Milli Məclisin deputatı Azay Quliyev
24 dekabr 2020 10:42 (UTC +04:00)

Milli Məclisin deputatı Azay Quliyev

Beş cəbhədə eyni vaxtda vuruşaraq qalib gələn Ali Baş Komandan

Dünya ölkələrindən fərqli olaraq Azərbaycan 2020-ci ili tarixi Qələbə ilə başa vurur. Azərbaycanın Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Vətən müharibəsinə başladı və qalib gəldi. Torpaq həsrətinə son qoyuldu. Azərbaycan xalqı və Azərbaycan ordusu cənab İlham Əliyevin liderliyi  ilə əsl qəhrəmanlıq və şücaət nümayiş etdirərək on illər boyu işğal altında qalan torpaqlarımızı düşməndən təmizlədi və tarixi ədaləti bərqərar etdi. İkinci dünya müharibəsindən sonra Azərbaycan itirilmiş torpaqlarını geri qaytarmağı və ərazi bütövlüyünü bərpa etməyi bacaran yeganə dövlət oldu.

Əminliklə deyə bilərik ki, 2020-ci ilin ən qətiyyətli və müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev, ən qəhrəman xalqı- Azərbaycan xalqı, ən  cəsur, peşəkar və qalib ordusu isə Azərbaycan ordusudur.

Vətən müharibəsini qazanmaq və bütövlüyü pozulmuş ərazilərimizi bərpa etmək asanlıqla  və sadə yolla başa gəlmədi. Ali Baş Komandan təkcə döyüş meydanında  deyil, informasiya, diplomatiya,  siyasət və intellektual meydanda da, yəni beş cəbhədə eyni vaxtda   vuruşaraq, mübarizə apararaq, mücadilə verərək qələbə qazandı, düşmənə və onun güclü havadarlarına qalib gəldi.

İstərdim ki, cənab Prezidentin mübarizə apardığı bu beş cəbhə haqda fikirlərimi bölüşüm.

  1. Döyüş meydanı

Həm xalqımız, həm də bütün dünya Ali Baş Komandanın yaratdığı şanlı Ordunun, onun əsgər və zabitlərinin qəhrəmanlığının, göstərdiyi igidliyin və qorxmazlığın şahidi oldular. Azərbaycan ordusu 21-ci əsrdə  müharibənin necə sürətli, peşəkar və az itki verməklə aparılmasının müasir və yeni formasını dünyaya nümayiş etdirdi. Biz bilirik ki, Ali Baş Komandan bütün döyüş əməliyyatlarını şəxsən təsdiq edərək onların uğurla həyata keçirilməsinə rəhbərlik edib. Dünyanın tanınmış hərbi ekspertlərinin yekdil fikri budur ki, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın işğaldan azad edilməsi əməliyyatları müasir hərb tarixinin ən parlaq və texnoloji yenilikləri ilə dolu hərbi əməliyyatları kimi dərsliklərə və tarixə düşəcək. Bu əməliyyatlar nəticəsində qısa müddət ərzində düşmənin 30 ildə yaratdığı və möhkəmləndirdiyi hərbi istehkamları, ordusu və texnikası məhv edildi, 300 -dən çox kənd, qəsəbə və şəhər azad edildi, Ermənistan ağır məğlubiyyətə uğradı.

  1. İnformasiya meydanı

Ali Baş Komandan Vətən müharibəsi dövründə dünyanın əksər aparıcı televiziya  kanallarına və media nəhənglərinə verdiyi müsahibələrdə mükəmməl bilik və peşəkarlıq nümayiş etdirdi. Xüsusi “ev tapşırıqları” ilə müsahibə götürməyə gələnlərin, açıq və ya dolayısı ilə ermənilərin maraqlarına xidmət edənlərin bütün anti-Azərbaycan tezislərini və yalanlarını soyuqqanlı şəkildə tam sıradan çıxaran cənab İlham Əliyev informasiya müharibəsində vəziyyəti tezliklə ölkəmizin xeyrinə dəyişməyi bacardı.

Bu informasiya savaşında Azərbaycan dünya erməni lobbisinin və diasporunun son 100 ildə yaratdığı informasiya cəbhəxanasını yardı və düşmənin təbliğat maşınını əzib keçdi.  Təsadüfi deyil ki, Ermənistanın prezidenti Aram Sarkisyan və bir çox erməni ekspertləri informasiya savaşında da Azərbaycana uduzduqlarını etiraf etdilər. Bu ermənilərin informasiya savaşında Azərbaycana uduzduqlarının ilk acı etirafı idi.

Ermənilərin çox güclü olduğu və hər zaman kənardan dəstək aldığı  bu informasiya savaşını qazanmasaydıq, bizə qarşı kim bilir, hansı ağır sanksiyalar üçün nələr uyduracaq və bəhanələr icad edəcəkdilər. Lakin informasiya savaşını qazanmağımız hərb meydanında sona qədər getməyimizə və qələbə çalmağımıza  çox kömək etdi.

  1. Diplomatiya meydanı

Cənab Prezident dünya ölkələri və beynəlxalq təşkilatlarla qurduğu uğurlu diplomatik əlaqələrdən  və dostluq münasibətlərindən müharibə dövründə çox çevik və effektiv şəkildə istifadə etdi. 

Müharibədən bir neçə gün öncə BMT Baş Assambleyasında cənab Prezidentin  tarixi çıxışı, bu tribunadan istifadə edərək Ermənistanın yeni hücum planı haqqında dünyanı xəbərdar etməsi ölkəmizə  qarşı ola biləcək hər hansı bir neqativ addımın öncədən qarşısının alınmasına ustalıqla hesablanan çox əhəmiyyətli diplomatik gediş idi.  

Görülən işlər nəticəsini verdi. Bütün region ölkələri və bir sıra  Avropa dövlətləri Azərbaycanın haqq işini birmənalı dəstəklədilər. Qardaş Türkiyənin tarixdə görünməmiş siyasi və diplomatik dəstəyi bölgədə güc balansını təmin etdi və kənar müdaxilənin qarşısını aldı. Heç bir beynəlxalq təşkilat milli maraqlarımıza zidd addım atmadı. Əksinə,  Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və GUAM kimi təşkilatların tam dəstəyinin əldə edilməsi  bizi daha da  güclü etdi. 

Savaşın ən qızğın vaxtında, oktyabrın 19-da  ATƏT-in Minsk üçlüyünün BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə qəbul etmək istədikləri qətnamənin qarşısının alınması isə Azərbaycan Liderinin  diplomatiya meydanında qazandığı şanlı qələbə hesab olunmalıdır. Əgər Təhlükəsizlik Şurası Azərbaycan əleyhinə qətnamə qəbul etmiş olsaydı, bu, Vətən müharibəsində irəli getməyimizə mane ola  və qələbəmizi çətinləşdirə bilərdi.

Nəhayət, diplomatik meydanda Ali Baş Komandanın əldə etdiyi  ən böyük qələbə 10 noyabr anlaşmasının imzalanması və Ermənistanın kapitulyasiyasının rəsmiləşdirilməsi oldu. Bu anlaşma müharibədə əldə etdiyimiz nailiyyətlərin qəbulu və etirafı idi. Bəşər tarixində kifayət qədər faktlar var ki, döyüş meydanında uğurlar əldə edən və torpaqlar qazanan ölkələr əldə etdiklərinin heç də hamısını masada qəbul etdirə bilməyiblər, başqa sözlə desək, döyüşdə qazandıqlarını masada itiriblər. Ancaq cənab İlham Əliyev döyüşdə qazandığını 10 noyabr anlaşması ilə həm təsdiq etdirdi, həm də Ağdam, Kəlbəcər və Laçını heç bir itki bir vermədən geri almağı bacardı.

  1. Siyasət meydanı

Ali Baş Komandan xalqın bütün təbəqələrini, siyasi partiyaları, QHT-ləri, cəmiyyətin tənqidçi kəsimini, bir sözlə hər kəsi Vətən və Qələbə  naminə bir ayara  gətirə bildi. Siyasi platformasından və dünya görüşündən asılı olmayaraq hamı bir nəfər kimi Ali Baş Komandanın və Ordunun ətrafında yumruq kim birləşdi.

Məlumdur ki, bəzən müharibənin nəticələrini tam olaraq proqnozalşdırmaq mümkün olmur,  çünki döyüşlər zamanı xoşagəlməz sürprizlər və fors-major hallarla üzləşmək təhlükəsindən heç kim sığortalanmır. Lakin müharibənin başlaması haqqında çox məsuliyyətli və tarixi qərar verən cənab Prezident sona qədər siyasi iradə və qətiyyət göstərərək bütün xarici təzyiqlərə sinə gərdi və başladığı işi qələbəyədək çatdırmağı məharətlə bacardı. Cənab İlham Əliyev tarixin bu ağır sınağından alnıaçıq, üzüağ və şərəflə çıxdı, Vətən müharibəsində qalib gəldi və Müzəffər Ali Baş Komandan kimi adını tarixə qızıl hərflərlə əbədi yazdırdı.

Prezidentin xalqa etdiyi açıq və səmimi müraciətlər,  bütün məsələlərin ictimaiyyətlə bölüşməsi həm orduda, həm də xalqda döyüş ruhunu və vətənpərvərlik hissini görünməmiş dərəcədə yüksəltdi, qələbəyə inamı artırdı və nəticədə xalq-dövlət birliyi “Dəmir Yumruq” olaraq düşmənin başını əzdi, belini qırdı.

Cənab İlham Əliyevin həm xalqa müraciətində, həm də xarici mətbuata verdiyi müsahibələrində Paşinyanı və Ermənistanın keçmiş və hazırkı hərbi-siyasi rəhbərliyini ifşa etməsi, onları gülüş hədəfinə çevirməsi düşmənə vurulan çox ciddi siyasi və psixoloji zərbə idi. Dövlət başçısının xalqa hər müraciətində dediyi sözlərin çoxu dillərdə əzbər oldu, aforizmə çevrildi və xalq yaradıcılığı formasında insanların yaddaşlarında əbədiləşdi.

  1. İntellektual meydan

İntellektual baxımdan cənab İlham Əliyevin Ermənistanın baş naziri və prezidenti də daxil olmaqla düşmən ölkənin bütün siyasi elitasının kollektiv intellektindən üstün olması bizə əlavə dividenlər gətirdi, qələbəmizə ciddi töhvə verdi.

Təsadüfi deyil ki, Vətən müharibəsi dövründə hətta, bəzi ermənipərəst ekspertlər, Azərbaycana o qədər də müsbət münasibəti olmayan siyasətçilər cənab Prezidentin yüksək intellektini, təhsilini və zəngin dövlətçilik təcrübəsinə malik olmasını etiraf etmək məcburiyyətində qaldılar, Azərbaycan liderinin intellekt savaşında açıq-aşkar Ermənistana qalib gəldiyini bildirdilər. Həqiqətən də, hamı Prezidentimizin nə qədər hazırlıqlı, savadlı, uzaqgörən və müdrik dövlət rəhbəri olduğuna bir daha şahidlik etdi.

Əlbəttə, bütün bunların hamısı heç şübhəsiz ki, Qələbəmizi şərtləndirən əsas amillər idi. Xalqımız bu gün sözün əsl mənasında xoşbəxt xalqdır, qəhrəman xalqdır və qalib xalqdır.

Bu tarixi xoşbəxtliyi bizə yaşadan böyük Dövlət Adamı və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir və  xalqımız öz Lideri ilə qürur duyur və Ona sonsuz minnətdarlığını bildirir.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Azay Quliyev, Milli Məclisin deputatı

# 1155
avatar

Oxşar yazılar