Prezidentin  Fransaya cavabı dünyanın ikinci ən böyük təşkilatının mövqeyidir
02 noyabr 2022 13:56 (UTC +04:00)

Prezidentin Fransaya cavabı dünyanın ikinci ən böyük təşkilatının mövqeyidir


Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirakçı oldu. Prezident İlham Əliyev Zirvə toplantısında çıxış etdi.

Oktyabr ayında Prezident İlham Əliyevin “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada, Astanada  "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə"nin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında, indi isə xüsusi qonaq qismində Ərəb Dövlətləri Liqasının Sammitində iştirak etməsi, müxtəlif ölkələrə səfərləri və xarici ölkələrdən Azərbaycana  səfər edən yüksək səviyyəli qonaqlarla görüşləri dövlət başçımızın gərgin iş qrafiki ilə yanaşı həm də onun Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində gərgin fəaliyyətinin əyani göstəricisidir. 

Azərbaycan  Prezidenti İlham Əliyevin əsas fəlsəfəsini kolonializmə  qarşı mübarizənin təşkil etdiyi Qoşulmama Hərəkatının sədri statusunda Fransa kimi ölkələrin tarixi keçmişdə törətdiyi və hazırda da davam etdirilməsinə cəhd göstərdiyi siyasətə öz münasibətini nümayiş etdirdi.   

Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, E.Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi sənədlərə Prezident  İlham Əliyev Əlcəzairdən kolonial siyasətə,  Fransa kolonializminə öz münasibəti və aydın mesajları ilə cavab verdi. 


Ərəb dünyasına böyük problem yaradan digər ölkə - Fransa 1830-cu ildən 1962-ci ilə qədər Əlcəzairdə çoxsaylı qətliamlar törədib. Fransa Qəmər Adalarının ərazisi olan Mayot adasını işğal altında saxlayır. Birləşmiş Millətlər Təşkilatının qətnamələri Qəmər adalarının Mayot üzərində suverenliyini tanısa da, Fransa buna məhəl qoymur.

Fransa Azərbaycanı ittiham etməkdənsə, öz tarixi keçmişinə, müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlara görə cavab verməli, bu xalqlardan üzr istəməlidir. Amma bu gün biz Fransanın neokolonialist siyasətinin artıq Cənubi Qafqaza ayaq açmağa çalışdığını görürük.

Bu gün Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş,  qətiyyətli siyasət sayəsində  Azərbaycan müxtəlif siyasi qütblər, güc mərkəzləri ilə bərabərhüquqlu əlaqələr qurmuş, öz prinsipial siyasəti ilə böyük etimad qazanmış,  müasir dövrün çağırışlarına adekvat cavab verən ölkədir. Prezident İlham Əliyevin Əlcəzairə səfəri bir daha bu həqiqətləri təsdiq edir. 


Və nəhayət, Qoşulmama Hərəkatının sədri statusunu daşıması imkan verir ki, Prezident İlham Əliyevin Fransaya cavabı dünyanın ikinci ən böyük təşkilatının mövqeyi kimi qəbul edilsin.
Prezident İlham Əliyevin BMT Baş Katibi, Afrika İttifaqının sədri  va Islam Əməkdaşlıq Təşkilatının  Baş Katibi ilə birlikdə  Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən Sammitində iştirakı dövlət başçımıza olan hörmətin və onun beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar