Qərb öz dəyərlərinə hörmət etməlidir - ŞƏRH
19 may 2022 18:11 (UTC +04:00)

Qərb öz dəyərlərinə hörmət etməlidir - ŞƏRH

İllərdi bir sıra Qərb ölkələri Azərbaycana qarşı qeyri-səmimi münasibət göstərməkdə davam edirlər. Otuz il müddətində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, ərazilərimizin 20 faizinin işğal altında saxlanmasına demək olar ki, göz yumdular. Üstəlik, ən pisi də odur ki, əksər Qərb ölkələri hətta indinin özündə də Ermənistanı himayə etməkdə israrlı mövqe tuturlar. 

Ən maraqlısı və qəribəsi odur ki, Qərb Ermənistanı təkcə himayə etmir, onun açıq-aşkar xəyanətlərini sanki görməzdən gəlir. Fikir verin,  Ermənistanda polisin, güc qurumlarının etiraz aksiyalarına çıxanlara qarşı amansız davranışlarına, siyasi terroruna, zorakılıq hallarına, aksiyaları güc yolu ilə dağıtmasına göz yumur, əksinə, etiraz aksiyasına çıxanları qınayır.;

Ermənistandan fərqli olaraq, Azərbaycanda ən xırda hadisələr Qərb mediasında amansız zorakılıq kimi tirajlanır. Britaniya kimi ölkənin səfirliyi Fəvvarələr meydanında keçirilmiş dinc aksiyadan şou düzəldir, Azərbaycanın ünvanına şər-böhtanlar yağdırılır, süni gündəm formalaşdırılır.

Bəzi təhlilçilər Ermənistana xüsusi güzəştli, selektiv münasibəti belə əsaslandırmağa çalışır ki, Qərb guya bu üsulla Ermənistanı özünə tərəf çəkməyə, Rusiyanın patronajlığı altından çıxarmaq istəyir. Halbuki, heç Qərb üçün də sirr deyil ki, Ermənistan müstəqil ölkə deyil. Onun müstəqil xarici siyasət xətti yoxdur. Belə olan halda, Ermənistana bu münasibətin bir adı var - Qərbin riyakarlığı.

Ukraynaya qarşı Rusiya ilə eyni cəbhədə döyüşən, Qazaxıstana ODKB bayrağı altında qoşun yeridən bir ölkə hakimiyyətinə Qərbdə hörmət bəslənilməsi Qərb dəyərlərinin özünə qarşı hörmətsizlikdir. 
Ukraynada Rusiya-Qərb qarşıdurması fonunda Ermənistan siyasi rəhbərliyinin özlərini Rusiyanın vassalı, ölkələrinin isə Rusiyanın əyaləti kimi aparmasına baxmayaraq, xüsusilə Fransa özünün ermənipərəst siyasətini gücləndirir.

Rusiya-Ukrayna müharibəsində digər Qərb ölkələri ilə müqayisədə Fransanın Rusiyaya qarşı loyal münasibət tutması, həm də Fransa siyasi dairələrinin Rusiya ilə gizli bağlılığının göstəricisidir. Bu arqument M.Lö Pen və Valeri Pekres, Nikola Sarkozinin simasında öz təsdiqini tapdı. Fransa prezidentliyinə əsas namizəd olan hər iki siyasətçinin Rusiya xüsusi xidmət orqanları, keçmiş prezident Sarkozinin isə Kremlə yaxın oliqarxlara lobbiçilik etməsi ilə əlaqədar çoxsaylı məlumatlar aşkara çıxarıldı. V.Pekresin hələ SSRİ xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi, M.Lö Penin isə Rusiyadan 9 mln. avro alaraq geri qaytarmadığı təsdiqini tapdı.

Hətta Rusiyanın Ukraynaya hücumundan sonra Fransa prezidenti E.Makronun Ukrayna prezidenti V.Zelinskiyə ölkədən qaçmağı, güzəşt etməyi təklif etməsi Ukrayna rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilib.

2008-ci ildən bəri Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını, bu gün isə üzvlüyünü bloklayan Fransa və Almaniyanın siyasi dairələrinin əsas simaları Rusiyanın Qərbdə lobbiçiliyini edib, bu ölkəyə məxsus iri şirkətlərlə şübhəli əməkdaşlığa cəlb olunub. Bu xüsusda, rəsmi şəxslərin, Avropa Parlamenti deputatlarının bəzilərinin Azərbaycana qarşı qərəzli mövqeləri heç də təsadüfi sayıla bilməz. 

Və nəhayət, Qərb birdəfəlik başa düşməlidir ki, həm 44 günlük müharibə zamanı, həm postmünaqişə dövründə Azərbaycan təkbaşına mübarizə aparıb. Prezident İlham Əliyev bütün ələn təzyiqlərə baxmayaraq müstəqil siyasət yeridib. Və ən əsası, Qərb öz dəyərlərinə hörmət etməlidir.

# 1836
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar