Azərbaycan QHT-ləri Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı “UNİCEF”-in İcraçı Direktoru xanım Henriyetta Fora, “Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatı”-nın İdarə Heyətinin sədri cənab Robert Guda, “Beynəlxalq Uşaq Hüquqları Bürosu”-nun prezidenti cənab Teofan Nikyemaya, “SOS Beynəlxalq Uşaq Kəndləri”-nin prezidenti cənab Siddharta Kaul, “Uşaq Müdafiə Fondu”-nun icraçı direktoru xanım Bharti Vahi, “Uşaqlar üçün Qlobal Fondun”-un prezidenti cənab Con Heklinger müraciət ediblər.
Lent.az həmin müraciəti təqdim edir:
“Hörmətli Xanımlar və Cənablar, biz, Azərbaycanda uşaq və qadınların hüquqlarını müdafiə edən QHT-lər olaraq böyük narahatlıq hissi ilə Sizə müraciət edirik.
Məlumat üçün bildiririk ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatmış və hərbi əməliyyatlar yenidən bərpa edilmişdir. Hərbi əməliyyatları dayandırmaq və insan itkisinin qarşısını almaq məqsədilə 9 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ernənistan xarici işlər naziri Zöhrab Mansakyan arasında üç tərəfli görüş keçirilib.
Təxminən 11 saat davam edən görüşdən sonra 4 bənddən ibarət razılıq əldə olunub:
2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur.
Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.
Əldə olunan razılığa baxmayaraq, Ermənistan tərəfi hər dəfə olduğu kimi yenə də təxribata əl ataraq atəşkəsi pozmuşdur. Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.
Diqqətinizə çatdırmaq istəyirik ki, oktyabrın 11-də saat 02.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulub. Hücüm nəticəsində Gəncə şəhərində yerləşən 3 yaşayış binası dağıdılıb, 4-ü qadın olmaqla 9 mülki şəxs həlak olub, 34-dən çox insan yaralanıb ki, onlardan da 16-sı qadın, 6-sı isə uşaqdır.
Ermənistan 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətini son iki həftədə Gəncədə və digər rayon və şəhərlərimizdə davam etdirərək çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirib.
Xatırladaq ki, 2017-ci ildə Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndinə 82 və 120 mm-lik minaatanlardan və ağır qumbaraatanlardan atəş açaraq 18 aylıq qız Zəhra Quliyevanı və 50 yaşlı nənəsi Sahibə Quliyevanı da öldürmüşdülər.
Bildiyiniz kimi, IV Cenevrə Konvensiyasına uyğun olaraq silahlı münaqişə zamanı mülki şəxslərin, xüsusilə uşaqların qorunması konvensiyanın əsas prinsiplərindəndir. Təəssüflər olsun ki, bu qətllər Ermənistanın siyasi və hərbi rəhbərliyinin uşaq qatili olduqlarını, insanlıq əleyhinə cinayət törətdiklərini və heç bir beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiklərini göstərir.
Biz, aşağıda imza edən uşaq və qadın hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər sizə müraciət edir, atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistanın bu cinayət əməlini kəskin şəkildə pisləməyə, beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə və vandalizminə laqeyd qalmaması üçün etiraz səsinizi yüksəltməyə və mandatınız daxilində təcavüzkar Ermənistanı durdurmağa çağırırıq.
Ümid edirik ki, siz bizim kollektiv müraciətə laqeyd qalmayacaq və Azərbaycanın mülki şəxslərinin kobud şəkildə pozulmuş hüquqların müdafiəsi üçün əlinizdən gələni edəcəksiniz.
Qeyd: Oktyabrın 11-də Ermənistanın Gəncə şəhərində törətdiyi vəhşiliyi və vandalizmi özündə əks etdirən forto şəkillər müraciətə əlavə olunur”.