Sentyabrın 27-dən Azərbaycan silahlı qüvvələrinin başladığı əks-hücum əməliyyatının gedişində Ermənistan əsil faşist mahiyyətini bir daha ortaya qoydu. Düşmən cəbhədə aldığı sarsıdıcı zərbələrdən sözün həqiqi mənasında quduraraq döyüş gedən ərazilərdən kənarda olan Gəncə, Bərdə, Tərtər, Naftalan, Ağcabədi, Mingəçevir, Goranboya raket zərbələri endirdilər. Və bu terror aktları hər dəfə imzalanan humanitar atəşkəsdən dərhal soqra baş verdi.
Məlumdur ki, son bir ayda Azərbaycanla Ermənistan arasında beynəlxalq vasitəçilərin istəyinə uyğun olaraq 3 dəfə humanitar atəşkəs razılaşması əldə edilib. Ancaq bu rejim hər dəfə Ermənistan tərəfindən pozulub. Ermənistan humanitar atəşkəs rejimi ilə bağlı razılaşmanı pozaraq gecə saatlarında iki dəfə Gəncəni, Tərtər sakininin dəfn mərasimini bombalayıb. Bundan başqa Bərdəyə “Smerç” tipli raket atıb, Mingəçevirə raket zərbəsi endirib, Goranboy, Daşkəsən, Tovuz rayonunun dinc sakinlər yaşayan kəndlərini atəşə tutub. Ermənilərin terror əməlləri nəticəsində 91 dinc sakin ölüb, 400 mülki şəxs yaralanıb. Ölənlərdən 11-i uşaqdır. Hər terror aktından sonra erməni tərəfi Azərbaycan şəhərlərinin, dinc sakinlərinin atəşə tutulmasını, təqdim olunan faktları israrla təkzib etməsi, bu yöndə müxtəlif fake xəbərlər (guya partlayışı hansısa suriyalıların törətməsi, yaxud Azərbaycanın özünün həyata keçirməsi barədə sərsəm bəyanatları) yayması onların törətlikləri cinayəti üst-basdır etməsinə imkan yaratmadı. İstər cənab Prezident, istərsə də onun köməkçisi Hikmət Hacıyev verdikləri müsahibələrdə, keçirilən brifinqlərdə erməni yalanını faktlarla darmadağın etdilər. Yeri gəlmişkən, Human Rights Watch və Amnesty İnternational kimi təşkilatlar da Bərdədə dinc sakinlərin kaset sursatlı silahlardan atəşə tutulması faktını təsdiqlədilər. Amma əksinə, Ermənistan tərəfinin eyni müraciəti sübutların olmadığı üçün təsdiq edilmədi.
Əgər idiyədək erməni tərəfi öz hərbi cinayətlərinə görə məsuliyyəti boynundan atsa da, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arsrun Ovannisyanın “Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququ var” bəyanatı ilə erməni tərəfi indiyədək törədilən və 100-dək dinc sakinin ölümünə səbəb olan vəhşiliklərə görə məsuliyəti, faktiki olaraq, öz üzərinə götürüb. Əslində, Ovanisyanın bəyanatı açıq şəkildə Azərbaycan tərəfini dinc əhali və mülki obyektlərlə şantaj etmək cəhdidir. Cəbhədə məğlubiyyətlər artdıqca, erməni tərəfinin mülki hədəflərinin sayı artır və onlar artıq bunu açıq-aşkar söyləməkdən çəkinmirlər. Ermənistan ordusunun rəsmisinin bəyanatı həm də beynəlxalq qanunvericiliyin və Cenevrə Konvensiyalarının kobudcasına pozulmasıdır. Cenevrə Konvensiyasının sadəcə iki müddəasına baxmaq dediklərimizi sübut edir:
“Fövqəladə vəziyyətlərdə və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bu Bəyannaməni təntənəli surətdə elan edir və təşkilatın bütün üzv dövlətlərini bu Bəyannaməyə ciddi əməl etməyə çağırır:
- Mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir.
- Bütün dövlətlər qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına, həmçinin, silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməlidirlər.
İndi bir məqama da diqqət yetirək. Ovannisyanın “əgər kimsə düşünürsə ki, bizim atəş açmaq hüququmuz yoxdur, qoy elə də düşünsün” açıqlaması ilə Serj Sarqsyanın Xocalı soyqırımı ilə bağlı söylədiyi “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik” eynilə faşist təfəkkürün əlamətləridir. Bu arada Robert Koçaryanın AŞPA-da azərbaycanlılarla birgə yaşayışın qeyri-mümkünlüyü barədə bəyanatlarını da qeyd etmək lazımdır.
Politoloq Nəzakət Məmmədovanın Lent.az-a bildirdiyinə görə, Ermənistan Müdafiə Nazirliyi faktiki olaraq bir zamanlar faşist Almaniyasında Qebbelsin təbliğat işini davam etdirir. Bu nazirlik yalan maşınını işə salaraq, tamamilə qanundan uzaq fikirlərlə həm öz əhalisini, həm də beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur.
“Ermənistanın güc strukturları faktiki olaraq “feyk nyus” yaymaqla öz ağır məğlubiyyətlərini ört-basdır etməyə çalışırlar. Təbii ki, mülki obyektlərin vurulması hüququn ayaqlar altına atılması deməkdir, beynəlxalq hüquqda bu cinayət hərəkəti olaraq tövsif edilmişdir. Lakin Ermənistan üçün bu, ənənə halına gəlmiş azğınlıq, barbarlığın növbəti təzahürüdür. Bu, əsrlərlə davam edən siyasətin növbəti mərhələsidir. Ermənistan adlı qondarma dövlətin qurulması, genişlənməsi qəsb etdikləri türk torpaqlarının yerli əhalisinin soyqırımı, deportasiya olunması ilə yadda qalmışdır. Bunlar sivil dünyanın gözü qarşısında baş verən barbarlıqdır, lakin hər zaman olduğu kimi Ermənistan heç cür cəzalandırılmır. Dinc insanlar, günahsız vətəndaşlar ermənilərin məkrli planlarının və onları dəstəkləyən güclərin hədəfinə tuş gəliblər və bunun qarşısını yalnız Azərbaycanın öz sarsılmaz gücü, yenilməz qüdrəti almağa qadirdir”.