Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən, BMT-nin və onun strukturlarının həm siyasi, həm də humanitar yönümlü fəaliyyətlərinin Azərbaycana münasibətdə həyata keçirilməsi ilə bağlı qiymətləndirilməsini apararaq öz haqlı iradlarını bildirib.
44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Bununla da Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Bu Zəfərlə Azərbaycan eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini də özü yerinə yetirdi.
Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin fikrincə, Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə BMT-nin Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli prinsipi, eyni zamanda, güc tətbiq etməmək və tətbiq etməklə hədələməmək prinsiplərini kobudcasına pozub.
”Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin beynəlxalq hüquqa əsasən ən ağır pozuntusu silahlı təcavüz hesab olunur. Ermənistan Azərbaycana silahlı təcavüz etsə də, beynəlxalq birlik bu ölkəni indiyədək təcavüzkar adlandırmayıb. Bunun nəticəsində Prezident İlham Əliyevin görüşdə qeyd etdiyi kimi, beynəlxalq hüququn normalarını bərpa edilməsi və BMT TŞ-nın qətnamələrini yerinə yetirilməsini BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etməklə Ermənistanın sülhə vadar olunması məqsədilə Azərbaycanın özü icra edib”.
Politoloq Aydın Quliyev deyir ki, Azərbaycan Prezidenti münaqişənin həlli və Vətən müharibəsinin həqiqətləri barədə dəyişməyən, sabit, həqiqi və ardıcıl baxışlar sisteminə malikdir: "Prezident İlham Əliyev 30 ildən çox müddətdə Azərbaycanın sülhyaratma siyasətinin anatomiyasını BMT nümayəndəsinə bir daha izah etdi. Azərbaycan Prezidenti münaqişənin həlli və 44 günlük müharibə barədə BMT rəsmisinə mütləq həqiqət olan fikirlərini söylədi. Prezident müharibəyə qədər Qarabağ danışıqlarının səmərəsizliyinin bütün səbəblərini çox əsaslı formada izah etdi. Heç kim Prezidentin bu fikri ilə mübahisə edə bilməz ki, Ermənistanla bərabər onun təcavüzünü zamanında dayandırmaq istəməyən beynəlxalq instansiyalar da ağır məsuliyyət daşıyır. Həqiqətən də BMT-nin məlum qətnamələri öz zamanında icra edilsəydi, müharibə qaçılmaz varianta çevrilməzdi. Azərbaycan Prezidenti münaqişənin qansız həlli imkanlarının əldən buraxılmasında beynəlxalq vasitəçilərin və təşkilatların şəksiz məsuliyyətini açıb göstərdi və sübut etdi ki, Ermənistana lazımı və layiq olduğu təzyiqi göstərməyənlər tarixin ittihamından qaça bilməyəcəklər”.
Dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik.
Deputat Vüqar İskəndərovun sözlərinə görə, əslində, bu qətnamələrin beynəlxalaq birlik tərəfindən həyata keçirilməsində ilk növbədə ATƏT-in Minsk qrupupu maraqlı olmalı idi: “Lakin artıq tarixin arxivində qalan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərməli, bu istiqamətdə konkret addım atmalı olan ATƏT-in Minsk qrupu nəinki bu istiqamətdə heç bir real addım atmadı, əksinə işğalçı ilə işğala məruz qalan tərəfi tərəzinin eyni gözünə qoydu. Bu isə yaddaşlarda daha çox “turist səfərləri edən diplomatlar” kimi qalan ATƏT-in Minsk qrupunun tərəfsizlik prinsipini pozduğunu sübut etdi. Özü də onlar bunu uzun illər mütəmadi təkrarladılar. Əslində, Minsk qrupunun bu cür “fəaliyyəti” dolayısı yolla işğalçı Ermənistanın status-kvonu saxlamaq planlarına dəstək xarakteri daşıyıb”.