Azərbaycanlı kəşfiyyatçı: “Əfqanıstanda etdiklərimə görə indi də özümü bağışlaya bilmirəm” - HEKAYƏT
21 mart 2011 15:05 (UTC +04:00)

Azərbaycanlı kəşfiyyatçı: “Əfqanıstanda etdiklərimə görə indi də özümü bağışlaya bilmirəm” - HEKAYƏT

Axır ki, onu bu barədə danışmağa razı sala bildim. Açığı, heç ümidim yox idi. Biləndə ki, SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin (DTK-KQB) xarici kəşfiyyatında çalışmış keçmiş azərbaycanlı əməkdaşlarından və özü də Əfqanıstanda “işləmiş” kəşfiyyatçılardan olub (o vaxt SSRİ Əfqanıstanda etdiyi müharibə zamanı ora peşəkarları seçib göndərirdi), onu bu xatirələri ilə bağlı söhbət etməyə razı salmağa ümidim yox idi. Ara-sıra etdiyi söhbətlər onun keçmiş fəaliyyətinə, xüsusilə də Əfqanıstanla bağlı fəaliyyətinə məndə xüsusi maraq oyatmışdı. Təxminən bir ay ərzində etdiyim davamlı cəhdlərdən sonra, nəhayət, baş tutdu...

Qabil Xurşud oğlu Camalov. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda direktor müavinidir, elmi fəaliyyətlə məşğul olur. 1952-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini fars dili üzrə bitirib. Deyir, SSRİ o vaxt Yaxın Şərqdə mövqelərini möhkəmlətmək üçün buradakı ölkələrdə öz fəaliyyətini genişləndirirdi: “Mən də ali təhsilimi başa vuran kimi heç özümün də xəbərim olmadan birbaşa təyinatımı SSRİ-nin İrandakı səfirliyinə verdilər. Əvvəlcə səfirin tərcüməçisi kimi işləməyə başladım, sonra da səfirlikdə DTK-nın rezidenti kimi fəaliyyət göstərdim. 76-cı ildən düz 1980-ci ilə kimi bu işlərlə məşğul oldum. 79-cu il İran inqilabı və şahın devrilməsinin canlı şahidiyəm...”

- Necə?

- Moskvadan bizə tapşırılmışdı ki, “rəsmi şəkildə qətiyyən İranın işlərinə qarışmayın, amma bacardıqca vəziyyəti qıcıqlandırın, qızışdırın”. Çünki o vaxt şah rejimi ABŞ-la daha çox geniş əlaqələr qururdu, nəinki SSRİ ilə. Bu da təbii ki, “bizimkilər”i razı salmırdı və DTK Tehranda elə vəziyyətdən istifadə etməyə çalışırdı və etdi də.

- Bəs necə “qızışdırırdınız” vəziyyəti?

- Bizə Tehranda və ya da digər iri şəhərlərdə müxtəlif libaslara - tacir, əyalət məmuru və s. rollara girib yerli camaatı incidib, şahdan narazı salmaq tapşırılmışdı. Bütün bunlar səfirlikdə plan üzrə hazırlanırdı və biz də icra edirdik...

“Şevardnadze bizə dedi ki... sonumuz çatıb”

İşinə məsuliyyətlə yanaşsa da İranda çox qala bilmir. Atasının səhhətinin ağırlaşması ilə bağlı bir neçə dəfə etdiyi müraciətdən sonra mərkəz onun Bakıya qayıtmasına icazə verir. “Elə əvvəldən gözlənilmədən qəfil əhatəsinə düşdüyüm fəaliyyətim məni sıxırdı. Həm də ən böyük arzum elmi fəaliyyətlə məşğul olmaq idi deyə, ona görə də Bakıya qayıtmağa can atırdım. Elə 80-ci ildə səfirlikdəki fəaliyyətimə xitam verib Bakıya qayıdan kimi, indi işlədiyim institutda dissertant oldum və elmi fəaliyyətə başladım. Gələndən sonra da institutda işləməyimə baxmayaraq DTK zabiti kimi fəaliyyətdə idim. Sovet dövrü bu demək olar ki, dəb idi; elmi tədqiqat institutlarında çalışdığın halda hüquq mühafizə orqanlarında işləmək. Məsələn, İranda şah rejimi vaxtı SSRİ-nin fəaliyyətini gizli dəstəklədiyi “Fədailər” təşkilatının üzvləri inqilabdan sonra Sovet İttifaqı ərazisinə - Azərbaycana axışdılar. Mərkəzin tapşırığı ilə 1983-cü ildə həmin təşkilatdan Azərbaycana buraxılan 300 nəfəri mən sənədləşdirib qoymadım yerli xalqla qarışsın, hamısını Moskvaya göndərdik. Amma yenə də bir neçə il keçdi, Bakıda hər şey yarımçıq qaldı... Məlumat gəldi ki, vəziyyət ciddidir və 1984-cü ildə məni o vaxtkı məlum müharibəyə görə Əfqanıstana göndərdilər”

Qeyd: 1979-cu il dekabrın 15-də əslində beynəlxalq imicinin qeydinə qalan SSRİ cənub sərhədlərindəki təhlükəni nəzərə alaraq ölkədə sosializmin qurulması bəhanəsi ilə Əfqanıstana qoşun yeridir. 44 saat ərzində bütün ölkə Sovet qoşunları tərəfindən tutulur və SSRİ-nin təsiri altında Əfqanıstan Xalq Demokratik respublikası elan olunur. Bu ölkədə sosializmi quracağını dünyaya bəyan edən Sovet İttifaqı düz 9 il - 1989-cu il fevralın 20-ə kimi bu ölkəni işğal altında saxlayır. Rəsmi məlumatlara görə, Sovet İttifaqı bu müddətdə Əfqanıstanda külli miqdarda vəsaitlə yanaşı 15 min hərbçi itirir ki, bunların da arasında 208 azərbaycanlı hərbçi olub. 417 azərbaycanlı isə itkin düşüb. İşğal nəticəsində 2 milyon əfqan qırılıb. Hər halda, bu, rəsmi məlumatlar idi, Qabil müəllimin dedikləri isə heç də bunlarla uyğun gəlmədi.

