Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi çərçivəsində yaranmış son eskalasiyanın təsirlərinə məruz qalmış mülki əhaliyə humanitar yardım ayırıb.
APA-nın xəbərinə görə, bu barədə Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib.
O deyib ki, yardım paketi çərçivəsində tibbi ləvazimatlar, qida və sığınacaq vasitələri ehtiyacı olan mülki əhaliyə çatdırılacaq: “Bu gün Britaniyanın ayırdığı yardım paketi Dağlıq Qarabağ münaqişəsindən təsirlənənlərə həyati qida, dərman və təcili səhiyyə xidmətlərinin çatdırılmasına kömək edəcək. Hər iki tərəfi ATƏT-in Minsk qrupu ilə sıx təmasda olmağa və region xalqlarının çox ehtiyac duyduğu sülh, danışıqlar yolu ilə münaqişəyə siyasi həll axtarmağa çağırırıq”.
Britaniya XİN başçısı sentyabrın 27-dən indiyə kimi mülki əhali arasında itkilərin artdığını və evlərə, vacib infrastruktura zərər dəydiyini qeyd edib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müraciətinə cavab olaraq, Britaniya 1 milyon funt sterlinq yardım paketi ilə böhranın təsirlərinə məruz qalan mülki şəxsləri geyim dəstləri və sarğılar daxil olmaqla çox ehtiyac duyulan tibbi ləvazimatlarla təmin edəcək. Döyüşlərdə yaralanan insanlar, o cümlədən atəş altında olan uşaqlar səhiyyə müəssisələrində və ya BQXK tərəfindən dəstəklənən təcili yardım xidmətlərində müalicə alacaqlar. Təsirə məruz qalanların bir çoxunun qida və digər zəruri məhsullardan istifadə imkanları məhduddur. Britaniya döyüşlərin aparıldığı yaxın ərazilərdəki insanlara yorğan, qida bağlamaları və əsas gigiyena vasitələri təqdim edəcək”.