İtaliyada xarici işlər naziri Antonio Tajaninin kişilərin həyat yoldaşı seçməsinə necə yanaşmalı olduğuna dair şərhləri ilə bağlı qalmaqal yaranıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, onun uzun ətəkli qadınlar haqqında şərhlərindən sonra bir neçə müxalifət partiyasından senatorlar etiraz olaraq parlamentə gəliblər.
Nazirin bu sözləri İtaliyadan kənarda çoxsaylı memlərə də səbəb olub.
Ötən həftə bir tədbirdə çıxış edən Tajani, "daha uzun ətəklər" geyinən ciddi bir qadınla evlənməyi məsləhət görəcəyini söyləyib. O, belə bir qadının daha az diqqət çəkə biləcəyini, eyni zamanda daha etibarlı və ciddi olduğunu, yaxşı ana olmağa və ərinə sadiq qalmağa qadir olduğunu söyləyib.
Nazir əlavə edib ki, o, həmişə ailəsini dəstəkləyən və ərinə yaxın qalan "gözəl, ciddi və etibarlı" bir qadın seçəcək.
Tajaninin sözləri müxalifət partiyalarının, həmkarlar ittifaqlarının və Katolik kilsəsinin nümayəndələrinin kəskin reaksiyasına səbəb olub. Nazir özü sonradan üzr istəyərək, sözlərinin daha uzun bir çıxışdan götürüldüyünü və səhv başa düşüldüyünü iddia edib.
"Bəzi ifadələrimin səhv başa düşüldüyünə görə dərin təəssüf hissi keçirirəm. Sözlərim kimisə incitmişsə, üzr istəyirəm, amma heç vaxt qadınları incitmək niyyətində deyildim", - Tajani BMT Baş Assambleyası üçün Nyu-Yorka səfəri zamanı bildirib.
Lakin üzr istəmək qalmaqala son qoymayıb. Demokrat Partiyası, Italia Viva, Yaşıllar və Solçular, “Beş ulduz hərəkatı” və muxtariyyətçi qrupundan olan senatorlar İtaliya Senatının binasında ətək geyinərək toplaşıblar.
Kampaniyanı təklif edən Italia Viva qrupunun rəhbəri Raffaella Paita bildirib: "İstədiyimiz kimi geyinməkdə azad olduğumuzu demək bir azadlıq aktıdır".
Onun sözlərinə görə, qadınların azadlığı, digər şeylərlə yanaşı, kişilər tərəfindən mühakimə olunmadan öz ətək uzunluğunu və görünüşlərinin digər aspektlərini seçmək qabiliyyətində ifadə olunur.
Demokrat partiyasından senator Simona Malpezzi Tajaninin şərhlərini patriarxal anlayışların təzahürü adlandırıb və sonrakı özünü doğrultmaq cəhdlərinin problemi həll etmədiyini söyləyib.
Lakin baş nazir Corciya Meloni Tajaninin şərhlərinin şişirdilməməsinə çağıraraq onları pis ifadə olunmuş adlandırıb. Digər hökumət rəsmiləri də naziri müdafiə ediblər.