Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas Rafiq Əliyev və QMİ sədri Allahşükür Paşazadə
27 iyul 2021 16:00 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas Rafiq Əliyev və QMİ sədri Allahşükür Paşazadə

"Şeyx İranı çox istədiyindən elə deyib" - Sabiq komitə sədri

“Allahşükür Paşazadənin Ayətullah Xamenei haqqında dediyi fikir səhvdir və Azərbaycana zərər gətirəcək mövqedir”.

Bu sözləri Lent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev deyib.

O bildirib ki, əslində bölgədə gedən bütün prinsipial məsələlərin hamısında İran, Türkiyə və Rusiya iştirak etməlidir:

“Məsələn, Rusiya, Türkiyə və İran birliyi əmələ gəldi və Suriya məsələsi həll olundu. Bütün tarix boyu Türkiyə İranla bu qədər yaxın olmamışdı. Çünki bu yaxınlıqları həmişə ingilislər, amerikalılar pozurdu. Burada da çox məqamlar var ki, İranın marağı olmalıdır və olmaya bilməz. Bu marağı nə Rusiya, nə də Türkiyə kənara çəkə bilməz”.

R.Əliyev qeyd edib ki, QMİ (Qafqaz Müsəlmanları İdarəsi) sədri İranın marağını şişirdilmiş şəkildə ifadə edib:

“Şeyx həmişə danışanda sözləri biraz kobud deyir. Düzdür, Ayətullah Xamenei fətva verib, amma onun verdiyi fətvanın qələbəmizin müjdəçisi olması düzgün deyil. Şeyx İranı çox istədiyindən elə deyib. Əslində isə Allahşükür Paşazadə elə deməli deyildi”.

Keçmiş sədr əlavə edib ki, Azərbaycan islam ölkəsi olsa da, islam dövləti deyil: 

“Allahşükür Paşazadənin həm İran, həm də Rusiya ilə ciddi dini, qeyri-dini, mənəvi, fiziki əlaqələri mövcuddur. Onu da qeyd edim ki, din dövlətə lazımdır”.

Xatırladaq ki, QMİ sədri Allahşükür Paşazadənin "Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” - deməsi geniş müzakirələrə səbəb oldu və tənqid edildi.

Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri olan M.Mücahit Küçükyılmaz da bununla bağlı paylaşım edib: 

"Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9774
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar