“Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı”
24 fevral 2011 14:38 (UTC +04:00)

“Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı”

Bu gün vəkil, 1988-ci il fevralın 27-də və 28-də Sumqayıtda baş vermiş hadisələrlə bağlı dövlət ittihamını müdafiə etmiş prokuror Aslan İsmayılovun “Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı” kitabının təqdimatı keçirilib. Lent.az-ın verdiyi məlumata görə, tədbirdə çıxış edən Aslan İsmayılov deyib ki, heç kəs bu kitabda müəllifin ermənilərə qarşı qərəzini görə bilməz.


Qeyd edək ki, Rusiyanın Stavropol Diyarının Zelençuk rayonunda hakim işləyən Aslan İsmayılov 1988-ci ilin sentyabrında Azərbaycanın o zamankı baş prokuroru İlyas İsmayılov tərəfindən ölkəyə dəvət edilib və 1989-cu il aprelində Azərbaycan Respublika Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru təyin olunub. İlyas İsmayılov ona Sumqayıt hadisələri üzrə bir cinayət işində dövlət ittihamçısı qismində çıxış etməyi təklif edib. Təklifi qəbul edən Aslan İsmayılov Qriqoryan işi adı ilə məşhur olan Qriqoryan və 6 azərbaycanlının cinayət işində dövlət ittihamçısı təyin olunub.


Aslan İsmayılovun sözlərinə görə, 32 cildlik cinayət işi ilə tanış olandan sonra anlayıb ki, Sumqayıt hadisələrini erməni əsilli Qriqoryan və istintaqın müəyyən etmədiyi şəxslər təşkil edib. Aparılan araşdırmanı dərinləşdirən Aslan İsmayılov Sumqayıt hadisələrinin arxasında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB-red.) durduğunu müəyyənləşdirir. Ancaq Azərbaycan rəhbərliyi cinayət işinin bu istiqamətə yönəlməsindən qorxur və Aslan İsmayılova tapşırılır ki, bu iş dələduzluq kimi qələmə verilsin: “Mənə dedilər ki, Mixail Qorbaçov Sumqayıtda hadisələrini bir qrup dələduz tərəfindən törədildiyini söyləyib və bu, cinayət işində də əksini tapmalıdır”.


Aslan İsmayılov isə məhkəmə prosesində iki hissədən ibarət çıxış edir. Çıxışın birinci hissəsi cinayətin iştirakçılarına, ikinci hissəsi bu hadisənin təşkilatçıları olan Qriqoryan və digərlərinə həsr edilir. Lakin məhkəmədə çıxışın ikinci hissəsi “itir”: “Məhkəmə prosesində nəzarətdə olan Qriqoryanla bir nəfər söhbət edib. Sonradan öyrəndim ki, bu, Azərbaycan KQB-ində çalışan Satunyan adlı bir nəfədir. Mən məhkəmədə Qriqoryan və Hüseynov adlı bir nəfər haqqında cinayətin təşkilatçısı kimi iş qaldırılmasını istəsəm də, cinayət işi qaldırılmadı. Baxmayaraq ki, həmin hadisələr zamanı 32 nəfər həlak olmuş, 400-dən çox şəxs müxtəlif dərəcəli bədən xəsarəti almış, 8 nəfər zorlanmışdı. SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, baş ədliyyə müşaviri Qalkin də mənə zəng vurdu və Qorbaçovun söylədiklərini xatırlatdı. Bu səbəbdən cinayətin Özbəkistanda olan təşkilatçılarını da Bakıya gətirmək məsələsi baş tutmadı”.


Aslan İsmayılov qeyd edib ki, Sumqayıt hadisələrini SSRİ KQB-i törədib: “Neftin qiymətinin sürətlə aşağı düşməsindən sonra SSRİ büdcəsində yaranmış defisit səbəbindən müttəfiq ölkələrdə narazılıq yaranmağa başlayıb. KQB də SSRİ-nin parçalanması prosesinin qarşısını almaq üçün müttəfiq ölkələrdə belə qanlı olaylar törətməklə onları mərkəzdən asılı vəziyyətə salmağa çalışıb”.


Aslan İsmayılov Sumqayıt hadisələri ilə bağlı ifadələri və faktları toplayaraq gizlədiyini və 2004-cü ildə bununla bağlı kitab dərc etmək qərarına gəldiyini söyləyib.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1226

Oxşar yazılar