Ermənistanın ölkəmizə yönəlik təcavüzünə qarşı Azərbaycanın haqq mübarizəsi tam qətiyyətlə davam edir. Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin təcavüzkarı sülhə məcburetmə addımları sülhpərvər bəşəriyyətdə böyük rəğbət və dəstək qazanır. Son günlər Cənubi Qafqazda baş verən proseslərə dünya mediasının ayırdığı diqqət, hazırlanan materialların təhlili göstərir ki, beynəlxalq ictimai rəy daha çox haqqın, ədalətin yanındadır. Lakin bəzi xarici ölkə KİV-lərində, eləcə də ayrı-ayrı siyasi şərhçi və yazarların, televiziya aparıcılarının yanaşmalarında tarixi faktların, beynəlxalq hüququn ümumqəbul edilmiş təməl prinsiplərinin, eyni zamanda haqqın, ədalətin qərəzli şəkildə pozulduğunun şahidi oluruq. Bu gün həqiqətin, ədalətin deyil, şərin yanında yer alanlar gətirdikləri arqumentləri, söylədikləri cəfəngiyatları beynəlxalq hüququn prinsipləri ilə pərdələməyə cəhd göstərirlər. Neçə müddətdir, rusiyalı teleaparıcı Vladimir Solovyovun müəllifi olduğu verilişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, xüsusilə son günlər Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı Azərbaycanın həyata keçirdiyi cəza tədbirlərinə həm aparıcı, həm də bəzi qonaqlar tərəfindən boş və mənasız söz yığınından ibarət cəfəng münasibət sərgilənir, beynəlxalq hüququn prinsiplərindən doğan tələblərin bilərəkdən və məqsədli şəkildə təhrif olunmuş şəkildə geniş ictimaiyyətə təqdim olunmasına cəhd edilir. Vladimir Solovyovun Azərbaycana qarşı daim qərəzli mövqedə olması, verilişlərində yeri gəldi-gəlmədi ölkəmizi tənqid hədəfinə çevirməsi, Ermənistana münasibətdə hər zaman “Roma Papasından artıq katolik” olmağa cəhd göstərməsi onun kimliyi haqda tamaşaçıda tam təsəvvür yaradır. Bu səbəbdən onun səsləndirdiyi əsassız və qərəzli fikirlər üzərində çox dayanmaq istəmirəm. Zatən onun ictimai rəyə təsir imkanları da artıq sıfıra bərabər vəziyyətdədir. Amma təəssüflə qeyd etmək lazımdır ki, veriliş iştirakçıları olan özünü politoloq, siyasi şərhçi, partiya lideri adlandıran ayrı-ayrı şəxslər tərəfindən beynəlxalq hüququn bir çox prinsipləri və bu prinsiplərdən irəli gələn tələblər ya məqsədli şəkildə tamaşaçıya təhrif olunmuş formada çatdırılır, ya da Ermənistanın xeyrinə təhrif edilməsi mümkün olmayan müddəalar üzərindən susqunluqla keçilir. Hansılardı beynəlxalq hüququn ümumqəbul edilmiş təməl prinsipləri və onlardan irəli gələn tələblər? Yazımızda onlara qısa şəkildə aydınlıq gətirməyə çalışacağıq.
1. Dövlətlərin öz əraziləri üzərində suverenliyi prinsipi. Ermənistan Azərbaycanın tarixi ərazilərinə soxulmaqla, iyirmi faiz ərazilərimizi işğal etməklə dövlətimizin suverenliyinə qəsd edib. Bu prinsipin tələblərinin Ermənistan tərəfindən (diqqət: yalnız Ermənistan) pozulduğunu BMT TŞ-nin münaqişəyə dair dörd qətnaməsi, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bir çox başqa beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar təsdiq edir;
2. Dövlətlərə və xalqlara qarşı silahlı birləşmələrdən istifadə etməmək prinsipi. Ermənistanın cinayətkar rəhbərliyi ölkəmizə və xalqımıza qarşı açıq şəkildə silahlı qüvvələrdən istifadə edib ki, bu da öz növbəsində qeyd olunan ikinci prinsipin tələblərinə ziddir. Azərbaycan dövlətinə və xalqına qarşı Ermənistan tərəfindən silahlı birləşmələrdən istifadə edildiyini cinayətkar dövlətin bütün keçmiş rəhbərləri, prezidentləri öz çıxışlarında dəfələrlə qeyd ediblər;
3. Dövlətlərin sərhəd toxunulmazlığı və bütövlüyü prinsipi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən Azərbaycanın sərhəd toxunulmazlığı hüququ açıq şəkildə pozulub. Bu hal dövlətlərin sərhəd toxunulmazlığı və bütövlüyü prinsipinə Ermənistanın nümayiş etdirdiyi münasibətin açıq nümunəsi hesab oluna bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə” və digər televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, Ermənistan bu gün də Azərbaycanın bütün dünya ictimaiyyəti tərəfindən təsdiq edilən sərhədlərini qəbul etmir;
4. Dövlətlərin ərazi bütövlüyü prinsipi. Ermənistan bir çox beynəlxalq təşkilatların, eləcə də BMT-nin və dünya dövlətlərinin birmənalı olaraq tanıdığı və hörmətlə yanaşdığı Azərbaycanın ərazi bütövlüyünü tanımadığını nəinki, beynəlxalq əhəmiyyətli tədbirlərdə dəfələrlə nümayiş etdirib, eyni zamanda ərazilərimizi işğal altında saxlamaqla bunu bir daha təsdiqləyib. Bundan başqa, qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi ilə bağlı bu ölkənin qəbul etdiyi, aşkar şəkildə zora və işğalçılığa xidmət edən qərarı hələ də qüvvədədir;
5. Təcavüzkar əməllərə yol verməmək və belə mahiyyətli addımlardan çəkinmək prinsipi. Ermənistan dövləti bu prinsipi pozmaqdan nəinki çəkinir, əksinə, otuz ildən çoxdur açıq şəkildə Azərbaycan Respublikasına qarşı təcavüzkarlıq siyasəti yürüdür;
6. Dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda dövlət əleyhinə çıxışları və mərkəzdənqaçma meyllərini qızışdırmaq, separatizmə aşıq dəstək verməklə Azərbaycanın daxili işlərinə qarışıb, bu, Dağlıq Qarabağda məhz Ermənistan hökumətinin təhriki ilə başlayan proseslərdə öz əksini tapır;
7. İnsan hüquq və azadlıqları prinsipi. Dağlıq Qarabağa münasibətdə işğalçılıq siyasətini həyata keçirməklə Ermənistanın cinayətkar rəhbərliyi ümumbəşəri dəyər olan insan hüquq və azadlıqlarını ayaqlar altına alıb. Keçmiş SSRİ rəhbərliyinin razılığı ilə yenidən 1987-88-ci illərdən qızışan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində qədim qərbi Azərbaycan torpaqlarında - indiki Ermənistan ərazilərində yaşayan yüz minlərlə soydaşımız, eləcə də işğala məruz qalan Azərbaycan rayonlarının sakinləri, bir milyona yaxın qaçqın və məcburi köçkünün elementar hüquqları illərdi pozulur;
8. Millətlərin bərabərliyi prinsipi. Ermənistan uzun illərdi həyata keçirdiyi təcavüzkar siyasət və davranışlarında sərgilədiyi münasibətlə azərbaycanlıları, o cümlədən bütün türkləri düşmən kimi qəbul etdiyini sübut edir. Bütün dünya ictimaiyyətinə, eləcə də Vladimir Solovyova çoxdan məlumdur ki, Azərbaycan çoxmillətli dövlətdir və bir çox millətlər, eləcə də minlərlə erməni burada dinc səkildə yaşaya bilirlər. Ermənistan isə faşizm ideologiyasının təsiri altında monoetnik dövlətə çevrilib;
9. Millətlərin öz müqəddəratını təyinetmə prinsi. Öz müqəddəratını təyin edərək dövlət yaratdıqları halda, Ermənistan (həm də tarixi Azərbaycan ərazilərində), ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək, digər xalqlara, xüsusilə azərbaycanlılara qarşı görünməmiş vəhşiliklərə rəvac verir. Bu gün Ermənistan və havadarları unutmağa və beynəlxalq ictimaiyyətə də unutdurmağa çalışırlar ki, əllərində bayraq etdikləri bu prinsipin başlıca tələbi dördüncü prinsip olan dövlətlərin ərazi bütövlüyü prinsipinin şətləri pozulmadan reallaşdırıla bilinməsidir. Sadə şəkildə qeyd etsək, dövlətlərin ərazi bütövlüyü pozulursa millətlərin öz müqəddəratını təyinetmə prinsipi işləyə bilməz;
10. Beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi prinsipi. Ermənistan təcavüzkar dövlət olaraq illərdir bu prinsipin tələblərini pozaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirmir. Cinayətkarın illərdi beynəlxalq güclər tərəfindən cəzalandırılmaması Ermənistana üzərinə beynəlxalq sənədlərlə qoyulan öhdəliklərini qulaqardına vurmasına şərait yaradıb. Nəticədə, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanı bu öhdəlikləri yerinə yetirməyə məcbur etmək missiyasını Azərbaycan xalqı, Azərbaycan ordusu öz üzərinə götürməli oldu.
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə nəinki beynəlxalq hüququn bu ümumqəbul olunan prinsiplərinin heç birini nəzərə almadığını, əksinə bu prinsipləri kobud şəkildə pozduğunu, qanunlar əsasında idarə olunan dövlət yox, hərbi xunta, cinayətkar qruplaşma olduğunu, bu dövlətin qanunları və beynəlxalq normaları heçə saydığını göstərir. Göründüyü kimi, Azərbaycanın son günlər öz ərazi bütövlüyü və vətəndaşların təhlükəsizliyi məqsədilə atdığı addımlar Solovyov və digər qərəzli ermənipərəstlərin qeyd etdiyi kimi beynəlxalq hüquqla ziddiyyət təşkil etmir. Əksinə, ümum qəbuledilmiş prinsiplərin təhlili göstərir ki, Azərbaycanın həyata keçirdiyi sülhə məcburetmə addımları beynəlxalq hüququn, eləcə də beynəlxalq humanitar hüququn (növbəti yazımızda beynəlxalq humanitar hüququn Ermənistan tərəfindən kobud şəkildə pozulan tələblərindən bəhs edəcəyik) təməl prinsiplərinə əsaslanır.
Anar ƏLİYEV,
Tarix üzrə fəlsəfə doktoru, “Vergilər” qəzeti və “vergiler.az” saytının baş redaktoru