“Ətrafımdakı döyüşçü yoldaşlarıma da dedim ki, bizim fatihəmizi verdilər”
04 iyun 2011 18:45 (UTC +04:00)

“Ətrafımdakı döyüşçü yoldaşlarıma da dedim ki, bizim fatihəmizi verdilər”

“Döyüş tarixi” rubrikamızın qonağı Azərbaycan Milli Ordusunun ilk taborunda tağım komandiri olmuş, “Koroğlu” ləqəbi ilə məşhurlaşmış Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyevdir. Füzuli Rzaquliyev qanlı döyüşlərdən, ağrılı-acılardan, itkilərdən, arzularından danışdı...


“Mircəfər Bağırov şəxsən onlarla görüşüb, daşı ətəklərindən tökməsini istəyib”


Uşaqlığım Dağlıq Qarabağda, Ağdərə rayonunun Xatınbəyli kəndində keçib. 1937-ci ilə kimi də bizim bəy-xan olan Zallar nəsli sovet Rusiyasına, ermənilərə qarşı döyüşüb. Babalarım, dayılarım 1937-ci ildə Qarabağda məşhur qaçaqlar olublar. Mircəfər Bağırov şəxsən onlarla görüşüb, daşı ətəklərindən tökməsini istəyib. Onlar barışmayıblar. Ermənilərin Ağdərədə 32 büstləri vardı. O büstlərdə yazılmışdı ki, bu insanlar 1937-ci ildə öldürülüblər. O erməniləri Araz dayım güllələyib...

Orduda qulluq edirdim, daha sonra təyinatla 1987-188-ci ildə Ağdərənin kəndlərində orta məktəbdə hərbi məsələlər üzrə direktor müavini işlədim. Bir məqamı deyim. Azərbaycanda sənədləşmə rusca gedirdi, Azərbaycanın bir parçası olan Dağlıq Qarabağda sənədləşmə erməni dilində gedirdi. Bizim həmişə onlarla mübahisəmiz olurdu. Arif vardı - bir yerdə oxumuşduq. Yaxşı işləsək də, 1987-ci ildə Novruz bayramında ermənilər bizə töhmət verdilər. Sonra 1989-cu ildə ailə vəziyyətimlə əlaqədar Bakıya qayıtdım. Sonra meydan hərəkatı başladı. Məktəbdə, sonra Bakı Kommersiya Texnikumunda işlədim. Mitinqlər çıxış yolu deyildi. Biz özümüz arada Dağlıq Qarabağ gedirdik. O vaxt Azərbaycan rəhbərliyi ordunun yaranmasını istəmirdi, hətta rəhbərlikdəki bəzi şəxslər döyüşən xalq olmadığımızı deyirdilər. Bu, imperiyaya xidmət idi.

Heç ordu qurulmamışdı, 1988-ci ildə bizim Kolanı qisas dəstəmiz vardı. Erməni rəhbərliyi, sovet rəhbərliyi bir tərəfdən, bir tərəfdən də öz rəhbərliyimiz, əl-qolu bağlı mübarizə aparırdıq. İlk dəfə Qarabağda Çıldıran deyilən kənddə, körpüdə ermənilərin dərsini vermişik. O vaxt dayımın başına ermənilər pul da qoymuşdular.


“Dedim ki, bu gecə ermənilər həm içkili, həm də postda az olacaqlar”


1991-ci il oktyabrın 9-da fərman verildi və ilk könüllülər 1991-ci ilin oktyabrında yarandı. Könüllülər Şıxovda, rusların hərbi bazasında yığışmağa başladı. Biz ora yığışdıq, rus hərbçilərini qovduq. O zaman hələ Müdafiə Nazirliyi yox idi. Arif Salahov, Dadaş Rzayev, Balağa Rzayev və Zaur Rzayev bizimlə idilər. O vaxt elə bir dövr idi ki... Mitinqlər gedir, azərbaycanlılar qovulur, SSRİ dağılır, başda oturan başıboşlar da SSRİ-nin qulpundan bərk yapışmışdılar. Biz erməninin qarşısına çıxmaq üçün ordu yaratmalı idik. Ordu yaranması da ağrılı bir proses idi. Silah, paltar vermirdilər ki, bezsinlər. Təsəvvür edin ki, hərbi komissarlıqdan uşaqları gətirirdik. Hərbi komissarlıqlarda belə təbliğat gedirdi ki, bax müharibədir, könüllüdür. Biləcəri toplanış məntəqəsində də gələnlərə deyilirdi ki, müharibə gedir, iştirak könüllülük prinsipi əsasındadır, məcburiyyət yoxdur. Gənclərin orduya gəlməsinin qarşısını almağa çalışırdılar. O vaxtkı qeyrətli oğullar buna baxmırdılar. Mənim də rahat işim, 3 uşağım vardı. Evlə işin arası da çox yaxın idi. Amma vətən hissi, düşmənə nifrət hər şeydən öndə olanda insanın gözünə heç nə görmür. Bizim tabor formalaşdı. Hərbi andı özümüz tərcümə etdik. Vətənpərvər oğlanlar yığışmışdı, amma silahımız yox idi. Digər tərəfdən, sovet sistemində azərbaycanlılar əsasən ikinci taborda - tikinti taborunda qulluq etmiş insanlar idilər. Silahı da bizə döyüş nöqtəsində paylayırdılar. Onu da deyim ki, Müdafiə Nazirliyində ilk qeydiyyatdan keçən tabor bizim taborumuz olub, Demokratik Cümhuriyyətin yaşadığı günlərin sayı ilə adlandırılmışdı. Bizə “ilk qaranquşlar” deyirdilər. Döyüşçülər, camaat mənə “Koroğlu” deyirdilər. Mən heç vaxt əsgərləri özümdən ayırmamışam, həmişə onların içərisində olmuşam.

1991-ci il dekabrın 31-dən 1992-ci il yanvarın 2-nə keçən gecə mənim rəhbərlik etdiyim tağımın ilk döyüşü Sarısu istiqamətində, Erkəş, Mənəş və Buzluqda oldu. Sarısu azərbaycanlıların yaşadığı böyük və strateji kənd idi. Ancaq Sarısu kəndinin ətrafındakı 4 yüksəklikdən ermənilər kəndi atəşə tuturdular, rahat yaşamağa qoymurdular. Mən hücum üçün xristianların xüsusi təmtəraqla qeyd etdiyi yeni il gecəsini seçdim və məlumat sızmaması üçün bu əməliyyat barədə heç kəsi xəbərdar etmədim. Yerli polis dəstəsindən yanımızda bir nəfər vardı. Mən əsgərlərimə dedim ki, bu gecə ermənilər həm içkili, həm də postda az olacaqlar. Elə də oldu. Çəpərqaya, Bala Canbaz və Böyük Canbaz yüksəkliklərini götürdük. Dördüncü yüksəklik istiqamətində ermənilər bizi atəşə tutmağa, sıxışdırmağa başladılar. Yüngülvarı yaralandım. Todan kəndində Oruc Məmmədovun başçılıq etdiyi tağım vardı. Atəş səslərini eşidir. Sonra mənimlə görüşəndə dedi ki, fikirləşdim ki, bu, Koroğlunun işi ola bilər. Ermənilər bizi sıxışdıran vaxt onlar Todan istiqamətindən atəşə tutuldu. Oruc Məmmədovun tağımı erməniləri cinahdan çıxardı, dördüncü postu da götürdük.

Yaralı ermənilər aşağıda, fermada gizləniblərmiş. Fermada döyüşçülərimizdən Dilqəmi vurdular. O fermadakı erməniləri də məhv etdik. Ümumiyyətlə, 28 erməni silahlısını öldürdük, 1-ni əsir aldıq. O döyüşlərdə döyüşçülərimizdən Sədrəddin Əsədov, Oqtay Bağırov, Tellar Cuvarov, Ramiz Mustafayev, Rövşən Xəlilov, Mürsəl Məmmədov və digərləri böyük şücaət göstərdilər.

Bunun hamısını Tacəddin Mehdiyev bilir...


Bir ay sonra biz oradan Bakıya çağırıldıq. Bizim briqadanın digər tağımları da başqa istiqamətlərdə şücaət göstərmişdilər. Bu, erməniləri çox əndişələndirdi. O vaxt ermənilərə qulluq edənlər də vardı. Çünki ermənilər Bakıdan tam getməmişdi, SSRİ-nin “KQB”si burada işləyirdi. Taborun məhvi istiqamətində işləməyə başladılar. O vaxt həm də mitinqlər gedirdi. Təzə formalaşan hərbi hissə idi, insanlar da bir-biri ilə əlaqədə idi. İkinci əməliyyatımız olan Daşaltı əməliyyatından qabaq xəbər gəldi ki, Prezident Aparatının qarşısında mitinq gedir və biz ora köməyə getməliyik ki, milis mitinqi dağıtmasın. Amma bu mitinqlər də Qarabağla bağlı idi, kiminsə istefası tələb olunmurdu. Orada ikitirəlik oldu. Ümumiyyətlə, hərbçi siyasətə qarışmamalıdır. Bununla belə, o vaxt qarışıq, həssas, emosiyalar coşan bir dövr idi. Maşına dolub, Prezident Aparatının qarşısına gəldik. Sipər kimi milislə camaatın arasında durduq. Prezident Aparatından baxıb, bizim hərəkətimizi gördülər. Mən elə oradaca ətrafımdakı döyüşçü yoldaşlarıma da dedim ki, bizim fatihəmizi verdilər. Bir neçə gün sonra Daşaltı əməliyyatı ortaya çıxdı. Bunun hamısını Tacəddin Mehdiyev bilir...

Daşaltıda tabor həcmində döyüş əməliyyatı həyata keçirmək istəyirdik. Nurəddin Abdullayev tabor komandiri, Zaur Rzayev də briqada komandiri idi. Amma Zaur Rzayevi bu əməliyyatdan uzaqlaşdırmışdılar. Biz gecə vertolyotla Şuşaya uçmalı idik. Yanvar 24-də, 25-də hava qarlı oldu, Zabratdan Şuşaya uça bilmədik. Amma 2 vertolyot öncə uçmuşdu. Yanvarın 25-də avtobuslarla yola düşdük. Avtobuslarla Qubadlıya getdik, oradan o tərəfə avtobuslar gedə bilmədi. Kiçik tutumlu “PAZ” markalı avtobuslarla gecə Laçına qalxdıq. Laçında səhərə yaxın həyəcan siqnalı ilə birbaşa döyüş əməliyyatına getdik. Bizə silahı da döyüş vaxtı verdilər. Amma qayda var, döyüşdən əvvəl silah yoxlanılmalıdır. Bizim üstünlüyümüz o idi ki, Sarısu istiqamətində döyüşdən əvvəl Hacıkənddə xeyli məşq etdik. Çünki uşaqların çoxunun silahdan başı çıxmırdı. Çünki əsgərlərin çoxu sovet ordusunda ikinci taborda olmuşdular. Silahların çoxu da atmadı. Uşaqlardın biri indi Zaqatalada polis mayorudur, onun avtomatının qaz borusunu sökdük, əski çıxdı. Bizim o vaxt hücum qumbaralarımız da yox idi. “F1” qumbaraları müdafiə üçündür, 250 metr kənara dağılır. Heç bir rabitə vasitəsi yox idi...

Daşaltıda 92 nəfər itkimiz oldu. Təkcə bizim tabordan 77 nəfər şəhid oldu. Biz Laçın istiqamətdən getdik, Daşaltı kəndinə birbaşa biz girdik. Baxmayaraq ki, kəndin içərisinə biz girmişdik, ən çox sağ qalan döyüşçülər də mənim tağımımda idi. Həmin döyüşdə ermənilərə də ciddi zərbə vuruldu. “Kamaz”a dolan erməni silahlılarını topla vurduq. İtkilərimiz də böyük oldu, amma əsir düşənimiz olmadı. Geri çəkilmək üçün fişəng atılmalıdır. Çünki rabitə vasitələri yox idi. Kəndi duman aldı. Bizim xilas olmağımızda dumanın da böyük rolu var idi. Fişəng atılsa da, görükməyəcəkdi, rabitə də yox idi. Buna görə də özümüz qərar verdik. Kəndin içərisində də itkilərimiz artırdı. Qəhrəman Qəhrəmanov da o döyüşdə şəhid oldu. Əli, Oqtay Bağırov vardı, onlar da yaralanmışdı. Bizə bələdçilik edən şəxs də yaralanmışdı. Mən şəxsi heyəti geri çəkməyə məcbur oldum.


“Sonuncu gülləni özünə vurmuşdu”

Daşaltı əməliyyatı niyə uğursuz oldu? Səbəb çoxdur. Ümumiyyətlə, Daşaltı ilə bağlı eyni ssenari ilə üçüncü dəfə idi ki, o əməliyyat hazırlanırdı. Dağlıq Qarabağda gediş-gəliş yerləri, cığırlar, yollar az saydadır. Hər yerlə getmək, gəlmək olmur. Gədiklər, dərələr kəsilmişdi. Ermənilərə Xankəndindən də əlavə qüvvələr köməyə gəlirdilər. Amma bizimkinin adı tabor idi, 350 nəfərə yaxın şəxsi heyət vardı. Əlavə qüvvələr yox idi. Geri qayıdanda nə Tacəddin Mehdiyev, nə də Nurəddin Abdullayev yox idi, qaçmışdılar. Sonra Nurəddin Abdullayev gəlib çıxdı, guya əlavə qüvvə ardınca Laçın tərəfə getmişdi. Nurəddin Abdullayev yaxşı hərbçi idi, onu da oyuna salmışdılar. Heç bir komandir istəməz ki, apardığı əməliyyat uğursuz alınsın, itkilər olsun.

Bir amil də vardı. O vaxtkı rəhbərlik ordunun güclənməsini, xalqın əlinə silah keçməsini istəmirdi. Digər tərəfdən, Rəhim Qazıyev o vaxt nazir olmaq istəyirdi. Tacəddin Mehdiyev də istəyirdi ki, bir qalibiyyətli döyüşü olsun. Belə bir tələskənlik, belə bir xaosla Daşaltı əməliyyatının keçirilməsi uğursuzluğa yol açdı. Ancaq bu əməliyyat uğursuzluq da olsa, qəhrəmanlıq salnaməsi idi. Yuxarıda da qeyd etdim, bu döyüşdə əsir düşən olmadı. Mənim Cəfərov Zaur adlı əsgərim əsir düşməmək üçün axırıncı gülləni özünə vurmuşdu. Bizim qumbaralarımız onlardan ibarət idi. Əslən Gürcüstan tərəfdən olan Rövşən adlı idmançı döyüşçüm vardı. Sarısu döyüşlərində də böyük qəhrəmanlıq göstərmişdi. Bəla həm də o idi ki, birinci dəfə mənimlə döyüşə gedən insanlar ikinci dəfə tamam başqasının komandanlığı altında döyüşə gedirdilər. Dərdimiz bir deyildi ki!... Rövşən Xəlilov artıq başqa tağımın tərkibində döyüşdə yaralananda, ermənilər yaxınlaşıb onu əsir götürmək istəyəndə “F1” qumbarasını atıb. Düşməni də, özünü də məhv etmişdi. Elə oğlanlarımız vardı. Musa Qonaqov vardı, o da əsir düşməmək üçün eyni addımı atmışdı.

Yəni bizim bir amalımız vardı ki, türk əsgəri, zabiti əsir düşməsin. Yaralanmaq, şəhid düşmək olardı, bu, başqa şeydir. Daşaltı əməliyyatında da əsir düşən olmadı.
Bir məqamı da qeyd etmək istəyirəm. Nurcahan adlı bir xanım vardı, ştabda çalışırdı. Daşaltı döyüşlərində o da iştirak edirdi. Daşaltıdan geri çəkiləndə gördüm ki, bir xanım bir nəfəri çıxarır. O, Şuşa polisinin əməkdaşı idi, şəhid olmuşdu. Nurcahan xanımın 1 kursant oğlu vardı, sonra o da şəhid oldu. Belə vətənpərvər, mərd xanımlarımız var...


“14 kəndi ermənilərdən azad etdik”

Əməliyyat uğursuz olsa da, ruhdan düşmədik, bir daha toparlandıq. Şuşa yiyəsiz idi, hücum ola bilərdi. Şuşanın müdafiəsini təşkil etdik ki, insanlar özlərinə gəlsinlər. Çünki qalibiyyətin yiyəsi çox olur, məğlubiyyətin yiyəsi olmur. Şuşa hər dəqiqə gedə bilərdi. Xankəndi istiqamətdəki postlarda durduq, yenə orada atışmalar, döyüşlər getdi. Sonra fevralda yenə Bakıya qayıdıb gəldik. Bəzi döyüşçülərimizin cənazələrini yavaş-yavaş almağa başladıq. Təəssüf ki, cənazələrin çoxu da alınmadı. Daşaltıda Ziyad Əhmədovun böyük qəhrəmanlığı oldu. Əfqanıstanda döyüşənlərdən 12 nəfərlik xüsusi dəstə yaratmışdı. Riyad Əhmədov o dövrdə MTN-nin işçisi olsa da, vətən torpaqlarının müdafiəsi üçün döyüşə atılmışdı. Ermənilərə çox böyü nifrəti vardı...

Artıq ordunun təşkili, gücləndirilməsi başlandı. Çünki başqa yol görünmürdü. Ruslar ermənilərin tərəfində idi, digər tərəfdən də artıq Azərbaycan kəndlərinə hücumlar başlayırdı. O vaxt artıq Rəhim Qazıyev nazir idi, könüllülərin ləğvi məsələsi qoyuldu. Biz israr etdik ki, könüllülər də yerində qalsın, hazır döyüşən potensialdır, çağırışçı da gəlsin, ordu formalaşsın. O vaxt SSRİ Daxili Qoşunlarının bazası var idi. Biz deyirdik ki, ordu Daxili Qoşunların bazasında yaradılsın. Biz kiçik zabit heyəti idik, sözümüz keçərli olmadı. Bizim taborun ləğvi məsələsi ilə əlaqədar nazirlikdə Şahin Musayevlə görüşdük. 7 zabit idik. Dedi ki, şəxsən o əmri özü verib, tabor “bandit dəstəsidir”. Dedik ki, dayan! 7 zabit də hərbi təhsil almışdı, bir-bir sadaladıq. Daha iddialı danışmadı, amma tabor ləğv olundu.

Artıq 1992-ci ilin martında gənc əsgərlər gəldilər, təlim-məşq toplanışı başlanıldı. Onlara poliqonlarda yaxşı təlimlər keçdik. Sonra 1992-ci ilin may ayında Murovdan keçməklə Kəlbəcərə qalxdıq. Ağdərə istiqamətində döyüşlərimiz başladı. May-iyun aylarında 14 kəndi ermənilərdən azad etdik. Zaur Rzayev Azərbaycanın hərb tarixində bacarıqlı, səriştəli bir hərbçi idi. Komandirlərdən Qurban Qurbanov, Zamiq Hüseynov, Elxan Maçayev, Bəhram Ağakişiyev, Bəhram Ləzimov, Oruc Məmmədov, Nəriman Zeynalov, Şamo Əliyev, Çingiz Əliyev, Sənan Məmmədov kimi oğlanların hərəsi bir qəhrəmandır. Eləsi var ki, indi də bədənlərində 50-yə yaxın qəlpə gəzdirir. Bəziləri bu gün də xidmət edir. Şəhidlərdən Zakir Nağdəliyevin də adını çəkmək istəyirəm. Niyazi Quliyev, Köçəri Bədəlov, Nizami Məhərrəmov, Fərman Vəliyev və Fərman Maniyevin, “Nemes” ləqəbli Malikin, milli qəhrəmanlarımız Yunis Nəcəfov və Aqil Quliyevin adlarını da qeyd etmək istəyirəm.

Narınc kəndində döyüşlərə də toxunmaq istəyirəm. Bu kənd Ağdərə rayonu ilə Kəlbəcər rayonu arasında yerləşirdi. Kəndin üstündə Aydoğan dağı vardı. O dağdan gecələr kiçik qaya parçalarını, böyük daşları yuvarladırdıq, böyük səs-küy çıxarırdı. Ermənilər də mərmilərini həmin səs-küy gələn istiqamətə atırdılar. Beləliklə, yüzlərlə mərmilərini israf etdirmişdik...

Narınc döyüşündə Nəriman Zeynalovun ayağına güllə dəyib, heç o döyüşdən çıxmadı. Süngü bıçağı ilə onun ayağından o gülləni çıxardım.

Kəlbəcərdə olanda yeni bir tabor formalaşırdı. Süleyman Əhmədovun komandirliyi ilə briqadanın tərkibində tabor yaradıldı. Ona “Laçın taboru” deyirdilər. Briqada Kəlbəcərdə qala-qala biz artıq Laçın istiqamətində irəliləməyə başladıq. 1992-ci ildə bir neçə ay müddətində Laçının 42 kəndi azad olundu. Laçının Xoçaz kəndi var, orada iki dəfə əməliyyat olub. Həmin əməliyyatın birində 50 erməni məhv etdik, 4 nəfər də əsir götürdük.

Bir məqamı da qeyd edim. Gənc əsgərləri başa salırsan, döyüşürlər. Amma könüllü ayrı şeydir. Təzədən bir də məcburi tərxis edilən könüllüləri yığmağa başladılar. Ancaq könüllülərin bəziləri artıq qayıtmadılar. Yenidən könüllülərin taboru təşkil olundu. Ləğv olunmuş taborumuz yenidən bərpa edildi. Artıq yenə könüllülərin sırasına qayıtdım. 1992-ci ildə mənim 29 yaşım vardı, komandir idim. Firdovsi kişi adlı 53 yaşında əsgərim vardı, kərkicahanlı idi. Laçında Kamran bəy vardı, bəy nəslindən idi. 72 yaşı vardı, turnikdə çəkinməkdə bizdən “boyevoy” idi. 1941-1945-ci ildə döyüşlərdə iştirak edib, veteran idi. O da bizimlə döyüşürdü. Tağım komandiri Vaqif Quliyev vardı, çox gözəl hərbçi idi. Məktəb direktoru idi, könüllü gəlmişdi. Laçın istiqamətində şücaət göstərən oğlanlarımız çox idi. Rəhman İsgəndərov vardı, yenə də hərbi qulluğunu davam etdirir. Bu gün də bədənində 53 qəlpə gəzdirir.


“Yaralandım...”

Laçında idik, bizi sonra Ağdərəyə çağırdılar. Orada da Vəng istiqamətində uğursuz əməliyyat oldu. Döyüşdən sonra meşənin içində yeməyə yığışdıq. Döyüşdən sonra insanın elə iştahı da olmur. Palçıqlı da bir yer idi. Ermənilər top atırdı. Top gülləsi gəlib sancıldı, açılmadı. Dedim ki, buranı tez tərk edin, açılmadı, allahın işidir. Yerimizi dəyişdik, 4 nəfər qulaq asmadı. İkinci mərmi də ora düşdü. 4 nəfərin 2-si o dəqiqə şəhid oldu, 2-si isə yolda hospitala gətirəndə həyatını itirdi. Belə hallar bir-iki deyil.

Vəng döyüşündə yaralandım. Bizim uşaqları yenidən bir də Laçına qaytardılar. Məni artıq hospitala yerləşdirdilər, o vaxt Kəlbəcər getməmişdi. Başları çıxmadı, sonra Travmatologiya İnstitutunda müalicə aldım. Moskvadan həkim gözlədilər, o da gəlib çıxmadı. Rəşad şəkim olmasaydı, qolumu kəsmişdilər...

Kəlbəcər gedəndə mən müalicə alırdım. Briqada Hacıkənddə yığışmışdı. Ora getdim, 1-2 orada oldum. Artıq mənə səhhətimlə bağlı arxa işdə başqa vəzifələr də təklif olunurdu. Mən də onları qəbul etmədim. 1993-cü ilin avqustunda hərbidən tərxis oldum.

Xatirələr çoxdur... Artıq 1992-ci ildə ordu formalaşırdı. Biz 4 dost idik. Biri Nəriman idi, Qazax rayonundan idi, soyadını unutmuşam. Nəriman həm də rəssam idi. Sonra Zakir vardı. Feyruz vardı, bakılı balası idi. Nəriman artıq briqada komandirinin adyutantı idi. Zakir batalyon komandiri keçmişdi. Feyruz arxa cəbhə təminatında idi. Zakir Kəlbəcərdə qəzaya düşdü, indiyə qədər də xəbər yoxdur. Feyruz da əsgərlərə ərzaq paylayıb, yaralıları götürüb qayıdanda minaya düşdü, 6 nəfərlə orada şəhid oldu. Nəriman da Kəlbəcərdə döyüşlərdə həyatını itirdi. Mən indi sizə müsahibə verirəm. Taleyin də bir yazısı var. 20 yanvarda da mənə nə isə ola bilərdi. Rəhmətlik Müşfiq Ayna Sultanov heykəli yaxınlığında bizim yanımızda vuruldu.

Arzu edirəm ki, tezliklə müharibə olsun, yarımçıq işlərimizi başa çatdıraq. Biz müharibəni cavanlara qoya bilmərik. Bəzən hərbçilərin içərisinə gedirik. İnsan yüngülləşir. Şəhər adamı qocaldır. Şəmistan Əlizamanlı o zaman gözəl səsi deyirdi ki, filan yer alındı, filan yer də alındı. O zaman qırıq radio ilə o xəbərlərə qulaq asırdıq. Fəxr edirəm ki, o döyüşlərin iştirakçısı olmuşam. Heç olmasa fərd kimi ermənidən heyfimi almışam. Amma bir millət, xalq kimi heyfimizi almalıyıq. Qafqazda erməninin izi-tozu qalmamalıdır. Çünki onlar bura gəlmədirlər. Arxalı köpək qurd basar deyirlər, başqalarının hesabına burada Azərbaycan torpaqları hesabına dövlət qurublar. Amma əvvəl-axır onlar cəzalarını alacaqlar. Azərbaycanın qəhrəman oğlanları həmişə olub və olacaq. Mübariz İbrahimov və Fərid Əhmədovun son addımları da bir nümunədir. Çanaqqala, Sarıqamış döyüşlərində 273 min türk şəhid olub. Onların arasında 8 minə qədər Azərbaycan türkü də olub. Onlar əsl kişilər olublar. Ara sakitləşəndə bəzi siyasətçilər Atatürkün üstünə düşüblər. Deyiblər ki, Çanakqalaya görə 273 min türk kişisini şəhid verməyə dəyərdimi? Atatürk fikirləşmədən deyib ki, bəli, dəyərdi, türk anaları türk kişilərini yenə doğacaq, amma Türkiyə doğmur, artmır.

Qarabağ yerindədir, biz döyüşə-döyüşə ora getməliyik. Atatürk deyir ki, möhtac olduğun qüdrət sənin damarındakı qanındadır. Bu qanı coşdurmaq vacibdir. Ölüm-itimdən qorxmamaq lazımdır. Gündə qəzada, bıçaqlanmada neçə insan ölür. Amma bir də var ki, torpaq uğrunda şəhid olasan. Bundan ən əziz nə ola bilər? 28 ən yaxın qohumum şəhid olub. Bütün şəhidlər mənim üçün əzizdir, bizi nəsil-kökdən də 28 nəfər şəhid olub. 3 qardaşdan da ikimiz müharibə əlliyik. Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində əyanidə oxuyan qardaşıma, Xəqaniyə arxayın olub cəbhəyə getmişdim. O da məndən sonra döyüşçü kimi başqa istiqamətə gedib. O yaralananda mən nə vəziyyətlərə düşdüm! Xəqani Azərbaycanda ilk yaralanan jurnalist olub, müharibə əlilidir. Qarabağla, döyüşlərlə bağlı bir neçə kitabı var. Ancaq ən ağrılı məsələ torpaqlarımızın işğalıdır. Biz bağçadan başlamalıyıq...

Keçən il əsgərlikdə olan oğlum Daşaltı əməliyyatının ildönümündə mənə bir mesaj yazmışdı. Yanvarın 26-da yazıb: “Bu günün sənin üçün heç də ürəkaçan gün olmadığını bilirəm. İnşallah, Allah ömrü vəfa edər, yarımçıq işinizi yenidən Vətənin qeyrətli oğlanları və bizlərlə yekunlaşdırarıq. Mən səninlə qürur duyuram. Fəxr edirəm ki, mənim atamsan. Tanrı sənə dəyməsin”.

Artıq Azərbaycan ordusu torpaqlarımızı istənilən an azad etməyə hazırdır. Biz Ali Baş Komandanın əmrini gözləyirik, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə atılacağıq...

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3930

Oxşar yazılar