Öz qurduğu məhkəmənin hökmüylə güllələnən nəslin hekayəti - ARAŞDIRMA
27 may 2011 12:14 (UTC +04:00)

Öz qurduğu məhkəmənin hökmüylə güllələnən nəslin hekayəti - ARAŞDIRMA

Millətindən, dinindən asılı olmayaraq bütün insanları 2 yerə bölmək olar. Ancaq özü üçün yaşayıb rahatlığını, mənafeyini hər şeydən üstün tutanlar, hamı kimi nəsil artırıb, sakit ömür sürənlər, bir də təlatümlü həyat tərzi keçirib təkcə özü üçün yox, həm də başqaları üçün ömrünü şam kimi əridənlər, millətinə sözün əsl mənasında xidmət etməyi həyat amalına çevirənlər. Birincilərmi doğru yaşayır, ikincilərmi? Bunu deyə bilmərik. Yolu hərə özü seçir. Bildiyimiz təkcə budur ki, özü üçün yaşayanları bir neçə nəsil o yana heç kəs tanımır, millət üçün yaşayanları isə hamı böyük qürur hissi ilə xatırlayır. Birincilər zamanın içində əriyirsə, ikincilər həmişə zamandan ucada dayanırlar. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində müstəsna xidmətləri olmuş Xəlil bəy Xasməmmədov belə şəxsiyyətlərdən idi...

Gəncədə başlanan ömür

Tale kimi hayana aparacaq, kim harda doğulub, harda dünya ilə vidalaşacaq, heç kəs bilmir. 1873-cü ildə anadan olan Xəlil bəyin ilk ünvanı Gəncə idi… Xasməmmədovları burda hamı zəhmətkeş, xeyirxah, bir də maarifçiliyə meylli bir nəsil kimi tanıyırdı.

Bu ailə həm dünyəvi dəyərlərə, həm də milli adət-ənənələrə böyük hörmətlə yanaşır, bu ruhda yaşamağa üstünlük verir, dünyada baş verən proseslərdən geri qalmamağa çalışırdılar. Gəncə klassik gimnaziyasını bitirərkən Xəlil bəy Xasməmmədovun kamal attestatında 11 fəndən aldığı qiymətlər öz əksini belə tapmışdı: Riyaziyyat və dini biliklər – “əla”, Rus dili, Yunan dili, Alman dili, Fizika, Riyazi Coğrafiya, Tarix və Coğrafiya – “yaxşı”, məntiq və latın dili – “kafi”. Xəlil bəy sonrakı fəaliyyətində “kafi” aldığı fənlərə də yüksək dərəcədə bələd olduğunu sübut etdi. Özü də imtahanda yox, daha mürəkkəb xarakter daşıyan əməli fəaliyyətdə…

Xəlil bəy adlı-sanlı nəslin nümayəndəsi idi. Təsadüfi deyil ki, Gəncə xeyriyyə cəmiyyəti yaradılarkən Xasməmmədov qardaşlarının hamısı həmin cəmiyyətə üzv yazılmışdı. Bu cəmiyyətdə ailəlikcə təmsil olunan bir də Rəfibəylilər idi.

Moskva Universitetinin hüquq fakültəsi Xəlil bəy Xasməmmədova təkcə yüksək ixtisas yox, həm də zəngin dünyagörüşü, özünə inam və qətiyyət, Yekatirenodar dairə məhkəməsində işlədiyi və pillə-pillə ucaldığı, Gəncədə şəhər qlavası kimi çalışdığı illər isə ona zəngin təcrübə verdi. 20-ci əsrin əvvəllərində Rusiya Dövlət Dumasının deputatı seçilərkən o, millətinin hüquqlarını müdafiə etməyə tam hazır idi və bunu yüksək səviyyədə yerinə yetirə bildi.

19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində millətin ən böyük bəlası o idi ki, hüququ tapdanırdı, dili əlindən alınmışdı. Ən ağrılı məsələlərdən biri məhkəmələrdə dindirilmələrin ana dilində yox, rus dilində aparılması idi. Xəlil bəy hüququ yaxşı bildiyi üçün imperiyanın ən ali kürsüsündə - Rusiya Dövlət Dumasında bu məsələni belə gündəmə çıxarmışdı: “Barışdırıcı məhkəmə bizim diyarda da son dərəcə qeyri-normal vəziyyətdədir. Bizdə həm məhkəmə, həm də istintaq funksiyaları barışdırıcı hakimlərin şəxsində birləşdirilməlidir. Notarius vəzifələrini də onlar icra edirlər. Dövlət tərəfindən təyin edilən, özü də yerli əhali arasından olmayan barışdırıcı hakimlər yerli əhalinin nə məişətini, nə adət-ənənələrini, nə də dilini bilirlər”.

Xəlil bəy yerli məhkəmələrin fəaliyyətindəki nöqsanları, gizli məqsədləri açıq-aşkar tənqid atəşinə tutmaqdan, ifşa etməkdən çəkinmir: “Yerli məhkəmə yaxın, bərabər, əlçatan və sadə olmalıdır. Əgər bu barədə heç bir müqayisə yoxdursa, onda soruşuram: şifahilik və birbaşalıq məhkəməyə lazım olan, bəlkə də daha vacib keyfiyyətlər deyildirmi? Bunsuz hər cür ədalət mühakiməsi öz həyati cövhərini itirir. Məhkəmə ilə iddiaçı arasında qarşılıqlı anlaşılmazlıq olmamalıdır. O yerdə ki, hakim özünü kar kimi göstərir, yəni yerli dili bilmir, orada hər hansı düzgün məhkəmə icraatı yoxdur. Bu hələ bir yana qalsın, bəzi hallarda hakim iddiaçı arasında elə bir dərin çuxur yaranır ki, onun üzərindən körpü salmaq qeyri-mümkündür. Əgər hər halda tərcüməçinin simasında körpü salınırsa, bu körpü etibarsız və təhlükəli olur, çünki tərcüməçilər vasitəsilə həyata keçirilən ədalət mühakiməsi nəinki göstərilən nöqsanları aradan qaldırmır, həm də məhkəmə tərəfindən tez-tez səhvlərə və sui-istifadə hallarına yol verilməsi üçün münbit zəmin yaradır ki, bu da tamamilə yolverilməzdir”.

Milli, eləcə də dini ayrı-seçkilik də Xəlil bəyin gözünün düşməni idi. Bu mənada o, böyük demokrat və tolerant idi: “Qafqazda rus əhalisi azdır, cəmi 4 %-ə qədərdir. Yerli əhali qiyamçıdır, ona etibar yoxdur, buna görə də köçürmə yolu ilə assimilyasiya etmək lazımdır”. Hökumətin bəyanatını adi dildə bu cür səsləndirmək olar. Deyilməmiş belə bir fikri də bura əlavə edək ki, köçürmə, aqrar məsələnin gərginliyinin zəifləməsi məqsədi mərkəzin seyrəldilməsi üçün də lazımdır. Beləliklə də, Qafqazın məskunlaşdırılmasının arxasında duran bütün məqsədlər bizə tamamilə aydın olur”.

Xəlil bəy Xasməmmədovun hüquqi və siyasi savadı, geniş dünyagörüşü və natiqlik istedadı ictimai prosesləri düzgün və dərin təhlil etməyə imkan verirdi. Özünüz baxın:
“Mən heç də demək istəmirəm ki, Qafqaz yalnız qafqazlılar üçündür. Mən yalnız onu demək istəyirəm ki, birincisi, Qafqaza köçürmə dayandırılmalıdır, ikincisi, yerli əhalinin tezliklə və dərhal torpaqla düzgün təmin olunmasına başlanmalıdır. Elə şərait yaratmaq lazımdır ki, istər rus əhalisi, istərsə də yerli əhali dinc yaşayıb işləyə bilsin. Cənablar, dövlətdə əhalinin bir hissəsinin bədbəxtliyi üzərində o biri hissəsinin xoşbəxtliyini qurmaq olmaz. Bu prinsipə dözmək olmaz və buna yol verilməməlidir”.

Çıxışdakı cəsarət, ötkəmlik bu gün də diqqəti cəlb edir. Müstəmləkə altında olan xalqın ziyalısı, görün, imperiyanın içində onun ucqarlarda həyata keçirdiyi təhsil siyasətini necə ifşa edir:
“Cənablar, məktəb islahatı biz müsəlmanlara heç bir müsbət şey vermir. Ən yaxşı halda bu islahat bütün mövcud olanları, müsəlmanların narazılığına və etirazına səbəb olan hər şeyi qanuniləşdirir. Layihə xalq məktəblərinin həqiqi imkanlarını tamamilə inkar edir, bu məqsədlər isə dövlət xadimləri, hüquqşünaslar, həkimlər və alimlər hazırlamaq deyil, xalqa adi həyatında çox lazım olan bilik və bacarıqları tezliklə, sürətlə qazanmaq imkanı verməkdir. Bu isə, cənablar, ibtidai məktəblərdə fənlərin yalnız şagirdlərin ana dilində tədrisi şərtilə mümkündür. Bunun əvəzində məktəb islahatı indi mövcud olan rus dili siniflərini qanuniləşdirir. Bu siniflər bizim balalarımızı şikəst edərək nə onlara ümumi biliklər verir, nə də, o cümlədən, rus dilini öyrədir. Biz layihənin gizli məqsədlərini başa düşürük. Bu məqsədlər özgə xalqların milli xüsusiyyətlərini boğmaq istəyindən ibarətdir. Bu, əbəs işdir və özgə xalqların məktəbinin bütün keçmişi buna sübutdur”.
Bu sətirlərin arasından siyasi iradə və fikir sahibinin işıqlı simasını, qətiyyətli mövqeyini duymamaq, eləcə də dəyərləndirməmək mümkün deyil. Müsəlmanların hərbi mükəlləfiyyətə cəlb edilməməsi 20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycanda soyqırımı siyasətini həyata keçirməsi ilə nəticələndi. Xəlil bəy zamanı qabaqlayıb bu məsələni vaxtında gündəmə gətirə bilmişdi: “Zaqafqaziyanın bütün müsəlman əhalisinin üzərinə hərbi mükəlləfiyyət 500.000 rubl məbləğində xüsusi pul vergisi qoyuldu... Mən bunu bildirməyi öz borcum hesab edirəm ki, Zaqafqaziya müsəlmanları bu vergini özləri üçün layiqsiz, acı təhqir kimi qəbul edirlər... hərbi mükəlləfiyyət elə bir dəyərə malikdir ki, onu heç bir pulla əvəz eləmək olmaz. Bu nöqteyi-nəzərdən iki yoldan biri seçilə bilər: müsəlmanlar ya natural hərbi mükəlləfiyyət çəkməli, ya da hər hansı pul əvəzləyicisi olmadan hərbi mükəlləfiyyətdən azad edilməlidirlər, çünki hər hansı pul ekvivalenti süni tədbir olaraq vətəndaşların hüquqlarını pozur və onları acı təhqir edir... bununla da, göstərilir ki, onlar ümumi vətənin o cür oğulları deyil, yalnız ögey oğullarıdır”.

O dövrdə Xəlil bəy Xasməmmədovun siyasətçi kimi yetkinliyi faktları analitik təhlil edə bilməsindən, sağlam məntiqə əsaslanmasından aydın görünür: “...Zaqafqaziya müsəlmanlarının nümayəndəsi kimi mən burada sizə bəyan etməliyəm ki, müsəlmanlara belə ədalətsiz münasibət onları dövlətçilikdən uzaqlaşdıra bilər, onların arasında ölkənin müdafiəsi məsələlərinə laqeydlik kimi zərərli atmosfer yarada bilər və beləliklə də, birləşmək lazım gələn yerdə nifaq sala bilər”.

Dumada Qafqaz təəssübü

Xəlil bəy 3-cü Dövlət Dumasında Azərbaycandan yeganə deputat idi və millətinin hüquqları yolunda təkbaşına, özü də yüksək səviyyədə ağıl və məntiqin gücü ilə döyüşürdü:
“Hökumət tələm-tələsik köçürmə sahələri yaratmış və köçkünləri oraya yönəltmişdir. Bu sahələri yaradanda yerli sakinlərin torpaq hüquqları və mənafeləri açıq-aşkar pozulmuşdur, çox vaxt onların artıq becərmiş olduqları tarla və bağlar, kəhrizlər əllərindən alınmışdır.”

Köçürmə siyasətinin hansı haqsızlıqlarla bağlı olduğunu Xəlil bəy belə əsaslandırırdı: “Yeddi və ya səkkiz il bundan əvvəl 1-ci Təklə, 2-ci Təklə, Çamanlı, Xələç və Vəliağa-Leyqonla kəndləri sakinlərinin də başına belə bir iş gəlmişdi. Bu kəndlərdə 2000-dən çox ev vardı. Bu müsəlmanları Mil düzünə qovmuşdular. Orada isə onların bir qismi ölmüş, digər qismi isə bu susuz çöllərdə hər hansı bir məşğuliyyət tapa bilməyərək və hökumətin yardımı olmadan hər hansı bir işlə məşğul ola bilmədiyindən sərgərdan həyat sürməyə başlamışdı. Zaqafqaziyada ağır vəziyyət yaranmışdır. Onsuz da torpaqsız olan kəndlilərimiz bəzi yerlərdə tamamilə torpaqsız qalmışlar. Bizdə bir çox kəndlər var ki, onların əhalisi qədimdən bəri əkinçiliklə məşğuldur. Lakin hazırda onların heç bir torpağı yoxdur və xəzinə torpağını icarəyə götürmək üçün on və yüz verstlərlə uzağa getməyə məcbur olurlar. Halbuki onların öz torpaqları köçkünlərə verilir”.

Xəlil bəy Xasməmmədov təkcə azərbaycanlıların deyil, Rusiyanın müstəmləkəsi olan digər xalqların da problemlərini qaldırmağa nail ola bilirdi. Çünki təkcə güclü savadı, məntiqi və milli yanğısı yox, həm də böyük təəssübkeşliyi vardı: “Köçürmə işi Qırğızıstandakı kimi heç bir yerdə bu qədər ağır nəticələr verməmişdir. Hökumət bu vilayətlərdə torpağın çox olması barədə yayılmış şayiələrə inanaraq köçürmə dalğasını oraya yönəltmiş və orada yararlı və yararsız torpaqların az və ya çox olduğunu araşdırmamışdır. Oradakı torpaqların yararsız olduğunu görəndə isə hökumət qırğızların əlindən torpaqları almağa başlamışdır. Müsəlman fraksiyası bildirir ki, səhra vilayətlərinə, Zaqafqaziya və Türküstana köçürmə dayandırılmalıdır. Müsəlman fraksiyası köçürmə idarəsinin 1908-ci il üçün smetasının yalnız adı çəkilən rayonlara aid olmayan hissələrinin təsdiq olunması lehinə səs verəcəkdir”.

Xəlil bəy Gəncədə yaradılan Türk Ədəmi-Mərkəziyyət partiyasının üzvü və AXC-nin əvvəlcə naziri, sonra isə baş naziri olacaq N.B.Yusifbəylinin yaxın silahdaşı idi. Müsavat partiyasının 1-ci qurultayında o, böyük fəallıq göstərmişdi...

1917-ci il Zaqafqaziya komitəsi yarananda Xəlil bəy Xasməmmədov həmin komitənin ədliyyə naziri oldu. Qafqaz İslam Ordusunun komandanı olmuş Nuru paşanın Azərbaycana gətirilməsində də Xəlil bəy Nağı bəy Şeyxzamanlı ilə birlikdə Türkiyəyə göndərilmiş, dövlət rəhbərləri ilə görüşmüş və bu çox çətin və məsuliyyətli tapşırığın öhdəsindən bacarıqla gəlmişdi.

ADR yarananda Fətəli xan Xoyskinin ilk nazirlər kabinetində ilk ədliyyə naziri də X.B.Xasməmmədov olmuşdu. Nazir var idi. Nazirliyi isə hələ yaratmaq lazım idi…

Azərbaycan ədliyyəsinin beşiyi başında...

Yeni müstəqil dövlətin ədliyyə qurumunu formalaşdırmaq şərəfi Xəlil bəy Xasməmmədova məxsusdur.

1918-ci il mayın 28-də Tiflisdə İstiqlal Bəyannaməsi elan olundu. O, bir yandan Milli Şuranın qərarlarının, Türkiyə ilə Azərbaycan arasında 1918-ci il iyunun 4-də bağlanacaq müqavilənin hazırlanmasına nəzarət edir, digər tərəfdən Ədliyyə Nazirliyinin Əsasnaməsini hazırlayırdı. Ədliyyə Nazirliyinin səlahiyyətləri, strukturu, fəaliyyət istiqamətləri bu Əsasnamədə öz əksini tapmışdı. ADR-in ədliyyə sistemi hansı prinsiplərə əsaslanırdı? Əsasnaməyə görə, ədalət mühakiməsinin milli maraqlar nəzərə alınmaqla dünyəvi dəyərlər zəminində təşkil edilməsi, təhlükəsizliyə, maddi-rifah halının yüksəldilməsinə xidmət etməsi, əhaliyə daha yaxın olmaq baxımından məhkəmələrin seçkili sistemə əsasən formalaşdırılması vacib sayılırdı. Xəlil bəy belə hesab edirdi ki, qanunlar elə dəqiq və mükəmməl olunmalıdır ki, icrasında boşluğa və qeyri-dəqiqliyə yer qalmasın. 20-ci əsrin ikinci yarısında bütün dünyaya yayılan demokratiya həmin əsrin əvvəllərində Azərbaycanda danılmaz reallıq kimi mövcud idi. O dövrün şəxsiyyətləri demokratiyanın ayrı-ayrı prinsiplərini bir model olaraq ölkəmizdə gerçəkləşdirə bilmişdilər. Müstəqil məhkəmə-hüquq sistemi də bu qəbildəndir. Müstəqil məhkəmə sisteminin qurulmasında X.Xasməmmədovun müstəsna xidmətləri var. Xəlil bəylə AXC rəhbərləri, parlament nümayəndələri həmişə hesablaşırdılar.

Azərbaycanşünas Tadeuş Svyataxovski Xəlil bəy Xasməmmədovun bu keyfiyyətini yüksək qiymətləndirərək yazırdı ki, o, çox dərin adam idi, ölkədə hansı addım atılırdısa, sonuncu söz bir hüquqşünas kimi ona verilirdi.

Öz işinə yaxşı bələd olduğu üçündür ki, Gürcüstanın hökumət nümayəndələri Azərbaycanda apelyasiya instansiyasının Tiflis Məhkəmə Palatasının nəzdində təşkil edilməsini təklif edəndə Xəlil bəy buna qəti etiraz etmiş, uzaqgörənliklə: “müstəqil dövlətin müstəqil məhkəməsi olmalıdır” demiş və bunun Azərbaycan Ali məhkəməsinin özündə yaradılmasına nail olmuşdu. Azərbaycanda Məhkəmə palatasının, onun Əsasnaməsinin, fəaliyyət mexanizminin yaradılması da Xəlil bəyin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Məhkəmə Palatasının böyük sədri də buna mənəvi haqqı olan bir insan - “Difai” Partiyası Mərkəzi komitəsinin, Gəncə Milli Komitəsinin üzvü, 1918-ci il mart soyqırımı ilə bağlı hökumətin fövqəladə təhqiqat komitəsinin sədri olmuş, Xəlil bəyin qardaşı Ələkbər bəy Xasməmmədov təyin edilmişdi. O dövrdə Ali Məhkəmə hökumətin qəbul etdiyi qərarların Azərbaycan qanunlarına uyğunluğunu nəzərdən keçirdiyi üçün Konstitusiya Məhkəməsinin də funksiyalarını yerinə yetirirdi. Bütün bunlar onu göstərir ki, çox az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, bir çox demokratik dəyərlər kimi, müasir məhkəmə-hüquq sisteminin bünövrəsi də həmin dövrdə qoyulmuşdu və bu, hər birimizdə haqlı qürur hissi doğurmalıdır.

Xəlil bəy Cümhuriyyət dövründə yaradılan 5 kabinetdən 4-də ya ədliyyə, ya da daxili işlər naziri olmuş, yüksək təşəbbüskarlıq nümayiş etdirmişdi. Parlamentin üzvü kimi qanun yaradıcılığında, onların işləmə mexanizminin təkmilləşməsində də az iş görməmişdi. O vaxt daxili işlər nazirliyi Azərbaycan ərazisində təkcə təhlükəsizliyə və qanun-qaydalara əməl olunmasına nəzarət etmirdi, həm də yerli idarəçiliyin təşkilinin və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətləri həyata keçirirdi. Məhz Xəlil bəy Xasməmmədovun dövründə Naxçıvan və Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi general-qubernatorluqlar yaradılmış, onların vəzifələri konkretləşdirilmişdi.

1920-ci ilin martında Nəsib bəy Yusifbəyli hökuməti istefa verəndə Xəlil bəy Xasməmmədov da istefa vermişdi. O, 1920-ci ilin aprelində Türkiyəyə səfir təyin olunmuş, aprelin 28-də Azərbaycanda hakimiyyət dəyişmişdi. Nəriman Nərimanovun təkidi ilə Xəlil bəy Xasməmmədov canını qurtarmaq üçün Türkiyəyə keçməyə məcbur olmuşdu...

Bir nəsilə çəkilən dağ

Xəlil bəyin ADR-dəki, eləcə də xaricdəki fəaliyyəti ailəsinə baha başa gəldi. Sovet hökuməti Xasməmmədovları on illər boyu rahat buraxmadı, mallarını, mülklərini əllərindən aldı... AXC-nin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə qohumluq əlaqələrinə görə Xasməmmədovlar ikiqat cəza çəkirdilər.

Xəlil bəyin qardaşı nəvəsi Dilguşə xanım Xasməmmədova-Cuvarlıda üç adlı-sanlı şəxsiyyətin - əmisi Xəlil bəy Xasməmmədovun, dayısı Nəsib bəy Yusifbəylinin, ömür-gün yoldaşı Azərbaycan elmində öz dəst-xətti olan akademik Çingiz Cuvarlının nişanəsi var. Dilguşə xanım danışırdı ki, həm Xəlil əmimə həm də, anam Nəsib bəy Yusifbəylinin bacısı olduğu üçün Nəsib dayıma görə sovet hökuməti bizə zülm elədi. Bolşeviklər Nəsib bəy Yusifbəylinin böyük qardaşı, vətənpərvərlikdə, maarifçilik hərəkatında xüsusi fəallığı ilə seçilən böyük ziyalı, rus dili müəllimi Həmid bəyi də çox incitdilər. Həmid bəy başsız qalan, halal mülklərindən çölə atılan bacılarını, bacısı uşaqlarını ata evinə yığıb himayə etdiyindən ona vurulan zərbələrin ağrısını hamı öz canında çəkirdi. Dilguşə xanım deyirdi ki, təkcə gümanımız bizi qanadının altına yığan Həmid dayıma idi ki, Nəsib bəy qətlə yetiriləndən bir az sonra Həmid dayımı da güllələdilər, Eyyub dayımı, bacımı, digər qohumlarımızı Rusiyanın Tomsk vilayətinə sürgünə göndərib, dillərindən kağız aldılar ki, guya ora könüllü gediblər. Anamı balalarından ayırdılar. Qapımız döyüləndə hamımız diksinirdik ki, yəqin, bizi aparmağa gəliblər.

Nəslə divan tutandan sonra bəraət kağızı almaq o vaxt üçün böyük təsəlli idi… Amma bir parça kağız möhnət dolu yaşantıları necə unutdura bilərdi?...

Mühacirətdə Azərbaycan davası

Xəlil bəy mühacirətdə keçən qalan ömrünü Azərbaycanın istiqlalı uğrunda mübarizəyə həsr etmişdi. Həm qələmi, həm də siyasi fəaliyyəti ilə…

1922-ci ildə Moskvadan Petroqrad yolu ilə Finlandiyaya, 1923-cü ildə oradan Türkiyəyə gələn M.Ə.Rəsulzadə İstanbulda Müsavat Partiyasının Xarici ölkələr Bürosunu yaratdı. Büroya üç nəfər - M.Ə.Rəsulzadə, Xəlil bəy Xasməmmədov və Məmməd Sadıq Axundzadə rəhbərlik edirdi.

1930-31-ci illərdə Rusiya və Türkiyə xarici işlər nazirlərinin qarşılıqlı səfərləri zamanı əldə edilən razılaşmaya görə, “Azəri-türk” və “Odlu yurd” jurnallarının nəşri dayandırıldı M.Ə.Rəsulzadənin ölkədən çıxarılması tələb olundu. Bu, müxtəlif təxribatlardan, anlaşılmazlıqdan, bəzən hətta müstəqil fəaliyyət göstərmək istəyindən qaynaqlanan xırda-para ziddiyyətləri daha da kəskinləşdirdi.

1936-cı ildə Varşavada Müsavat partiyasının konfransında Nağı Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov və daha bir neçə nəfər partiyadan xaric edildi.

Ən çətin məqamlarda çiyin-çiyinə, arxa-arxaya verməyi bacaran, Vətən yolunda canını qoyan insanlar mühacirətdə niyə bir-birindən incik düşdülər? Görünür, həm təxribatlar, həm üzülən ümidlər, həm də bir çox başqa mənəvi-psixoloji amillər öz işini görmüşdü… Amma bütün bunlar onların hər birinin millətimiz üçün göstərdiyi fədakarlığa kölgə sala bilməz.

Vətəndə qərib ölüm...

Xəlil bəy Türkiyədə türk qızı ilə evlənibmiş. Onun haqqında məlumatları ara-sıra Nəsib bəy Yusifbəylinin qızı Zəhra xanım Göy-göl çatdırırmış. Deyilənə görə, Xəlil bəyin Rauf adlı bir oğlu da varmış. Onun 12 yaşında erkən ölümü Azərbaycan tarixində adı həmişə hörmətlə anılan bu böyük şəxsiyyəti daha da sarsıdıb. Ömrünün son illərini Nəsib bəy Yusifbəylinin kürəkəni Mirzə bəy Göygölgildə keçirən Xəlil bəy 1947-ci ildə İstanbulda dünyasını dəyişib.

Hərə bir ömür yaşayır. O insan xoşbəxtdir ki, onun əməllərindən bütöv bir millət bəhrələnir. Digər Cümhuriyyət liderləri kimi, Xəlil bəy Xasməmmədov da öz fəaliyyəti, yaradıb-qura bildiyi məhkəmə-hüquq sistemi, şəxsi nümunəsi, millət üçün yaşayıb-yanmaq eşqi ilə bu günümüzə zəngin irs qoyub getdi. Elə bir irs ki, onun dəyəri heç vaxt köhnəlməyəcək, yararlandıqca, sahibinin ömrünə ömür calayacaq.

Fəaliyyəti çox az araşdırılan Xəlil bəy Xasməmmədovun taleyi təkcə bir nəslin yox, az qala mühacirətdə yaşayan bütöv istiqlalçılar nəslinin taleyidir. Bu talelərdə Vətən yanğısı, millət sevgisi hər şeydən ucada durur. Zamandan ucada duran, tariximizi şərəfləndirən və bizim hər birimizi qürurlandıran da elə budur…


Qərənfil Xəlilova,
Siyasi elmlər namizədi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1565

Oxşar yazılar