Pul qarşılığında müharibələrdə öz tərəfinə muzdlu döyüşçülər cəlb etmək ənənəsi qədimdən mövcud olub. Muzdlu qoşun təcrübəsi bəzi hallarda özünü doğruldub, bəzi hallarda isə əks nəticə göstərib.
Lent.az muzdlu döyüşçülərin tarixi ilə bağlı kiçik araşdırma aparıb.
Qədim dövr
Afinalı orator İsokrat hələ e.ə IV əsrdə ordusunun əksəriyyətini muzdlu döyüşçülər təşkil etdiyi üçün Afina dövlətini tənqid edirdi. “Biz bütün dünyaya müharibə elan edirik. Amma müharibəyə özümüz hazırlaşmaq yerinə, avara, satqın və hər cür əyyaşdan ibarət qoşun toplayırıq. Onlar isə qarşı tərəf daha çox ödəniş etsə, onların tərəfində bizə qarşı vuruşacaq”.
İsokratın iradlarına baxmayaraq, dinc dövrdə qoşun saxlamaq xəzinədən böyük pul tələb etdiyi üçün antik dövrdə dövlətlər hücuma hazırlaşanda yaxud müharibə riski artanda muzdlu döyüşçülər toplamağa üstünlük verirdi. Onlar arasında yüksək döyüş ustalığı olan qoşun növləri də var idi. Məsələn, kiprli oxçular, spartalı piyada döyüşçülər öz sahələrində professional sayılırdılar.
Muzdlu döyüşçülərlə bağlı ilk məlum insident Qədim Misirdə Yeni Çarlıq (e.ə. 1549-1069-cu illər) dönəmində baş verib. Belə ki, Misir ordusunun əsas hissəsini liviyalı döyüşçülər təşkil edirdi. Onlar cəsarətlə vuruşaraq Misir üçün yeni ərazilər, qənimətlər əldə edirdi.
Amma hakim sülalə devrildikdən sonra liviyalı muzdluların rəhbəri Şeşonk faraon oldu. I Şeşonk adı ilə o e.ə. 946-922-ci illərdə taxta olub.
Daha 350 il sonra misirlilər üsyan qaldıraraq liviyalı sülaləni devirir, ölkə iqtisadiyyatını bərpa edir və bu dəfə yunan muzdlularını ölkəyə dəvət edirlər.
Lakin e.ə IV əsrdə Misirin yaxınlığında nüfuzlu Əhəmənilər dövləti qurulduqdan sonra yunan muzdluları fironlar ölkəsini tərk edərək onlara daha çox pul təklif edən İran dövlətinin tərəfinə keçməyə üstünlük verirlər.
Bundan sonra, Misir hökmdarları yunanıstanlı muzdlu döyüşçüləri öz ölkələrinə nadir hallarda dəvət edir.
Amma tarixdə muzdluların sədaqətlə sona qədər vuruşmasına dair də nümunələr az deyil. Məsələn, e.ə 331-ci ildə Makedoniyalı İsgəndər və Əhəməni hökmdarı III Daranın qoşunları arasında baş verən məşhur Qavqamela döyüşü zamanı fars döyüşçülərdən fərqli olaraq, yunan muzdluları sona qədər döyüşüblər.
Bundan başqa, I Pun müharibəsi zamanı Romanın Afrikaya göndərdiyi qüvvələr spartalıların şiddətli müqavimətinə görə, rəqib imperiyanın paytaxtı Karfageni ala bilməmişdi və məğlub olmuşdu.
İkinci Pun Müharibəsi zamanı isə Karfagen sərkərdəsi Hannibalın qüvvələrinin əsasını muzdlular təşkil edirdi.
E.ə 216-ci ildə Kann şəhəri yaxınlığında onun qoşunları sayca 2 dəfə çox Roma qoşunları ilə həlledici döyüşdə üzləşdi. Həmin məşhur döyüş zamanı öncədən planlaşdırıldığı kimi Karfagen qoşunlarının mərkəzində duran iberiyalı piyadalar sürətlə geri çəkilməyə və romalıları özləri ilə aparmağa başladı. Bu zaman namibiyalı süvarilərdən ibarət qüvvələr tələyə düşən romalılara cinahlardan zərbələr endirərək onları tam mühasirəyə aldılar. Kann döyüşündə 70 minlik Roma qoşunun azı 50 mini döyüşdə öldürülmüşdü.
Orta əsrlər
Orta əsrlərin feodal dağınıqlığı dövründə Avropada muzdlu qoşunların cəlb olunması halları yenidən canlanmağa başladı. Öz ağasını müdafiə etmək üçün torpaqdan ayrılan kəndlilər döyüş meydanında çox zəif nəticələr göstərirdilər. Digər tərəfdən, onların yoxluğunda təsərrüfat da məhv olurdu.
Məhz bu zaman XIV əsrdə İtaliyada kondotyer, İspaniyada almoqavr, Almaniyada landsknext və İsveçrədə isə rayzlauferlər adlandırılan muzdlu təşkilatlar yaranmağa başlayır. Amma onlar fərqli strukturlara malik idi.
Belə ki, İsveç rayzlauferləri ordu strukturuna daxil olan ayrı-ayrı intizamlı dəstələr idi və dövlətin razılığı ilə hərbi əməliyyatlara cəlb olunurdu. Onların döyüş qabiliyyətinə və verdiyi anda tam etibar etmək mümkün idi.
Amma italiyalı kondotyerlər və ispaniyalı almoqavrlar adətən öz topladıqları dəstələrə başçılıq edən komandirlərdən ibarət idi. Belə dəstələr adətən, dövlət deyil, şəxsi təşəbbüsləri ilə müştəri tapır, ödəniş olmadıqda asanlıqla döyüşdən yayınır və çevrilişlər təşkil edirdi.
Fransa və Böyük Britaniyada isə muzdluluq ənənəsi fərqli idi. Bu ölkələrdə müstəqil şəxslər və şirkətlər qoşun toplamaq və təlim keçmək hüququna sahib olsalar da, onlara komandanlığı yalnız kralın təyin edəcəyi kapitan etməli idi. Həmin kapitan muzdlu qoşunun tərkibində fərqli xalqlardan döyüşçülər olduğu üçün mütləq azı 3 dil bilməli idi.
Amma XIX əsrin ortalarından başlayaraq, Avropa ölkələri muzdlulardan get-gedə daha az istifadə edir, kütləvi hərbi çağırış sisteminə üstünlük verməyə başlayırdı.
Birinci Dünya Müharibəsindən sonra muzdlu döyüşçü təcrübəsi dünyada yenidən maraq oyatmağa başladı. Məsələn, Rusiyada 1918-1920-ci illərdə vətəndaş müharibəsində bolşevik qüvvələri tərəfində 300 mindən çox xarici ölkə vətəndaşı, muzdlu iştirak edirdi. Onların çox hissəsini çinlilər, macarlar, latışlar və çexlər təşkil edirdi.
Müasir dövr
XX əsrin ikinci yarısından başlayaraq ABŞ və Avropadan olan muzdlular Afrika, Asiya və Cənubi Amerikada hərbi əməliyyatlarda pul qarşılığında aktiv iştirak edir, yerli qüvvələrə təlimlər keçirdi. Muzdlular arasında istefada olan zabitlər xüsusən çoxluq təşkil edirdi.
Məhz bu fonda dövləti hərbi əməliyyatların aparılması və döyüş heyəti formalaşdırmaq qayğısından azad edən, ödənişlə çalışan hərbi şirkətlər yaranmağa başladı. Təlimçi, hərbi məsləhətçi və texniki peşələrlə yanaşı, xüsusi döyüş qrupları da olan belə şirkətlər XXI əsrin əvvəllərində dünyada gedən müharibələrdə get-gedə daha çox rol oynamağa başlayıb. Minlərlə döyüşçüsü olan bu hərbi şirkətlər minlərlə peşəkar döyüşçüyə, hərbi texnikaya və aviasiyaya malikdir.
Belə məşhur özəl hərbi şirkətlər arasında ABŞ-ın “Blackwater”, Britaniyanın “Aegis Defense Services” və Rusiyanın “Vaqner” şirkətlərinin adlarını çəkmək olar.