Həmsöhbətim deyir ki, o göndərilən vaxt vəziyyət ona görə ciddiləşmişdi ki, Sovet qoşunları Əfqanıstanı tutduqdan düz 1984-cü ilə kimi Moskvaya düzgün informasiyalar çatdırılmırdı. “Sovet hökumətinin Əfqanıstandakı nümayəndələri tərəfindən yalan məlumatlar göndərilirdi ki, guya artıq Əfqanıstanda sosializm qurulub, hər şey qaydasındadır. Ancaq artıq 1984-85- ci ildə vəziyyətin gərginliyi - bütün Əfqanıstanda sovet qoşunlarına qarşı əfqan mücahidlərinin silahlı mübarizəsinin kütləviləşməsi göndərilən məlumatların yalan olduğunu üzə çıxartdı. Ona görə də Moskvada Siyasi Büro vəziyyətin ciddiliyini nəzərə alıb, DTK-nın Əfqanıstanda “I Baş İdarə” adı altında xüsusi nümayəndəliyini təsis etdi və mən də bu idarədə fəaliyyətə göndərildim. İdarə DTK-nın olsa da hesabatı birbaşa Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosuna edirdi. İdarənin tərkibi də məxfi idi. Məsələn, mən reallıqda SSRİ-nin Əfqanıstandakı səfirliyinin üçüncü katibi kimi hallanırdım, əsas vəzifəm isə həmin “I Baş İdarənin” aparıcı rezidenti idi. Bizim qarşımıza məqsəd qoyuldu ki, qısa müddət ərzində vəziyyət öyrənib mərkəzi məlumatlandıraq. Qısa vaxt ərazində aşkar etdik ki, nəinki Əfqanıstanda az da olsa sosializm qurulur, ölkənin ancaq 50 faizinə sovet qoşunları və yaxud da SSRİ-nin təsis etdiyi yerli hökumət qoşunları güclə nəzarət edir. Əfqanıstanın əksər hissəsi SSRİ-yə qarşı üsyan edən mücahidlərin əlində idi. Hətta paytaxt Kabildə ancaq bizim yerləşdiyimiz küçələr və yerli hökumət binaları olan hissə sovet qoşunlarının nəzarətində idi. Paytaxtda da mücahidlərin əlində olan küçələr vardı. Biz bunu hazırlayıb Moskvaya məruzə etdikdən sonra o vaxta qədər vəziyyəti mərkəzə düzgün çatdırmayan Mərkəzi Komitənin Əfqanıstan üzrə nümayəndəsi Mojayev işdən çıxarılaraq, məsuliyyətə cəlb olundu”.

Həmsöhbətim deyir ki, Əfqanıstanda artıq onun gözləri qarşısında başqa mənzərə canlanırdı. Təmsil olunduğu dövlət burada açıq-aşkar işğalçılıq edir, bir-iki mücahiddən ötəri neçə-neçə kəndlər yerlə-yeksan edilirdi. Deyir ki, buna baxmayaraq, dünyada güclü zənn etdiyimiz Sovet ordusu əfqan mücahidləri qarşısında aciz qalmışdı. “Qəndəhar, Əl- Baqram kimi əyalətlər vardı ki, axıra qədər SSRİ ora nəzarət edə bilmədi.
O zaman mən hətta bir neçə yerdə təmsil etdiyim dövlətin işğalçılığını etiraf edib, ciddi narazılıq etmişdim. Belə söhbətlərim kəşfiyyat vasitəsi ilə gedib mücahidlərə çatmışdı və mənə qarşı xüsusi hörmətləri yaranmışdı. Çünki belə bir xəbər yollamışdılar ki, “Camalzadə Sahib (onlar məni belə çağırırdılar) Əfqanıstanda ürəyi istədiyi yerdə çadır qurub yaşaya bilər. O ki hökumətlərini tənqid edə bilir, ona toxunmarıq”. Ordumuz da gün-gündən külli miqdarda itki verirdi, nə qədər vəsait sərf olunurdu. Qərbin, xüsusən də ABŞ-ın dəstəyi ilə sovet hökumətinə qarşı mücahidlərin yeddi partiyasının birləşdiyi Alyans yaradılmışdı. Qərargahları Pakistanda idi və SSRİ-yə qarşı amansız mücadilə aparırdılar. İndi məlumat yayırlar ki, Sovet İttifaqı Əfqanıstanda 15 min insan itirib, amma bu düz deyil. Təkcə 1987-ci ilə qədər Sovet İttifaqı Əfqanıstanda 140 min hərbçi itirmişdi. Moskva bu məlumatı qəsdən gizli saxlayırdı. Vəziyyət o yerə çatmışdı ki, o vaxt SSRİ-nin xarici işlər naziri olan E.Şevardnadze 1987-ci ilin yaz aylarında bir gün səfirliyin mərmər zalında (o Əfqanıstana demək olar ki, hər həftə gəlirdi) məni və yoldaşlarımı yığıb dedi ki, vəziyyət çox çətindir - 140 mindən çox hərbçi, milyonlarla vəsait itirmişik bu ölkədə, amma hələ də normal nəzarəti bərpa edə bilməmişik. Sonumuz çatır. O, bizə çox dilxor halda dedi ki, Sovet İttifaqı Əfqanıstanda düşdüyü vəziyyətə görə əldən gedir, məhv olur. Bizə (kəşfiyyatçılara) dönə-dönə tapşırdı ki, vəziyyəti ciddi öyrənib tezliklə düzgün qərar çıxarmasaq, çox pis olacaq.

“Arxadan vurulacağımı zənn etmirdim...”

