Avstriyadakı səfirliyimizdən cəbhədəki gərginliklə bağlı AÇIQLAMA
01 oktyabr 2020 18:50 (UTC +04:00)

Avstriyadakı səfirliyimizdən cəbhədəki gərginliklə bağlı AÇIQLAMA

Azərbaycanın Avstriyadakı səfirliyi cəbhə bölgəsində gərginliklə bağlı açıqlama yayıb.

APA-nın xəbərinə görə, açıqlamada bildirilib ki, Ermənistanla Azərbaycan arasında 30 ildir davam edən münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizdən çoxu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Xatırladılıb ki, bir milyondan çox azərbaycanlı evlərini tərk etməli və çətin şərtlər altında Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yerləşməli olublar.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutdu və münaqişənin siyasi həllinə yer qoymadı. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət Ermənistanı təcavüzkar bir dövlət kimi görmür və bu ölkəyə konstruktiv mövqe tutması və silahlı qüvvələrini BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərdən geri çəkilməsi ilə bağlı siyasi təzyiq göstərmir.

Azərbaycan dəfələrlə Ermənistanın davam edən hərbi təcavüzünün və bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun regional sülh və sabitliyə böyük təhlükə yaratdığını bəyan edib.

Ermənistanın hərbi və siyasi rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı durmadan bəyanatlar səsləndirdi, Dağlıq Qarabağı Ermənistan ərazisi elan etdi və ATƏT-in Minsk qrupu daxilində danışıqlar formatında dəyişiklik edilməsinə çağırdı. Eyni zamanda, erməni tərəfi mütəmadi olaraq işğal olunmuş ərazilərdən Azərbaycana qarşı təxribatlar həyata keçirirdi, nəticədə mülki şəxslər və əsgərlər həyatlarını itirdi. Sonuncu belə təxribat bu il iyulun 12-16-da münaqişə zonasından uzaq, Ermənistan-Azərbaycan sərhədindəki Tovuz rayonu istiqamətində baş verdi.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq Azərbaycan ordusunun və mülki yaşayış məntəqələrinin mövqelərinə iri çaplı silahları və müxtəlif çaplı topları intensiv atəşə tutdu. Nəticədə bir neçə əsgər və mülki şəxs həyatını itirdi və ya yaralandı. Ermənistanın yaşayış sahələrinə və mülki şəxslərə ünvanlı hücumları, 1949-cu il, Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına səbəb olur. Mülki insanları hədəfə almaq Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığının bir hissəsi olan bir taktikadır və bunun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında Xocalı soyqırımıdır. 

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqelərinə hərbi zərbələr endirilməsi və mülki şəxslərin və mülki infrastrukturun iri çaplı silahlarla bombardman edilməsi, Ermənistanın beynəlxalq hüquqa görə, hərbi təcavüzünün və Azərbaycana qarşı güc tətbiq etməsinin növbəti cinayətidir.

Azərbaycan Respublikası, Azərbaycanın mülki yaşayış məntəqələrinin bombalandığı və əks hücuma başladığı hərbi obyektləri zərərsizləşdirmək üçün BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etmək üçün lazımi tədbirlər görməli idi. Azərbaycanın məqsədi Ermənistandan gələn təxribatların qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək və hər şeydən əvvəl işğal olunmuş əraziləri işğalçılardan azad etməkdir.

Son bir neçə gündə Azərbaycan ordusu xeyli uğur qazandı və işğal olunmuş ərazilərinin bir hissəsini azad etdi. Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikasının silahlı qüvvələri yalnız qarşı tərəfdəki hərbi obyektlərə hücum edirlər.

Avstriyadakı bəzi siyasi dairələrin Azərbaycanın Dağlıq Qarabağdakı döyüşlərdə muzdlu döyüşçülərdən istifadə etməsi barədə iddiaları heç bir həqiqətə əsaslanmır və bu səbəbdən tamamilə əsassızdır. Azərbaycanın 10 milyon sakini, çox yaxşı hazırlanmış ordusu və on minlərlə ehtiyatda olan hərbiçiləri var. Ona görə də, Azərbaycana xaricdən gələn döyüşçülərə ehtiyac yoxdur.

Bu siyasi dairələr Türkiyəni hədəf almaq əvəzinə, əsl təcavüzkarı, yəni 30 ildir Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanı qınamalıdır ki, işğal siyasətinə nəhayət son qoysun. Əvvəldən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bölgədə sabitləşdirici rol oynayır və münaqişədə heç bir formada iştirak etmir.

Mövcud vəziyyət və hadisələrin gələcək inkişafı üçün bütün məsuliyyət yalnız Ermənistanın siyasi-hərbi rəhbərliyindədir”, - açıqlamada qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631
avatar

Oxşar yazılar