Bakıya enən 4 təyyarə: ABŞ-ın 30 il əvvəl keçirdiyi “Provide Hope” əməliyyatının DETALLARI
28 fevral 2022 14:07 (UTC +04:00)

Bakıya enən 4 təyyarə: ABŞ-ın 30 il əvvəl keçirdiyi “Provide Hope” əməliyyatının DETALLARI

1991-ci il Sovet İttifaqının mövcudluğunun son ili oldu. Ciddi ictimai-siyasi, ideoloji, sosial-iqtisadi və hərbi böhrana daxil olan “Qırmızı İmperiya” planlı iqtisadiyyatın dağılmasına görə vətəndaşlarını elementar tibbi vasitələr, geyim və ərzaqla təmin edə bilmirdi. Planlı iqtisadiyyatın dağıldığı nəhəng imperiya bir anda sabun köpüyü kimi dağıldıqdan sonra onun qalıqları altında yaranan 15 keçmiş müttəfiq respublikalar sosializmdən kapitalizmə ağrılı keçid dövrünə qədəm qoydular. Bu məqamda bütün respublikalarda ərzaq qıtlığı hiss olunurdu. ABŞ Prezidenti Corc Buş əsas geosiyasi rəqibinin süqutu fonunda keçmiş sovet respublikalarına dəstək kampaniyasına start verdi. O bu barədə yanvar ayında keçmiş Sovet ittifaqı ölkələrinə yardımı nəzərdə tutan Vaşinqton Konfransında açıqlama vermişdi.  

Lent.az 30 il əvvəl ABŞ-ın keçmiş Sovet respublikalarına humanitar dəstək məqsədilə başlatdığı və 15 keçmiş müttəfiq respublikasına ərzaq dəstəyi nəzərdə tutan “Provide Hope” (“Ümid Ver”) əməliyyatının detallarını xatırladır.

“Provide Hope” (“Ümid Ver”) adını alan humanitar əməliyyat 1992-ci il fevralın 10-da başlayıb. Həmin gün 12 ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 12 Lockheed C-5 Galaxy və Lockheed C-141 Starlifter hərbi nəqliyyat təyyarəsi Almaniya və Türkiyədəki hərbi bazalardan havaya qalxaraq keçmiş SSRİ-nin 12 şəhərinə - Moskva, Sankt-Peterburq, Kiyev, Minsk, Kişinyov, İrəvan, Almatı, Düşənbə, Aşqabad, Saşkənd, Bişkek və Bakıya eniş etdi. Onlar bu şəhərlərə tibbi ləvazimatlar və zəruri ərzaq məhsulları gətirmişdi.

Proqrama Almaniyanın Frankfurt şəhərində yerləşən hərbi bazada start verildi.

İlk reysin yola düşməsi ilə bağlı keçirilən mərasimdə ABŞ-ın o zamankı dövlət katibi Ceyms Beyker də çıxış etmişdi. “Keçmiş Sovet respublikalarına yönələn yüklər xeyriyyə aksiyası deyil. Bu Qərbin və dünyanın təhlükəsizliyinə yaxın onilliklər üçün yatırılan investisiyalardır”, - deyə baş katib açıqlama vermişdi.

“Provide Hope” əməliyyatının birinci mərhələsi fevralın sonlarına qədər davam etdi. Həmin dövrdə ABŞ aviasiyası 65 reys icra edərək 2274 ton humanitar yardımı keçmiş sovet respublikalarına daşıdı. Reyslərdən 22-si Rusiya Federasiyasına, 7-si Ermənistana, 7-si Qazaxıstana, 5-i Ukraynaya, 4-ü Türkmənistana, 4-ü Tacikistana, 4-ü Özbəkistana, 3-ü Qırğızıstana, 3-ü Moldovaya və 2-si Belarusa baş tutmuşdu.  

Maraqlıdır ki, 1992-ci il fevralın sonuna qədər Azərbaycana da 4 humanitar yük dolu təyyarə göndərilmişdi.

“Provide Hope” aksiyasının əsas sponsoru ABŞ olsa da, Yaponiya, Böyük Britaniya və Almaniya da prosesə maddi-texniki və logistik dəstək verirdi. Almaniya humanitar yardım çərçivəsində Moskvaya 100 ton, Yaponiya Xabarovsk şəhərinə 12 ton, Böyük Britaniya isə Yekaterinburq şəhərinə 35 ton yardım göndərmişdi. 

Humanitar yardımın miqyası Pentaqonu əməliyyata hərbi nəqliyyat aviasiyası ilə yanaşı, mülki təyyarələri də prosesə cəlb etməyə vadar edirdi. Bunun üçün aviaşirkətlərlə Pentaqon arasında icarə müqavilələri imzalanırdı.

Humanitar yardımın əsas hissəsini 1991-ci ildə İraqda keçirilən “Səhrada Tufan” əməliyyatından sonra qalan ərzaq və tibbi ləvazimat ehtiyatları təşkil edirdi.  

1993-cü ilin avqustuna qədər “Provide Hope” kampaniyası çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri müttəfiqləri ilə birlikdə 282 təyyarə reysi yerinə yetirərək postovet ölkələrinə 7012 ton humanitar yardım gətirib.

Humanitar yardımla dolu 500-ü reys isə 1997-ci ilin iyununda yerinə yetirilmişdi. 5 il ərzində əsas hissəsi Rusiyaya verilməklə, keçmiş Sovet respublikalarına ümumilikdə, 18 min ton humanitar yardım ayırıb. Humanitar yardımın miqyası keçmiş müttəfiq respublikalar üçün genişmiqyaslı olmasa da, Qərb ölkələrinin postsovet məkanında müsbət imicinin formalaşmasının və “yumşaq güc” hesabına möhkəmlənməyə başlanmasının ilk carçısı idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8970
avatar

Vüqar İsmayılov

Oxşar yazılar