O gedəndən sonra SSRİ DTK-dan bizə “şapka” (əmr) gəldi ki, təcili Camalovun (mənim) rəhbərliyi ilə qrup yaradılsın və ölkənin müxtəlif əyalətləri üzrə yerli xalqla dərhal təmaslar qurulsun. Yəni, son durum kimi ölkədə Sovet İttifaqına qarşı münasibət öyrənilsin. Çünki 85-ci ildən sonra mücahidlərlə qızğın toqquşmalara baxmayaraq, SSRİ Əfqanıstanda həmçinin ciddi quruculuq işləri də aparırdı. Onlarla məktəblər tikirdi, qəsəbələr salırdı. Əmri alan kimi, mən və başqa iki nəfər Sovet səfirliyinin nümayəndəsi adı altında əyalətlərə çıxdıq. Bizi xüsusi təyinatlılardan ibarət bir batalyon mühafizə etsə də, vəziyyət yenə riskli idi. Çünki biz əsasən Əfqanıstanın mücahidlərin hədəfində olan əyalətlərinə gedirdik. Bunlar əsasən Məzari-Şərif, Lörgə və sair idi. Bir neçə gün biz əsasən dağ ətəyi olan kəndlərdə yerli əhali ilə görüşüb söhbətlər apardıq. Həmin əfqan kənlilərinin görkəmləri indiyədək gözümün qabağından getmir. Qadınlar, kişilər vardı ki, üst-başları cır-cındır içindəydi, ayaqyalın yeriməkdən ayaqları fil ayağı boyda şişib qapqara qaralmışdı. Biz onlarla görüşdə (əsasən fars dilini sərbəst bildiyim üçün mən danışırdım) onlara izah edirdik ki, Sovet hökuməti bura sosializmi qurmaq üçün, sizə yeni həyat vermək üçün gəlib. Hər kəndə xeyli bu barədə söhbət etsək də onların bir cavabı vardı: “Gedin Əfqanıstandan!”

Qabil müəllim deyir ki, həmin görüşlərdə özləri ilə əfqan kəndliləri üçün xeyli ərzaq ə geyim də aparsalar da onlar ac-yalavac yaşamalarına baxmayaraq, heç nəyi qəbul etməyiblər. Deyiblər ki, bu, kafir malıdır, qəbul edə bilmərik, haramdır. “Aşağı kəndlərdəki görüşlərdən sonra növbə dağlıq kəndlərə çatdı. Baxmayaraq ki, əvvəlcədən mücahidlərlə danışığa girib əhali ilə bu görüşlər üçün razılıq əldə etsək də, yenə dağlıq bölgələr təhlükəli idi. Hər an bizi mühafizə edən batalyon ilə birgə girov düşə bilərdik. Onu da deyim ki, komandanlıqdan batalyon rəhbərliyinə əmr verilmişdi ki, əgər onların (yəni bizim) başından bir tük belə əskik olsa, siz qarışıq (yəni batalyon) həmin kənd raketlə alt-üst olunacaq. Buna baxmayaraq, biz dağlardakı kəndlərə qalxdıq. Mindiyimiz “UAZ” markalı maşından başqa ərzaq və geyim dolu bir yük maşını da müşahidə edirdi. Nəhayət, Lörgə əyalətində bir dağ kəndinə çatdıq. Burada yerli əhali ilə yanaşı mücahidlərin kənddə olan nümayəndəsi ilə də görüşməliydik. Ümumiyyətlə, əfqan kəndləri palçıq kərpiclərdən olan 10-15 evdən ibarət olurdu. Bizi burada cır-cındır əbaya bürünmüş ayaqyalın kənd camaatı qarşıladı. Biz ayaq üstü onlarla eyni söhbəti etdik və onları barışığa dəvət etməyə çalışdıq. Çünki adətən dağ kəndlərinin əksəriyyəti mücahidlərin əlində idi. Çox maraqlı hal idi ki, bu qədər ac-yalavac yaşayan camaat qəti inadından dönmək istəmirdi: çox arxayınca öz dillərində mənə deyirdilər ki, bizə Sovet hökuməti lazım deyil. Biz orda xeyli gözləsək də nədənsə mücahidlərin kənddə olan nümayəndəsi bizimlə görüşə gecikirdi. Bu əsnada kəndlilərdən biri yaxınlıqdakı evlərdən birinə girərək bir süfrə gətirib yaxınlıqdakı daşın üstünə sərdi. Sonra da gətirdi bir kasa qatıqla bir də cadar-cadar olmuş qarğıdalı çörəyini süfrəyə düzüb məni və yoldaşımı yeməyə dəvət etdi. Dedi ki, gərək bağışlayaq, olanları odur. Mən hökumətimizə qarşı bu qədər nifrətin içində bu ayaqyalın insanların bizə göstərdiyi qonaqpərvərliyə məəttəl qaldım. Az keçməmişdi ki, qəfil rabitəylə bizi mühafizə edən batalyondan xəbər verdilər ki, batalyon qarışıq mücahidlərin mühasirəsindəyik. Dörd tərəfdən dağların başından snayperlərlə bizi mühasirəyə alıblar. Bir kəşfiyyatçı kimi mənə hamıdan artıq məlum idi ki, mücahidlər Sovet nümayəndələrinə nə dərəcədə nifrət edir və girov götürdüklərinin başına nə oyun açıqlar. Ona görə də sonumun çatdığını hiss edib, təmkinimi pozmamağa çalışdım. Yanımdakı yoldaş milliyyətcə rus idi, onu da sakitləşdirdim. Çünki başqa çarə yox idi, təlaşlanıb nəsə etsək, yuxarıdan hamımızı bir anın içində qırardılar. Arxamı kiçik qaya parçasına çevirmişdim, ona görə də arxadan vurulacağımı zənn etmirdim. Amma qəfil sağ çiynimdə ağırlıq hiss etdim. Elə bildim vurublar, çöndüm ki, bu olduqca qabarlı və iri bir əfqanın əlidir. O, qayanın üstündən sıçrayıb əlini çiynimə qoymuşdu. Bu saqqalı sinəsinə çatan, saralmış, seyrək dişləri daim bayırda qalan, qara əbaya bürünmüş yaşlı bir kişi idi. Tullanıb qayadan yerə düşdü. Çox çevik idi. Danışığından məlum oldu ki, o bizim gözlədiyimiz mücahidlərdən olan nümayəndə idi. Necə gəlmişdisə heç kim xəbər tutmamışdı. Mən onunla çox sakit və aramla söhbət etdim. Ona bura pis niyyətlə deyil, danışıq aparmaq üçün gəldiyimizi dedim. Söhbət əsnasında ona milliyyətcə azərbaycanlı - müsəlman olduğumu bildirib, gətirdiyimiz ərzaq və geyimlərdən onlara da təklif etdim. O məni axıra kimi dinləyərək müsəlman olduğumu bilən kimi gözlərini qıyıb, sərt baxışlarla üzümə baxdı: “Siz burda bizim qonağımızsınız. Sizə toxunan olmayacaq, sağ-salamat qayıdıb gedəcəksiniz. Amma Şurəvi (Sovet) hökuməti bizə qızıl da təklif etsə, biz azad yaşamaq istəyirik. Gedin bizim ölkədən!”. Və biz sağ-salamat oradan qayıtdıq”.

Qabil müəllim deyir ki, həmin görüşlərdə əksər əyalətlərdə eyni reaksiyanı gördükdən sonra vəziyyəti Moskvaya məruzə edirlər. Qısa bir vaxtda cavab gəlir ki, “sosializmin Əfqanıstanda bərqərar olmadığı təqdirdə, əyalətlərlə milli barışığa gedin və qeyri- kapitalizm adlı bir yol tutun”: “Mən elə o vaxt anladım ki, bu artıq İttifaqın Əfqanıstanda batmamaq üçün son əlacıdır. Dərhal müşavirlərimiz hərəkətə keçdilər. Bu artıq 1987-ci il idi. Amma onu da deyim ki, əvvəldən Sovet Hökuməti Əfqanıstanda ikili oyun oynayırdı. Yəni, özü yaratdığı yerli Əfqanıstan Xalq Demokratik Respublikasına (ƏXDR) dəstək verməklə yanaşı gizlicə mücahidlərin Alyansı ilə də danışığa girirdi. Bu da ƏXDR hakimiyyətinə xəyanət kimi qəbul olunurdu. İndi də aciz surətdə sosializmdən çönüb qeyri-kapitalizm yolu seçmək ƏXDR hökumətində çaş-başlıq yaratdı və 1979-cu ildə SSRİ-nin özünün Əfqanıstanda hakimiyyətə gətirdiyi Bəbrək Karməl bundan narazı qalaraq ABŞ-la gizli danışıqlara başladı (bunu biz sonralar bildik). Hətta bizə qarşı gizli plan da hazırlamışdı; SSRİ-nin Əfqanıstandakı səfirliyinə və digər nümayəndəliyində bütün əməkdaşlar girov götürülməli və bunun müqabilində SSRİ qarşısında şərt qoyulmalı idi. Şərt də ondan ibarət idi ki, “ya Sovet İttifaqı 1979-cu ildə söz verdiyi kimi sosializmin Əfqanıstanda qurulmasını tam həyata keçirərək yerli hakimiyyəti birmənalı dəstəkləməli, ya da rədd olub Əfqanıstandan getməlidir! Əks halda girov götürülən bütün diplomat və kəşfiyyatçılar məhv ediləcək”.

“Həmin gün hamama getməsəydim, SSRİ-nin aqibəti daha betər olardı”

- Biz, daha doğrusu, mən onların bu planını əvvəlcədən çox təsadüfən bildik; 1987-ci ilin payız ayları idi. Axşam bir nəfər həmkarımla bizim üçün xüsusi ayrılmış hamama getmişdim. Ora yerli hökumətdən olan bəzi xüsusi əməkdaşlar da gəlirdi. Elə həmin gün də orada yerli hökumətin təhlükəsizlik xidmətindən olan iki nəfər əməkdaş vardı. Təsadüfən onlarla biz yanaşı kabinələrdə çiməsi olduq. Onlar mənim yerli puştu dilini bilmədiyimi zənn edərək (yerli təhlükəsizlik xidmətindən çox az adam mənim puştu - fars dilini bildiyimi bilirdi) öz aralarında o dildə danışmağa başladılar. Çimdiyimiz yerdə heç gözləmədiyim halda, onlardan qəribə söhbətlər eşitdim. Sən demə, onlar yerli təhlükəsizlik xidmətinin “alfa” qrupundadırlar (halbuki, yerli hökumət üçün onu SSRİ təşkil etmişdi) və bizi girov götürmək hazırlanan planı həyata keçirməyi müzakirə edirlər. Əvvəlcə bu söhbət mənə qəribə gəldi - necə yəni bizim qurduğumuz hakimiyyət bizə qarşıdır və bizi məhv edir?! Bir az da dinlədikdən sonra gördüm yox, vəziyyət artıq dəyişib. Bunlar artıq bizim “hava ilə oynamırlar”. Sakitcə hamamdan çıxıb heç səfirə də bildirmədən dərhal Moskvaya gizli xətt ilə zəng edib, vəziyyəti - yerli xəyanəti onlara çatdırdım. Əvvəl Moskvadakılar mənə inanmadılar, hətta məni 3 gün ev dustağı etdilər. Qoymadılar kiminləsə əlaqəyə girim. Üç gün ərzində digər “kanallar”la araşdırıb bunun həqiqət olduğunu biləndən sonra mənə qoyulan nəzarət götürüldü və bizə qəti tapşırıq gəldi: “Onu (Əfqanıstan lideri Bəbrək Karməli) “zərərsizləşdirin”!. Onların bu planı istədikləri kimi baş tutsaydı - hökumətin böyük heyəti özünün dəstək verdiyi yerli hakimiyyət tərəfindən girov götürülsəydi, SSRİ sözün əsl mənasında rüsvay olardı. Ona görə də həmin gün əgər mən hamam getməsəydim, bəlkə də Sovet İttifaqının aqibəti daha betər olardı.

“Əfqanıstanda etdiklərimə görə özümü bağışlaya bilmirəm”

- Bu “zərərsizləşdirmə” necə oldu?


- Düzdür, bu bizə qarşı planlanan terrora qarşı tapşırıq idi və onu icra edənlərin arasında mən də vardım. Ümumiyyətlə, belə radikal əks-kəşfiyyat əməliyyatlarımız çox olurdu. Təəssüf ki, indinin özündə də çox şeyi detallarına qədər danışa bilmirəm. Amma məni sarsıdan odur ki, belə əməliyyatlarda şəxsən olduğum üçün indi də Əfqanıstanda etdiklərimə görə özümü bağışlaya bilmirəm. Ən azı Bəbrək Karməl Sovet dövləti tərəfindən hakimiyyətə gətirilsə də, öz ölkəsinin lideri kimi bizə qarşı bu planı xalqının rifahı üçün edirdi. O, Sovet hökumətinin Əfqanıstanda ikili oyununu görüb və bizi girov götürməklə tələb etmək istəyirdi ki, Əfqanıstan bu oyuna qurban verilməsin. Amma biz düz iki günün içində onun bütün yaxınlarını ortadan götürdük və özünü də ailəsi ilə bir gecənin içində girov götürərək Moskvaya göndərdik... Bunu indi də demək bəlkə də mənim üçün riskdir - orda DTK onun qarşısına şərt qoydu - ya çıxıb Əfqanıstan dövlət televiziyasında vəzifəsindən istefa verdiyini elan edir, ya da ailəsi ilə birgə məhv ediləcək. O, Kabilə qayıdaraq, yerli dövlət televiziyası ilə xalqa istefa verməsini bəyan etdi və bunu səhhəti ilə əlaqələndirdi. Əslində, o heç istefa ərizəsinə imza belə atmadı, izni-tozunu necə itirdilərsə, heç xəbəri də olan olmadı. Onun yerini Əfqanıstan “KQB”-nin rəhbəri, SSRİ-ə sadiqliyi ilə seçilən Nəcibulla hakimiyyətə gətirildi. Amma təəssüf ki, sonralar o da öz xalqının mənafeyini bir balaca müdafiə etdiyi üçün SSRİ tərəfindən satıldı. O, çox mübariz oldu və az-çox əfqan xalqının təəssübünü çəkdiyi üçün sonralar ABŞ və Qərb də onu pis vəziyyətdə qoydu. 1989-cu ildə Sovet İttifaqı Əfqanıstandan çıxandan sonra belə o, 3 il hakimiyyətdə qala bildi. Ondan sonra da əməkdaşlıq etdiyi ABŞ onu satdı və məlum olduğu Kabildə “talibanlar” tərəfindən rüsvaycasına hakimiyyətdən salınaraq, asıldı.

“...qanlı xəncərini əbasının qoluna silib, mənə dedi: get qurban ol Həzrəti Əliyə”

Həmsöhbətim deyir ki, o zaman Əfqanıstanda hətta xırdaca sovet maraqlarını həyata keçirməkdən ötəri onlarla əfqan diplomatı və ziyalısı aldadılaraq aradan götürülürdü: “Məsələn, istər Bəbrək Karməlin vaxtında, istər də Nəcibullanın vaxtında mən də daxil olmaqla 3-4 nəfərlik bir qrup hər həftənin 3-cü günləri Əfqanıstan lideri ilə görüşüb, müzakirələr aparırdıq. Gözümün qabağında biz tərəfdən dəfələrə bu əfqan liderləri aldadılıb və öz xalqlarının əleyhinə razılaşmalar imzalayıblar. Mənim həqiqətən o vaxt prezidentlərindən tutmuş adi kəndlisinə qədər bütün əfqanlara yazığım gəlirdi. Amma mən orda olduğum müddətdə neçə-neçə hadisə olub ki, müsəlman olmağım mücahidlərin əlindən sağ çıxmağıma səbəb olub. Məsələn, bir gün Məzari-Şərif əyalətində kəşfiyyatdaydıq. Burada da mücahidlər tüğyan edirdi. Əməliyyat yoldaşım rus idi. Plan üzrə əvvəlcə əyalət mərkəzi komitəsində olmalı və katiblə görüşməli idik. Lakin əvvəlcədən bilirdim ki, burada Həzrəti Əli məqbərəsi deyilən bir ziyarətgah var. Orada İmam Həzrəti Əlinin çuxası saxlanılırdı. Mən yoldaşımdan xahiş etdim ki, bir-iki dəqiqəlik oranı ziyarət etmək istəyirəm. O, mənim müsəlman olduğumu bildiyi üçün etiraz etmədi. Mən təxminən beş dəqiqə məqbərədə oldum. Ziyarət edib, nəzirimi verib, çıxdım. Çıxışda hiss etdim ki, izlənirik. Sözün düzü, mücahidlərin də kəşfiyyatı əla işləyirdi. Neçə dəfə izimizə düşüblər və çətinliklə də olsa vəziyyətdən “dönə” bilmişik. İndi də onlar idi. Mən bunu həmkarıma dedim. O da artıq bunu hiss etdiyini dedi. Biz ziyarətgahdan vilayət komitəsinə getmək üçün təxminən bir kilometr yaşayış-filan olmayan dərə ilə getməli idik. Əynimizdə əfqan əbası, başımızda çalma və mindiyimiz də at idi. Biz izlənilməyimizi bildiyimizi hiss etdirmədən puştu dilində kəndlilər kimi ucadan kobud danışa-danışa atlarımızı minib yolumuza düzəldik. Artıq iki kiçik dağın arası ilə - çay kənarı addımlayırdıq. Tam sakitlik olmasına, heç kimin gözə görünməməsinə baxmayaraq, ürəyim bərk narahat idi. Biz artıq danışmırdıq, xəyala dalıb yolumuza davam edirdik. Demək olar ki, dərəni sona çatıb düzənliyə çıxmaq istəyirdik ki, kiçik döngəni burulan kimi yolun kənarında qara çadraya bürünmüş bir qadın oturmuşdu. O, tamam bürünmüş halda tamam çöməlmişdi. Elə bil kimisə gözləyirdi. Mən həmkarıma dedim ki, fikir verməyək, gedək. Elə də etdik. Amma onun bərabərinə çatan kimi qəfil çadrasının altında kiçik “Kalaşnikov” avtomatı cəld hərəkətlə çıxardaraq bizə tərəf tuşladı. Ani vəziyyətdə mən atımın yəhəri altındakı tapançaya əl atdım, amma bu an arxadan güclü qolların məni qucaqlayaraq sıxdığını hiss etdim. Qəfil yanımızdakı təpənin arxasında iki əfqan atımızın tərkinə sıçrayaraq, yoldaşımı və məni arxadan qucaqlamışdı. Bizi yerə yıxıb, əllərimizi sarıdılar. Hər şey o qədər ani baş vermişdi ki, mən özümü əla almağa çalışsam da nə baş verdiyini anlaya bilmirdim. Onlar bizim əl-qolumuzu və gözlərimizi bağlayaraq, təxminən iki yüz metr yol qət etdilər. Gözümüzü açanda biz artıq hər tərəfi qapalı bir mağarada idik. Ətrafımıza təxminən 50-yə qədər silahlı əfqan mücahidi toplanmışdı. Onların arasında təxminən 40-45 yaşlı birisi irəli gələrək, rusca kim olduğumuzu soruşdu. Mən puştu dilində qonşu kənddən olduğumuz və vilayət mərkəzinə bazarlığa getdiyimizi dedim. Söz ağzımdan çıxan kimi qəfil sifətimdə bir təpik açıldı. O, rus dilində sözləri qıra-qıra ucadan qışqıraraq bizə dedi: “Rus kəşfiyyatçısı olduğunuzu və Məzari-Şərifə də niyə gəldiyinizi bilirik. İndi biz sizin başınızı böyüklərinizə hədiyyə göndərəcəyik”. Ani olaraq beynimdə hər şeyin sonu çatdığını və bir daha Bakını görməyəcəyim keçdi. 35 yaşım vardı, ailəliydim. Mən bütün bunları fikirləşirdim ki, qəfil üz-gözü sarıqlı bir əfqan həmin başçıya yaxınlaşaraq qulağına nəsə dedi. O, puştu dilində ucadan “hansıdır?” soruşdu. Sarıqlı əfqan əli ilə məni göstərdi. İkimizi də diz çökdürmüşdülər. Başçı mənə bir az da yaxınlaşdı. Əlində xəncər vardı. “Yəqin birinci mənim başımı kəsmək istəyir” - deyə, düşündüm. O, rus dilində əsəbi səslə:

- Niyə Həzrəti Əli türbəsini ziyarət edirdin? Müsəlmansan? - deyə soruşdu.

Mən isə puştu dilində ona cavab verdim:

- Hə, müsəlmanam. Azərbaycandanam... ora nəzir demişdim...

Təxminən bir-iki dəqiqə sükutla məni başdan-ayağa süzdü. Qəfil ani bir hərəkətlə əlindəki xəncəri fırladıb, yanımdakı həmkarımın başını bədənindən üzdü. O qədər ani oldu ki, rus həmkarımın bədənindən ayrılan başı yerə düşəndən sonra da xırıltı ilə nəsə deyirdi. Gözlərim kəlləmə çıxmışdı, ürəyim döyüntüdən az qala partlayırdı. Onlar kəsilmiş başa baxa-baxa qışqıra-qışqıra nəsə deyirdilər. Amma o qədər keyləşmişdim ki, heç nə eşitmirdim. Qəfil üzümə çırpılan suya diksindim. Sən demə, qorxudan bayılmışam. Gözlərimi açdım ki, həmin başçı hələ də qanlı xəncər əlində mənə baxır. O, yaxınlaşıb qanlı xəncərini əbasının qoluna silib, mənə dedi: “get qurban ol Həzrəti Əliyə. Biz müsəlmanları öldürmürük”. Onlar yoldaşımın kəsilmiş başını torbada qoltuğuma verib, məni buraxdılar. Vəziyyəti olduğu kimi vilayət komitəsində bildirdilər. Sovet kəşfiyyat zabitinin başı kəsilmişdi və təbii, Sovet komandanlığı bunu onlara bağışlamadı. Elə həmin hadisədən 4-5 saat sonra SSRİ komandanlığının qırıcı təyyarələri koordinat götürərək həmin mağara yerləşən ərazini gözümün qabağında yerlə-yeksan etdilər. Mən uzaqdan raket zərbələri altında alovlanan toz-dumana baxaraq həmin hadisəni gözümün qabağına gətirərək içimdə özüm-özümə sarsılırdım... mənə elə gəlirdi ki, onlar əslində məni sağ buraxmadılar, öldürüblər...

“...Kabab yemək istəyim terror planlarını yarımçıq qoydu”

Həmsöhbətimin sözlərinə görə, həm belə hadisələr, həm də Sovet hökumətinin getdikcə Əfqanıstan xalqının etimadını doğrultmaması, acizləşməsi onu da artıq orada bezdirir. Deyir, açıq şəkildə bildirə bilməsə də yeganə arzusu bir yol tapmaq idi ki, orada fəaliyyətinə xitam verib, Bakıya qayıtsın: “Çünki artıq mən mücahidlərin diqqətini cəlb etdikcə belə hadisələr tez-tez təkrarlanmağa başlayırdı. Məsələn, bir dəfə Sovet hökuməti tərəfindən mücahidlərə qarşı vuruşan yerli hökumətin bir hərbi təyyarəçisi həlak olmuşdu. Rütbəcə mayor idi. Sən demə, o sağlığında ailəsi ilə yanaşı özündən balaca beş bacısını və anasını saxlayırmış. O, öləndən sonra ailə başsız qalır. Sovet hökuməti də həmişə belə hərbiçilərin ailələrini Əfqanıstanda da himayə edirdi. Bu da öləndən sonra onun ailəsinə Kabilin mərkəzində bir ev ayrılır. Lakin bir gün otağımda oturduğum yerdə mənə dedilər ki, bəs, həmin ölən təyyarəçinin anası səninlə görüşmək istəyir. Mən onunla görüşdüm. Köhnə, cırıq çadraya bürünmüş bir qarı idi. O, mənə öz puştu dillərində çox arxayın başa saldı ki, bəs ona ayrılan evi Əfqanıstanın baş nazirinin bacısı qızına verirlər. O isə hələ də neçə baş külfətlə sınıq-salxaq daxmada yaşayır: “Bizi saxlayan yeganə oğlum sizin uğurunuzda öldü, indi bəs biz harada və necə yaşayaq?” Bu mənə pis təsir etdi. Mən ona izah etdim ki, bu sizin ölkənin daxili işi olduğu üçün bu barədə kiməsə müraciət etsəm pis nəticə verə bilər. Onun baxışları məni sarsıtdı. “Amma çalışacam sizə kömək edim” - dedim. Arvad gedəndən sonra Əfqanıstanın ticarət naziri vardı, zəngləşib onunla görüşməyə getdim. Çünki onunla şəxsi münasibətlərim də yaxşı idi. Onunla görüşüb vəziyyəti ona başa saldım, dedim ki, özündən bilirsən mən rəsmi heç nə edə bilmərəm, bu ölkənizin daxili işidir. Amma mənim xətrimə o ailəyə kömək et. O elə dərhal yanımdaca harasa zəng edib, yarım saatın içində həmin qarını gətirtdi. Dərhal da başqa bir evin orderini imzalayıb, qarıya verdi. Arvadın sevincinin həddi-hüdudu yox idi. Nazirliyin binasının çıxışında üzünü mənə tutub dedi ki, “mən həmişə ruslara qarğış etmişəm (məni də rus bilirdi). Amma mən və balalarımın duası səni mütləq Əfqanıstandan sağ-salamat vətəninə aparacaq”. Qarı bunu elə sehrli tərzlə dedi ki, özümdən də asılı olmayaraq, bədənim ürpəşdi. Mən onunla sağollaşaraq bir rus mayoru ilə idarəmizə qayıtmalı idim. Dayanacağa çatanda gördüm ki, o gəldiyimiz maşını sürücü ilə artıq geri göndərib. Tək idi. Bizə sürücüsü olan başqa bir əfqan maşını verdilər. Yolda qarşısında qoyun kəsilib soyulan bir kərpic yeməkxananın yanından keçirdik. Qarıya kömək etmişdim deyə kefim də kök idi. Ürəyim kabab yemək istədi və bunu mayora bildirəndə onun da ürəyincə oldu. Biz yeməkxanada düşəndə sürücü israr etdi ki, o düşə bilməyəcək, tələsir. Mayor onun üstünə qışqırdı ki, bəs biz filan yerdənik, düşüb bizi gözləsin və sair. Mən mane oldum. Dedim qoy getsin, biz bir-iki tikə çörək yeyək, birtəhər gedərik. Maşını buraxdıq getdi. Bizə elə yeməkxananın qarşısında masa açdılar. Ərazi düzənlik idi deyə, burada oturanda ən azı düz bir kilometr hər tərəf görsənirdi. Mən əllərim yuyub kərpic yeməkxananın kölgəsində masamıza əyləşib kefi kök halda sürətlə uzaqlaşan bizi qoyub gedən maşına gözümü zilləmişdim. Əllərini yuyub gəlib masada əyləşən həmkarım mayor mənə nəsə dedi. Çönüb ona cavab vermək istəyirdim ki, qəfil güclü partlayış səsi gəldi... Bu, bizi qoyub gedən maşın idi. Necə partlamışdısa, tikəsi də ələ gəlməmişdi... Heyrətdən donub qalmışdım. Sonra bizə məlum oldu ki, sən demə, sürücüdən də xəbərsiz şəhərdəki mücahidlər gizlicə maşının oturacaqları altına partlayıcı qoyublarmış. Yəqin, əvvəlcədən bizim maşınsız olmamızı və geri qayıtmaq üçün maşın axtaracağımızı bilib bunu planlayıblar. Amma adi bir təsadüf - mənim kabab yemək istəyim onların terror planlarını yarımçıq qoydu. Mən qəfil həmin qarının sözlərini xatırladım...

“Onları “su başına getdikləri” yerdə qamarlayıb tutduq”

Qabil müəllim deyir ki, elə bu hadisədən az sonra - 1988-ci ilin aprelində İdarələrinə belə xəbər daxil olmuşdu ki, sentyabra qədər bütün ölkə boyu mücahidlər Sovet birləşmələrinə və yerli hökumətə qarşı geniş hücuma keçəcəklər. “Sovet hökumətinin ölkədəki son aylardakı uğursuz əməliyyatları onları daha da ruhlandırmışdı və bu xəbər reallığa çox yaxın idi. Mən və bir neçə həmkarım dərhal qərar aldıq ki, ailələrimizi Əfqanıstandan çıxardaq. Mən dərhal uşaqlarım və həyat yoldaşım üçün Moskvaya, oradan da Bakıya uçmaları üçün bilet sifariş etdim. Sabah axşamı başqa bir həmkarımla birgə ailələrimizi aeroporta apardıq. Yaman həyəcan keçirirdim. Çünki son vaxtlar mücahidlər sovetlərə məxsus sərnişin təyyarələrini hədəf seçirdilər. Ona görə də ailələrimizi təyyarəyə mindirəndən təyyarə havaya qalxıb dövrə vurub gözdən itənəcən nələr keçirirdim, onu bir Allah bilir. Təyyarə gözdən itəndən sonra İdarəyə geri qayıtmalı idik. Zabit həmkarım mənim ailəmdən ötəri narahat olduğumu görüb, sakitləşdirməyə çalırdı ki, narahat olmayım. Çünki təyyarədə çoxlu sovet diplomatı və zabit ailələri vardı. Hərbi hava qüvvələri tərəfindən Əfqanıstandan çıxana qədər mühafizə güclü təşkil olunub. İdarəyə qayıtmaq üçün bizə iki maşın ayrılmışdı. Necə oldusa, biz çatana qədər birinci maşın İdarənin başqa işçiləri ilə doldu və biz ikinciyə minəsi olduq. Evimdə ərzaq bitdiyi üçün mən yoldaşlardan xahiş etdim ki, gəlin bazar tərəfdən gedək ki, evə bazarlıq edə bilim. Razılaşdılar və biz birinci maşın gedən yol ilə yox, başqa yolla - bazar yanından keçən yolla getdik. Yolda bazarlığımı edib birbaşa səfirliyə gəldik (yaşadığımız ev Sovet səfirliyinə bitişik idi). Səfirliyə çatanda eşitdiyimiz xəbərdən şoka düşdük - birinci maşını yolda mücahidlərin adamları vurub partlatmışdılar. Həmin maşında tanınmış diplomatımız və bir neçə yüksək rütbəli zabitlər vardı. Onların getdiyi yolla getsəydik, bizi də o aqibət gözləyirmiş. Bu artıq hələ sizə belə danışmadığım neçənci hal idi ki, mən ölümün “yanından keçirdim”. Özlüyümdə qəti qərar verdim ki, tezliklə bu bəla dolu ölkədən getməliyəm. İş müddətim rəsmi olaraq həmin ilin - 1988-ci ilin sonunda bitirdi. Müddəti uzada da bilərdilər. Amma mən vəziyyəti elə düzüb-qoşdum ki, dekabrda vaxtım bitən kimi məni Bakıya buraxdılar (bunu necə etdiyini açıqlamır). Çünki həmin il elə vaxt idi ki, Sovet İttifaqı özü biabır olub Əfqanıstandan çıxmağa hazırlaşırdı. Əfqanıstandakı Sovet Ordusunun əksər hissələrində artıq əsgərlər vuruşmaqdan imtina edirdi, itaətsizlik baş alıb gedirdi. Onlar açıqca üsyan edirdilər ki, “Bizim Əfqanıstanda nə işimiz var?!” Lögər vilayətində bu daha acınacaqlı olmuşdu (ora mənim kurasiyamda idi). Biz vəziyyətlə bağlı ora gedəndə, dəhşətə gəldik. Əsgərlər mücahidlərlə döyüşmək əvəzinə bir-birlərini az qala qırırdılar. “Dedovşina” bölüklərdə tüğyan edirdi. Əsgərlər demək olar ki, kütləvi halda narkotikə qurşanmışdılar. Narkotik müqabilində düşmənə nə qədər silah satılırdı. Bu, artıq ordunun faktiki məhvi demək idi. Məhz buna görə həmin vaxt Sovet Hökuməti tezliklə Əfqanıstandan çıxacağını elan etdi.

Həmsöhbətimin nəql edir ki, Əfqanıstanda olduğu bu qədər hadisələrin içində cəmi bir dəfə öldürüləcəyini əvvəlcədən bilib və qurtulub: “Vaxtımın bitməyinə cəmi iki ay qalmışdı. Mücahidlər bütün ölkə boyu hücuma keçmişdi və qızğın döyüşlər gedirdi. Bütün sutka demək olar ki, operativ kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarında idik. Bir iş günü axşamı gizli “ratsiyalarda” mücahidlərin Kabilə bağlı bir qrupu arasında puştu dilində gedən söhbətlərində öz adımı eşitdim. Kimsə əmr edirdi: “Camalzadə Sahib tezliklə aradan götürülməlidir, Kabildə bizə mane olur”. Bu, artıq ciddi təhlükə idi. Ona görə də hər addımda ehtiyatlanmağa başladım. Cəmi iki günə məni öldürməyə ayrılan iki nəfəri müəyyən edə bildim. Onlar məni izləyirdilər. Onlar hərəkətə keçməmiş mən hərəkətə keçdim: Kabildə adətən çox az yerlərdə tualet vardı. Camaatın əksəriyyəti yol kənarında, orda-burda “su başına gedirdi”. Biz də çox əzab-əziyyətlə izləyib onları yaxın küçənin tinindəki kolluqda “su başına getdikləri” yerdə qamarlayıb, tutduq. Vəziyyəti bilən komandanlıq məni vaxtımdan iki ay qabaq Əfqanıstandan çıxartdı.

Qabil müəllim 1988-ci ildə Əfqanıstandan gələndən bəri elə indiki işində - İnstitutdakı elmi tədqiqatı ilə məşğul olduğunu deyir. Sonrakı illər ərzində peşəkar fəaliyyəti ilə bağlı soruşsam da, istefada olduğunu, işləmədiyini deyir. Hər halda, belə deyir...

P.S. Söhbətimizin sonunda mən içimdəkini gizlətməyib ona dedim: “Hiss edirəm, əksər hadisələr barədə açıq danışmadınız. Artıq Əfqanıstan hadisələrindən 20 il keçib, SSRİ də dağılıb. Onları gizlətməyin nə mənası var?”

Cavabı qəribə oldu:

- Oğul elə şeylər var ki, onları indi də sənə danışsam, bir gün eşidərsən ki, küçədə bir qoca kişi büdrəyib yıxılıb və ölüb. Gedib görərsən ki, mənəm...


Mübariz Aslanov
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088

Oxşar yazılar