İran: vasitəçi, yoxsa Ermənistanın dostu? - ŞƏRH
31 may 2011 12:33 (UTC +04:00)

İran: vasitəçi, yoxsa Ermənistanın dostu? - ŞƏRH

İranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami ötən həftə bildirmişdi ki, terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş konfrans çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Tehrana dəvət olunub. Səfirin sözlərinə görə, ABŞ və İsrail dəvət olunmayıblar: “Çünki onlar terrorçuluğu dəstəkləyir”.

İran informasiya vasitələrinin yaydığı xəbərə əsasən, iyunun 6-8-də İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Yerevana səfəri planlaşdırılıb. Səfər zamanı iki ölkə arasında əlaqələrin inkişafı, habelə Qarabağ məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, M.Əhmədinejadın keçən ilki səfəri zamanı İran-Ermənistan işbirliyi ilə bağlı 4 sənəd və bir ortaq bəyanat imzalanmışdı.

Tehran hakimiyyəti bu sayaq dəvəti ilə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanı görüşdürməyə yenidən cəhd göstərir.

“Terrorçuluğa qarşı mübarizə”yə həsr olunan toplantı isə İran hakimiyyətinin bölgədə nüfuzunu artırması üçün yeni bir cəhdidir.

Çünki Tehranın qənaətincə, Azərbaycan hakimiyyəti ilə Qərb arasında müəyyən sərinlik yaşanır. Ona görə də hesab edir ki, belə bir durumda onun “yardımına” rəsmi Bakının ehtiyacı var. Odur ki, bu qarışıqlıqda həm özünü bölgənin aparıcı bir dövlət, həm də terrorçuluğa qarşı mübarizədə fəal olduğunu göstərməyə çalışır. Bundan başqa, bölgədəki münaqişələri həll etməyə qadir olan bir dövlət olduğu fikrini dünya ictimaiyyətinə sırımağa səy edir.

Ancaq heç kimə sirr deyil ki, torpaqları elə Tehran hakimiyyətinin yardımı ilə işğala məruz qalmış bir dövlət olaraq, Azərbaycan İran İslam Respublikasının vasitəçiliyinin acı nəticəsini Xocalı və Şuşanın işğalı zamanı görüb. Sonrakı illərdə isə Tehran-Yerevan arasında hər tərəfli əlaqələrin genişləndirilib, inkişaf etdirilməsi isə Azərbaycan torpaqlarının işğal azad edilməsinə bir əngəl olub.

Ötən həftənin sonunda İran xarici işlər nazirinin müavini Məhəmmədrza Rauf Şeybanini Azərbaycanın dövlət başçısı İlham Əliyev qəbul etdi. Ondan bir neçə gün öncə o, Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan görüşmüşdü.

“news.am”-ın məlumatına əsasən, görüş zamanı ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub.

Elə həmin gün iranlı nazir müavini Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla da görüşmüşdü. Görüşdə müzakirə edilən məsələlərlə bağlı məlumat yayılmasa da ehtimal olunur ki, tərəflər dövlətlərarası əlaqələrin genişlənməsi, bölgədəki durumu müzakirə ediblər. Xatırladaq ki, R.Köçəryan 2010-cu il yanvarın 21-də İran prezidenti Mahmud Əhmədinejadla da görüşmüşdü.

Bu səfərin ardınca Ermənistan və İranın informasiya vasitələri Qarabağ məsələsinin həllinə İslam Respublikasının yardım etməyə hazır olduğu barədə xəbərlər yaydı. İş o yerə çatdı ki, İranın Ermənistandakı səfiri Əli Saqian belə bir bəyanat da verdi: “Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə güc tətbiq edilmədən və öz müqəddəratını təyininə hörmət əsasında tənzimlənməlidir”.

Ötən il isə İran parlamentinin sədr müavin Rza Bahünər Azərbaycanın ərazi bütövlüyü, daha doğrusu, işğal olunmuş torpaqları ilə bağlı oxşar fikir söyləmişdi.

İranın Xarici İşlər Nazirliyinin məsələyə dair yaydığı xəbərdə isə bildirilirdi ki, bu bəyanatla bağlı araşdırma aparır. Ancaq Saqian dediklərinin təhrif olunduğu haqda Yerevanda heçə bir bəyanat vermədi. Heç bu xəbəri yaymış erməni informasiya vasitələrindən bu haqda təkzib verilməsi də istənilmədi.

Ermənistanın Tehrandakı səfiri Qriqor Arakelyan isə İranın İSNA xəbər agentliyinə bildirib: “İran çox xeyirli vasitəçi olub. Son 20 il ərzində İran Ermənistana gerçək dostluq münasibəti göstərib”. Qarabağ məsələsindən danışan erməni diplomat deyib: “Qarabağda referendumun keçirilməsi beynəlxalq hüquq normalarına zidd deyil”.

Həftənin sonunda isə Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyanın başçılıq etdiyi nümayəndə heyəti İran-Ermənistan hökumətlərarası birgə komissiyasının 10-cu toplantısına qatılmaq üçün Tehrana səfər edib. Ermənistan informasiya vasitələrinin yaydığı məlumata əsasən, toplantıda energetika, nəqliyyat və rabitə, kənd təsərrüfatı, şəhər tikintisi, mədəniyyət, idman və başqa sahələrə dair müzakirələr aparılıb. Əvvəlik toplantı isə ötən il yanvarın 27-də Yerevanda keçirilmişdi.

Beləliklə, Tehran hakimiyyətinin bu canfəşanlığı çətin ki sonuc versin. Çünki münaqişə edən tərəflərin vasitəçiyə etimadı da əsas amillərdən biridir. Ancaq işğalçı bir dövləti hər tərəfli dəstəkləyən hakimiyyət, İran İslam Respublikası bu tələbə cavab vermir. Bu baxımdan, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində, habelə bölgədə terrorçu qrupları dəstəklədiyinə görə, bu cinayətə qarşı mübarizədə Tehranın rolu sıfırdan da aşağıdır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar