İran-İsrail hərbi münaqişəsi fonunda Azərbaycanı hədəf alan  şəbəkələr
19 iyun 2025 20:18 (UTC +04:00)

İran-İsrail hərbi münaqişəsi fonunda Azərbaycanı hədəf alan şəbəkələr

İyunun 13-dən bu günə kimi bir çox media qurumlarında, teleqram kanallarında Azərbaycana qarşı informasiya müharibəsinə start verilib.

Lent.az xəbər verir ki, kampaniyada daha çox Ermənistan mediası və teleqram kanalları, Türkiyədə iranmeylli şəxslər və media resursları, politoloq və jurnalistləri, habelə bu ölkədən yayımlanan azərbaycandilli kanallar, Rusiya sosial media istifadəçiləri və II Qarabağ müharibəsində ermənilərin xeyrinə fəaliyyət göstərən teleqram kanallar aktivlik göstəriblər. Azərbaycan seqmentində isə cüzi də olsa əsasən sensasiya dalınca qaçan tiktok klikbeyterləri və mənşəyi məlum olmayan kanallarda rast gəlinir.

Əsasən aşağıdakı mövzularda saxta məlumatlar yayılır:

1) İran PUA-larını vurmaq üçün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr havaya qaldırılıb.

2) İran nüvə obyektlərinə aviasiya zərbələrdən sonra Azərbaycanın cənubunda radiasiya yayılması təhlükəsi var.

3) Azərbaycanda gizli səfərbərlik elan olunub.

4) İranın hava məkanına daxil olan qırıcılar və PUA-lar Azərbaycan ərazisindən qalxır.

1. Erməni “Telegram” kanallarından “Sismasis”, “Vladimir Pogosyan”, “Infoteka” “Ernest Vardanian” və sair kanalların aktiv şəkildə saxta məlumat yaydıqları, təbliğat apardıqları müşahidə edilib. Bu kanallar heç bir dəlil-sübut və ya fakt qoymadan əsasən İranın ayrı-ayrı şəhərlərinə raket hücumlarının birmənalı olaraq Azərbaycandan start götürdüyünü iddia edilər.

Hərbi ekspert, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan dönəmində onun hərbi məsələlər üzrə müşaviri işləmiş Vladimir Poqosyan orijinal mətni təhrif edərək saxtakarlığa yol verib. O, “ParsToday Russian”-nın xəbərinə “Azərbaycan Respublikasının dəniz sərhədləri tərəfindən uçub gələn” sözlərini əlavə edib. 

 

Ermənistanın rəsmi teleqraf agentliyi olan “ArmenPress”-in baş redaktorun müavini Ararat Petrosyan İrandan idarə olunan digər kanalların dövriyyəyə buraxdığı saxta məlumatları paylaşıb. O, yalnız şəhərin adını dəyişib.

“SisMasis” TG kanalı Astara sərhəd buraxılış məntəqəsindən təhlükəsiz şəraitdə keçən əcnəbiləri “Mossad” agenti adlandırıb: “Bakı altı ildən sonra gözlənilmədən Astaradakı quru sərhədlərini açıb ki, İsrail casuslarını xilas etsin”. 

“Армянская вендетта” kanalı “İran KİV-ləri bildirirlər ki, İran Culfası yaxınlığında vurulan İsrail dronu olan Harop Azərbaycan ərazisindən gəlib” məzmunlu saxta məlumat paylaşıb. 

Moldovada yaşayan erməni əsilli bloqer Ernest Vardanean soydaşlarının başladığı kampaniyaya qoşulub: “Dərhal iki mənbə mənə məlumat verdi ki, İsrail hərbi təyyarələri döyüş uçuşlarına Fizuli aerodromundan (aeroport deyil, aerodrom yazıb-red.) başlayıb”

Ermənistandan idarə olunan kanal saxta məlumat yayaraq bildirir ki, İranda həbs olunan “Mossad” agentləri arasında azərbaycanlıların da olduğu ehtimal edilir. 

“Bagramyan26” TG kanalı tərəfindən davamlı reklam olunan “Caucasus_chronicle”  iranlı bir gəncin çəkdiyi videonu paylaşıb. Özünü Ərdəbildən olan şəxs kimi təqdim edən şəxs erməni və İran TG kanallarının yaydıqları saxta məlumatı video-formatda təqdim edir. O paylaşdığı videoda “Türkiyə və Azərbaycan bayrağını qaldıranlara müraciət edirəm: bundan nə fayda qazanırsınız? Bunu kənara qoyaq. Mən köklü ərdəbilliyəm. Sizin fikrinizcə Təbrizə istiqamətlənən bütün raket və PUA-lar haradan buraxılır? Cavab sadədir: Bakıdan! Mənim dostlarım şəxsən görüblər ki, raketlər sərhədin o tayından gəlir”-deyə saxta məlumat yayır.

İranda yaşayan, etnik erməni olduğu güman edilən Salar Seyfəddinini bu ölkədə anti-Azərbaycan təbliğatını aparan əsas şəxslərdən biri hesab etmək olar.

O, tvitlərdən birini “Təbrizin bombalanmasında Əliyev rejiminin rolu nədir?” başlığı ilə paylaşıb. Müəllif üç yalan səsləndirir.

1. Qəbələdə yerləşən RLS-dən radarların fəaliyyətinin sıradan çıxarılması;

2. İsrail PUA-larının Naxçıvan və Qarabağdan Təbrizə uçması;

3. Təbrizdə nalayiq satqın agentlər tərəfindən casusluq və kəşfiyyat işlərinin aparılması.

Ermənilər tərəfindən idarə olunduğu ehtimal edilən “sepah_pasdaran” kanalında tamamilə saxta məlumat yayılıb: “Qəzvində yaşayan tamaşaçılar (nədənsə tamaşaçı yazılıb-red.) bildirirlər ki, qırıcı təyyarələr İrana Azərbaycandan gəlirlər. Belə ki, hər dəfə Alamut və Qəzvindən təyyarələrin dəhşətli uğultusu eşidiləndən 10 dəqiqə sonra Tehran bombalanır”.

374 minlik izləyicisi olan digər İran TG kanalı “CAR ONLINE” demək olar ki, eyni vaxtda oxşar saxta xəbər yayıb: “Biz müharibə başlayan gündən xəbərdarlıq edirdik ki, Bakı Respublikası sionist rejimə kömək edir, Tehrana olan hücumlar buradan başlayır”.

İrandan idarə olunan azərbaycandilli kanal “Azərbaycan ərazisindən İsrailə məxsus PUA-nın İrana keçməsi barədə yalan məlumat yayıb. Məlumat Azərbaycan tərəfindən dərhal təkzib edilib: “Azərbaycan ərazisindən İsrailə məxsus PUA-nın İrana keçməsi barədə yayılan məlumat dezinformasiyadır. Bu cür məlumatların heç bir əsası yoxdur. Daha əvvəl Azərbaycanın rəsmi qurumları tərəfindən bildirildiyi kimi, sözügedən paylaşımlar Azərbaycana qarşı təxribat kampaniyasıdır”.

Rusiyanın “Военный обозреватель” teleqram kanalında “Azərbaycan, öz ərazisizinə təhlükə törədə biləcək İranın raket və kamikadze-dronları zərərsizləşdirmək üçün havaya qırıcılar qaldırıb” deyə saxta məlumat yayıb.

Türkiyədən yayımlanan “SZC” TV kanalında Azərbaycanın adı İsrailə açıq dəstək verən ölkələr siyahısında sıralanıb. Halbuki, Azərbaycan neytrallığını qoruyub saxlayıb və dərhal münaqişənin real döyüş fazasına keçməsindən narahatlığını bildirib.

Zeynep Meryem adlı istifadəçi “siyonistlərin” Azərbaycanda dron zavodunun fəaliyyətə başladığını yazıb. Qeyd edilir ki, İranı bombalayan bəzi təyyarələrin Bakıdan qalxması haqda məlumatlar var. Bu profil də eynilə erməni mənbələrdə səslənən tezisi təkrarlayıb: Bakı Astara sərhədini xaricilər üçün anidən açması dron pilotlarının (dronlarda pilot olmur, hər halda idarə edənlər nəzərdə tutulur-red.) qaçmasına izn vermək üçündür.

“Atlar Türkiye” səhifəsində Azərbaycan Prezidenti ilə bağlı yalan məlumatlar verilir.

Azərbaycanda “TikTok”-da yayılan təşviş yarada biləcək videolar:

1) Özünü ekstrasens kimi təqdim edən fotodakı şəxs İranda baş verən hadisələrlə bağlı əhaliyə müraciət edərək dərmanlar və vitaminlər almağı məsləhət görür.

2) “İsrailterrorist” kanalı Təbriz hava limanının partladılmasında İlham Əliyevin gətirdiyi Mossad agentlərini günahkar görür.

3) “kemkiTv” tiktok kanalı “Müharibənin fəsadları Naxçıvanda da hiss olunur” başlıqlı video paylaşıb. Daha çox seyrçi toplamaq üçün hazırlanan və cəlbedici başlığı olan videodur.

4) “qwqjsjsgdhxh” adlı tiktok kanalı suni intellekt alətləri ilə Aztv-nin “Xəbərlər” proqramından bir fraqmenti kəsərək üzərinə həyacanverici xəbər əlavə edib, saxtakarlığa yol veriblər. 

Bu məlumatlar yayılan kimi MEDİA Agentliyi bəyanat yayaraq “İsrail-İran münaqişəsində saxta məlumatlara qarşı sayıq olmaqla bağlı çağırış edib”

Bəyanatda qeyd edilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir:

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq".

İyunun-18 də isə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası da açıqlama verərək, qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən, müxtəlif dairələrə və maraqlara xidmət edən qruplar tərəfindən sosial media platformaları vasitəsilə dövlətimizə qarşı informasiya kampaniyalarının təşkil edildiyini, bu kampaniyalara dəstək verənlər arasında Azərbaycan əsilli şəxslərin də olduğunu bildirib. Bu kampaniyaların məqsədinin isə Azərbaycanın artan nüfuzuna xələl gətirmək, dost və qardaş ölkələrlə münasibətlərini pozmaq olduğu bəyanatda qeyd edilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar