Qum saatı ilə çalışanlar
11 oktyabr 2021 18:22 (UTC +04:00)

Qum saatı ilə çalışanlar

İran durmur, susmur, məkrinə, hikkəsinə kin-küdurətinə ara vermir. Amma cavabsız da qalmır təbii. İstər rəsmi, istərsə də bu və ya digər şəkildə rəsmi Tehranının, şirin quyruğuyla əlləşənlərin cavabı verilir. 

Elə ictimai rəydə də İranın nüfuzu ildırım sürətiylə əriyir. Bu ölkənin 44 günlük müqəddəs savaşda, necə deyərlər hansı hoqqalardan çıxdığı tədricən bəlli olur. İndi məlum olur ki, din qardaşlarının düşməninə, Ermənistana nəinki maddi, texniki köməkliklər edib, hətta beynəlxalq prinsiplərin ziddinə Azərbaycan ərazisinə soxularaq ordumuzun irəliləməsinə belə mane olub. Ermənilərin toparlanmasına şərait yaradıb. Kim bilir nə qədər şəhid vermişik İranın bu yaramaz, düşmən hərəkəti, xəyanəti ucbatından. 

Bu gün İranın isdəklərinə qarşı qeyd etdiyimiz kimi ən yüksək səviyyədə açıqlamalar verilir. Amma bircə zümrə var ki, onlar hələ də susur. Bəli, bu din xadimləridir. Daim ekranlardan, qəzet səhifələrindən, saytlardan düşməyən dindarlar. Hansı mövzuda danışdırsan bülbül kimi ötəcəklər. Bircə İran mövzusu olmasın, Quma, Tehrana yönəlik sual verməyin, ağalarından təlimat aldıqlarına görə, susacaqlar. Tutuquşu kimi bunu deyəcəklər: “Mən bu mövzuda danışmaq istəmirəm”.

Sözə bir bax! Necə yəni danışmaq istəmirəm.  Axı müqəddəs dinimizdə açıq və konkret deyilir: “Sən haqqın yanında ol ki,  haqq da sənin yanında olsun”. 

Məgər biz, yəni çörəyini yeyib, suyunu içdiyin bu məmləkətin haqq yolunda deyilik? Məgər havasını udduğun bu ölkə haqq savaşı aparmırdı? Nədən onun üstünə gələn İran adlı nahaqqın hərəkətlərinə, təhdidlərinə susursuz? Təlimat belədi? Ya doğrudan da qəlbinizdə azca da olsa, vətən sevgisi yoxdur. Axı ürəyinizin dərinliyində Haqqın və Həqiqətin harda olduğunu bilirsiz? Bilmirsiz, gedin Quma, oranı özünüzə vətən seçin. Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü var, Hacı Surxay Məmmədli. Necə deyərlər, bu boyda həngamənin arasında, ölkəsi təhdid və təhqir olunduğu bir vaxtda toylardan danışır. Məhərrəm ayında toy edənlərə irad bildirir. Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? “Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf, ləyaqət və milli kimlik tələb edir deyir”. Bax, həmin milli kimlik, həm də bu millətə hədyan yağdıranların da cavabını verməyi tələb edir. Azərbaycan insanı öz şəhidini həmişə qəlbinin ən təmiz yerində saxlayıb, başının tacı edib. Şəhidlərimizin anım günündə Azərbaycan xalqının göstərdiyi həmrəyliyi də Hacı bilməmiş və görməmiş deyildi. Bu həmrəylik yolunda necə, cəsarətə gəlib cənubdan gələn təhdidlərə cavab vermək üçün də cəsarət lazımdı? Milli kimlik lazımdı?

Son baş verənlər bir həqiqəti də tam çılpaqlığıyla ortaya qoydu: Azərbaycanda din xadimlərinin, bu statusda olanların susqunluğunun əsas səbəbi odur ki, İranın tam təsiri altındadır. Onlar ölkə vətəndaşı olsalar da, ruhən ora bağlıdırlar. Ona görə açıqlama ortaya qoymurlar. Vicdanı, dövlətinə bağlı olan hər bir şəxs, hətta etnik dini mənsubiyyətindən asılı olmayaraq millətin, dövlətin marağından çıxış etməlidir. Bunları isə görmürük. Bir dostumuzun dediyi kimi, əgər bu gün işğaldan azad edilmiş torpaqda ermənilərə dəstək olan insanlar Azərbaycan dindarlarının başına keçib namaz qılırsa, bunun artıq özü təhlükədir. 

Bəli, Azərbaycandakı dindarlar İrandakı şəxslərin sözlərini özləri üçün əsas seçirlərsə, bunun artıq özü təhlükədir. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri deyirsə ki, İranın dini liderinin fətvası ilə Azərbaycan əraziləri işğaldan azad edilib, bunun özü çox böyük təhlükədir. Çünki Qum saatıyla çalışırlar, işləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6618
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar