Əli Əliyev: “Məni Allahdan başqa heç kim idarə edə bilməz” - MÜSAHİBƏ
31 may 2011 17:09 (UTC +04:00)

Əli Əliyev: “Məni Allahdan başqa heç kim idarə edə bilməz” - MÜSAHİBƏ

- Əli bəy, “İnsan Naminə” seçki blokuna daxil olan partiyalar yeni birlik yaratmaq ərəfəsindədir. Son proseslər nə yerdədir?

- Parlament seçkilərindən sonra ölkənin siyasi həyatında yeni situasiya yarandı. Bu şərait hakimiyyətin müxalifətə dair siyasətinin yeni xəttini, ölkənin real müxalifət qüvvələrinin durumunu və seçicilərin Azərbaycandakı siyasi proseslərə yönəlik mövqeyini ortaya çıxardı. Hakimiyyətin yeni siyasi xətti seçki prosesinin gedişinə, ölkədəki siyasi proseslərə müxalifət adına az və ya çox dərəcədə təsiri olan siyasi təşkilatların bütün müstəvilərdən sıxışdırılmasını nəzərdə tutur. Bələdiyyə qurumlarının təşkilindən kənarda saxlanılmış, fəaliyyət imkanları minimum həddə qədər sıxılmış, sərbəst toplaşmaq, fikir müxtəlifliyi, söz və mətbuat azadlığından məhrum edilmiş, ölkənin iqtisadi həyatından tamamilə çıxarılmış və ölkənin elektron KİV-indən kənarda saxlanılmış müxalifət qüvvələrinin parlamentdə təmsilçiliyinə də imkan verilmədi. Bununla müxalifət qüvvələri seçki komissiyalarının təşkilində iştirak hüququndan da məhrum edildi. Ötən ilin noyabrında keçirilmiş parlament seçkiləri müxalifət daxilindəki iqlimin də normal olmadığını bir daha üzə çıxardı. Belə ki, müxalifətin vahid namizədlər korpusunu formalaşdıra bilməməsi, vahid komanda olaraq seçkiyə qatıla bilməməsi seçki uğursuzluğunun əsas səbəbləri kimi yaddaşlarda qalacaq. Müxalifətin ideoloji, təşkilati, maliyyə resurslarının toparlana bilməməsi siyasi hakimiyyətin dəyişməsində maraqlı olan narazı elektoratın da haqlı etirazına səbəb olub və bu amil narazıların seçkilərdə fəal olmamasının əsas amili kimi özünü qabarıq göstərdi. Bu şəraitdə isə Azərbaycan müxalifəti özünə yenidən baxmalı, seçkidən əvvəlki və sonrakı dövrü ciddi təhlilini aparmalı, buraxılan səhvləri etiraf etməli və növbəti mərhələni qiymətləndirməli idi.
Mövcud şəraitdə biz - “İnsan naminə” seçki blokuna daxil olan partiyalar olaraq belə qərar gəldik ki, seçkidən əvvəl yarada bilmədiyimiz birliyin seçkidən sonra yaradılmasına təşəbbüs göstərək. İlk cəhdimiz “Qarabağ və Respublika uğrunda Hərəkat”ın bərpa edilməsinə yönəldi. Vaxtilə həmin Hərəkata daxil olan partiyalarla təmaslarımız oldu. O görüşlərdən aydın oldu ki, bəzi partiyalar “ərəb inqilabları”nın təsiri altında eyforiyaya qapılaraq bu dalğanın ən qısa zamanda Azərbaycana da çatacağını düşünür və onun mümkün “bəhrələrini” başqaları ilə bölüşməmək istəyindədir. Eyni zamanda, bir təhdidedici mövqe də sərgiləndi ki, İctimai Palata adı ilə “məhz bizim bayrağımız altında bir araya gəlinsin!” Bu isə təbii ki, bizi qane edə bilməzdi. Belə təkəbbürlü mövqe bizim birinci cəhdimizin gözlənilən nəticəyə varmasına imkan vermədi. ALP və VİP-in vurğuladığım istiqamətdə birinci təşəbbüsü bu ilin yanvar-fevral aylarını əhatə edirdi. Ölkə müxalifətinin təşkilatlanmasının əhəmiyyətini dərk edərək bu ilin mart ayında növbəti təkliflə çıxış etdik. Bu dəfə isə son parlament seçkilərinə təşkilat olaraq qatılmaq gücünü nümayiş etdirmiş səkkiz partiyanın – ALP, ADP, KXCP, VİP, Ümid, Müsavat, AMİP və AXCP - heç bir ön şərt irəli sürmədən bir masa ətrafına toplanıb çıxış yollarını birgə axtarmalarını təklifini irəli sürdük. VİP və ALP olaraq digər altı partiyanın sədrini təkliflərimizlə tanış etdik. Lakin bu təşəbbüsümüz də istədiyimiz nəticəni vermədi.
Vəziyyətin belə olduğunu gördükdən sonra artıq aprel ayından mövqelərimiz üst-üstə düşən siyasi partiyalar və ictimai qurumlarla bir arada olmağın yollarını aramağa başladıq. Bu istiqamətdə səylərimizi davam etdiririk. Məsləhətləşmələr yekunlaşdıqdan sonra yaxın dövrdə yaradacağımız siyasi birliyin adı, tərkibi və prinsipləri ictimaiyyətə çatdırılacaq.

- Hazırda müxalifət partiyalarının ən böyük birliyi kimi İctimai Palata görünür. Siz böyük birlik tərəfdarı olaraq, niyə İP-ə qoşulub öz fikirlərinizi, ideyalarınızı çatdırmırsınız?

- Bizim təşkilatlanma cəhdlərimiz İctimai Palatanın əleyhinə olmağımız təəssüratını doğurmamalıdır. İP parlament seçkilərindən sonra bir qrup narazı namizədin və iki siyasi partiyanın yaratdığı təşkilatdır. Bu, heç bir halda müxalifətin vahid qurumu deyil. O səbəbdən də heç bir halda müxalifətin yeganə qurumu kimi təqdim edilməməlidir. Biz 2005-ci ildə də belə təşkilatlanma cəhdinin şahidi olmuşduq. O dövrdə də seçkidə iştirak etmiş 600-dən çox narazı namizəd Aşıq Ələsgər adına Mədəniyyət Evində toplaşaraq təşkilatlanmaya qərar vermiş, seçkidə qələbələri tanınmış namizədlərin parlamentə getməyəcəyi barədə bəyanat imzalanmışdı. Amma nəticədə ictimai qaydada üzərinə götürdüyü öhdəliyə əməl etməyən İctimai Palatanın bugünkü təsisçilərindən biri parlamentin işində iştirak və təkrar seçkilərə qatılmaq qərarı verməklə həmin təşəbbüsü bir andaca boğmuşdu. Bizə də fərdi qaydada İP-ə müraciət yolu ilə üzv olmaq təklif edilib. Lakin kim zəmanət verə bilər ki, məqsədləri dəqiq olmayan, daxili idarəçilik əsasnaməsi qeyri-müəyyən, rəhbər orqanı olan Koordinasiya Şurasının hansı yolla seçildiyi bilinməyən bir quruma üzv olsaq, keçmişdə üzləşdiyimiz sapmalar təkrarlanmayacaq? İP-in daxilindəki partiyaların ayrı-ayrılıqda mitinq təşkil etmək cəhdləri, mübarizənin hədəfi kimi yeni parlament seçkiləri keçirilməsinin göstərilməsi yeni sapmaların işartısı deyilmi? Bizim partiyalar – VİP, ALP və Azərbaycan Yaşıllar Partiyası təşkilatı strukturu şəffaf olan, siyasi hədəfləri üst-üstə düşən, mübarizə prinsipləri uyğun gələn müxalifət birliyində iştirak edə bilər. Biz, kiminsə yaratdığı qurumlarda iştirak etməmişik və bu mövqeyimizi dəyişmək niyyətində deyilik. Həmçinin, bizim heç vaxt İP-də təmsil olunmaq niyyətimiz olmayıb.

- Bayaq dediniz ki, İP-ə fərdi qaydada müraciət edib, orada təmsil olunmaq təklif edilib. Bir il bundan əvvəl eyni bəyanata imza atdığınız adamlar necə oldu ki, artıq sizə belə sıravi münasibət bəslədilər?

- Siyasi müxalifətin daxilində idarəçilik təşəbbüsləri var. Kimlərsə istəyir ki, siyasi qərarların qəbul olunmasına daha artıq dərəcədə təsir göstərmək imkanı qazansın. Buna görə də prosesdə onlar tərəfindən idarə olunmayan, onların nəzarətində olmayan partiyalarla bərabər şərtlər daxilində birlikdə olmaqda maraqlı deyillər.

- Sizi də idarə etmək istəyirlər?

- Məni Allahdan başqa heç kim idarə edə bilməz. Ancaq siyasi baxımdan buna cəhdlər var. Müttəfiqlik etdiyim siyasətçilərin heç biri onlarla bir yerdə olduğum müddətdə mənim idarə olunmağımın mümkünlüyünü iddia edə bilməz. Biz bərabərhüquqlu münasibətlərin tərəfdarıyıq. Heç kəs də kimisə idarə etmək fikrinə düşməməlidir. Təbii ki, siyasətin adi gözlə görünməyən idarəçilik mexanizmləri var. Bu səbəbdən, prosesləri idarə etməyə iddialı olanlar hər zaman tapılacaq. Əslində, hər kəsin belə istəyinin olmasına da təbii baxmaq lazımdır. Ancaq bu istək cəmiyyətə fərqli yöndən təqdim olunmamalıdır.

- Nə baş verdi ki, uzun müddət “Azadlıq” blokunun tərkibində birgə olduğunuz AXCP ötən il seçkilər ərəfəsində Müsavatla bir arada olmaq qərarına gəldi?!

- Siyasi müttəfiqliklə bağlı onu deyə bilərəm ki, heç kimin daimi bir yerdə olmaqla bağlı siyasi öhdəliyi olmur. “Azadlıq” siyasi blokunda da belə daimi siyasi öhdəlik mövcud deyildi. Blokun 2007-2010-cu illərdə üç tərəfi var idi – ALP, VİP və AXCP. İndi o üç tərəfin biri başqa yerdə, ikisi isə - ALP və VİP bir yerdədir. O dövrdə tərəflər arasında siyasi prioritetlərdə dəyişiklik baş verdi. Blokun fəaliyyətinin dayandırılmasının əsas səbəbi də bu transformasiya oldu. Səbəblər içərisində görünəni Müsavat Partiyası ilə əməkdaşlığa başlamaq qərarı idi. Bu təklif bizim üçün qəbuledilməz idi. Azərbaycan xalqını 2005-2010-cu illərdə parlamentsiz qoymuş Müsavat Partiyası ilə əməkdaşlıq etmək bizim partiya üçün mümkün görünmürdü. O zaman baş tutacaq əməkdaşlığı seçicilərə, partiya üzvlərimizə izah edə bilməzdik. Biz 4 il bu partiyanı mövqeyinə görə tənqid etmişdik. Fikrimizcə, siyasətdə ardıcıl, sabitqədəm olmaq daha vacibdir. Lakin kimlərinsə praqmatik olmaq hüququnu da tanıyırıq. Prinsiplər üzərində deyil, maraqlar üzərində münasibətlərin qurulması bizim siyasi yolumuz deyil.

- Onda belə çıxır ki, Müsavat Partiyası İctimai Palatada təmsil olunduğu üçün siz ora getmirsiniz.

- Qətiyyən belə deyil. Əgər, bu gün Azərbaycan xalqının maraqları tələb etsə ki, rəhbərlik etdiyim partiya Müsavatla eyni qurumda təmsil olunsun, mən xalqın siyasi nəticə əldə etməsi üçün təşəbbüs göstərməyə hazıram. Necə ki, bu ilin əvvəlində iki dəfə Müsavat Partiyası ilə bir masada əyləşməyə mən özüm təşəbbüs göstərmişəm. Bunu xalqın maraqları tələb edib. Bizim səhvimiz, müxalifətçilərin şəxsi iddiaları ucbatından cəmiyyətin zərbə alması düzgün deyil. Xalqı məğlub duruma salmağa haqqımız yoxdur.

- Amma sizin də şəxsi iddialarınız var. Siz də İP-də sıravi üzv olmağa razılaşmırsınız.

- Normalda istənilən siyasətçinin iddiası olmalıdır. O ki qaldı İP-də üzvlük məsələsinə, biz təşkilatlanmasında, qərarlarının qəbulunda iştirak etmədiyimiz birliklərdə təmsil olunmuruq. Siyasi əməkdaşlığa gəldikdə isə İP-in iki aparıcı siyasi təşkilatına, yəni AXCP və Müsavata bu ilin əvvəlindən iki dəfə müraciət etmişik. Həm İsa Qəmbərə, həm də o biri şəxsə. Göründüyü kimi, İP-ə üzv olmamağımız əməkdaşlığa meylli olmamağımızın göstəricisi deyil.

- Əli Kərimliyə “o biri şəxs” deyə işarə etdiniz. İnciklik var deyəsən aranızda?!

- Heç bir inciklik-filan yoxdur. Bu, sadəcə, müraciət formalarından biridir.

- Müsahibənin əvvəlində dediniz ki, həmişə müxalifətin birliyinin və seçkilərdə xalqın səsinin bölünməməsinin tərəfdarı olmusunuz. Ancaq ötən seçkilərdə namizəd olduğunuz dairəni son anlarda dəyişib, İsa Qəmbərin dairəsinə üz tutdunuz...

- Müxalifətin bir araya gəlməsinin vacibliyi fikrini 2010-cu ilin əvvəllərindən etibarən daha intensiv olaraq önə çəkmişik. İkiqütblü siyasi müstəvinin yaranmasının və narazı elektoratın səsinin parçalanmaması üçün müxalifətin seçkilərə vahid namizədlər siyahısı ilə qatılmasının tərəfdarı olduğumuzu dəfələrlə bəyan etmişdik. Mənim İsa Qəmbərin deyil, sadəcə 15-ci seçki dairəsinə keçməyimin bir sıra çox əsaslı səbəbləri var idi. Birinci səbəb hakim partiyanın addımı ilə bağlı idi. Xatırlayırsınızsa, o dövrdə parlamentdə YAP-ı təmsil edən, 2010 seçkilərində YAP-ın deyilən dairə üzrə rəsmi namizədi kimi təsdiq olunmuş Gülər Əhmədovanın 15-ci dairədən namizədliyi geri çağırıldı. Baş verən digər maraqlı hadisə Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasında təmsil olunmaq haqda qərarı qəbul etməsi oldu. Buradan da bir sıra təbii suallar doğdu. Nəyə görə “seçki komissiyalarından çıxaq” deyən, bu səbəbdən, “Qarabağ və Respublika uğrunda Hərəkat”ı çökdürən İsa Qəmbər 2010-cu ildə MSK-ya nümayəndə göndərdi? Nəydi bunun səbəbi? Bu suallara niyə cavab axtarılmır? Bəs, komissiyalarda təmsil olunmaq qərarı birdən-birə hardan doğdu?

- Siz Müsavat Partiyasının hakimiyyətlə anlaşdığını demək istəyirsiniz?

- Nəticəni özünüz çıxarın. Mən sizə faktları sadaladım.

- Belə çıxır ki, siz də bu “anlaşma”nı pozmaq üçün həmin dairəyə üz tutdunuz?

- Mənim qənaətimə görə, həmin şəxs açıq sürətdə hakimiyyətlə anlaşmaya cəhd etdi. Hakimiyyət əsas namizədini ordan geri çəkdi, qarşılığında isə 4 il MSK-ya nümayəndə göndərməyən partiyanın rəhbəri yenidən bu quruma təmsilçi göndərdi. 2006-cı ildə MSK-da iki namizədlə təmsil olunmağa razılıq verməyən Müsavat Partiyası 2010-cu ildə - seçki ilində - bir nümayəndəylə təmsilçiliyə razı oldu. Bu sualın cavabını axtarın. Mənim qənaətimə görə, ortada bir anlaşma cəhdi var idi. Mənim 15-ci dairəyə keçməyimin digər əsaslı səbəbi həmin dairənin spesifikliyi və mənim də bu spesifikliyə aidiyyatımla bağlıdır.

- Ancaq sizin dairədən də müttəfiqiniz Lalə Şövkət deputat seçilmişdi.

- Mən seçki ərəfəsində lehimə işləyəcəyini düşündüyüm bu faktorun əleyhimə işlədiyinin şahidi oldum. Seçicilər biləndə ki, mən Lalə xanımla eyni blokdayam, birinci sualları bu oldu ki, nəyə görə, biz Lalə xanımı seçdik, ancaq o gedib parlamentdə iştirak etmədi? Lalə Şövkətin 2005-ci il parlament seçkilərindən sonra seçkilərin ümumi nəticəsinin saxtalaşdırılmasına etiraz olaraq mandatından imtina etməsi faktı orta statistik seçici tərəfindən anlaşılmazlıqla qarşılanmışdı.

- Hansısa başqa səbəblər də vardı?

- 15 saylı seçki dairəsinə getməyimin digər səbəblərindən biri də, xatırladığınız kimi, 2010-cu ilin aprel ayında Müsavat başqanının hakimiyyətin mənə qarşı təşkil etdiyi təxribatdan öz maraqları naminə istifadə cəhdi ilə bağlı idi. O təxribata cavab olaraq, mənim həmin dairəyə getməyim, tamamilə məntiqli idi.

- İsa Qəmbərin hakimiyyətlə anlaşdığını deyirsiniz, ancaq o da parlamentə düşmədi...

- Əvvəla, mən İsa Qəmbərin kiminləsə anlaşdığını demədim. Sadəcə, davranışlarında anlaşmaya cəhd əlamətlərinin olmasını söyləməyə əsas verən faktları sadaladım. Anlaşmanın olması haqda fikir isə ola bilsin başqalarının gəldiyi qənaətdir. Mən deyə bilmərəm ki, onun parlamentə düşməməsinin pərdəarxası tərəfləri nədən ibarətdir. Lakin görünən budur ki, hakimiyyət növbəti dəfə siyasi iradəsizlik nümayiş etdirib seçkini qanunun tələblərinə uyğun qaydada keçirmədi və konkret həmin seçki dairəsində ən az dəstəyi olan namizədi parlamentə əyləşdirdi. Ölkənin qanunverici hakimiyyəti məhz bu prinsiplə formalaşdırıldı.

- Bəs müxalifətdaxili münasibətlərə hakimiyyətin hər hansı təsiri varmı?

- Təbii ki, müxalifətdaxili indiki arzuolunmaz vəziyyətin yaranmasında hakimiyyətin təsiri şübhəsizdir. Hakimiyyət bu yolla rəqib düşərgəni parçalanmış durumda saxlayaraq, özünün güclü olduğunu nümayiş etdirməyə çalışır və öz “gücü” ilə qürrələnir. Ancaq bu, güclülüyün deyil, zəifliyin əlamətidir. Hakimiyyət o zaman güclü olur ki, onun müxalifəti də güclü olur. Müxalifətin güclü olmasında hakimiyyət özü maraqlı olmalıdır. Normal ölkələrdə belə olur. Bu, həm də bizim dövlətçiliyimizin gərəklərindəndir. Azərbaycan o zaman güclü dövlət olacaq ki, burada dünyanın qəbul etdiyi təməl hüquqlar tanınacaq.

Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar