İçimizdəki iranbaşlar
30 yanvar 2023 15:53 (UTC +04:00)

İçimizdəki iranbaşlar

Yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilmiş terror aktından sonra bizim cəmiyyətdə quzu dərisinə bürünmüş çox canavarların maskası cırıldı, ağacı içindən gəmirən qara qurdlar gün işığına çıxdılar. Bu qədər canfəşanlıq göstərməklə bəlkə də bir az da naşılıq etdilər. İranı iranlılardan daha çox müdafiə edən iranbaşlar, çörəyi vətəni satmaqdan çıxanlar, gizli-gizli bu ölkənin xüsusi xidmət orqanlarına işləyənlər özlərini açığa çıxartdılar.

Öncə bir həqiqəti yada salaq ki, İranın xüsusi xidmət orqanları, casus şəbəkəsi, kəşfiyyatı bölgə üzrə ən inkişaf etmiş şəbəkədir. Belə bir terror aktını hazırladıqdan sonra ona “qaçan gəlinə görə intiqam”, ailə-məişət zəminində hadisə donu geyindirmək uzunmüddətli planın tərkib hissəsi idi. Elə hadisənin məhz cənubda yaşayan azərbaycanlının əli ilə törədilməsi kimi. Heç şübhəsiz ki, bu “ailədaxili münaqişə” aylar öncə böyük tamaşanın ilk pərdəsi kimi oynanılıb, bu günə zəmin hazırlanıb.

Qarabağdakı qələbəmizdən sonra İran özünü uduzmuş düşmən, yeznəsi bizim tərəfimizdən öldürülmüş kinli bacı kimi aparırdı. İntiqam duyğusu hər addımından tökülürdü.

Müharibədən sonrakı 2 il ərzində İran tərəfindən  müxtəlif aqressiv bəyanat və davranışlar, Azərbaycanla sərhəddə hərbi təlimlərin təşkili, Azərbaycan dilli kanallarda ölkəmiz əleyhinə təbliğat maşınının açıq şəkildə işə düşməsi, Ermənistanı raket və kamikadze dronlarla təchiz etməsi “şirin quyruq acısından” çıxardığı oyunlar idi.

Güclənən Azərbaycan İran üçün göz dağıdır. İran bəyan eləməsə də, dil açıb danışmasa da illər boyu özünü düşmən kimi aparıb və indi bu daha sərt şəkildə özünü göstərir. Azərbaycan dövləti əlbəttə bu məqamı hər zaman sezirdi, bilirdi, lakin mehriban qonşuluq münasibətlərinə xələl gəlməsin deyə susurdu.

Bu hadisəyə qədər iranlı ekspertlər dəfələrlə "Qüdsə gedən yol Bakıdan keçir" deyərək, təhdidlər səsləndirirdilər. İranın bu addımı (üzdəniraq filan demirəm, çünki elə üzünə, özünə xislətinə xas addımdır) Bakı ilə Tehran arasında uzun müddətli bir gərginliyin başladığının xəbərçisidir, görünən odur ki, yaxın illər ərzində Azərbaycan-İran münasibətləri regionda geosiyasəti müəyyənləşdirən əsas xətt olacaq. Vəziyyəti daha da pisləşdirməkdən ötrü hansısa yeni təxribatların olacağı istisna edilmir.

İranın törətdiyi terror aktından sonra hər ölkə bu insidentdən özünə xas şəkildə pay çıxarmağa cəhd göstərir və göstərəcək. Baş vermiş qanlı hadisəyə terror deyil, “kişi qeyrəti” donu geyindirməklə sadəcə bir dəstə avam adamı aldatmaq mümkündür. Görünür böyük güclərə belə “qeyrətli” adamlar çox olması lazımdır, gərək olan kimi düşünmədən vursunlar, dağıtsınlar, öldürsünlər, parçalasınlar.   

Sosial şəbəkələrdə məlum terror aktından sonra təxribatlar baş alıb gedir. İranın aramızdakı casusları aktivləşdirilmiş minaya çevriliblər. İransevərlərin, İran fədailərinin hərəkətlərini iki şəkildə müşahidə etmək olar. İran xüsusi xidmət orqanlarına işləyən  və vəzifəsi camaatı çaşdırmaq, qızışdırmaq, yanlış yerə yönləndirmək olan xüsusi “trollar”  və bir də bu “trollar”ın toruna düşən, heç nədən xəbəri olmayıb, hər deyilənə inanan, özünü “ağanın köpəkləri” adlandıran fanatik dindarlar. Məhz belələri İran xüsusi xidmət orqanlarına özləri də bilmədən qulluq göstərənlərdir, İran din pərdəsi altında özünə aramızdan ordu toplayıb. Bəlkə də bu dindarların bir hissəsi heç bu ordunun əsgərləri olmasından, əslində yaydıqları yalan yanlış informasiyalarla İrana dəstək vermələrindən özləri də bixəbərdirlər.

Bizim üçün ən qorxulu olan da məhz bu özümüzdən olub özgəyə xidmət edən qüvvələrdir. Farslar özlərini bizimlə din qardaşı (hərçənd heç bir din qardaşları ilə də doğru dürüst ilıq münasibətləri yoxdur), ermənilərlə qan qardaşı adlandırır, Ermənistanla rəsmi qaydada “bacılıq” edir. Erməninin bacısı, qardaşı bizim hansı şəkildə dostumuz ola bilər ki, bəzi mərsiyəxanlarımız qara bayraqlar altında qara-qara ağlaşmalar qururlar? Nəyə ağlaşırlar, nəyi, nədən qoruyurlar? Sosial şəbəkələrdə İranın mövqeyini qoruyan özümüzünkülər, iranbaşlar bu ölkə üçün sadəcə tualet kağızı, salfet rolunu oynadıqlarını anlamalıdırlar. Bir dəfə işlədildikdən sonra zibilliyə atılan həmin o tualet kağızı.

Bir məqamı da qeyd etmək yerinə düşərdi. Sosial şəbəkələrdə maraqlı bir təklif irəli sürülüb. Soydaşlarımız İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi Bünyad Sərdarov küçəsinin adının dəyişdirilərək  Səttarxan, Xiyabani və ya Pişəvəri qoyulmasını təklif edirlər.  

Sakit amma samballı cavab olardı…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5328
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar