Sabir Rüstəmxanlıdan Bəhruz Məhərrəmova İRAD:  "Ay cavan oğlan, sən nə qazanırsan?"
14 iyun 2024 12:54 (UTC +04:00)

Sabir Rüstəmxanlıdan Bəhruz Məhərrəmova İRAD: "Ay cavan oğlan, sən nə qazanırsan?"

31 il öncə, Ulu Öndərin taleyin ümidinə buraxılmış Azərbaycan xalqının imdadına yetişməsinin ən yaxşı ifadə ekvivalenti elə qurtuluşdur. Heydər Əliyevin Bakıya qayıtması hər kəs üçün qurtuluş oldu”.

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib. 

Deputat bildirib ki, Azərbaycan xalqı qardaş qırğınından, Azərbaycan dövlətçiliyi isə öz tarixinin utanc dövründən - hakimiyyət boşluğu, milli sərvətlərinin cinayətkarcasına talanması və xaosdan xilas olub.

“Hətta bu qayıdış öz xəyanətkar və qorxaq mahiyyəti ilə bütün faciələrin təməlində dayanan cinayətkar AXC-Müsavat funksionerləri üçün belə nicat oldu, onları elə özləri kimi qiyamçıların dar ağacından xilas etdi. Baxmayaraq ki, buna qədər hakimiyyəti zorla mənimsəməklə xalqa qarşı ən ağır cinayət törətmiş AXC iqtidarı bütün potensialını Heydər Əliyevlə mübarizəyə, onun 18 il ərzində formalaşdırdığı milli müstəqillik üçün təməl rolu oynayan potensialı dağıtmağa sərf etmişdilər”, - deyə o qeyd edib.

Bəhruz Məhərrəmovun sözlərinə görə, indi bəziləri, xüsusən ideoloji olaraq zəhərlənmiş siyasi tarixçilər həmin adamları milli azadlıq hərəkatı fəalları, istiqlalçılar kimi təqdim etmək istəyir:

“Amma Azərbaycan tarixində milli ruha, azadlıq ideallarına AXC-Müsavatın xuntası qədər zərbə vurmuş ikinci qüvvə yoxdur. Bu birdəfəlik dərk edilməlidir ki, Azərbaycan xalqının istiqlal yolunda meydan şousunun heç bir rolu olmayıb. Əksinə, xalqının sovetlərə inamı Heydər Əliyevin siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması ilə qırılmış, insanlar məhz Ulu Öndərin portretləri ilə ayağa qalxmışdı. Özünə xalq cəbhəsi deyən, əslində isə Qorbaçovun “yenidən qurma siyasətinin” elementi kimi mərkəzdən idarə olunan qruplaşmanın tribunaları  ələ keçirməsi isə hərəkatının məramını dəyişdi, sovet rejimi prosesi arzuladığı istiqamətdə idarə etməyə başladı. O dövrdə Qorbaçov rejimi bütün ittifaq dövlətlərində müstəqilliyə meylli liderləri hədəfə almışdı, amma Azərbaycan Xalq cəbhəsindən başqa heç bir yerli təsisat öz soydaşına qarşı mərkəzlə birləşmədi, yalnız bu satqınlar Heydər Əliyevə potensial rəqib kimi baxaraq imkanlarını Ulu öndərin fiziki məhvinə səfərbər etmişdilər.

SSRİ məkanında ikinci bir “milli qüvvə” olmayıb ki, hakimiyyət naminə ərazi bütövlüyünü qurban versin, AXC-Müsavat iqtidarı bunu etdi - Şuşa və Laçını satıb iqtidara gəldilər, Kəlbəcəri verib hakimiyyətdə qalmağa çalışdılar, 1993-cü ilin yayında isə Heydər Əliyevdən qisas almaq üçün özlərinə bağlı qüvvələri geri çəkməklə Füzuli, Cəbrayıl, Zəngilanı qumara qoydular. Amma tarix göstərdi ki, belə cılız marionetlərin milli iradə qarşısında şansı ola bilməz. Müdrik xalq Heydər Əliyev dedi və bu  Azərbaycan qurtuluşu oldu. Çünki əslində Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin əsas məqsədi məhz AXC xuntasından qurtulmaq, Heydər Əliyevə qovuşmaq idi. Ona görə də qurtuluş həm də real müstəqillik tariximizin bağlanğıcıdır. Bu gün Heydər Əliyev siyasi kursunun cənab İlham Əliyevin timsalında davam etməsi isə hərbi-siyasi qələbələrlə, iqtisadi inkişaf, güclü mərkəzi hakimiyyətlə  qurtuluşun əbədiliyinə təminat verir”.

Deputat Sabir Rüstəmxanlı isə həmkarının fikirləri ilə razılaşmayıb, Xalq Hərəkatını tənqid etməyi, Azərbaycanın dahi şəxsiyyətlərinin müqayisənin aparılmasını düzgün saymadığını bildirib:

“1988-ci ildə biz - 1 milyon, milyon yarım insan erməni işğalına qarşı çıxırdıq, bunun hakimiyyətə dəxli yoxdur. SSRİ-nin dağılmasında ən mühüm rol oynayan hadisələrdən biri isə məhz Azərbaycan Xalq Hərəkatı idi. Başda Bəhruz Məhərrəmov olmaqla, bəzi cavan dostlarımız prosesləri bilmir. Bu xalq bizimdir. AXC-Müsavat hakimiyyətinin qüsurları olub, bəli, tənqid edə bilərsən. Amma Müstəqillik Aktına biz imza atmışıq, biz imzalamışıq və oturmuşuq burada, ölüb getməmişik. Götürün Heydər Əliyevin Xalq Hərəkatına münasibətini oxuyun. Mənim kitabım var. Bəli, səhvlər oldu və Heydər Əliyev gəldi, çox böyük fəlakətdən xalqı qurtardı. Onu Rəsulzadəyə və ya başqasına qarşı qoymaq lazım deyil. Rəsulzadə 1918-ci ildə bu dövləti yaratmışdı. Tarix ardıcıllıqdır. Bir tarixi inkişaf etdirmək üçün birini böyüdüb, digərini kiçiltmək olmaz. Heydər Əliyev bütün Azərbaycan şəxsiyyətləri ilə fəxr edirdi. Ay cavan oğlan, sən nə qazanırsan? Mən bir dəfə sənə demişdim ki, bu məsələləri deyəndə adam birinci düşünüb, sonra danışar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2862
avatar

Oxşar yazılar