstərilən iqtisadi yardımın həcmi azalır. Hazırda bu rəqəm 1 milyard dollardan bir qədər çoxdur, halbuki, məsələn, beş il əvvəl təxminən 4 milyard dollar idi. Bu dəfə məndə daha çox belə bir təəssürat yarandı ki, beynəlxalq ictimaiyyət əfqanları unudur və ya sadəcə onları görməməyə çalışır.

Bunu qismən son üç ildə baş verən hadisələrlə əlaqələndirmək olar. Mən Qəzza sektorundakı müharibəni, İran–ABŞ–İsrail qarşıdurmasını və Suriyadakı hadisələri nəzərdə tuturam.

Əfqanıstana diqqətin azalması və onun indiki hakimiyyəti ilə — necə olmasından asılı olmayaraq — dialoqun olmaması ölkənin təcridini artırır və ilk növbədə sadə insanların vəziyyətini daha da ağırlaşdırır.

— Taliblər yenidən hakimiyyətə qayıtdıqdan sonra onların dövləti idarə etmək qabiliyyəti ilə bağlı çoxlu suallar yaranmışdı. Bu sistem bu gün necə qurulub, nə dərəcədə effektivdir və “Taliban”ın ali lideri qərarların qəbulunda hansı rolu oynayır?

— Başa düşmək vacibdir ki, “Taliban” vahid deyil. Kabildə 2021-ci ilin sentyabrında formalaşdırılmış hökumət fəaliyyət göstərir. Eyni zamanda taliblərin beşiyi hesab olunan, onların hərəkatının 1990-cı illərin ortalarında yarandığı Qəndəharda ali liderin — əmir əl-möminin, yəni “möminlərin əmiri” Heybətullah Axundzadənin qərargahı yerləşir.

Məhz onun adından qadınların təhsilinə qadağa kimi kifayət qədər sərt məhdudlaşdırıcı qanunlar irəli sürülür. Onun tabeliyində “Əmr bil-məruf və nəhy ənil-münkər” — Fəzilətin Təbliği və Pisliklərin Qarşısının Alınması Nazirliyi, başqa sözlə, əxlaq polisi də fəaliyyət göstərir.

Kabildəki Nazirlər Kabineti çox vaxt ali liderin qəbul etdiyi qərarlardan yalnız sonradan xəbər tutur. Ayrı-ayrı nazirlər, məsələn, daxili işlər naziri Siracuddin Haqqani əvvəlcə Heybətullah Axundzadəni hətta tənqid edirdi. Amma son vaxtlar bu tənqidlər dayanıb.

Ali lider deobandi cərəyanına məxsus İslamın maksimum dərəcədə mühafizəkar şərhini müdafiə edir. Bu yanaşma hətta “Taliban” daxilində bir çoxları üçün sərt hesab olunur. Lakin heç kim hakimiyyətini getdikcə daha çox öz əlində cəmləşdirən, o cümlədən Qəndəharda güc strukturunu genişləndirən əmir əl-mömininə qarşı çıxmağa cəsarət etmir.

Buna baxmayaraq, onun təşəbbüsü ilə qəbul edilən bir çox məhdudlaşdırıcı tədbirlər praktikada çox vaxt sadəcə nəzərə alınmır. Məsələn, ötən ilin payızında Qəndəhardakı qərargah ölkədə internetdən istifadəni qadağan etmişdi. Amma artıq üçüncü gün Kabildəki hökumətin narazılığı səbəbindən qadağa qüvvədən düşdü.

Başqa bir nümunə: iyunda ali lider məmurların smartfonlardan istifadəsini qadağan edən göstəriş verdi. Amma müşahidələrimə əsasən, heç olmasa Kabildə talib məmurlar qadcetlərdən imtina etməyə tələsmirlər.

— Müasir Əfqanıstanda etnik və dini azlıqların vəziyyəti də çoxlu suallar doğurur. Siz, o cümlədən, Kabildə şiə məscidində olmusunuz. Bu gün şiələr və digər azlıqlar özlərini nə dərəcədə sərbəst hiss edirlər və “Taliban” hakimiyyəti dövründə onların real bərabərliyindən danışmaq mümkündürmü?

— Əfqanıstan İslam Əmirliyi elan edildiyi ilk gündən etibarən taliblər bütün etnik və dini azlıqların bərabərliyini və onların müdafiəsini bəyan edirlər. Bu, onların 1996–2001-ci illərdə ilk dəfə hakimiyyətdə olduqları dövrdəki vəziyyətdən kəskin şəkildə fərqlənir. Həmin vaxt azlıqlar ayrı-seçkiliyə məruz qalırdı. Məsələn, hindulara sarı rəngli geyim geyinmək və hər il xərac ödəmək tapşırılırdı, şiələrə isə Novruz bayramını qeyd etmək qadağan edilmişdi. Bu gün belə hallar yoxdur.

Bununla yanaşı, vaxtaşırı yerlərdə insidentlər baş verir və yerli səviyyədə silahlı taliblər əhaliyə qarşı xüsusi sərtlik nümayiş etdirirlər. Belə hallarda etnik və dini amillər münaqişələri həmişə daha da kəskinləşdirir. Ən çox təzyiqə məruz qalanlar şiə-həzaralardır. Türk azlıqları ilə bağlı isə belə insidentlər demək olar ki, baş vermir.

Bundan əlavə, bütün konfessiya və dinlərin bərabərliyi bəyan edilsə də, taliblərin formalaşdırdığı hökumətdə puştunlar hələ də dominant mövqedədirlər. Nazirlər Kabinetindəki 58 əsas vəzifəli şəxsdən yalnız 7-si tacik, özbək və ya bəlucların nümayəndəsidir.

“Taliban” liderləri əsasən etnik puştunlardan ibarətdir və hesab edirlər ki, 20 il davam edən silahlı mübarizədən sonra Əfqanıstanı idarə etmək hüququ qazanıblar. Hər bir etnik qrupun xarici qüvvələrə qarşı müharibədə iştirak edib-etməməsi isə həmin qrupun ölkənin idarəçiliyində təmsil olunmasını müəyyən edən əsas amillərdən biridir.

— Əfqanıstandakı Azərbaycan türkləri ayrıca mövzudur. Bu gün onların vəziyyəti necədir? Onlar öz kimliklərini, dillərini və mədəniyyətlərini nə dərəcədə qoruyub saxlaya biliblər? Yerli hakimiyyətlə münasibətləri necədir və Azərbaycan tərəfindən onlara dəstək göstərilirmi?

— Əfqanıstanda türklərin, o cümlədən Azərbaycan türklərinin ümumi sayı təxminən 2 milyona çatır. Ölkənin ümumi əhalisi isə təxminən 40 milyon nəfərdir.

Azərbaycan türklərinin, eləcə də digər azlıqların əsas problemlərindən biri öz köklərini, ilk növbədə isə dillərini itirmələridir. Son 40 ildə davam edən silahlı münaqişələr nəticəsində onların bir çox nümayəndəsi Əfqanıstandan qaçıb və ya assimilyasiyaya uğrayıb. Mən, məsələn, artıq yalnız dari və ya puştu dilində danışan səlcuqlara və bayatlara rast gəlmişəm.

Amma öz kimliyini qoruyub saxlayan ayrı-ayrı tayfalar da var. Məsələn, Kabildə yaşayan əfşarlar və Heratdakı mərvilər. Onlar öz dillərini qoruyublar və bu, Azərbaycan dilidir. Təbii ki, həmin dildə dari və puştu dillərindən çoxlu elementlər mövcuddur.

Əfşarlar və mərvilər özləri Azərbaycan dili kursları və məktəbləri təşkil etməyə çalışırlar. Təbii ki, onların dəstəyə ehtiyacı var. Azərbaycanın Kabildəki səfirliyi 2024-cü ilin fevralında açıldıqdan sonra əminəm ki, bu işlər xeyli asanlaşacaq.

Bilirəm ki, səfirliyin və şəxsən səfir İlham Məmmədovun səyləri nəticəsində Kabildəki əfşarlara Azərbaycan dili kurslarının təşkili üçün dəstək göstərilib. Ümid edirəm ki, Heratda yaşayan azərbaycanlı mərvilərə və Əfqanıstanın digər bölgələrindəki azərbaycanlılara da eyni dəstək göstəriləcək.

Bütün bunlar, əlbəttə, asan deyil və istənilən xarici təsirə kifayət qədər həssas yanaşan yerli hakimiyyət orqanları ilə razılaşdırma tələb edir. Amma kiçik addımlarla da olsa, əminəm ki, Azərbaycan tərəfindən bu dəstək bundan sonra da davam etdiriləcək.

— Bu gün Bakı ilə Kabil arasında münasibətlər necə inkişaf edir? Artıq hansı siyasi və iqtisadi layihələr həyata keçirilir və əməkdaşlığın əsas perspektivlərini harada görürsünüz?

— Formal olaraq Azərbaycan Əfqanıstan İslam Əmirliyi hökumətini tanımır, amma onunla artıq əməkdaşlıq edir. Dediyim kimi, iki ildən çoxdur ki, Kabildə səfirliyimiz fəaliyyət göstərir. Həmçinin 2024-cü ilin yanvarından Bakıda Əfqanıstan İslam Əmirliyinin nümayəndəsi çalışır və bu, təbii ki, ölkələrimiz arasında əlaqələri asanlaşdırır.

Hələlik genişmiqyaslı əməkdaşlıqdan danışmaq tezdir. Əfqanıstanda son illərdə baş verən hadisələrlə əlaqədar bir çox təmaslar itirilib. 2010-cu illərin ortalarında əməkdaşlığımızın ən yüksək dövründə ticarət dövriyyəsi təxminən 300 milyon dollara çatırdı. 2025-ci ilin yekunlarına görə isə bu göstərici 113 milyon dollardan bir qədər çox olub. Bunun əsas hissəsini Azərbaycandan Əfqanıstana yanacaq tədarükü təşkil edib. Bununla belə, bu rəqəm əvvəlki illə müqayisədə 200 dəfə çoxdur.

Düşünürəm ki, ölkələrimizin böyük perspektivləri var. Bu, o cümlədən Lapis Lazuli beynəlxalq nəqliyyat dəhlizi, yəni “Lazurit dəhlizi” kimi iddialı beynəlxalq layihələrdə iştirak hesabına mümkündür. Gələcəkdə bu dəhliz Türkiyədən Əfqanıstana qədər bir sıra ölkələri birləşdirəcək.

Çox şey təhlükəsizlik vəziyyətindən asılı olacaq. Son illərdə Əfqanıstandakı vəziyyət yaxşılığa doğru dəyişir və bu da Lapis Lazuli layihəsinin tam reallaşdırılması şanslarını daha real edir.

Bundan əlavə, artıq uzun illərdir ki, Əfqanıstanda Azərbaycanın dəstəyi ilə ASAN Xidmət layihəsi həyata keçirilir. Mən onun Kabildəki filialında da olmuşam. Yeri gəlmişkən, bu filial qızılbaş-əfşarların kompakt yaşadığı ərazidə yerləşir. Bir çox əfqan üçün bu sistem sənədlərin rəsmiləşdirilməsi və ya, məsələn, vergilərin ödənilməsi prosedurlarını xeyli sadələşdirir.

— Bu gün Əfqanıstana turistlərin və biznes nümayəndələrinin səfər etməsi nə dərəcədə təhlükəsizdir?

— Ümumilikdə təhlükəsizdir, amma mən marşrutu əvvəlcədən və çox diqqətlə planlaşdırmağı, aidiyyəti qurumlardan bütün zəruri icazələri əldə etməyi tövsiyə edirəm. Bundan başqa, qəbul edən tərəfdən müşayiətçi tapmaq və ya etibar etdiyiniz yerli sakinlərdən birindən kömək istəmək məsləhətdir.

Hazırda Kabilə uçuşlar əsasən Dubay, İstanbul və Daşkənddən həyata keçirilir. Əfqanıstan daxilində hava nəqliyyatı da kifayət qədər inkişaf edib. Ölkə daxilində avtomobillə hərəkət etmək də, dediyim kimi, təhlükəsizdir.

Əsas məsələ, yenə də vurğulayım ki, hər zaman yerli bir şəxsin müşayiəti ilə hərəkət etməkdir. Əfqanıstanda təkbaşına səfər etmək hələ də risklidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar