Suqovuşandan "Dəmir yumruq" MESAJI
04 oktyabr 2021 17:20 (UTC +04:00)

Suqovuşandan "Dəmir yumruq" MESAJI

2020-ci il oktyabr ayının 3-də davam edən Vətən Müharibəsinin gedişində Azərbaycan Ordusu Tərtər rayonunun Talış və Madagiz kəndlərini işğaldan tamamilə azad edib. Əslində, sentyabrın 27-də ilk günündə əldə edilmiş qələbələrdən sonra strateji əhəmiyyətli Suqovuşan və Talışın azad edilməsinin ordumuza, xalqımıza əlavə mənəvi güc verdi. Bu kəndlərin azad edilməsi Ermənistan ordusunun gözünü qorxutdu, onlarda psixoloji gərginlik yaratdı. 

“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” xəbərini “Twitter” səhifəsində paylaşan Prezident, Ali Baş Komandan İlham Əliyev daha sonra isə onun tarixi adının bərpa edildiyini, bundan sonra Suqovuşan adlandırılacağını bildirdi. 

Üçrəngli bayrağımızın Suqovuşanda dalğalanması bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı daha da artırdı. Suqovuşanın strateji bir yer idi. Təsadüfi deyil ki, Ermənistan ordusunun 6-cı dağ atıcı alayının qərargahı da Suqovuşanda yerləşirdi. Məhz həmin alayın ordumuzun uğurlu əməliyyatı nəticəsində darmadağın edilməsindən sonra Suqovuşan işğalçılardan təmizləndi. 

“Bu kəndlərin strateji əhəmiyyəti ondadır ki, burada düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı”.

Bu sözləri Azərbaycan Prezidenti, Ali Baş Komandan oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman bildirdi. 
Suqovuşanın azad edilməsi, həm də düşmənin Tərtər rayonuna buradan zərbələr endirməsinə son qoydu.  Ermənistan Tərtəri də işğal etmək niyyətində idi. Amma Suqovuşan zəfərindən sonra  Ermənistan anladı ki, Dağlıq Qarabağdan çıxmaq məcburiyyətində qalacaq. 

Suqovuşanın yuxarıda qeyd edilən böyük hərbi-strateji əhəmiyyəti ilə bərabər, eyni zamanda, mühüm iqtisadi önəmi də vardı. Bəzi məqamlara diqqət edək; Sərsəng və Suqovuşan (keçmiş Madagiz) su anbarları enerji təyinatlı anbarlardır. Sərsəng su anbarı 50 mqvt, Madagiz-1 su anbarı 4,8 mqvt və Madagiz-2 su anbarı isə 3 mqvt gücə malikdir. Həcmi ən böyük olan su anbarı isə Sərsəngdir. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Madagiz su anbarları, Sağ və Sol Sahil magistral kanalları vasitəsilə həyata keçirilib. On illərdi su anbarlarının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradırdı. Azərbaycanın Suqovuşan su anbarını işğaldan azad etməsi ilə düşmənin enerji potensialına zərbə vurulub, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub. 

Bundan başqa, Suqovuşanın turizm məkanlarından birinə çevrilməsi Azərbaycanın gələcək hədəflərindəndir. Azərbaycan Prezidenti İlham Əliyev artıq Suqovuşanın turizm potensialının inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib: “İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm turistlər üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir. Naftalana gələn qonaqların, - istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun”. 

Ekspertlərin fikrincə, Azərbaycan Prezidentinin Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olması da önəmli amildir. Tarixdən məlumdur ki, udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzər sahili torpaqlarda yaşayıb və xristianlığa, o cümlədən yəhudi dininə ibadət ediblər. Qafqaz Albaniyasında Alban məbədlərini, kilsəyə aid olan bütün avadanlığı və sənədləri erməni apostol kilsəsinə verilib. Bununla da, bu etnos demək olar ki, məhvə məhkum edilib, onlar məcburən qriqoryanlığı qəbul etməli olublar. Lakin udi etnosu misilsiz qəhrəmanlıq göstərib, 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dilinə, tarixi vətəninə sadiq qalıb, erməniləşməyib, əksinə, 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışıb. Bu işdə onlara Azərbaycan xalqı da yaxından kömək edib. Azərbaycanın tarixi torpaqlarında yaşayan yəhudi, türk, udi qəbilələrinin bütün abidələrini ermənilər məhv etmək istəyiblər. Bu baxımdan, Prezident Əliyevin adıçəkilən kilsələrə getməsi Azərbaycanın tarixi abidələrə həssas yanaşdığını sübut edir. 

Prezident İlham Əliyev Suqovuşan səfəri zamanı Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın cinayətkar əməlləri, xain, qorxaq, simasız birisi olması, onun keçmişi ilə bağlı faktları da açıqladı. O qeyd etdi ki,  müharibə vaxtı minlərlə erməni əsgər və zabit fərarilik edirdi. Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi: “Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır”.  

Prezident onu da qeyd etdi ki, Sarkisyan ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur.

Sitat: “Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Suqovuşanda Azərbaycan bayrağını ucaltdı. Və revanşist fikrə düşənlərə növbəti və sərt mesajını verdi:  

“Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.

Bircə ermənilər bunu anlasaydılar...

# 2823
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar